Əbdürrəhim bəy Haqverdiyevin həyat salnaməsinin Gürcüstan səhifələri - II yazı

 

 

Parlamentin erməni işğalına həsr olunmuş 17 dekabr 1918-ci il tarixli iclasında Əbdürrəhim bəy Haqverdiyev Gürcüstan müsəlmanları adından nitq söyləyərək bu ölkədəki soydaşlarının digər tarixi dövrlərdə olduğu kimi, indi də əsl vətəndaşlıq mövqeyi sərgilədiklərini və düşmən əleyhinə vuruşduqlarını bəyan edir:

 

"Vətəndaşlar! Parlament üzvləri!

 

Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adından çıxış edirəm. Böyük Avropa müharibəsi (Birinci Dünya müharibəsi - F.V. -H.) sona yetdi. Biz əmin idik ki, bu dəqiqələrdən sonra xalqlar, xüsusilə də Cənubi Qafqazda yaşayan xalqlar birlikdə mehriban şəraitdə yaşamağa başlayacaqlar. Ancaq bizim gözləntilər özünü doğrultmadı. Qonşu respublika bizə müharibə elan etdi. Axı mənə elə gəlir ki, indi bu müharibə üçün heç bir səbəb yox idi. Gürcülərlə ermənilər arasında mövcud olan bütün bu məsələləri sülh konfransı yolu ilə həll etmək olardı. Bugün çap olunmuş teleqramlardan da göründüyü kimi, bizim hökumət mübahisəli məsələlərin nizamlanması üçün öz səylərini əsirgəmirdi. Amma bir erməni partiyası ("Daşnaksutyun" nəzərdə tutulur - F.V. -H.) sırf eqoist səbəblər ucbatından bu atəşin alovlanmasına cəhd göstərdi. Mən deməliyəm ki, 1905-ci il atəşinin (1905-1906-cı illər türk-erməni toqquşmaları nəzərdə tutulur - F.V-H.) üçüncü tərəfin əli ilə yaxıldığına əmin idim, ancaq indi buna bir az şübhəm var (deputat Qabaşvili: "Biz onda da şübhələnirdik").

 

Biz parlamentə daxil olanda və öz bəyanatımızda bildirdik ki, Gürcüstan müsəlmanları öz vətənlərini, düşmənin kim olmasından asılı olmayaraq, hər kəsdən bütün mümkün vasitələrlə qoruyacaqlar və indi də, sözdən əmələ keçmək lazım olan bir vaxtda da bu bəyanatı təntənəli şəkildə təkrar edirik (alqışlar)...

 

... Mən inanıram ki, Gürcüstan Respublikasının digər hissələrinin müsəlmanları: Siqnax, Telav, Axalsıx və digər qəzaların müsəlmanları da Borçalı müsəlmanları kimi davranacaqlar və bütün imkanlarından istifadə edərək onlar da öz vətənlərini dəstəkləyəcəklər.

 

Və yenə də bəyan edirəm, parlamentə daxil olanda olduğu kimi, böyük məmnunluq hissi ilə bəyan edirəm: - Yaşasın Gürcüstan! (gurultulu alqışlar)".

 

Əbdürrəhim bəyin alovlu nitqi gürcü ictimaiyyətində geniş əks-səda doğurur. Bu barədə mətbuat dəyərləndirmə apararaq yazırdı: "Ermənilərin Gürcüstana qarşı çıxışı onların Qafqaz xalqlarının müstəqilliyini dəfn etmək arzusu ilə diktə olunubdur, bu, məhz beləcə də anlaşılıbdır, yekdilliklə belə qiymətləndirilibdir. Bu baxımdan müsəlman təmsilçisi Haqverdiyevin bizim parlamentdə söylədiyi nitq diqqətəlayiqdir..."

