"Qəhrəmanım sənsən"
YAZIÇI NATİQ
MƏMMƏDLİNİN YENİ ÇAPDAN ÇIXAN
EYNİADLI HEKAYƏLƏR KİTABI HAQDA
DÜŞÜNCƏLƏR
Uzun müddət idi romanlara başım necə
qarışmışdısa, mətbuatdan qarşıma
çıxan tək-tük nümunələrdən başqa
hekayə oxumurdum.
Hansısa hekayə kitabını əlimə alıb
başdan axıracan son dəfə nə vaxt oxuduğumu isə
unutmuşam. Yazıçı Natiq Məmmədlinin yeni
çapdan çıxan "Qəhrəmanım sənsən"
kitabını vərəqləyərkən xatırladım
bu gerçəyi. Müəllifin ayrı-ayrı
zamanlarda yazdığı hekayələrdən ibarət
kitabı başdan sona oxuyanda sanki bir roman oxumuş kimi hiss
edir insan özünü. İlk növbədə
ona görə ki, N.Məmmədlinin qəhrəmanları hər
nə qədər müxtəlif təbəqələrin
insanları olsalar da, bir-birinə çox bənzəyirlər. Hər qəhrəman
həyatdan bir cür öz nəsibini alır. Nəsib dediyim də dərddir, kədərdir,
problemdir. Və hər qəhrəmanın bu "nəsib"lə
özünəməxsus mübarizə üsulu var. Kimi
susaraq, kimi gedərək, kimi danışaraq, kimi etiraz edərək,
kimi də səssizcə ölümü seçərək...
Kitab "Sevgi məbədində qətl" adlı
hekayə ilə başlayır. Əsər evli
kişiylə ərli qadının qarajda, avtomobilin içərisində
eşqlə məşğul olarkən dəm qazından zəhərlənərək
ölməyi üzərində qurulub. Əhvalatı
ölən kişinin ən yaxın dostu danışır.
Cəsədləri də o görür və təsvir
edir. Onun təsvirində oxucu, elə təhkiyəçinin
özü də "sevgi heykəli" bənzətməsinə
ilişib qalır. Ortada xəyanət və bu xəyanət
zamanı gerçəkləşən, kənardan baxanda
biabırçı, urvatsız görünən ölüm
var. O ölüm ki, həm kişinin, həm də
qadının ailəsi bunu bilsə, bəlkə də, meyitlərinə
yaxın durmazlar. Bura qədər hər şey
zaman-zaman bu cür ölümlər haqqında oxuduğumuz
media xəbərlərini xatırladır. İki insan öz ailəsinə xəyanət etdiyi
sırada ölüb. Bəziləri bu xəbəri
oxuyanda bəlkə də, "layiqli ölümdür" də
deyə bilərlər. Amma hekayənin
gedişatı o xəbərləri oxuyarkən heç vaxt
maraqlanmadığımız arxa cəbhəni, xəyanətin
kökündə yatan səbəbləri göstərir.
Gözümüzün qabağında teatr pərdəsi
kimi həqiqət pərdəsi aralanır. Bir tərəfdə
sevgisiz, istəksiz, ailənin təkidiylə baş tutan
evliliyin içində boşluqda çabalayan kişi, digər
tərəfdə isə iş adıyla ailəsini atıb
Rusiyaya gedən, aylarla, hətta illərlə geri dönməyən
ərin qayğısından, sevgisindən məhrum qadın
var. Bu iki insanı bir-birinə, sonra isə o qaranlıq qaraja,
o dar avtomobilə qədər sürüyüb gətirən
də məhz içərisində boğulduqları
sevgisizlikdən qaçışdır.
Gündəlik
həyatımızda az qala hər
addımda qarşılaşdığımız və
boşanmaların əksəriyyətinin səbəbi olan xəyanət
burda daha böyük faciəyə - ölümə yol
açır. Onların bir-birinə
sarılmış meyitlərini görəcək insanların
onlar haqda nə düşünəcəkləri, nə deyəcəkləri
isə bu cansız aşiqləri daha maraqlandırmır.
