Hər şey birdən-birə oldu...
Orxan Vəlinin
çox sevdiyim bir şeiri var, "Her şey birdenbire oldu" deyə başlayır şair misralara. "Birdenbire vurdu gün ışığı
yere. Gökyüzü birdenbire oldu.
Mavi birdenbire" deyə davam edir. Sonra dərindən bir nəfəs alır,
"Her şey birdenbire
oldu. Birdenbire tütmeye başladı
duman topraktan. Filiz birdenbire oldu, tomurcuk birdenbire".
Sevginin, eşqin
aniliyindən, qəflətən
baş verdiyindən və bu aniliklər
içində zaman məfhumunun əhəmiyyətsizliyindən
bəhs edilir şeirdə. Əslində, bir az dərinə gedəndə
baxırsan ki, həyatımızda bir çox məqam belə irəliləyir; hər şey birdən-birə baş verir, bir göz
qırpımında, bir
nəfəs alışında.
Həmişə sevinc gətirmir
birdən-birə olanlar,
çox vaxt peşmanlıq, dərin kədərə məruz qoyur insanı. Məsələn, bəsit sayıla
biləcək bir nüansdan gözü dönür insanın.
Dəqiqələr içində məsələ
elə şaxələnir,
elə qol-budaq olur, elə böyüyür ki, məəttəl qalırsan.
Heç
ah çəkməyə belə
fürsət tapmadan bir də baxırsan
ki, gözünün önündə bütün
zirvələr çöküb.
O qadının başına
gələnlər kimi...
Eyni ilə ustadın şeirində söylədiyi şəkildə;
hər şey birdən-birə oldu həyatında. Sən demə, aylar
əvvəl sevgilisinin
həndəvərində dolaşan
bir qadın başqa bir qadının "radarına"
düşüb. O vaxtdan
etibarən həmin qadın xərçəng
toxumu kimi o başqa qadının beyninə yerləşib, getdikcə böyüyüb,
şaxələnib, axırda
da metastaz verib. Kişi qadının içinə
dərd olan bu hadisəni bilib. Amma çox da ciddiyə
almayıb. Şübhə qurd kimi daraşaraq
qadını içindən
yeməyə başlayıb.
Ən axırda gördüyü
mənzərə onu özündən çıxardıb.
Elə həngamə
də bundan sonra başlayıb.
Artıq elə bir məqam yetişdi ki, aylarla kök
atan bu hisslər
birdən-birə partladı.
Qadın çox sevdiyi kişinin qarşısına keçərək
ağzından alov saçan əjdahaya döndü. Sual vermədən, qulaq asmadan saniyələr içində ən ağır sözləri düzdü qurduğu cümlələrə. Kişi
izah etməyə çalışdı. Amma
gec idi, qadın çoxdan gəmiləri yandırmış,
körpüləri dağıtmışdı.
Yenə də dayanmırdı, ürəyi
soyumurdu qadının,
bomba kimi dağıdıcı cümlələri
kişinin başına
yağdırmağa davam
edirdi. Ox kimi çıxmışdı
sözlər ağzından,
geri qaytarmaq mümkün deyildi. Ard-arda gələn ittihamlar başladı. Bir ara həddi aşdığını hiss
etdi, amma hikkəsindən geri çəkilmədi. Əyilməmək,
bükülməmək inadı
imkan vermədi bir addım geri atmağına. Əyilib bükülməyənin
axırda qırılmaqla
bitəcəyini düşünmədi.
Saatlar sonra olanları dərk etməyə başlayanda bütün enerijisi bədənindən
çəkilmiş halda
tapdı özünü.
Boş gözlərlə
ətrafa baxdı. Hər şeyi darmadağın etdiyini, o çox sevdiyi sevgilisini qəddarcasına
yaraladığını xatırladı.
Əvvəlcə evin
içərisində keyimiş
bədəni və uyuşmuş beyni ilə bir xeyli dolandı. Sonra bir az
pəncərədən boylandı.
Artıq gecə yarısı olmuşdu, göz-gözü görmürdü.
Amma o, nəsə axtarırmış kimi gözünü qaranlığa
zilləməyə davam
edirdi. Birdən vücudu boşaldı.
Qəflətən dizləri
döşəmənin üstünə
çökdü. Bütün
ailəsini eyni anda itirmiş, hamısını birdən
məzara qoymuş kimi hönkür-hönkür
ağlamağa başladı.
Hıçqırıqları gecənin sükutuna dəyərək əks-səda
verirdi. Ağlamaq onu əldən
salmışdı. Kürəyini
divara söykədi, dizlərini qarnına çəkərək möhkəm
qucaqladı. Bir müddət çökdüyü
yerdə hərəkətsiz
halda qaldı. Ürəyinin döyüntüsü
qulağına elə
möhkəm gəlirdi
ki, sanki köksü bombalanırdı.
Mədəsinin üstünə
beton tökülmüş
kimi ağırlıq
çökmüşdü. Sanki bir əl
içindəki bütün
orqanları tək-tək
sıxıb, əzib buraxırdı. Yanağına
yayılan gözyaşları
qurumağa başlayanda
birdən nəsə yadına düşmüş
kimi yerindən sıçrayaraq ayağa
qalxdı. Dəli kimi axtarışa
başladı. Masanın
üstünü, divanın
yan-yörəsini, yatağındakı
dağınıq halda
olan örtüyün
arasını, yastığın
altını eşələdi.
Heç nə tapa bilmədi. Gözü dolabın qarşısında
saatlar əvvəl hirslənərək atdığı
və bayaqdan bəri axtardığı
tərs çevrilərək
duran telefona sataşdı. Sevincək halda qaçıb yerdən götürdü.
Ekrana baxdı - nə bir mesaj
gəlmişdi, nə
də bir zəng... Əlləri titrəyərək sevgilisinin
nömrəsini yığdı. Sonra dəfələrlə təkrarladı.
Yenə...yenə... Amma açan, bir "alo" deyən olmadı! Mesaj yazdı, ard-arda, uzun-uzun mesajlar idi bunlar.
İçində şikayət
də vardı, ittiham da, yalvarış
da vardı, peşmanlıq da, hirs də, hikkə
də... Amma ən çox sevgi vardı. Ünvanına çatan mesajlar oxunsa da, cavab yazılmırdı.
Çünki çox
yaralamışdı qadın,
çox yaralanmışdı
kişi... Hər şey birdən-birə baş vermişdi. Birdən-birə yaranmışdı
qısqanclıq, birdən-birə
partlamışdı qadın,
birdən-birə yerlə
yeksan olmuşdu bütün gözəlliklər,
birdən-birə bitmişdi
bir eşq.
Türkan Turan
525-ci qəzet.- 29 avqust.- S.17.