Kölgəsi özünü üşüdən çinar - Tanınmış jurnalist Ziyəddin Sultanovun xatirəsinə

 

 

Haqqında danışmaq da, söz demək də olduqca çətindir. Bilmirəm, bəlkə də bu, təkcə mənim üçün belədir. Ən azından, neçə gündür, çoxları sosial şəbəkələrdə sənin barəndə ürək yanğısı ilə bəhs edir: Azərbaycan jurnalistikası özünün yetmiş illik çinarını itirdi.

 

Həqiqətən də belədir. Sən qələmə xüsusi hörmət qazandıran, sözün çəkisini və dəyərini artıran nüfuzlu yazarsan. Az qala, hər şeyin ucuzlaşdığı və dəyərdən düşdüyü bu zəmanədə nüfuz kəlməsini halallıqla qazanan nadir insanlardan birisən.

 

Birlikdə keçirdiyimiz saatların və günlərin necə şirin və mənalı olduğunu anlayırdım, amma indi - sənin ehmallıca başqa dünyaya əbədi ezamiyyətə getdiyin gündən  bəri bu anlamın qat-qat çox olduğunu bütün varlığımda yaşayıram. Çünki "bir könül həmdəmi tapana qədər, can evi illərlə olur dərbədər" həqiqəti üzümə qəfil və acımasız şapalaq kimi çırpılır. Özümü yalnızlıqda və sanki heç vaxt bitməyəcək amansız bir boşluqda hiss edirəm.

 

Onda da belə olmuşdu - 2008-ci ilin zəhləmgetmiş yayında, həmişə əlini kürəyimdə hiss etdiyim dostum Məmməd Nazimoğlunu itirəndə.  On iki il keçsə də, unuda bilmədiyim o acı duyğunu yenidən yaşayacağım ağlımın ucundan da keçməzdi.

 

Bu dəfə o duyğunu mənə sən yaşatdın, əziz dostum. Özün də istəmədən.

 

Bəs nədir səni mənim gözümdə bu qədər əvəzsiz bir varlığa çevirən?! Bu suala on cür cavab tapa bilərəm, amma heç biri dəqiqliyi tam ifadə etməz. Bütün Azərbaycanda əli qələm, dili söz tutan hər kəs bilir ki, sən jurnalistikamızın axırıncı məğrur qalalarından birisən. Və nə yazıqlar ki, bu qala da uçdu.

 

İmzan, necə deyərlər, yeddidən yetmişə çox yaddaşlara birdəfəlik həkk olunub. Şəxsən tanımayanlara belə "Ziyəddin Sultanov" imzası olduqca tanış və doğmadır. Zarafat gəlməsin, onlarla şirnikləşdirici təklifə rəğmən heç yerə getməyən, ömrünün qırx ilini eyni qəzetdə keçirən, həmişə sözü ilə əməli üst-üstə düşən, hətta ən çətin anlarda belə tövrünü pozmayan, haqqı nahaqqa verməyən birini, yəni səni, mənim qürurlu dostum, unutmaq elə asan iş deyil axı.

 

Şux qədd-qamət, məğrur duruş Allah-Təalanın sənə xüsusi bəxşişiydi, fərqlənmək də sanki alnına yazılmışdı. İlk baxışdan olduqca təkəbbürlü görünüşünün nə qədər aldadıcı olduğunu ünsiyyətdə olanlar o dəqiqə anlayırdılar. Hamını öz dilində başa salmaq da xüsusi bacarıq kimi sənə yaraşırdı. Adamlar səninlə söhbət etməyə, dərdləşməyə məmnuniyyətlə can atırdılar.

 

Necə vəfalı dost olduğunu təsdiqləyən maraqlı əhvalatlar çoxdur. Onların heç birini xatırlatmaq fikrində deyiləm. Ən azı ona görə ki, görünən kənd kimi sənin də bələdçiyə ehtiyacın yoxdur. Yalnız onu deyim ki, eyni kollektivdə çalışdığın tələbə yoldaşının hər imkanda qayğısına qalmağın, onu hətta müəyyən mənada qorumağın, təəssübünü çəkməyin etibarlılığın bariz  nümunəsidir. Az qala, hər addımına qısqanclıqla yanaşanlar belə, bu cür faktlara görə sənə rəğbətlə yanaşmaq zorunda qalırdılar.