Çünki onlar öz ölümləriylə
o kiçik qarajı sevgi məbədinə, cansız cisimlərini
isə sevgi heykəlinə çevirməyi bacarıblar.
Bunu təkcə müəllif, şahid və oxucu demir,
bayaqdan hadisələrə soyuqqanlı münasibət
göstərən müstəntiq də etiraf edir:
"- Onlar meyitdən çox sevgi heykəlinə
oxşayırlar.
- Siz də
elə düşünürsünüz?
- Əlbəttə,
elə bilirsiniz mənim ürəyim yoxdu..."
Kitabdakı ikinci hekayə "Yiyəsiz baş" mənə
"bir köynək daha yaxındır". Çünki
əsərin qəhrəmanları jurnalistlər, sujeti isə
onların xəbər axtarışlarıdır. Burada yazıçının satirik yanaşma tərzi
özünü göstərir. O, hazırkı bəzi
üzdəniraq mətbuat nümayəndələrini və əlbəttə,
qıyçı sosial şəbəkə istifadəçilərini
öz hekayəsində tapılmış, həqiqiliyi belə
bilinməyən kəsik baş üzərində jurnalistlərin
aylarla qurduqları şounun əliylə bir növ lağa
qoyur, tənqid edir. Hətta bu süni səs-küyü
yaradan jurnalistin özü belə hadisələrin
gedişatından, cəmiyyətin və medianın
reaksiyasından təəccüblənir:
"İnsanların marağı da öləzimirdi, əksinə,
vaxt keçdikcə bu, vəhşi bir ehtirasa çevrilib bizi
ağlagəlməz variasiyalar düşünməyə
ilhamlandırırdı. Hərdən mənə elə gəlirdi
ki, o alnı qırışlı, mavigözlü, saqqallı
dahinin başını heç cəllad kəsməyib, elə
bu adamlar özləri kəsiblər ki, qladiator
döyüşündə zövq alan
romalılar kimi adrenalin yaşasınlar".
N.Məmmədli hekayələrində tez-tez
xalqının torpaq həsrətinə də toxunur. "Şuşa
dumanı" hekayəsində vətən dərdi,
Qarabağ, Şuşa acısı olduqca
adi, təsirli dillə, sadə məişət həyatının
təsviriylə anladılır. Adət-ənənələrinə
sədaqətlə sahib çıxan, hər günləri
yasda keçən, burda ölülərini basdırmağa
onlar üçün ayrılmış qəbiristanda yer də
tapmayan şuşalıların (ümumən
qarabağlıların) köçkünlük həyatlarını
müəllif bircə cümləyə ustalıqla
sığdırır: "Torpaq davasında uduzanların
çörək davasında da bəxtləri gətirmədi,
bir ömürdə iki məğlubiyyət, bir ömürdə
iki ölüm..."
Sən demə, torpaq həsrətini təkcə ürək,
beyin deyil, ayaqlar da çəkə bilirmiş. O ayaqlar ki, Bakının
boğanağında oturub Şuşaya gələn dumandan,
yağan yağışdan xəbər verir. Hətta həsrət
o qədər böyükdür ki, biri o birinin bu
ağrısına da qibtə edir: "Heyf...heyf ki, dumandan
qabaq sənin ayaqların kimi mənimkilər də
ağrımır. Muğayat ol ondan, elə-belə
şey deyil, Qala ağrısıdı, Qala!" Və
ya televizorda Şuşaya duman gəldiyini eşidən
şuşalı Əliqulu müəllimin həmin
ayaqların sahibi Amil həkimə yazdığı
mesajdakı kimi: "Ayaqlarından öpürəm"...
Bu vətən həsrəti təkcə Qarabağla
yekunlaşmır. Azərbaycan tarix boyu torpaqlarını
itirə-itirə gəlib. Bizim həsrətlərimizdən
biri də cənubdur, Təbrizdir. Zamanın
qaysaqladığı, Qarabağ dərdinin üstələdiyi,
amma yenə də unudulmayan Təbriz. Yazıçı
bu dərdə "Bizə ürək göndərin"
hekayəsində toxunur.
