Bir nəslin qan
yaddaşı
"Bakıxanovlar" filmində
Azərbaycan
Televiziyasının Mədəniyyət kanalı
yarandığı gündən maarifçilik, öyrədicilik
missiyasını öz üzərinə götürməklə,
Azərbaycan mədəniyyətinin, incəsənətinin,
tarixinin, ədəbiyyat və elminin təbliği və
tanıdılması istiqamətində sistemli, ardıcıl
işlər görməklə, bir-birindən maraqlı
verilişlərin və sənədli, publisistik filmlərin həm
ərsəyə gəlməsində, həm də xalqa
çatdırılmasında göstərdiyi
professionallıqla Azərbaycanın bütün televiziya
kanallarından seçilir.
Bu günlərdə kanalda ilk dəfə efirə gedən
"Bakıxanovlar" sənədli filmini izlədim. Abbasqulu
ağa Bakıxanovun elmi, ədəbi və ictimai-siyasi fəaliyyəti
daim mənim maraq dairəmdə olduğundan filmi seyr etməyi
öncədən planlaşdırmışdım. Filmin
müəllifi tamaşaçıların, həmçinin, mənim
"Ocaq başı" (muğam ustadı Hacıbaba
Hüseynov haqqında), "Qayıdış" (Hüseyn
Cavid haqqında), "Haşım bəy Saqib", "Məhsəti
zirvəsi" (Məhsəti Gəncəvi haqqında) kimi sənədli
televiziya filmlərinin müəllifi kimi
tanıdığı akademik Rafael Hüseynov idi. Bu səbəb filmə olan marağı bir qədər
də artırdı. Çünki sənədli
filmin müəllifi tədqiqatçı alim, akademik idi, demək
ki, film də akademik olacaqdı. Təxminlərimdə
yanılmadım.
Bakıxanovlar həqiqətən Azərbaycanın
böyük nəsillərindən biridir. Son 300 ildə
Azərbaycan tarixi, dövlətçiliyi, hərb işi, ədəbiyyatı,
mədəniyyəti, incəsənəti və s. sahələrdə
Bakıxanovlar nəslinin nümayəndlərinin böyük
xidmətləri olmuşdur. Soyadın mənşəyi
Bakı xanlarından gəlsə də, təbii ki, nəslin
şəcərəsi daha qədimdir. Xanlıqlar
dövründən sonra bu ailənin üzvləri - Cəfərqulu
ağa Bakıxanov, Abdulla ağa Bakıxanov, Həsən
ağa Bakıxanov çar ordusunda xidmət edərək
general rütbəsinə yüksəlmişlər. Ailənin, soyadın ən məşhur nümayəndəsi
Abbasqulu ağa Bakıxanovdur və haqlı olaraq filmdə ən
çox yer ona ayrılmışdır. Çar ordusunun
zabiti olmaqla yanaşı, universal zəkası, ensiklopedik
bilikləri ilə seçilən Abbasqula ağa Bakıxanov hərb
elmini, dövlət siyasətini, məmur işini, bir neçə
xarici dili bilməsi ilə yanaşı, coğrafiya,
astronomiya, dilçilik, etika kimi elm sahələrində
fundamental əsərlərin müəllifidir. Bütün
fəaliyyətini, elmi, bədii əsərlərini hesaba
almasaq belə, təkcə "Gülüstani-İrəm"
əsəri kifayətdir ki, onun adı Azərbaycan tarixində
silinməz iz qoysun. Bu əsəri ilə
A.Bakıxanov Azərbaycan elmi
tarixşünaslığının əsasını qoymuşdur.