 

"Adam yolda tanınar" deyirlər. Ötən əsrin doxsanıncı illərinin ikinci yarısında nə az-nə çox, düz on dörd günlük yol yoldaşlığımız o zaman yaşı iyirmi yeddini təzəcə haqlayan mənə - Səməd Hüseynoğluna qosqoca Ziyəddin Sultanovu tanımaq şansını yaratdı. Bu dəyərli şansa görə ömrüm boyu yaradana minnətdaram.

 

Beş-altı rayonda olduq. Bir-birindən fərqli düşüncəyə, savada və dünyagörüşünə malik insanlarla görüşdük. Aralarında icra başçısı da var idi, baş həkim də, təhsil müdiri də, iri sahibkar da, fermer də, çoban da, pambıqçı da. Əlqərəz, müxtəlif təbəqənin insanları ilə ünsiyyət maraqlı idi və düşüncələrimə yeni-yeni çalarlar qatırdı, zəngin müşahidələr aparmaq imkanı yaradırdı.

 

Yalnız pulu pulundan çox olan bu adamların səninlə görüşmək, onların dilindən desəm, bir qismət çörək kəsmək istəyinin əsl səbəbi bəs nə idi? Niyə hamı sənin sənin yanında olmağa can atırdı?

 

Aradan az qala əsrin dörddə biri qədər zaman keçəndən sonra, əllidən gün saydığım indilərdə bu qənaətə gəlmişəm ki, səninlə oturub-durmaq, həmsöhbət olmaq, maddi aclığı olmayan o adamlara mənəvi aclıqlarını doyurmaq üçün hava, su qədər vacib idi.

 

Mətbuatın "can çəkişdirdiyi" o vaxtlarda dediyin sözləri də heç unutmuram. Yenicə işə başlayanda ata-ananı tək qoymamaq üçün birdəfəlik Bakıya köçmədiyini (çox şey itirdiyini, yaxud çox şey qazandığını dəqiq demək çətindir), necə deyərlər, ömür boyu rayonla-şəhər arasında, yollarda qaldığını indi daha yaxşı anlayıram.

 

Bəs necə, el-obada böyük nüfuz sahibi olan Kamal müəllimin tək oğlu, neçə bacının istəkli qardaşı, ölkənin bir nömrəli qəzetinin əməkdaşı, Kolanı camaatının yetirməsi və milli dəyərlərin ləyaqətli daşıyıcısı başqa cür hərəkət edə bilməzdi. Daha doğrusu, bunu özünə yaraşdırmazdı.

 

Elə özün də belə deyirdin, hətta "Pioner" qəzetinin zona müxbiri olsam da, mən gərək burda olam, başqa yolum yoxdur.

 

Mümkünsüz görünən bu addımı arxayınlıqla həyata keçirə bilməyin, şübhəsiz ki, ailənin, xüsusilə də, ömür-gün yoldaşın Mehparə xanımın misilsiz fədakarlığına da bariz nümunədir.

 

Yadımdadır, söhbət əsnasında hərdən deyərdin ki, ay Səməd, bizim tayfa bir az qəribə tayfadır. Açmasını da belə verirdin ki, bizdə qardaş-bacı, əmiuşağı ayrımçılığı yoxdur, birinin sevinci hamının sevinci, birinin dərd-səri hamının dərd-səridir. Yəni hər şeyin hamıya dəxli var.

 

Deyirdin ki, əmilərim ölən günəcən Kamal müəllimin (maraqlı idi ki, atanı məhz bu cür adlandırırdın və bu ifadə sənə ləzzət eləyirdi) bir sözünü iki eləmədilər, onun üzünə olmadılar.

 

Deyirdin ki, hərəsi özünə görə iş-güc yiyəsi olan, ona-buna ağıl qoyan əmioğlanlarım özlərinə aid ən xırda məsələdə də hökmən mənimlə məsləhətləşirlər.

 

Uzun illər polis orqanlarında zabit kimi çalışaraq təqaüdə çıxmış əmioğlun Vəliəddinin timsalında bunun şahidi oldum. Həm də şahidi oldum ki, o, sənin sözünlə hərəkət etməkdən qürur duyur. Əfsuslar olsun ki, qarşılıqlı hörmət əsasında formalaşan bu cür qohumluq əlaqələrinə indi ancaq nağıllarda rast gəlinir.

