Füzulim mənim

 

22-23 avqust. O günləri xatırlayıram.

 

Biz köçmədik, köçürdülər.

Biz qaçmadıq, qaçırdılar.

Biz ölmədik, öldürdülər.

Oda atıb diri-diri yandırdılar.

Diri-diri dərimizi də soydular.

Bildinizmi

Niyə köçdük?

Niyə qaçdıq?

Niyə öldük?..

Biz elindən-obasından ayrı düşmüş qaçqınlarıq.

Aman tanrı, aman gündü

qaçqınları unutmayın.

Aman gündü ay insanlar,

siz bizləri unutmayın.

(Bir qaçqının məzar daşından).

 

Dünyada hər dərdin öz dərmanı var. Ananın övladına, övladın anasına ciyərinin parasını verib onu ölümdən qurtardığını çox görmüşəm, çox eşitmişəm. Birinin evi yanır yaxınları, qohumları yığışıb ona ev tikirlər. Bədbəxt hadisə baş verir, kim isə əzizlərini itirir, qohum-əqraba, qonum-qonşu "Bu dünyanın işi belədir, bir gün yaranan bir gün öləcək" deyə təsəlli verirlər. Amma torpağını itirənlərə, vətənində vətənsiz yaşayanlara təsəlli verməyə söz yoxdur, o söz hələ tapılmayıb.

Qürbətdə  vətən həsrəti ilə yaşayanlara təskinlik üçün ancaq bir söz deyilir: "Allah səbr versin!" Vətənini, torpağını itirmiş biz füzulililər də düz 27 ildir ki, səbr edə-edə gözləyirik... Gözləyirik ki, bir gün gələcək dünyanın o başsız başbilənləri ağı qaradan ayıracaq, haqq-ədalət naminə erməni işğalçılarına "Çəkilin!" deyəcək. Ya da ki, səbri tükənmiş ordumuz Lələtəpəni azad etdiyi kimi, Füzulini də, işğal olunmuş digər rayonlarımızın torpaqlarını da bircə gecənin içində düşmən tapdağından azad edəcəkdir. İnanıram ki, o gün uzaqda deyil. Möhtərəm Prezidentimizin dediyi kimi, xoşluqla olmasa, qüdrətli ordumuzun gücü ilə Füzuli də, respublikamızın işğal olunmuş digər rayonlarının torpaqları da düşmən əsarətindən tezliklə azad olunacaqdır.

... O illərdə Füzuli bütün füzulililərin Füzulisi idi. Uşaqdan tutmuş böyüyə kimi hamı Füzuli dərdi ilə yaşayırdı. Füzulinin qorunması, əsir düşməməsi üçün hər kənddə yaxşı, ya pis, bir müdafiə qərargahı təşkil olunmuşdu. Füzulinin ağsaqqalları, ziyalıları Bakıda  "Qurucay" adlı bir cəmiyyət yaratmışdılar. Bu cəmiyyətin üzvlərinin hamısı nəinki malından, pulundan, hətta canlarından da keçməyə hazır olan vətən oğulları idi. Akademikdən tutmuş adi zavod fəhləsinə kimi hamı - şair də, yazıçı da, jurnalist də, nazir də, müəllim də, tələbə də, polis işçisi də, yaxın rayonlarda müəyyən vəzifə sahibi olan əksər füzulililər də bu təşkilatda birləşmişdilər.