 

Ə.Haqverdiyevin fəallığı ilə seçilən digər azərbaycanlı deputat həmkarı Əziz Şəriflə yaxın dostluq münasibəti olmuşdur. Onlar arasında bu münasibət Ə.Şərifin "Molla Nəsrəddin" jurnalının redaksiyasında işlədiyi dövrdə yaransa da, parlamentdə birgə fəaliyyət göstərdikləri zaman daha da dərinləşmişdir. Bu barədə Ə.Şərif xatirələrində yazırdı:

 

"... Tiflisdə müsəlman milli şurası həmin il (1918-ci il - F.V-H.) 29 sentyabrda öz tərəfindən Gürcüstan parlamentinə dörd nəfər nümayəndə seçmişdi: Əbdürrəhim bəy Haqverdiyev, Əliheydər Qarayev, müəllim Mirzə Hüseyn Həsənzadə və mən. Bu vaxtdan etibarən ta Haqverdiyev Bakıya gedən günə qədər biz hər gün, ya günaşırı görüşür, danışır, dərdləşirdik. Nəticədə biz daha da yaxınlaşdıq... Mənim arxivimdə Tiflisdə K.Y.Zubalov adına xalq evi nəzdində türk dram cəmiyyətinin 1919-cu il üçün üzvlük bileti vardır. Mənim adıma yazılmış bu bileti türk dram cəmiyyəti idarə heyətinin sədri Ə.Haqverdiyev imzalamışdır".

 

22 noyabr 1918-ci il tarixində Gürcüstan parlamenti "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir. Əsasnaməyə görə, ölkənin yeni qanunverici orqanı olacaq Müəssislər Məclisi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində formalaşmalı idi. Parlament tərəfindən, həmçinin, seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası (PMSK) yaradılır. PMSK-da hər bir seçki subyekti üçün ən azı bir üzvlük mandatı nəzərdə tutulur, eyni zamand, parlament fraksiyalarına təmsilçi sayına müvafiq olaraq müxtəlif sayda yerlər ayrılır. Parlamentin müsəlmanlar ("tatarlar") blokunu PMSK-da Əbdürrəhim bəy Haqverdiyev təmsil edir. Bu qurumda tərcümə işləri Ə.Haqverdiyev və daşnakların təmsilçisi D.Davitxanyanın rəhbərliyi altında yaradılmış komissiya tərəfindən həyata keçirilirdi. Qeyd edək ki, PMSK üzvlərinin eyni zamanda, Müəssislər Məclisinə seçkilərdə namizəd qismində iştirakına heç bir məhdudiyyət qoyulmamışdı.

 

Parlamentin 10 yanvar 1919-cu il tarixli iclasında qəbul olunmuş "Müəssislər məclisinə seçkilərin təyin olunması barədə" Qanuna görə, Müəssislər Məclisinə seçkilərin ilk günü 14 fevral 1919-cu il tarixinə təyin olunur.

 

Gürcüstanın türk-müsəlman siyasi-ictimai fəallarının bir qismi sosial-demokratların siyahılarında, digər qismi qeydiyyatdan keçirilmiş iki ayrı seçki subyektinin - Ə.Haqverdiyevin sədrlik etdiyi Gürcüstan Müsəlmanları Milli Şurasının və Borçalı Qəzası Müsəlmanları Qrupunun (BQMQ) sıralarında seçkilərə qatılırlar.

 

 

 

Gürcüstan Milli Tarix Arxivində saxlanılan sənədlərdən aydın olur ki, GMMŞ tərəfindən bu təşkilatın sədr müavini Halay bəy Bayramovun imzası ilə PMSK-ya göndərilmiş altı nəfərlik ilkin namizədlər siyahısında aşağıdakı adlar əks olunmuşdur:

 

Halay bəy Aslan ağa oğlu Bayramov (təlimatçı-aqronom);

 

Əbdürrəhim bəy Haqverdiyev (GMMŞ-nin sədri, Gürcüstan Parlamentinin üzvü);

 

Ömər Faiq Nemanzadə (jurnalist);

 

Əlimirzə bəy Nərimanov (müəllim, Nəriman Nərimanovun əmisi nəvəsi);

 

İbrahim bəy Mursaqulov;

 

Mirzə Rza Əlizadə (müəllim).