Əlbəttə, ona qədər tarixlə
bağlı salnaməçilik və ya təzkirəçilik
ənənələrinə uyğun əsərlər
yazılmışdı. Lakin bu əsər
müasir tarixşünaslıq elminin tələblərinə
cavab verən ilk əsər hesab edilir. Həm də
"Gülüstani-İrəm"ə qədər
yazılan tarixi əsərləri yaxın dövrü, əsərin
yazıldığı zamandan 2-3 əsr əvvəli əhatə
edirdisə, A.Bakıxanov tarixi ən qədim zamanlardan
başlayaraq 1813-cü il Gülüstan
müqaviləsinə qədərki dövrü əks edirir. A.Bakıxanovun elmi yaradıcılığı ilə
yanaşı, bədii yaradıcılığı da
vardır. Klassik ədəbi ənənələrimizə
uyğun olaraq 3 - Azərbaycan, ərəb, fars dillərində
şeir "Divanı"nın, poemaların, müxtəlif
janrlı şeirlərin, hətta təmsillərin müəllifi
olmaqla yanaşı, bədii tərcümələri də məlumdur.
Haqqında cild-cild kitablar yazılmalı
Abbasqulu ağa Bakıxanovun həm elmi, həm də ədəbi
irsi kifayət qədər öyrənilməmiş, hətta
heç öyrənilməmişdir deyə bilərik. Amma bütün bu qeyd etdiklərim elmi və
publisistik ədəbiyyatda öz əksini tapır. Filmdə təbii olaraq bunlar səslənir, lakin
kontekstə uyğun sənədli faktların nümayişi,
söhbətlərin lentə alındığı məkanlar
bu məlumatları bilməyənlər üçün
onları oxumadan da ömürlük yadda saxlamağa imkan
yaradır. Fotolar, sənədlər, video-fraqmentlərlə
yanaşı, filmin ən qüvvətli məqamı əsas
bələdçinin nəslin 90 yaşlı nümayəndəsinin,
məşhur, soyadına sadiq və layiq nümayəndəsinin
- bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun olmasıdır.
Alimlər, tədqiqatçılar məlumatları tarixi
kitablardan, təzkirələrdən, ensiklopediyalardan, hətta
bəzən bədii əsərlərdən toplayaraq faktlar
üzə çıxarır, bir də xanlığın
yaranmasından götürsək, nəslin təxminən 300
illik tarixini 90 yaşlı üzvünün dilindən
eşitmək var. Və dilləndirən də Rafael
Hüseynovdur.
Filmdə marağıma səbəb olmuş səsləndirilən,
daha doğrusu, göstərilən faktlardan biri Mirzə Məhəmməd
xanın və Abbasqulu ağa Bakıxanovun möhürləridir. Möhürü
əlində tutmaq, bir növ onun sahibinin imzasını əlində
tutmaq deməkdir. Hələ də A.Bakıxanov kimi bir
şəxsin! Onun şəxsi əşyalarının
günümüzə çatmadığını
düşünürdüm. Yeni məlumat
almış oldum.
A.Bakıxanovun "Seçilmiş əsərləri"ndə
"Fatma tar çalır" adlı bir şeiri var.
Verilişin müəllifi Rafael Hüseynov qeyd edir ki,
A.Bakıxanov bu şeirində musiqiyə sevgisini göstərir. Şeiri dəfələrlə
oxumuşam, bir qadının tar çalmasına diqqət etməmişdim,
bir daha oxdum. Həqiqətən, Bakıxanovun musiqiyə
sevgisini göstərir, xüsusən tara:
Əlində
titrərkən o nazik tellər
Sonsuz həyəcanla titrədi qəlbim.
O incə,
o şirin, dadlı nəğmələr,
Fələyə
qaldırdı ruhumu mənim...
Tar
bakıxanovlar nəslinin bəlkə də simvoludur. Bəstəkar Tofiq Bakıxanov deyir ki, bu, şeirin
sözlərinə mahnı bəstələyib, bu onun bəstələdiyi
ilk mahnılardandır və bu mahnı 15 müğənninin
ifasında lentə alınıb. Baxıram və
düşünürəm ki, kaş Abbasqulu ağa bunu biləydi...
Bu yerdə film keçid alır növbəti
Bakıxanova - Əhməd XAN Bakıxanov. Rafael
Hüseynov qeyd edir ki, SSRİ zamanında soyadda bəy, xan
sözünün saxlanması hər adamın, hər ailənin
işi deyildi. Ən azından xəbərdarlıq
edilərdi, sıxışdırmalar olardı. Bu adamın adında da xan kəlməsi var. Əvvəldə
bilərəkdən böyük hərflərlə yazdım.