Əslində, müəllif burda saxtakar, savadsız, pul
üçün fidan həyatları belə təhlükə
qarşısında qoyan həkimləri tənqid edir,
başqa bir insanın canını xilas etmək
üçün öz canından keçməyin
böyüklüyündən danışır, bir növ
oxucuya insanlıq nümunəsi göstərir. Böyrək
çatışmazlığından əziyyət çəkən
beş yaşlı uşağın dərdinin
çarəsi Təbrizdə tapılır. Ona
böyrək verən isə üzünü görmədiyi,
bəlkə adını belə bilmədiyi uzaq Hollandiyada
uşağı qəzada dünyasını dəyişən
bir ailədir. O ailə övladlarının sağlam
orqanlarını tanımadıqları uşaqlara verilməsinə
razılıq verir, öz uşaqları ölsə də,
başqa körpələrin həyatlarını xilas etmək
istəyirlər. Dünyada bu qədər
böyük ürək sahibləri də varmış, demə.
Bütün
bunların fonunda, "iki daşın arasında" müəllif
Təbriz həsrətini, cənub yanğısını da cəmi
iki sözə sığdırır: "Xariclərin ən
yaxını isə Təbriz idi. Bizim Təbriz... İndi xaric
olan Təbriz..."
"Yük" hekayəsində qəhrəman bir
növ gələcəyi ilə qarşılaşır. Onu hər
gün görür, müşahidə edir. Özü də bütün uğursuzluqlarından
dərhal sonra. Müəllim olan qəhrəmanımız
cəmiyyətin savadlı, amma uğursuz təbəqəsinin
təmsilçisidir. Onun bu
uğursuzluğunun arxasında da elə cəmiyyət
dayanıb. Ədalətsiz, haqsız, savada
deyil, fərqli şeylərə önəm verən, təmiz
insandan əclaf düzəltməyə meylli cəmiyyət.
Natiq adlı bu qəhrəman kimi onlarla belə ziyalı var.
Onların qarşısında iki yol dayanıb: ya uğurlu əclaf
olmalı, ya da uğursuz əbləh. Natiq ikincini seçir:
"Gün boyu gözüm işlədikcə
baxdığım hər yerdə-küçədə,
dayanacaqda, heç çox uzağa getməyək, elə
universitetin bir addımlığındakı Elmlər
Akademiyasının bağında o qədər intellektual əbləhlər
görürəm ki... Mənim əbləh
sözümdən inciməyin, XII əsrdə onlara mütəfəkkir,
XV əsrdə filosof, XIX əsrdə maarifçi, XX əsrdə
ziyalı, indisə əbləh deyirlər, mən də o əbləhlərdən
biriyəm. Lazım olmayan vaxtda lazım
olmayan yerdə doğulmuş əbləh".
Bu
cümlələri oxuyarkən cəmiyyətimizin daha bir dərdi,
daha bir çatışmazlığı bütün
çılpaqlığı ilə durdu qarşımda:
intellektual əbləhlər. Onların əbləh
olmağının ən böyük səbəbini
yazıçı zatən yazıb. Başqa səbəblər
də az deyil. Bəzilərinə
cəmiyyət layiq olduqları dəyəri vermir, bəzilərinə
də özləri. Nəticədə
hamısı dönüb olur intellektual əbləh.
Kitabda yer
alan "Kişilər ağlamasın", "Tiflis
yolçuları", "Xəlbir", "Yaxşı
anaların oğulları", "Bekketə salam", "Ləyaqət
düsturu", "Babamın ordenləri", "Professor və
samuraylar", "Balaca məmurun təbriki" və
başqa hekayələrində yazıçı cəmiyyətin
ayrı-ayrı sahələrindəki iyrənclikləri,
haqsızlıqları kiçik insanların
qarşılaşdığı problemlərin fonunda əks
etdirir.
