Elmi informasiya xidmətinin cəfakeşi

 

Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycanda siyasi hakimiyyətə gəlmiş Ümummilli liderimiz, Ulu öndər Heydər Əliyevin milli dövlətçilik düşüncəsi ilə həyata keçirdiyi bir sıra tədbirlər cəmiyyətdə əsaslı dönüş yaratdı.

Məhz elə həmin dövrdə professor Abuzər Xələfov bu diqqət və qayğıdan ilhamlanaraq kitabxana işi sahəsində bir "cihad" elan etdi və beləliklə də, yüksək təhsilli mütəxəssislərin  yetişdirilməsinə və peşəkar kadrların hazırlanmasına başlandı.

Artıq 70-ci illərin sonlarında kitabxanaşünas-biblioqraf ixtisası üzrə professor A.Xələfov elmi məktəbini keçmiş onlarla alim, mütəxəssis ordusu yetişmişdi. Onlardan biri də həyatını kitabxana quruculuğuna və elmi informasiya xidmətinə fəda etmiş görkəmli kitabxanaşünas alim, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Aybəniz Əliyeva-Kəngərli elmi və təcrübi yaradıcılığının ən məhsuldar dövrünü Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinə həsr etmişdir. Bu səbəbdən mütəxəssislər onu həm də real təcrübədə formalaşmış menecer kimi də dəyərləndirir. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, kitabxana sahəsinin  təcrübi problemləri ilə də ciddi məşğul olan alim öz həmkarlarından hər zaman bir addım irəlidə idi, çünki praktika nəzəriyyə kimi rahat və problemsiz deyildi. Kitabxanada təcrübənin diktə etdiyi sərt reallıq hökm sürürdü - ya bu reallıqla barışmaq, vərdiş halına çevrilmiş yanlışlara boyun əymək, ya da yeniliklərə doğru yelkən açıb mübarizə aparmaq lazım idi.

AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və dəstəyi ilə 1923-cü ildə "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin nəzdində yaradılmış bir elm məbədi, milli xəzinədir. Kitabxanaya müxtəlif illərdə H.Zeynallı, S.Yəhyazadə, Y.Tahirov, N.Axundov, R.Kazımov, M.Həsənova, E.Əfəndiyev kimi Azərbaycanın görkəmli şəxsiyyətləri - alim və ziyalıları rəhbərlik etmişdir. Aybəniz Əliyeva-Kəngərli belə dərin tarixi köklərə və ənənələrə sahib bir elm ocağında rəhbər kimi məsuliyyətini yaxşı anlayır, sələflərinə layiq olmağa çalışırdı.

Məhz bu hədəflər sayəsində qısa müddət ərzində AMEA Mərkəzi Elmi Kitabxanasında illər boyu formalaşmış sağlam ənənələri qorumaqla onların əsasında yeni kitabxana texnologiyaların tətbiqinə başlanıldı. Kitabxana bir çoxlarının adət etdiyi stereotipleri sındırdı, ciddi, elmi müəssisə kimi qəbul olunmağa başlandı.

Məlumdur ki, Azərbaycanda kitabxanalara uzun müddət bir təsərrüfat obyekti kimi baxılırdı. Kiçik müəssisə kitabxanalarına rəhbərlik edən şəxsin səriştəsizliyi nəzərə çarpmasa da, böyük müəssisələrdə  acınacaqlı bir mənzərə yaradırdı. Təəsüf ki, belə münasibət 2000-ci illərə qədər də davam etdi. Bir çox  məmurlar  bir tərəfdən qədəm qoyduğumuz XXI əsri "informasiya əsri" adlandırır, digər tərəfdən isə cəmiyyət üçün ən vacib və ən əhəmiyyətli bir informasiya müəssisəsi hesab olunan kitabxanaya "vəzifəli" şəxslərin  cəmiyyətdə heç bir işə yaramayan, bəzən isə təhsil və mədəniyyətdən uzaq olan qohum-əqrabalarını rəhbər təyin edirdilər. Etiraz edənlərə isə belə cavab verirdilər: "....kitabxanadır də, nə olacaq?.."