Təkcə adında, soyadında
xanlığını saxlamış insan deyil. Musiqi
tariximizi zəif
bilirəm və düşünürəm ki, bu
gün mütəxəssislər, yəni musiqişünaslar,
nəzəriyyəçilər xaric, əksəriyyət mənim
kimi az məlumatlıdır. Filmdən öyrənirəm
ki, Əhmədxan Bakıxanov 1931-ci ildə xalq
çalğı alətləri ansamblını yaradıb.
1931-ci ildə! 30-cu illər SSRİ-nin ən
ağır, həbslərlə, işgəncələrlə,
sürgünlərlə, vaxtsız və havayı
ölümlərlə tarixə düşmüş
dövrüdür. Milli musiqi alətləri
qadağan olunurdu, nəinki milli alətdə çalmaq, ona
şeir həsr etmiş Mikayıl Müşfiqi 29
yaşında güllələmişdilər. Və təəccübümün-marağımın
cavabı çox gecikmir. Növbəti
fraqmentdən öyrənirəm ki, 1938-ci ildə Əhmədxan
Bakıxanov və böyük qardaşı Məmmədxan
Bakıxanov həbs edilib. Tarda
"Bayatı-Şiraz", "Bayatı-İsfahan"... ifa
etdiklərinə görə. Milli musiqini
öyrətdiklərinə görə. Bu
gün bizə məntiqsiz, gülməli gəlir. Lakin o zaman heç də gülməli deyildi. Bu yolla o qədər ziyalılarımız məhv
edilib ki. Yenə filmdən öyrənirəm:
Bakıxanov qardaşlarını dahi Üzeyir bəy Hacıbəyov
rejimin məngənəsindən xilas edib. Oxuduqlarımdan
xatırlayıram ki, Üzeyir bəyi də vaxtilə Nəriman
Nərimanov ölümdən qurtarıb. Heç
bir əməl səbəbsiz olmur və yenə heç bir əməl
qarşılıqsız qalmır. Ə.Bakıxanov
da öz zamanında Hacıbaba Hüseynov kimi ustad sənətkarı
mühafizə edərək oxularını lentə
yazdırıb, Zeynəb Xanlarovanı qoruyub, müdafiə
edib. Sevinirəm ki, xalq çalğı
alətləri ansamblı bu gün də fəaliyyət
göstərir və Ə.Bakıxanovun adını layiqi ilə
daşıyır və yaşadır.
Nəslin növbəti tanınan musiqiçisi Tofiq
Bakıxanov olur. Filmin əvvəlindən bələdçimiz
olan Tofiq Bakıxanov. Azərbaycanda orkestrın ilk azərbaycanlı
solist-skripkaçısı olduğunu, "Arşın mal alan"dakı ifasını Üzeyir Hacıbəyovun
dinlədiyini fəxarətlə qeyd edir. Tofiq
Bakıxanov haqqında daha bir maraqlı faktı öyrəndim.
Böyük ədibimiz Hüseyn Cavidin oğlu
Ərtoğrol Cavidlə ünsiyyətdə olduğunu, musiqi
məktəbində oxuyarkən tez-tez evlərində olub onun
pianodakı ifalarını dinlədiyini qeyd edir. Filmin mənim üçün ən həyəcanlı
məqamlarından biri oldu. Ərtoğrol
birbaşa olmasa da, repressiyanın ən məsum,
ölümünə ən çox heyfisləndiyim gənc
qurbanlarından biridir. Cəmi 24 yaş! Və ondan
yaradıcı irs qalıb. Bu gün 24
yaşında gənclər nə əldə edib, ya da nə irs ortaya qoya bilər? Tofiq
Bakıxanov Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi
münasibətilə kitab nəşr etdirib. Onun bəstələrini, notlarını, haqqında
yazılan məqalələri və s. toplayıb. Bu məqamda düşünürəm ki, yəqin
Ərtoğrol Cavidlə unsiyyətdə olan yeganə
insandır bu gün var olan. Məncə,
bu kitabın nəşri ilə N.Nərimanovla başlanan
çevrə qapanır.