 

Qarabağ camaatı güclü qələm adamlarından biri saydığına görə, səninlə müxtəlif məsələlər barədə fikir bölüşmək onlarda qəribə bir rahatlıq və arxayınlıq yaradırdı. Birmənalı şəkildə "Ziyəddin müəllim deyirsə, demək, elədir" düşüncəsinə alternativ qəbul etməkdən xoşlanmırdılar. Sən onların böyük hərflərlə yazılan həqiqəti idin.

 

Bostanına daş atmağa cəsarəti çatmayanların gücü yalnız səssiz-səmirsiz qısqanmağa və paxıllıq etməyə çatırdı. Sən isə elə hey öz işində idin. Nə yerişini dəyişirdin, nə də düz bildiyin yoldan geri çəkilirdin. Dəli-dolu cavanlığından yaddaşlara yazılan çox şeylər olsa da, yaşla-başla bağlı olduğundan irəli gəlirdi, ya nəsə, son illər müdriklik nümayiş etdirməkdən də geri qalmırdın. Ən hirsli anlarında "tövbə etmişəm" kəlməsi, mənim aləmimdə, sənə yaraşan kəlmələrin ən gözəli idi. Cavan vaxtlarından tanıyanlar bu kəlmənin hansı anlam ifadə etdiyini çox yaxşı bilirdilər.

 

Yazdığın yazıların az qala hər biri kağıza köçürülmüş insan taleyi idi. Əmək qəhrəmanlarından, üstündən barıt qoxusu gələn döyüşçülərdən və digər sahələrin layiqlilərindən yazanda rahatlanırdın, sanki borcunu qaytarmış kimi olurdun. Gecə-gündüz at belində olan çoban xanımın işgüzarlığını təbii şəkildə ifadə edə bilirdin. Əsirlik cəhənnəmindən keçən qızın ürək göynədən faciəsi sənin qələmində amansız və həqiqi boyalarla, heç şübhəsiz, çoxlarının yaddaşını və vicdanını qiyamətədək sızladacaq şəkildə öz əksini tapırdı.

 

Hər bir çətinliyə rəğmən, jurnalist peşəsini həmişə üstün tutmağın da ayrıca diqqətə və təşəkkürə layiqdir. Klaviaturanın meydan suladığı indiki dövrdə qələmə də etibarlı olmaq hər baba igidin həddi deyil. Amma sən bunu da bacardın. Axıradək qələmdən ayrılmadın, qələmdən çıxan sözün müqəddəsliyinə inandın.

 

Tanıyanlar yaxşı bilirlər ki, inadkarlığın da var, asanlıqla təslim olmağı, məğlubiyyətlə barışmagı xoşlamırsan. Ancaq görünür, hər insan heç olmasa ömründə bircə dəfə də olsa, təslimiyyət duyğusunu dadmaq zorundadır.

 

Nəhayət, sən də təslim oldun - amansız xəstəliyə. Ancaq sonadək müqavimət göstərdin - düz bir il bu namərd düşmənlə mübarizə apardın. Hamımız ümidlənmişdik, deyirdik, xəstəlik nəkarədir ki, nər kimi Sultanov ona boyun əysin. Təəssüf ki, çox vaxt adamın hər istədiyi olmur.

 

Ümidlərimi o son zəngin qırdı. Güclə eşidilən xırıltılı səslə dediklərinin arasından yalnız bu sözlər beynimə paslı mismar kimi sancıldı: "Qadan alım, ay Səməd, özündən muğayat ol. Səni Allaha əmanət edirəm".

 

Dedin və susdun. Dilim-ağzım kilidləndi. Heç nə deyə bilmədim. Anladım ki, həmişə mənə məlhəm kimi gələn bu doğma və xırıltılı səsi, deyəsən, bir də eşitməyəcəm.

 

Anladım ki, köklərini qurd yeyən bu xan çinar bəlkə də, son dəfə günəşə boylanır. Bir anlıq mən də günəşə boylanmaq istədim. Gözlərim yaşardı və qaraldı. Sən demə, bir anlıq da olsa, günəşə boylanmaq elə asan iş deyilmiş. O ki qaldı altmış doqquz il ola.

 

Bəli, çinar kimi məğrur və qürurlu idin. Kölgəndə çoxları sərinləmişdi. Nədənsə, mənə elə gəlirdi ki, son zamanlar öz kölgən özünü də üşüdür. Sənsə daha çox qızmar günəşi, isti havaları xoşlayırdın.

 

Əlvida, kölgəsi özünü üşüdən çinarım!

 

Səməd HÜSEYNOĞLU

 

525-ci  qəzet.- 2020.- 27 avqust.- S.13.