Bu cəmiyyətin yaradılmasında və fəaliyyətində böyük xidmətləri olan vətən fədailərinin, el ağsaqqallarının hamısının adını kiçik bir məqalədə çəkmək mümkün olmadığına, daha doğrusu, kimlərinsə adını unudacağımdan ehtiyat etdiyimə görə, Füzuli həsrəti ilə dünyasını dəyişənlərin də, o əhvalatlar barədə bu gün də tez-tez söhbətlər etdiyim, Füzuliyə qovuşmaq ümidi ilə yaşayanların da adlarını çəkmirəm. İstərdim ki, buna görə heç kim məndən inciməsin. Bir faktı xüsusi vurğulamaq istəyirəm ki, ancaq Füzuliyə kömək məqsədi ilə yaradılmış bu cəmiyyətə qoşulanların hamısı vətən fədailəri idi. Məhz bu cəmiyyətin təşkilatçılığı ilə bir vaxtlar əsgəri xidmətdə olmuş, hərbi rütbəsi olan neçə-neçə füzulili Bakıdakı isti ocağını, rahat işini atıb, körpələrini ana ümidinə qoyub, torpağını qorumaq üçün silaha sarınıb Füzuliyə, başı, ayağı görünməyən müharibəyə getdi. Getdi ki, canını qurban versə də, kəndini, kəsəyini qorusun, düşmənə verməsin. O vaxt "Qurucay" Cəmiyyətinin çağrısı ilə cəbhəyə gedən neçə füzulili şəhid oldu, yaralandı, əlil oldu. Onların neçəsi ölkə prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Vətən yolunda ölmək, vətənin azadlığı, torpaqların işğalçılardan azad olunması üçün qələbəyə gedən yolun başlanğıcıdır, bu yolun yol göstəricisidir. Bu yolda nə az-nə çox, düz 1100 füzulili şəhid olub, 1450 nəfər əlil olub, 113 nəfər əsir düşüb, neçə füzulili itkin düşüb.

Qorxmaz insan cəsarətli olur, cəsarətli insan igid olur, igid insan qəhrəman olur. Bu müharibədə füzulililərin 6 oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Budur onlar: Vətən üçün, torpaq üçün canından keçən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş füzulili gənclər: Seymur Qəhrəman oğlu Məmmədov, Pəhlivan Əhliman oğlu Fərzəliyev, Faiq Qəzənfər oğlu Rəfiyev, Elxan Qaçay oğlu Zülfüqarov, Bəşir Bəylər oğlu Kərimov, Rasim Səxavət oğlu İbrahimov.

Kiçik bir məqalədə Milli qəhrəman adına layiq görülmüş, torpaq uğrunda şəhid olmuş füzulililərin bir neçəsinin adını çəkdim. Çox yaxşı ki, respublikamızın, eləcə də rayonumuzun tanınmış qələm sahibləri bu qəhrəmanların əksəriyyətinin igidlikləri haqqında olduqca maraqlı televiziya filmləri çəkmiş, sanballı oçerklər yazmış, kitablar çap etdirmişlər. Torpaq uğrunda canından keçmiş fədailər haqqında bu cür maraqlı yazıları oxuyan məktəblilər də, tələbələr də, ömrünün çoxunu yaşayan ağsaqqallar da vətən yolunda silaha sarınmağa hazır olduqlarını yazırlar.

Lələtəpə uğrunda gedən döyüşlərdə neçə füzulili şəhid oldu. Onların hamısının vətən uğrundakı xidmətləri möhtərəm Prezidentimiz tərəfindən layiqincə qiymətləndirildi.

O vaxt Lələtəpədə şəhid olmuş həmkəndlimiz Elnur Əliyev haqqında "Əsir düşmüş Dədəlinin şəhid oğlu" adlı bir məqalə yazıb qəzetdə dərc etdirdim. Komandiri olduğu əsgərləri qorumaq naminə özünü düşmən qumbarasının üstünə atan Elnurun digər keyfiyyətlərini də göstərdim. Az sonra oxuculardan, xüsusilə gənclərdən çoxlu məktublar aldım.

Səkkizinci sinifdə oxuyan 11 oğlan göndərdikləri məktubda yazırlar ki, "Biz hər gün dərs başlayanda Dövlət himnindən sonra Elnurun adını çəkir, ona rəhmət diləyirik. Hərbi xidmətə gedəndə vətənə Elnur kimi xidmət edəcəyimizə and içmişik..."

