150 ildir nəsillikcə papaqçılıq sənəti ilə məşğuluq"

 

Kölgədə qalan sənətlər

 

Elə sənət növü, elə fəaliyyət sahələri var ki, zamanın sürətlə dəyişməsi onlara olan marağı da azaldır. Daha çox keçmişimizlə, tariximizlə bağlı olan bu sənət növlərinin bir vaxtlar adı dillər əzbəri olan sənətkarları da zaman keçdikcə unudulur, sonrakı nəsillərin nümayəndələri isə bu peşələrə yiyələnməyə o qədər həvəs göstərmirlər. Amma az da olsa, belə sənət növlərini yaşadan, təbliğ edən, sevgi ilə inkişaf etdirməyə çalışan insanlar hələ var.

 

"Kölgədə qalan sənətlər" rubrikasında da vaxtaşırı məhz belə sənət növləri ilə məşğul olan insanlarla görüşüb həmsöhbət olmağa çalışacağıq. Rubrikamızın ilk qonağı isə 36 ildir papaqçılıqla məşğul olan, Bakının Mehdi Hüseyn küçəsində, 61 saylı ünvanda yerləşən dərzi dükanında çalışan papaqçı Hafiz Məmmədovdur. H.Məmmədovun 53 yaşı var, bu sənətlə nəsillikcə məşğul olublar. Dediyinə görə, təxminən 150 ildir nəsillərində bu sənətə xüsusi maraq olub, bu sənəti atasından, atası isə babasından öyrənib.

 

- Sizdə papaqçılıq sənətinə maraq haradan yaranıb?

 

- Bu sənətə bağlılıq bizdə nəsillikcədir, babam da sənətkar olub, atam da. Daha sonra onlar bu sənəti mənə əmim uşaqlarına öyrədiblər. Təxmini hesablasaq, 150 ildir nəsillikcə bu sənətlə məşğuluq. Xaricdə buna "brend" deyirlər, amma biz hələ ona çatmamışıq (gülür).

 

- Əvvəllər papaqçılığa maraq da çox idi, bu sənətlə məşğul olan adamlar da. Amma tədricən, elə bil, bu sənətə maraq azalır. Sizcə, bu, ilə bağlıdır?

 

- Sovet dövründə texniki peşə məktəbləri var idi, orda dəmirçilik, papaqçılıq kimi sənətlər öyrədilirdi. Amma indi o peşə məktəbləri yoxdur. Onların yerində villalar restoranlar tikilir. Belə milli sənət növlərinin unudulmaması üçün millət özü bunu təbliğ etməlidir. Misal üçün, xaricilər İçərişəhərə çox gəlirlər, orada isə qalaların ətrafı restoranlar kababxanalardır. Məsələ burasındadır ki, əcnəbilər o restoranlara qiymət vermir, ölkənin mədəniyyətinə, milli sənət növlərinə qiymət verir. Bizim atlarımızın, Qafqaz itlərinin, qartallarımızın qiyməti yoxdur. Dünyanın harasına getsək , meyvəsindən tutmuş tərəvəzinə qədər hər şeyi Allah ölkəmizə bəxş edib. İnanıram ki, gələcəkdə Azərbaycan daha da inkişaf edəcək, öz milli sənət növlərimizi dünyaya tanıdacağıq. Bilirsiniz necədir, xaricdə təhsil alan tələbələr ora getdikdən sonra ordakı mədəniyyəti görüb, bura gələndə özümüzün milli dəyərlərimizlə maraqlanır, papaq alırlar. Eynən quş kimidir - quş da balasını öz yuvasında çıxarır, gün ərzində qədər başqa yerlərə gedib yem toplasa da, sonunda gələcəyi yer öz yuvası olur.

 

- İndiki gənclər papaq tikdirməyə maraq göstərirlərmi? Əvvəlki kimi olmasa da, indi tələbat varmı?

 

- Təbii ki, tələbat var. Daha çox turistlər, xaricdə yaşayan insanlarımız, ətraf kəndlərdə olanlar papaq tikdirirlər. Bəzən gənclərimiz ziyafətlər - toy, nişan, xına günləri üçün milli papaqlar sifariş edirlər. Hətta filmlər, tamaşalar üçün papaq tikdirənlər olur. Məsələn, "Bu şəhərdə"nin bəzi tamaşaları, Bəhram Bağırzadənin "Hacı Zeynalabdin" rolu bir çox məşhurlar üçün papaqları mən tikmişəm. Əvvəllər insanlar papaq tikdirəndə hər incəliyə fikir verir, hər şeyə xüsusi diqqət yetirirdilər.