Filmdə növbəti parçada Tofiq Bakıxanovun
"Xəzər balladası" baletindən
danışılır. Yenə video-xronika arxivi işə
düşür. T.Bakıxanovun bu baleti
haqqında elə filmin müəllifi, akademik Rafael Hüseynovun
maraqlı bir məqaləsini oxumuşdum. Ordakı
faktlar videolentdə sərgiləndi.
Film Xəzər
dənizindən görüntü ilə başlayır və
yenə dənizin sahilində bitir. Müəllif-aparıcı
R.Hüseynov qeyd edir ki, A.Bakıxanov Xəzəri çox
sevirmiş və dənizin sularında itmiş qədim şəhəri
axtarırdı. Hətta bunun
üçün Tiflisdə işlədiyi zamankı
dostlarından, tanışlarından kömək istəyərək
ekspedisiya da təşkil edir, lakin tapa bilmir. Bu gün Xəzərin sularında Abbasqulu ağa
Bakıxanovun adını daşıyan gəmi üzür.
Elmi və
bədii əsərləri ilə dünyaca tanınan Abbasqulu
ağa Bakıxanov, "Xəzər balladası" baleti ilə
Azərbaycan musiqi sənətini Avropa və Asiyada tanıdan
Tofiq Bakıxanov və Abbasqulu ağa Bakıxanovun
adını daşıyan Xəzər və dünya
sularında üzən gəmi. Məncə,
"bakıxanovlar"ı bu üç məqam ifadə edə
bilir. Filmin əvvəlində müəllif,
Bakıxanovlar soyadını daşıyan təxminən 20 nəfərin
əhatəsində görünür.
Amma filmdə
də qeyd edildiyi kimi, Bakıxanovlar bu insanlarla bitmir, Azərbycanda
və ondan kənarda yaşayan bu soyadı daşıyan ailələr
var. Bakıxanovlardan bu gün generallar, alimlər, həkimlər,
musiqiçilər, mühəndislər və başqa peşə
sahibləri məlumdur. Nəsil şəcərəsi
böyüdükcə, şaxələndikcə başda bir
insanda - Abbasqulu ağa Bakıxanovda cəmlənən bir
çox xüsusiyyətlər nəslin ayrı-ayrı
nümayəndələrində görünür. Yəqin ki, bu, damarda axan qanın
yaddaşıdır. Bölünür,
paylanır.
Cəmi 1
saat davam edən filmdə hər məqama, hər kontekstə
uyğun məkan görünür: Xəzər dənizinin
sahili, İçərişəhər, Bakı
xanlarının evi, Bakıxanovun Qubanın Əmsar kəndində
yaşadığı evdəki muzeyi
qarşısındakı heykəl, Bakının Bakıxanov
qəsəbəsindəki heykəli, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Musiqi mədəniyyəti
Dövlət Muzeyi, Mirzə Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanası.
M.F.Axundovun adını daşıyan kitabxanada çəkilmiş
fraqmentdə A.Bakıxanovun Həcc ziyarətinə getməsi
üçün icazə alanda ondan əvəz edəcək
şəxs istənildiyi deyildi. O da öz yerinə gənc, amma
potensialı olan, layiqli əvəzçi olaraq Mirzə Fətəlini
təklif edir. Mirzə Fətəli Axundov Tiflisdə
vəzifəsinə başlayır. Yalnız
bundan sonra ona səfər icazəsi verilir. Bu yerdə bir
məqalədə oxuduğum parça yadıma
düşdü: A.Bakıxanov səfər zamanı Təbrizdəki
məscidlərin birinə namaz qılmağa daxil olur. Xütbədə
onun şeirlərindən, "Nəsihətnamə"sindən
parçalar səsləndiyini, hər dəfə də "rəhmətlik
Abbasqulu ağa deyir ki", "Allah rəhmət etsin Abbasqulu
ağaya" kimi ifadələr eşidir. A.Bakıxanov
məscidin sütununa söykənib ağlamağa
başlayır. Yaxınlıqdakı camaat
ondan niyə ağladığını soruşanda belə
cavab verir ki, "çox adamın arzuladığını,
amma görə bilmədiyini Allah mənə qismət edib.
