Fikrət Qocaya yubiley təbriki

 

 

"Mənim üçün bu yaşda hər gün yubileydir. Yuxudan oyandımsa, deməli, hər saat mənim yubileyimdir. Sevinəcəyəm ki, bu gün yaşadım..." - bu sözləri Xalq şairi Fikrət Qoca 80 illik yubileyində demişdi. Bu gün isə dəyərli şairimizin 85 yaşı tamam olur.

 

Onun haqqında yubiley yazısı yazmaq qərarına gələndə çox düşündüm: nədən yazım? Şeirlərindən? - O qədər yazılıb ki... Fəaliyyətindən? - Onsuz da göz önündədir. Mən bir gənc olaraq Fikrət müəllimin insanlığından, böyüklüyündən söz açacağam bu yazıda.

 

"Müasir Azərbaycan ədəbiyyatı" deyəndə ilk ağlımıza gələnlərdən olub Fikrət Qoca. Çünki onun şeirlərini ta uşaqlığımızdan, orta məktəb dərsliklərindən oxuya-oxuya böyümüşük. zamansa onunla görüşmək, söhbət etmək ağlımıza da gəlməzdi. Amma həyat ağlımıza gəlməyən o qədər şeyi başımıza gətirib ki...

 

Ədəbi mühitə gələndən sonra ilk tanıdıqlarımdan biri olub Fikrət müəllim. Azərbaycan Yazıçılar Birliyindəki tədbirlərin çoxunda görərdim onu. Təmkini, səbirli danışığı, qarşısındakının kimliyindən asılı olmayaraq, sonsuz hörməti, ehtiramı, nitqindəki yumoru, səmimiyyəti illərlə düşüncələrimdə yaşatdığım şair Fikrət Qoca obrazının önünə insan Fikrət Qocanı gətirib qoydu. Bu zaman hər ikisinə eyni anda baxmaq, müşahidə etmək şansı qazandım gördüm ki, onların ortaq cəhətləri ilk növbədə səmimiyyətləridir.

 

Fikrət müəllim söhbət zamanı təvazökarlığı, mehribanlığı, xoş rəftarı ilə yaşını, vəzifəsini, cəmiyyətdəki statusunu unutduran insandır. Uşağın, gəncin, böyüyün, yaşlının - bir sözlə, hər kəsin dilini gözəl bilir, hər kəsi öz dilində danışdırmağı yaxşı bacarır. O, yaxşıya "yaxşı" deməkdən çəkinmir, qızırqalanmır. Çox böyüklərdə gördüyümüz gənclərə qarşı paxıllığın, inamsızlığın zərrəsi belə yoxdur onda. Əksinə, o, hər zaman istedadların yanında yer almaqdan yanadır. Ədəbiyyatın, mədəniyyətin, dövlətin məhz gənclərin hesabına çiçəklənəcəyini gözəl bilir. Onlara dəstək olmağı özünün ən ali vəzifəsi hesab edir. Kiçik bir işıq gördüyü insanı o qədər ürəkləndirir, özünəinam yaradır ki, bir görürsən o işıq böyüyüb, nəhəng bir ulduza çevrilib. Çünki özü qəlbində günəş gəzdirən insandır Fikrət Qoca. Şeirlərinə, misralarına, insanlara səpdiyi nur da daxilindəki günəşin kiçik zərrələridir. Ətrafındakı bütün ulduzlar işığını o günəşdən alır.

 

Mənim üçün böyük insan kiçiklərlə münasibətində görünür. Bu mənada Fikrət Qocanı hər zaman böyük bilmişəm. "525-ci qəzet"də işləməyə başlayandan sonra onunla münasibətlərimiz daha da sıxlaşdı. Məni hər görəndə qəzetdəki yazılarımdan söz açdı, sevərək oxuduğunu dedi, məsləhətlərini əsirgəmədi. Hansısa yazıyla, sorğuyla bağlı hər telefon zəngimdə ilk növbədə onun yazılarım, fəaliyyətimlə bağlı təəssüratlarını dinləyirəm. Görürəm ki, Azərbaycan Yazıçılar Birliyi kimi bir qurumun katibliyini edən, müxtəlif vəzifələri, işləri olan Xalq şairimiz gəncləri izləməkdən, oxumaqdan oxuduqlarını şərh etməkdən qalmır. Hətta bunu özünə borc bilir.

 

Bir şeyi qeyd etməliyəm ki, Fikrət Qoca dəstəyini təkcə dildə göstərən deyil, həmçinin, əməldə sübut edən insandır. Heç gözləmədiyin anda elə bir dəstəyiylə qarşılaşırsan ki, onun sənə olan inamına, diqqətinə özün heyrət edirsən.

 

Ədəbi mühiti ən yaxşı izləyənlərdən biri məhz odur. Onun ədəbiyyat sevgisi o qədər böyük, o qədər əzəmətlidir ki, ədəbiyyat adına olan hər şeydən sevinir, qürur duyur təqdir edir. Bu mənada ədəbiyyatın ən yaxşı təəssübkeşlərindən biridir deyə bilərik. Yeni imzalara qarşı biganə qalmır, xoşuna gələn əsər ya müəllif haqqında söz deməkdən, yazı yazmaqdan, onu daha da ruhlandırmaqdan çəkinmir.

 

Fikrət Qoca şəxsiyyətini tanıyandan sonra əsərləri daha da doğmalaşan müəlliflərdəndir. Çünki onun hər sözündə, hər davranışda hansısa şeirindən bir nümunə, bir iz tapa bilirsən. Şeirlərindəki cəsarət elə şəxsiyyətindən gəlirmiş, sən demə. Misralarındakı yumor xarakterindəki nikbinliyin nişanəsi imiş. Onun ən bədbin şeirlərində belə bir ümid işığı, sabaha zəif olsa inam var. Məncə, onun bütün yaradıcılığı da məhz bu ümiddən, inamdan yoğrulub. Özünün insanlığı kimi... Fikrət müəllim bəyənmədiyi nüansları belə düzələcəyinə ümid bəsləyərək dilə gətirir. Onun hansısa narazılığının fonunda insanın qulağına bu cümlə pıçıldayır: "Bu gün belədirsə, sabah belə olacağı anlamına gəlməz!" O, həm şeirlərində, həm adi insani ünsiyyətlərində bu nikbinliyini oxucusuna, həmsöhbətinə ötürməyi bacarır.

 

Fikrət Qoca 85 yaşı olmasına baxmayaraq, ruhuyla, düşüncəsiylə həyata dünyaya baxışıyla, ədəbiyyat eşqiylə hər zaman cavan, hər zaman enerjilidir. Onun bir şair, ziyalı kimi bu gün belə ölkəmizdə, dünyada baş verənlərə reaksiyasız qalmaması, şeirin, poeziyanın diliylə öz mövqeyini sərgilməsi buna əsas sübutdur.

 

Dəyərli Xalq şairimizi daim sıx əməkdaşlıq etdiyi, şeirlərinin, yazılarının ilk ünvanı "525-ci qəzet"in kollektivi adından səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, daha böyük yaradıcılıq uğurları diləyirik!

 

Şahanə Müşfiq

525-ci qəzet.- 2020.- 25 avqust.- S.10.