 

Bu siyahının ardınca PMSK-ya GMMŞ-nin sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət beş nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədov (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundov (tələbə, Mirzə Fətəli Axundovun nəvəsi), Qasım Abbas oğlu Bayramov (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyev (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı.

 

Beləliklə, GMMŞ ilkin olaraq seçkilərdə 11 nəfərlik siyahı ilə iştirak etməyi planlaşdırsa da, sonradan müəyyən səbəblərdən dolayı bu siyahı qısaldılaraq 5 nəfərlə məhdudlaşdırılır. Yekun siyahıda Ə.Haqverdiyevin adına rast gəlinmir. Eyni proseslər BQMQ-də də baş verir.

 

Hər iki müsəlman siyasi subyekti seçkilərdə fiaskoya uğrayır; GMMŞ cəmi 105, BQMQ isə 224 səs toplaya bilir. Zənnimizcə, belə zəif nəticə, başlıca olaraq, seçkiqabağı xaotik proseslərdən, xüsusən də seçki siyahılarının tərtib olunması zamanı yaranmış çaşqınlıq və anlaşılmazlıq, Ə.Haqverdiyev, Ö.Nemanzadə, İsrafil bəy Yadigarov kimi türk-müsəlman əhali arasında böyük nüfuza malik şəxslərin yekun siyahılardan kənarda qalması, eləcə də namizədlər arasında təxmin edə biləcəyimiz ixtilaflardan qaynaqlana bilərdi.

 

Beləliklə, 1919-cu ilin 14-17 fevral tarixlərində keçirilmiş demokratik seçkilər nəticəsində Gürcüstan Milli Şurasının transformasiyası əsasında yaranmış parlament fəaliyyətini dayandırır və ali qanunvericilik səlahiyyətini Gürcüstan Müəssislər Məclisinə ötürür. Bununla, Gürcüstan parlamentində deputatlıq fəaliyyəti başa çatan Əbdürrəhim bəy Haqverdiyev 19 fevral 1919-cu ildə Gürcüstan Müsəlmanları Milli Şurasında tutduğu sədr vəzifəsini Əlimirzə bəy Nərimanova təhvil verir və sonrakı taleyini Azərbaycanla bağlayır. Çox keçmədən o, Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) Dağlı Respublikasında, 24 avqust 1919-cu ildən etibarən isə Ermənistan Respublikasında diplomatik nümayəndəsi təyin olunur və 1920-ci ilin mart ayının 16-na qədər bu vəzifəni uğurla icra edir.

 

Ə.Haqverdiyevin diplomatik fəaliyyəti tanınmış alimlərimiz Vilayət Quliyev və Nazim Mustafanın elmi maraq və araşdırma dairəsini əhatə edir. Fövqəladə və səlahiyyətli səfir, professor V.Quliyev yazır: "Cümhuriyyət hökuməti Əbdürrəhim bəyi yeni qurulan Xarici İşlər Nazirliyi sistemində çalışmaq üçün Tiflisdən Bakıya çağırmaqla düzgün seçim etmişdi. Çünki diplomatik təyinat baxımından yetərincə uğurlu namizəd idi. Geniş erudisiyası, Şərqə və Qərbə hərtərəfli bələdliyi, kübar görünüşü və ədaları, rus və fransız dillərini mükəmməl bilməsi, siyasi proseslərdən yaxşı baş çıxarması onu səfir kimi istənilən Avropa ölkəsinə göndərməyə imkan verirdi. Lakin hələlik heç bir dövlətin rəsmən tanımadığı Azərbaycan Cümhuriyyəti böyük Avropa siyasətinə can atmaqla bir sırada ilk növbədə və daha çox qonşularla münasibətləri nizama salmalı, münaqişələri aradan qaldırmalı, rəqibləri müttəfiqə çevirməyi bacarmalı idi. Bir sözlə, dünya miqyasına çıxmağın yolu regionda tanınmaqdan və nüfuz sahibi olmaqdan, ən başlıcası isə özünü, milli maraqlarını qorumaqdan, təbliğ etməkdən keçirdi. Bu isə ilk növbədə regionda işlək diplomatik mexanizm qurmağı zərurətə çevirirdi".