Sankt-Peterburqdakı Rusiya Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ülviyyə Qurbanova yazır ki, mən əslən Füzulinin Aybasanlı kəndindənəm. Valideynlərim erməni təcavüzü nəticəsində Füzulidən qaçıb Sankt-Peterburqa gəliblər. Mən bu şəhərdəki 180 saylı məktəbi qızıl medalla bitirib Akademiyaya qəbul olunmuşam. Lələtəpədəki qələbəmizi eşidəndə evimizdə neçə gün bayram elədik. Rəfiqələrim evimizə gəlib atama, anama gözaydınlığı verdilər. İstərdim ki, bu  gözaydınlığı Füzuli azad olunanda da verilsin. Mən Füzulini görməmişəm. Amma təsəvvürümdə Füzuli mənim üçün dünyanın ən gözəl şəhəridir, cənnətin bir guşəsidir. Lələtəpə uğrunda gedən döyüşlərdən sonra dəqiq inanıram ki, Lələtəpəni azad edənlər tezliklə Füzulini də azad edəcəklər. Onda tələbə yoldaşlarımı da götürüb ata yurdum, baba yurdum, doğma Füzuliyə gələcəm.

 

***

 

Mətləbdən uzaqlaşmamaq üçün onu deyim ki, "Qurucay" Cəmiyyətinin əsas məqsədi hər kəsin əlində olan imkandan istifadə etməklə Füzulini qorumaq, oradakı imkansızlara kömək etmək idi.

... Ermənilər Qacarı işğal edəndə Bakıdan bir neçə tanınmış ziyalı ilə Füzuliyə getdik. Axı, Qacar yaxşı qorunurdu, niyə...? Dedilər ki, bir neçə gün öncə Qacarı qoruyan özünümüdafiə batalyonunun komandiri dəyişdirilib. Bir də onu dedilər ki, guya patron çatmayıb. Bakıya qayıdan kimi o vaxt Bakıdakı hərbi zavodların birində direktor işləyən rəhmətlik Tofiq Əzizovun (sonralar o, bir müddət Baş nazirin müavini işlədi) yanına getdim. Cəmi iki gündən sonra Abşeron rayonundakı Məmmədli südçülük sovxozunun direktoru Əli Əliyevin verdiyi maşınla Füzuliyə küllü miqdarda patron göndərdik. Getdi, çatdı, amma necə oldu, sonu bilinmədi...

Cəbhəçilərin hakimiyyəti dövründə Bərdədə yük maşınlarının üzərinə kustar üsulla da olsa "qrad" silahı yığırdılar. Bu işlə məşğul olan nazirin yanına gedib Füzuli cəbhəsinə heç olmasa iki "qrad" göndərməsini xahiş etdim. Bir xeyli sakitcə dayanıb üzümə baxdı. Sanki bu işi kimdən eşitdiyimi öyrənmək istəyirdi. Sonra da, "Maşın göndərsinlər yığıb verərlər" - dedi.

Əslən Horadiz kəndindən olan, o vaxtlar Göyçay rayonunun prokuroru işləyən, olduqca vətənpərvər və qayğıkeş bir insan olan Aydın Mahmudovla Bərdəyə getdik. Bu işlə bilavasitə məşğul olan adamı tapıb fikrimizi bidirdik. Cavabı qəribə oldu: “Nazir deyib ki, onlara silah versəniz gəlib sizi yerinizdə...”

Bərdədə və o tərəflərdə böyük hörməti olan, hələ kolxozda adi işdə çalışdığı illərdən tanıdığım və ailəvi dostluq etdiyimiz Bərdə pambıqtəmizləmə zavodunun direktoru Aydın Əhmədov çətinliklə də olsa, öz vəsaiti hesabına aldığı maşının üstünə "qrad" qurğusu yığdırdı, Milli Məclisin o vaxtkı deputatı Aydın Cəfərovun sürücüsü ilə Füzuliyə göndərdik. Getdi, çatdı, amma sonrakı aqibəti bilinmədi.

Sonralar Bərdə rayon İcra Hakimiyyətinin başçısı işləyən rəhmətlik Aydın müəllim o günləri həmişə çox böyük kədərlə yada salıb: Əgər mümkün olsaydı, yəni satsaydılar, o silahdan üçünü alardım, birini adaşım Aydının adı ilə, birini kolxozda adi mexanik işləyəndən bu yana aramızda yaranmış təmənnasız və sədaqətli dostluğumuza görə sənin adınla Füzuliyə göndərərdim. O, min bir minnətlə aldığımız "qradı" Rüstəm Səfərəliyevin ruhuna hədiyyə elədim deyirdi. O da yadımdadır ki, o vaxt Aydın müəllim haradansa tapdığı təbaşirlə qradın trubalarının birinin üstünə "R.Səfərəliyevin xatirəsi üçün. Bərdəlilərdən" yazdı.