Nəhayət, kitabxana və kitabxanaçı peşəsinə tələbat elə bir səviyyəyə gəlib çatdı ki, mütəxəssis iki seçım qarşısında qaldı: ya öndə olmalısan, ya da ümumiyyətlə "gözə görünməməlisən". Bu, artıq nə inzibati amirlik dövrünün tələbi, nə də onun yaratdığı bürokratik əngəl idi. Bu, müasir qloballaşma və informasiya əsrinin tələbi idi. Belə bir mühitdə  kitabxananın nüfuzu və hörməti yalnız ona rəhbərlik edən şəxsin "sanbal"ından və peşəkarlığından, onun yaratmış olduğu komandadan asılı olur.

2000-ci illərdə Azərbaycan Diplomatiya Akademiyasının yaradıcısı Hafiz Paşayev qurulmaqda olan akademiyanın kitabxanasının formalaşdırılması üçün ABŞ-dan xüsusi mütəxəssis dəvət edəndə bir çox "ziyalılarımız" təəccüb etdilər. Bəziləri "buna nə ehtiyac var?" deyərək özünü çox ağıllı göstərmək istəyirdi.

Belə münasibətlər sistemində qabaqcıl müəssisə yaratmaq və innovasiyalar tətbiq etmək olduqca mürəkkəb və çətin bir iş idi. Aybəniz Əliyeva-Kəngərli məhz  bu tələblər müstəvisində ilk dəfə olaraq Azərbaycan informasiya məkanına "hibrid kitabxana" anlayışını dövriyyəyə daxil etdi və AMEA Mərkəzi Elmi Kitabxanasının müasir milli modelini  hazırladı. "Müasir texnologiyaların tətbiqi öz yerində, bunu etməliyik, ancaq unutmaq olmaz ki, kitabxanalarımız həm də bizim mədəniyyətimizin daşıyıcısıdır, onun klassik ifadəsini də qorumalıyıq" - bu, təkcə bir elm adamının, ziyalının səsi deyil, eyni zamanda, bir maarifçi kiabxana təəssübkeşinin harayı, çağırışı idi.

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" qəbul edildikdən sonra, AMEA Mərkəzi Elmi Kitabxanası da  respublika əhəmiyyətli mühüm bir kitabxana-informasiya müəssisəsi olaraq böyük məsuliyyətlə qarşıda duran vəzifələrin icrasına başladı. Dövlət Proqramının məsuliyyətini yaxşı dərk edən Aybəniz xanım və onun peşəkar kitabxanaçı heyəti  "Dövlət Proqramının  həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda nəzərdə tutulmuş hər bir işin nəticələri barədə vaxtlı-vaxtında geniş ictimaiyyət qarşısında hesabat verir, təqdimatlar edir və görülən işlər barədə kitabxananın çoxminlik geniş oxucu kütləsini və kitabxana mütəxəssislərini məlumatlandırırdı. Bu proqram kitabxana işinin müasirləşdirilməsi və inkişafı baxımından çox əhəmiyyətli idi. AMEA Mərkəzi Elmi Kitabxanasının hər bir uğuru ictimaiyyətlə paylaşılır, Mədəniyyət Nazirliyinin qurumları yalnız arayışlar yazırdı. İşləyənlə işləməyənin heç bir fərqi yox idi. Nəticədə dövlət proqramının bəzi maddələri həyata keçirilmədi.

29 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama görə, AMEA Mərkəzi Elmi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə "Akademiya şəhərciyi" ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin olunmalı idi. Artıq 28 noyabr 2011-ci il tarixində Prezident, cənab İlham Əliyev Mərkəzi Elmi Kitabxana üçün yeni binanın təməlqoyma mərasimində iştirak edərək tövsiyə və tapşırıqlarını verdi. Bu hadisə AMEA Mərkəzi Elmi Kitabxanasının tarixində yeni mərhələ idi. Aybəniz Əliyeva-Kəngərlinin bilavasitə təşəbbüsü, təşkilatçılıq bacarığı və nüfuzu hesabına əldə edilən bu uğur  nəinki kitabxana kollektivinin, bütün akademiya işçilərinin - alim və mütəxəssislərin ürəyindən xəbər verdi.