 

Qeyd edək ki, Ə.Haqverdiyev Ermənistanda yürütdüyü son diplomatik vəzifəsindən özünün istefa ərizəsi ilə azad olunmuşdu və buna səbəb onun 1920-ci ilin 8 mart tarixində qatarla Tiflisdən İrəvana gedərkən Gürcüstan və Ermənistan arasındakı neytral zonada qarət edilməsi olmuşdur. N.Mustafanın araşdırmalarından qarətin xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bəlli olur. Bu hadisəsən sonra Əbdürrəhim bəy Haqverdiyev artıq Ermənistanda işləməyin qeyri-mümkün olduğu qənaətinə gəlir və tutduğu diplomatik vəzifədən dərhal geri çağırılmasını xahiş edir. Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı 10 mart 1920-ci il tarixli məktubunda o, tutduğu vəzifədə yerinə artıq namizədliyi müəyyən olunmuş Teymur bəy Makinskinin göndərilməsinin tezləşdirilməsini xahiş edirdi:

 

"Təkidlə Teymur bəyi yola düşməyə tələsdirmənizi xahiş edirəm. Öncədən hazırlanmış dəstə ("şayka") tərəfindən mənə qarşı törədilmiş biabırçı hərəkətdən sonra burada qalmağın mənasız olduğunu görürəm".

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ə.Haqverdiyev ictimai-mədəni və ədəbi-bədii sahələr üzrə müxtəlif məsul vəzifələrdə çalışmışdır.

 

Əbdürrəhim bəy Haqverdiyevin həyatının Gürcüstan dövrü sovet ideoloji konyunkturunun tələblərinə uyğun olaraq öyrənilməmiş, böyük ədibin həyat və yaradıcılığının tədqiqatçıları tərəfindən onun üzərindən sadəcə sükutla keçilmişdir. Əbdürrəhim bəy özü də bəlli siyasi səbəblərdən bu barədə çox qısa xatırlama ilə kifayətlənmişdi: "Fevral inqilabından sonra Borçalı qəzasına komissar intixab olunub, Şulaverə getdim. Burada bir sənə üç ay qaldıqdan sonra idarələrin milliləşdirilməsindən dolayı çıxıb Tiflisə gəldim və burada Gürcüstan türklərinin Milli Şurası tərəfindən Gürcüstan parlamentinə üzv seçildim".

 

Ancaq yuxarıda təqdim olunan məlumatlardan göründüyü kimi, bu siyasi fırtınalar və təlatümlər dövründə Ə.Haqverdiyev məhsuldar siyasi-ictimai fəaliyyəti ilə seçilmişdir. O, həm Borçalı qəzasında dövlət məmuru, həm də Gürcüstan Müsəlmanlarının Milli Şurasının sədri və Gürcüstan parlamentinin deputatı vəzifələrini ləyaqətlə daşıyaraq Gürcüstanın ərazi bütövlüyü məsələlərində prinsipiallığını nümayiş etdirmiş, Borçalının türk əhalisinin əsas problemlərindən olan təhsil probleminin həll olunması üçün səylərini əsirgəməmişdir.

 

Fəxri VALEHOĞLU-HACILAR

Tarix üzrə elmlər doktoru

 

525-ci qəzet.- 2020.- 25 avqust.- S.12