Özü Füzulidən olmayıb Füzuli üçün böyük canıyananlıqla qayğı göstərən bu cür qədirbilən insanların bəzilərinin adlarını çəkməklə üstündən 30 il keçsə də, onların xidmətlərinin unudulmadığını bildirmək istəyirəm. Belə misalları çox çəkmək olar. Füzulinin unla, çörəklə fasiləsiz və həm də bol-bol təmin olunmasında bir müddət Yevlax şəhər-rayon icra hakimiyyətinin başçısı işləyən, jurnalist dostum Ramiz Əhmədovun, Taxıl Tədarükü naziri Zakir Abdullayevin xüsusi xidmətləri olmuşdur.

Yaxşı deyirlər ki, qonşu payı ilə ailə saxlamaq olmaz. Kimlərinsə köməyi, qayğısı öz yerində, o vaxt Füzulinin qorunması üçün ən böyük ağırlıq elə füzulililərin özlərinin üstünə düşürdü. Elə bu məqsədlə yaradılan "Qurucay" Cəmiyyətinin gördüyü işləri saymaqla qurtarmaq olmaz. Övladının toyu üçün manat-manat yığdığı pulu, qara gün üçün topladıqlarını bu məqsədlə ortaya qoyanların sayı, hesabı yox idi. Maşınını satıb silaha verənlər də oldu. Amma görülən bütün bu tədbirlərin, çəkilən bu zəhmətin nəticəsi olmadı.

 

***

 

... 1993-cü il avqustun 17-si idi, işə yenicə gəlmişdim (onda Milli Məclisdə vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri işləyirdim), əslən Cəbrayıldan olan, Respublikanın keçmiş Baş Prokuroru, vətənini və xalqını ürəkdən sevən yaxın dostum Murad Babayev zəng etdi. Salam-kalamdan sonra birbaşa mətləbə keçdi. "Deputat Əli Həsənovla bir yerdəyik (Baş nazirinin sabiq müavini işləyən Əli Həsənov. O da cəbrayıllıdır). Bizim dəqiq məlumatımız var. Ermənilər hazırlaşıblar. Bu gün-sabah Füzulini də, Cəbrayılı da işğal edəcəklər. Sözümüzü cənab Prezidentə çatdır (Onda Heydər Əliyev cəmi iki ay idi ki, Milli Məclisin sədri seçilmişdi, Prezident səlahiyyətlərini icra edirdi). Murad müəllim daha heç nə demədi. Az sonra yenidən zəng edib: sən Prezidentə müraciət hazırla, biz də gəlirik - dedi.

Füzuli, Cəbrayıl rayonları ağsaqqallarının, ziyalılarının, deputatların adından müraciət hazırlayıb elə həmin gün Heydər Əliyevə çatdırdım. Müraciətdə rayonların müdafiəsinin zəif təşkil olunduğunu, özünümüdafiə batalyonlarının əlaqəsizliyini, Füzuli və Cəbrayıl rayonlarında işləyən bəzi rəhbər işçilərin səriştəsizliyini, xalqın onlara inanmadığını, adamlar arasında xoşagəlməz və qorxu xofu yaradan şayiələr yayıldığını göstərmişdik.