 

- Papaqçılığın tarixi haradan gəlir, əvvəl tikilən papaqlarla indikilərdə fərq varmı?

 

- "Papaq" sözü əsl türk sözüdür. Papaqçılığın da tarixi türklərdən gəlib, türk millətinin başında hər zaman papaq olub. Əvvəllər papaqlar çox ağır olurdu. Təbii ki, əvvəlki dəblə indiki eyni deyil. Papağın tikilməsi prosesində fərqlər var idi. Əvvəllər papaqların içinə xüsusi qəliblər qoyulur, əl ilə tikilirdi. İndi müasir texnikalar işi bir az asanlaşdırıb.

 

- Papağı tikmək üçün istifadə olunan dərini hardan əldə edirsiniz? Bu dərinin xüsusi özəlliyi nədir?

 

- Papaq üçün xüsusi dəri verən heyvanlar Orta Asiyada olur. Vaxtilə Qarabağa xüsusi dəri verən qoyun gətizdirilmişdi, amma sadəcə, bir il məhsul verə bildi. İndi lazım olan dəri Özbəkistandan, Dağıstandan, başqa ölkələrdən gətirilir. Bu dərilər , dərini verən heyvanlar da çox qiymətlidir.

 

- Yəqin papaqların forması da, keyfiyyəti fərqli olur. Bahalı ucuz dərini necə ayırmaq olur? Yəqin bu dəriləri verən heyvanlar da müxtəlifdir.

 

- Təbii ki, o vaxtlar varlı adamlar başına ən bahalı papaqları qoyardılar. Qiymətindən asılı olmayaraq, papaq tikilən zaman quzu dərisindən istifadə olunur. Amma necə ki xalça var 100 dollardır, xalça da var 100 min, o cür dərilərin qiyməti  fərqlidir. Ən gözəl rəssam Allahdır, dərini o qədər gözəl yaradıb ki, heç bir rəssam elə gözəl yarada bilməz. Əgər dərinin üstündəki güllər hamısı eyni ölçüdədirsə, deməli, çox keyfiyyətli dəridir. Yox, əgər dərinin gülləri fərqli ölçüdədirsə, o zaman keyfiyyət daha aşağı, qiymət ucuz olur. Gözəl dəriyə gün şüası düşdükdə bərq vurur dəri yüz rəngə çalır. Necə ki bir məşhur insan gələndə hamı dönüb ona baxırsa, o cür dərinin gözəlliyinə  tamaşa edirlər.  El arasında "Düşmən ayağa baxar" deyimi var, amma belə dərini görəndə düşmən ayağa yox, başa baxır (gülür).

 

- Papaqçılıq istedad tələb edən, hər insanın bacara bilmədiyi sənət növüdür. Bu sahənin hansı sirləri var? Heç bu sənətə maraq göstərən gənclərimizə məsləhətlər verirsinizmi?

 

- Belə deyək, Azərbaycanda saysız-hesabsız ürək həkimi var, amma onların hamısı eyni dərəcədə savada sahib deyil axı. Papaqçılıq sənəti belədir, bu sənətdə usta olmaq üçün Allahdan gələn istedad olmalıdır. Yaxşı usta olmaq üçün bütün tikiş işlərini bilmək, dürüst olmaq lazımdır. Bir insan ki, mən hər şeyi bilirəm deyir, deməli, yalan danışır, insan işlədikcə öyrənir. Mən o vaxt yaxşı ustalara baxıb düşünürdüm ki, görəsən, vaxtsa mən belə papaq tikə biləcəmmi? Bundan başqa, bu sənəti davam etdirmək üçün vətənpərvər olmaq lazımdır. Boş-boş danışmaqla vətən sevgisi olmur, milli dəyərləri, mədəniyyəti təbliğ etmək, qorumaq lazımdır.

 

Aytac ASLAN

525-ci  qəzet.- 2020.- 27 avqust.- S.14.