Hamı istəyər bilsin ki, öləndən
sonra camaat onun haqqında nə düşünəcək, nə
deyəcək. Şeirlərini oxuyub rəhmət
oxuduğunuz Abbasqulu ağa mənəm". Görəsən, Abbasqulu ağa Bakıxanov bu
gün həyatda olsaydı, cəmi bircə saat bu dünyaya
qayıdıb, ən azından bu filmi seyr edə bilsəydi nə
düşünərdi, nə deyərdi?
Məncə, onun maarifçilik ənənələrinin,
xalqı, milləti, xüsusən onun gənclərini öyrətməyin
yeni üslubda, zamanın tələbinə uyğun - filmlə
davam etdirildiyini görüb sevinərdi. Həm də
onun yaradıcılarına təşəkkür edərdi.
Şəxsən mən öz adımdan təşəkkür
edirəm. Bir saata nə qədər kitab
oxumaq olar ki? Amma bircə saatlıq filmdə bütöv
bir nəslin tarixçəsi, bir nəsilin tarixçəsində
xalqın keçdiyi təxminən 300 illik yol var.
Marağı, istəyi olan, xüsusən gənc nəsil bu
filmdən götürdüyü bir cümlə, bir fikirlə
yeni-yeni məlumatlar araşdırıb öyrənə bilər.
Film sənədli filmdir. Bakıxanovlar ailələrinin şəxsi
arxiv materiallarından, Dövlət Arxiv İdarəsinin,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin, Azərbaycan Televiziyasının arxiv
materiallarından istifadə edilib, təkcə mətndə,
ssenaridə yox, həm də imkan düşdükcə
faktları göstərməklə. Lakin film bir
qədər müsahibə, bir qədər bədii əlavələrlə
daha rəngarəng və dolğun alınıb. Tamaşaçını yormur və sona qədər
maraq damarını saxlaya bilir. Başqa
sözlə, elmiliklə bədiilik vəhdət təşkil
edir. Müasir sənədli film məhz belə
olmalıdır. Quru xronika xarakterli filmlər
tamaşaçını (mənim kimi) bir saat ekran
qarşısında və daha sonra monitor arxasında oturda bilməz.
Hal-hazırda
həm məktəblərdə, həm də ali
təhsil müəssisələrində dərs deyən
müəllimlər təkcə dərsliklərlə kifayətlənmir,
əlavə materiallardan, xüsusən kitabsız mənbələrdən
faydalanmağa çalışır. Bu film və
buna bənzər filmlər daha çox olarsa, onların
köməyinə gələ bilər. Hər
klassikimiz haqqında bu cür filmlər çəkilərsə,
həm onları xalq daha yaxşı tanıyar, həm də
böyük həmvətənlərimizi məktəblərdə
tədris edərkən müəllimlərimizin işi bir qədər
yüngülləşər.
Düşünürəm ki, akademik Rafael Hüseynovun
bu filmi də öncəkilər kimi geniş tamaşaçı
auditoriyasının diqqətini çəkəcək və
filmin təkrar-təkrar nümayişinə səbəb
olacaq.
Azərbaycanın ictimai-siyasi, mədəni, elmi həyatında
xüsusi çəkisi olan digər məşhur nəsillər
haqqında da sənədli, bədii-sənədli filmlərin
çəkilməsi maraqlı olardı. Hətta
"Bakıxanovlar" səpkili filmləri alt-titrla da olsa
xarici dillərə tərcümə etmək və
nümayiş etdirmək Azərbaycanın tarixi
varlığını, milli-mənəvi dəyərlərini
dünyaya göstərmək üçün bir vasitə ola bilər.
Kəmalə
NURİYEVA
Fəlsəfə
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 20 avqust.-
S.9-10.