Səhəri gün, avqustun 18-də saat 12:00-da Heydər Əliyevin yanında Respublika rəhbərlərinin iştirakı ilə xüsusi müşavirə keçirildi. Təqribən bir saata qədər, dayanmadan, ayaq üstə, əsəbi halda danışan Heydər Əliyev çoxlarını ona düzgün məlumat verməməkdə günahlandırdı. Respublika Nazirlər Kabineti sədrinin birinci müavini, Milli Məclisin indiki deputatı Vahid Əhmədov başda olmaqla Dövlət komissiyası yaratdı. Komissiyanın tərkibində Vahid Əhmədovdan başqa, Baş nazirin indi adını unutduğum daha bir müavini, eləcə də Müdafiə Nazirliyinin qərargah rəisinin müavini (sonralar uzun illər Müdafiə naziri işləyən) Səfər Əbiyev, o vaxtkı Rabitə naziri Sirus Abbasbəyli, Səhiyyə naziri Rahim Hüseynov və digər bir çox vəzifə sahibləri ilə yanaşı, Füzuli rayonundan olan deputatlar - Aslan Mehdiyev, Aydın Cəfərov, akademik Arif Quliyev və mən də var idim. Heydər Əliyev elə bu gün rayona, Füzuliyə, Cəbrayıla getməyi, axşama, ən azı sonrakı gün ona dəqiq məlumat verməyi tapşırdı (Ölkə Prezidenti elə həmin gün də Nəbi Muxtarovu Füzuli rayon İcra Hakimiyyətinə başçı təyin etdi, onu təqdim etməyi də Vahid Əhmədova tapşırdı). Müşavirə qurtaranda rəhmətlik Afiyəddin Cəlilov mənə yaxınlaşıb: sən gözlə, Füzuliyə yeni başçı təyin olunacaq, onun sənədlərini götür, Səhiyyə naziri Rahim Hüseynovun vertalyotu ilə gedərsən - dedi.

Şəxsiyyətinə böyük hörmət bəslədiyim, insanları bir məqsəd uğrunda səfərbər etməyi bacaran Nəbi Muxtarovu lap gənc yaşlarından, hələ Rayon Komsomol Komitəsinin Birinci katibi işlədiyi illərdən tanıyırdım. Onu deyim ki, o, çətin günlərdə Füzulidə rayon icra hakimiyyətinin başçısı vəzifəsini ancaq və ancaq Nəbi müəllim idarə edə bilərdi.

... Qaraxanbəyli kəndində görüşdüyümüz, iki gün əvvəl: "... siz Füzulidən arxayın olun, Füzulini özümüz qoruyacağıq" deyənlərin hamısı, polis içiləri də, hərbiçilər də, icra hakimiyyətinin rəhbərləri də şəhərin ermənilər tərəfindən işğal olunduğunu dedilər. Ona görə də yeni icra başçısının təqdimetmə mərasimini Qaraxanbəyli kəndində, sovxoz idarəsində keçirdik. Nəbi müəllim adı olub, özü olmayan rayonun icra başçısı oldu. İclasın sonunda bizə  yaxınlaşan, o vaxt Füzulidə çörək zavodunun direktoru işləyən qardaşım Tahir Quliyev çox qətiyyətlə: "Bu gün səhər mən şəhərdə olmuşam, Füzuli işğal olunmayıb. Bu şayiəni kimlərsə təxribat kimi yayıblar"- dedi. Onun qətiyyətli fikrinə inanan Vahid müəllim də qəti qərar qəbul etdi. Maşınlara minib Füzuli şəhərinə getdik.

Şəhərlə tanışlıqdan sonra geri qayıdan Vahid müəllim İcra hakimiyyətinin taybatay açıq qapılarından birbaşa ikinci mərtəbəyə qalxdı. Başçının toz basmış otağında kiçik bir müşavirə keçirdi. Telefon-teleqrafın işləməsi üçün komissiyanın üzvü, Rabitə naziri Sirus Abbasbəyliyə, xəstəxananın  fəaliyyətinin bərpası üçün  Səhiyyə naziri Rahim Hüseynova, Müdafiə Nazirliyinin qərargah rəisinin müavini Səfər Əbiyevə, Daxili İşlər Nazirliyinin nümayəndəsinə lazımi tapşırıqlar verdi. Verdiyi tapşırıqların yerinə yetiriləcəyinə özü də inanmayan Vahid müəllim bəlkə də əsəblərini sakitləşdirmək üçün su istədi. Onda küçələrdəki borulardan da, elə icra hakimiyyətinin binasındakı borulardan da öz axarı ilə su  gəlirdi. Səhv etmirəmsə Aslan Mehdiyev suyun Qarabulaqdan gətirilməsini məsləhət gördü. Çünki Füzuliyə gələn suyun mənbəyi ermənilərin əlində olan kəndlərdə idi.