Kitabdakı son hekayə "Taclı mələklər"
adlanır. Bu, N.Məmmədlinin günümüzə uyğun
qələmə aldığı əsəridir. Hekayə Mədəniyyət Nazirliyi ilə Azərbaycan
Yazıçılar Birliyinin birgə layihəsi olan
COVİD-19-la bağlı hekayə müsabiqəsində
birinci yerə layiq görülmüşdü. Əsərdə koronavirusla mübarizə aparan həkimlərin
səyi, zəhməti qələmə alınıb. Amma müəllif təkcə bununla kifayətlənmir.
O, həmin həkimlərin çəkdiyi bu zəhmətləri
onların özlərinin deyil, ailələrinin diliylə ifadə
edir. Özü də tarixçi olan
yazıçı burda tarixin təkrarlanması üsulundan
istifadə edir. Tarix boyu görünən
epidemiyalara və onların yol açdığı bəlalara
toxunur. Bu tarix həm hekayənin qəhrəmanı
olan ailədə, həm də bütün dünyada təkrarlanır.
"Taclı
mələklər" yarım ildir dünyanı və
ölkəmizi cənginə alan koronavirus
bəlası haqqında yazılmış əsərdir. Az qala bütün dünyanın ümidsizlik,
inamsızlıq, süslük, bezginlik yaşadığı
bir zamanda N.Məmmədlinin "Taclı mələkləri"ndən
bir ümid qığılcımı boy atır. Müəllif bütün bu
qarışıqlıq, ümidsizlik içərisindən də
ümid tapmağı, o ümidə inanmağı və
oxucusunu da inandırmağı bacarır.
Həmin müsabiqəyə təqdim olunan digər hekayələri
oxumamışam. Amma Natiq Məmmədlinin bu hekayəsinin
birinciliyə layiq görülmə səbəbini hekayənin
hər cümləsindən, hər sözündən hiss etmək
olur.
Kitab yazıçının 2016-cı ildə
"Ədəbiyyat qəzeti"nə verdiyi müsahibə
ilə yekunlaşır. Bu müsahibəni hekayələrin
davamı kimi də qəbul edə bilərik. Çünki burda bir yazıçının daxili
dünyası, yazmaq eşqi, ədəbiyyata, dünyaya,
insanlara, əsərlərinə və qəhrəmanlarına
münasibəti öz əksini tapıb. Az
qala, hər yazıçıya verilən sualdır: niyə
yazırsınız? Oxucuların, hətta
yazıçı, şairlərin də çoxu elə bilir
ki, yazmaq ağrılardan qurtulmaq ehtiyacıdır. Bəlkə də bu, həmin yazıçılar
üçün belədir. N.Məmmədli isə bu cür
düşünmür: "Belə götürsək,
içimdə sözlə ifadəsinə ehtiyac duyduğum elə
bir ağrı yoxdur. Ağrıya sadəcə kişi
kimi dözmək lazımdır, yazmaq yox. Amma mənim
demək istədiyim elə sözlər var ki, istəyirəm
insanlar onları eşitsinlər, o sözlər haqqında
düşünsünlər".
Sonda bayaqdan haqqında danışdığım
kitabın lap əvvəlinə, müəllifin oxucusuna
ünvanladığı "Qəhrəmanım sənsən"
məktubuna geri dönəcəyəm. Məktub bu sözlərlə
başlayır: "Əziz oxucum, səni bu kitabı
oxumağa və ümumiyyətlə oxumağa inandırmaq
üçün sözlər fikirləşirəm..." Bu yazını yazarkən hələ kitabı
oxumayan oxucularımı bacardığım qədər
inandırmağa çalışdım. Fikrimcə, bu
həyatda özünü səssiz qəhrəman hiss edən
hər kəs "səssiz qəhrəmanların
yazıçısı"nı
oxumalıdır. Qəlbinizin, ruhunuzun səsini
gözlərinizlə eşidəcəyinizə şübhəm
yoxdur. İndidən xoş oxumalar!
Muşfiq Şahanə
525-ci qəzet.- 2020.-
27 avqust.- S.12.