Kitabxananın 2014-cü ildə istifadəyə verilməsi zamanı nəzərdə tutulan planlar haqqında o zaman çap olunmuş bir məqalədə belə yazılır: "Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcək. Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanmışdır. Birinci mərtəbədə muzey, gözləmə zalları və kafeteriya olacaq. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcək. Burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, mini mətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcək. Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulmuşdur. Digər mərtəbələrdə də konfrans zalı, dissertasiya zalı, elektron nəşrlər zalı və digər oxu zalları istifadəçilərin ixtiyarına veriləcək. Kitabxanada, həmçinin, elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaq. Bundan əlavə, kitabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-biblioqrafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcək. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ictimai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, Azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xəritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri də fəaliyyət göstərəcək. Burada, həmçinin, linqvistik mərkəz də yaradılacaq. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaqdır".

Bu gün artıq altı ildir ki, fəaliyyət göstərən AMEA-nın Mərkəzi Elmi Kitabxanası qarşıya qoyulmuş bu vəzifələrin nə qədər öhdəsindən gələ bilir? sualına mütəxəssislər bir araşdırma aparsın. Heç şübhəsiz, xeyli işlər görülüb. Ancaq AMEA Mərkəzi Elmi Kİtabxanası artıq elmi-tədqiqat mərkəzi deyil.

Azərbaycanın ən nüfuzlu elmi kitabxanasının yaradılmasının 100 illiyinə az qalıb. Yəqin ki, 100 illik yubiley dövlət səviyyəsində xalqımızın, elmimizin şərəfinə layiq səviyyədə keçiriləcək. Bu 100 il müddətində AMEA Mərkəzi Elmi Kitabxanasını elmi-tədqiqat institutu səviyyəsinə yüksəldən, kitabxananı elmi-informasiya xidməti müəssisəsi olmaqla yanaşı sahəsinin ilk elmi-tədqiqat mərkəzinə çevirən məhz Aybəniz xanım oldu.

Bu gün Aybəniz xanımın istək və arzuları, planları, həyata keçirmək istədiyi bütün əməlləri elmi rəhbəri olduğu onlarla doktorant və dissertantın elmi-tədqiqat işlərində reallaşmaqdadır. O, kitabxana təcrübəsi və nəzəriyyəsində edə bildiklərini etmiş, etmək istədiklərini də indi yetişdirdiyi mütəxəssislər  vasitəsi ilə həyata keçirir. Alimin bir arzusunun min arzuda gerçəkləşməsi insana verilən ən böyük fürsət, ən böyük mirasdır.  Bu gün "qaçqınlar üçün ayrılmış yardımların 300-nü paylayın, 200-nü özümüzə saxlayın" düşüncəsinin hələ də mövcud olduğu bir mühitdə həyatını, saglamlığını, gücünü, potensialını xalqın kitab və kitabxana mədəniyyətinə həsr edən İNSAN bir fədai olaraq xalqın mədəniyyət tarixində əbədi olaraq yaşayacaq.

Azərbaycan kitabxanalarında həyatını xalqının təhsil və mədəniyyətinə həsr etmiş çox fədakar insanlarımız var və bu maarif fədailərini görmək, üzə çıxarmaq, tanıtmaq da bizə miras olmalıdı. Bunu biz etməliyik ki, bizim üçün də bir gün etsinlər...

 

P. KAZİMİ

tarix üzrə fəlsəfə doktoru, dosent

K.MƏMMƏDOVA

AMEA Məhəmməd Füzuli adına

Əlyazmalar İnstitutunun dissertantı

 

525-ci qəzet.- 2020.- 14 avqust.- S.15.