... Adamlar Qarabulağa su dalınca gedəndə mən də bulağın yolunu göstərmək adı altında Vahid müəllimdən icazə alıb Səfər Əbiyevlə şəhərə çıxdıq. Şagird yoldaşlarımın, doğmalarımın hələ sökülüb dağılmamış gələcək xarabalıqlarına baş çəkdim. Bazarı keçib 8-10-cu siniflərdə oxuduğum Natəvan adına məktəbə çatdıq. Burada da lal sükut hökm sürürdü. Qapılar bağlı idi. Pəncərədən keçib düz üç il bezar saldığım ikinci mərtəbənin küncündəki sinif otağına girdim. Hər yerdə lal bir sükut hökm sürürdü. Elə bil ki, elə bu saat zəng çalınacaq, yenə də dərs başlayacaqdı. Üçcə dəqiqədə bu sinifdə mənə dərs deyən müəllimlərin  hamısı - Barat müəllim, Gəncalı müəllim, Zöhrə müəllimə, Məhparə müəllimə, Nailə müəllimə, Mamed müəllim, bir partada oturduğum rəhmətlik Seyid Əşrəf (onun məzarı Xırdalan qəbiristanlığının  lap yuxarısında yerləşir, ümumxalq ziyarətgahıdır), sinif yoldaşlarım Elza Heydərova, Roza Hüseynova, Mərziyyə Axundova, Millət Quliyev, Rəhman Hüseynov, Amil Məmmədov, Cəmiyyət Vəliyev və daha kimlər gözlərimin önündə canlandı, Ana haqqında, vətən haqqında, oxumaq, öyrənmək haqqında müəllimlərimin dedikləri hikmətli sözlər qulaqlarımda cingildədi. İri qara lövhəyə "Biz qayıdacağıq!"  yazıb otaqdan çıxdım.

Geri qayıdıb  Çərəkən çayını keçdik. Köhnə klubun yanından bir az yuxarıda  məscidin üstündə görkəmli xanəndə, böyük muğam ustası  Ağabala Abdullayevin həyətinə girdik. Daha nə onun şaqraq gülüşü, nədə ki, "Zabul" üstündə inildəyən səsi eşidilirdi.

... Böyük xahiş-minnətdən sonra generalı rayon mərkəzinə bitişik olan kəndimizə - Dədəliyə getməyə razı saldım. Getdik. Amma çata bilmədik. Şəhərin qurtaracağında Dədəlinin girəcəyindəki iki qəbiristanlığın arasından qalxanda sağ tərəfdəki şərab zavodundan ermənilərin texnikasının səsi eşidildi. Səfər müəllim qətiyyətlə: Burdan o tərəfə getmək olmaz - dedi. Bircə onunla razılaşdıq ki, heç olmasa....

Əyilə-əyilə kəndimizin qəbiristanlığına girdim. Daşların arasından adlayıb mənim üçün cəsarət və ləyaqət simvolu olan, bütün dədəlilərin baba deyə dindirdiyi Nəriman babamın, atamın, anamın, qardaşımın və digər dədəlilərin qəbir daşları arasından bir ovuc torpaq götürüb dəsmalıma bükdüm. Şəhidlərin qəbrinə yaxınlaşmaq istəyirdim ki, dalbadal açılan iki güllə Çingiz  Sadıqovun qəbrinin yanında torpağı göyə sovurdu...

Çingiz Sadıqovu kənddə hamı Fətullahın kiçik oğlu kimi tanıyırdı. Keçən əsrin əvvəllərində dinimizi təhqir etdiyinə görə iki ermənini güllələdiyi üçün elindən, obasından qaçaq düşən Fətullah  kişi elə sovet hakimiyyətinin ilk illərində də bir müddət qaçaqçılıq etmişdir. Vətən dara düşəndə atasından qalan qoşalüləni götürüb müdafiə batalyonuna qoşulan Çingiz atası kimi dəqiq güllə atan, qorxmaz bir oğlan imiş. Uzun müddət onunla birlikdə vuruşan Alim Fərəcov deyir ki, "komandir hansı tapşırığı versə, Çingiz hamıdan qabaq əlini qaldırırdı. Hər dəfə də zarafatla: məktəbdə pis oxumuşam, heç bir dərsdə əlimi qaldırmamışam. İndi onun əvəzini çıxıram, - deyirdi. Çox sərrast atıcı idi. Quşu, daha doğrusu, ermənini gözündən vururdu. Ona görə də batalyonda hamı ona snayper  Çingiz deyirdi. Elə özü də düşmənin snayperi ilə qətlə yetirildi...

