Vida gecəsi -
Hekayə
Qoca da fikirləşirdi
ki, hər bir bəndə də bu dünyanın
qonağıdır. Geci-tezi var,
gəldiyi dünya ilə günlərin bir günü əl-təmən eləyib
xudahafizləşməlidir.
Qoca həmişə
qonaq-qaralı olmuşdu. Elə qonağı
da gəlmişdi ki, onu təkcə özü, yaxın qonum-qonşu yox, bütün kənd qoşulub yola salmışdı. Qonaq da olmuşdu
ki, tək gəldiyi kimi gəldiyi yerdən də təkcə ayrılıb getmişdi.
Qocanın həmin gün ertədən elə bil ürəyinə dammışdı ki, bu gün qapısını
heç döymədən
girən qonağı
müsafir düşdüyü
yerdən heç də tək getməyəcək.
Ona görə
də narahatçılıq
keçirsə də,
gözdə-qulaqda idi. Tez-tez evə, içəri otağa keçir, çarpayıda süst düşüb ağır-ağır
nəfəs alan
qarısına baş
çəkirdi. Qoca, qarısının nəfəs
almasına dinşək
kəsilir, qorxurdu ki, qarısının nəfəsi gedib birdən gəlməyə...
Amma qarısının başının
üstünü kəsdirib
durmağa da səbri çatmırdı.
Günün günorta çağı
idi.
Artıq neçə gün idi ki, gündüzlər
həyət-bacada əl-ayaqda
gəzən yorğun
qarısı gecələr
yerinin içinə girən kimi rahatlanmaq əvəzinə,
inildəyib zarıyır,
yata bilmir, o da qarısı ilə birgə oyaq qalıb səhəri dirigözlü açırdı. Qoca oyaq
qaldığı gecələrin
yuxusuzuluğunun əvəzini
gündüzlər yataqdan
qalxmayıb yerinin içində, yorğan-döşəyə
yıxılıb yatmaqla
çıxarırdı. Qış idi, onsuz da bir
elə işi-gücü
yox idi. Çöl-bayırdan əl-ayaq çoxdan
yığılmışdı. Boş-bekar qala bilməyən qarısı
isə tənhalıqdan
darıxa-darıxa başını
qatmaq üçün
arayıb-axtarıb hökmən
özünə bir iş tapırdı.
Qoca yuxusunu qaçırmaq üçün
əl-üzünə soyuq
su vurdu. Bir balaca
üşüdü. Əllərini ovxaladı. Sonra da əllərini gözlərinə apardı
və gözləri gizildəyib ağrıyanacan
bərk-bərk ovuşdurdu.
Yox, yuxusu yaxasından yapışıb üzlü
qonaq kimi əl çəkənə
oxşamırdı.
Birdən gözü küncə qoyulmuş neçə vaxtdan bəri işə salıb baxmadıqları köhnə
televizora sataşdı. Dirçələn kimi oldu. Yuxusunu qaçırmaq üçün
indi ən yaxşı vasitə elə bu köhnə
televizor idi. Televizor başını qatar, yuxusunu
da qaçırdardı.
Keçib televizoru şəbəkəyə
qoşdu.
Hansısa tanınmış bir adamın dəfn mərasimindən çəkilmiş
kadrlar nümayiş etdirilirdi. Mərhumun səhnədəki qumaşa
bürünmüş tabutunun
önündən qollarına
qara lent bağlamış
qocalı-cavanlı, kişili-qadınlı
dəstə-dəstə adamlar
keçirdi. Qanı qaraldı.
Televizora baxmaqdan özgə çarəsi yox idi. Nuh əyyamından qalma
bu televizorda yalnız bir kanalda verilən verilişlərə baxmaq
mümkün idi.
Ona görə də öz-özünə hirslənsə
də, televizoru söndürmədi. Oyaq qalmalı
idi. Yuxusunu isə yalnız
televizor qaçıra
bilərdi.
Qocanın gözləri televizorda, qulaqları isə çarpayıda yatan qarısının gedib-gələn
nəfəsində qalmışdı.
Televizor başını qatsa da, indi qocanın televizordan zəhləsi gedirdi. Qocaya elə gəldi
ki, onu cırnatmaq
üçün televizorda
vida mərasimi göstərirlər.
Gələn qonaq gec-tez gedəcəkdi. Qoca ömrü
boyu gələnləri
qarşılamış, gedənləri
də yola salmışdı.
Qocanın elə
bil ürəyinə dammışdı ki, bu gecə qapısını
döyəcək qonaq
gəldiyi yerdən qoşa gedəcək. Ona görə də gözü qarısında, qulağı
da səsdə idi.
- Ölmə, qarı, ölmə!
Qoca indiyəcən
sözünü qarısına
xahişlə deməmişdi.
Həmişə hökmlə
danışmış, tələb
etmişdi. İndi təkcə xahiş yox, az qala,
yalvar-yaxar edirdi.
Qarı mürgülü
gözlərini güclə
aralayıb qocasına
baxdı. Solğun çöhrəsinə elə
bil təbəssüm
qondu. Dünyanın işinə bax... Qocası ondan xahiş edərmiş...
Qocasının hökmlərini, tələblərini həmişə
itaətlə yerinə
yetirən qarı bu dəfə başının ağası
saydığı ərinin
xahişinə əməl
edə bilməməsindən
elə bil xəcalət çəkib
sıxıldı. Gözlərini
bərk-bərk yumdu.
Qarının boğuq, kəsik-kəsik
xırıltısı birdən
kəsildi. Qoca televizorun səsini aldı, nəfəsini içinə çəkib
dinşək kəsildi.
Qarısının süst
düşüb qaldığı
dəmir çarpayıya
yaxınlaşmağa ürək
eləmirdi, hətta, deyəsən, qorxurdu.
Axır ki,
özünü ələ
alıb ayaqları bir-birinə dolaşa-dolaşa
çarpayıya yaxınlaşdı.
Heç əlləri
də sözünə
baxmırdı. Nəhayət,
özündə güc
tapıb titrədən
əllərini qarısının
yanaqlarına toxundurdu.
Buz kimi idi.
Televizorda məşhur
adamın tabutunun önündən hələ
də dəstə-dəstə
adamlar keçir, mərhumla vidalaşırdılar.
Qoca qarısının
açıq qalmış
gözlərini qapamaq
üçün nə
qədər cəhd etsə də, əlləri sözünə
baxmadı.
Televizorda məşhur adamla vida mərasimi davam edirdi. Qocanın ürəyindən
indi təkcə bu keçirdi ki, kaş, onun
qarısının da başı
üstündə dayanıb
bircə nəfər ağlayan olaydı. Özü isə ağlaya bilmirdi.
Aydın Tağıyev
525-ci qəzet.- 2020.-13
avqust.- S.14.