Axşamlar kənddəki özünümüdafiə batalyonunda növbə çəkən Çingiz gündüz müəyyən tapşırığı yerinə yetirərkən Füzuli-Qırmızı bazar yolunda ermənilər tərəfindən güllələndi. O, dədəlililərdən müqəddəs şəhidlik adına yüksələn ilk gənc idi. İndi onların sayı çoxdur, lap çox.

Dəsmalıma  büküb gətirdiyim o bir ovuc torpağı neçə ildir ki, Dədəlisiz dünyasını dəyişən Dədəlililərə çimdik-çimdik paylayıram. Üç ay əvvəl 97 yaşlı Mürşüd kişinin "torpaq payını" verəndə: "Kaş bu kişi Dədəlisiz dünyasını dəyişən axırıncı dədəlili olsun" - dedilər. Amma axırıncı olmadı. Bu yaxınlarda o vaxt bizi Füzuliyə aparan qardaşım Tahirə də Dədəlidən götürdüyüm torpaqdan bir çimdik pay düşdü. Füzulililərin bizim çörək təhnəmiz  dediyi (o, ən çətin illərdə  Füzuli çörək zavodunun direktoru işləmişdir) Tahiri də itirdik. Qəfil ölüm onu yaxalayanda yanındakılara: Ölsəm, üzümü Dədəliyə tərəf  basdırın. Mənim Qibləm Dədəlidir - demişdi.

Elə bu dəfn mərasimində eşitdim ki, dədəlililər müqəddəs arzularına yetişib, kəndə qayıdanda kənddən şəhidlik zirvəsinə yüksələn igidlərin və bir də dünyasını dədəlili həsrəti ilə qürbətdə dəyişən Dədəlilərin xatirəsini əbədiləşdirmək üçün Kəhrizin üsündəki o məğrur çinarın qanadları altında əsrin faciəsini əks etdirən bir abidə-muzey ucaltmaq  fikrindədirlər. Onu da dedilər ki, bu abidə muzeyə qoymaq üçün  Dədəlisiz dünyasını dəyişən hər bir dədəlili qaçqının saçından bir çəngə kəsib muzey üçün saxlayırlar...

Zülmət gecədən sonra günəşli sabahın açılacağı labud olduğu kimi, erməni işğalçılarının torpaqlarımızdan qovulacağı o gün də labüddür. İnanıram ki, o gün tezliklə gələcək. Bütün qaçqınlar və məcburi köçkünlər doğma kəndlərinə, şəhərlərinə qayıdacaqlar. Ona da inanıram və həm də istərdim ki, o kəndin, o şəhərin ən görkəmli yerində müqəddəs şəhidlərimizin, bir də heç kəsin, heç kimin unudulmaması üçün qürbətdə qaçqın kimi dünyasını dəyişən həmyerlilərimizin şərəfinə layiqli bir abidə ucaldılsın. Bu abidə bir də ona görə lazımdır ki, gələcək nəsillər erməni cəlladlarının vəhşiliklərini heç vaxt yaddan çıxarmasınlar.

 

***

 

... İcra hakimiyyətinə çatanda Vahid müəllimin narahatlığı aydın hiss olunurdu. O, nə qədər çalışsa da, özünü saxlaya bilmədi: Hamı sizi gözləyir, siz də.... Daha sözünü tamamlamadı. Oturun gedək, sabah yenə qayıdacağıq - dedi. Maşınlara hamıdan axırda mən mindim, getdik. Sabah açıldı, amma qayıtmadıq. Avqustun 23-də Füzuli işğal olundu. O vaxtdan hamı kimi, mən də Füzuliyə getmək üçün açılacaq o sabahı gözləyirəm.

Düz 27 ildir ki, ana torpağa qovuşmaq həsrəti ilə yanan füzulililər də o xoş günü gözləyirlər. Bu illər ərzində füzulililər Azərbaycanın, eləcə də dünyanın ən gözəl guşələri kimi tanınan respublikamızın cənnət məkanında yerləşsələr də, Bakıda ən gözəl şəraitlə təmin olunsalar da, ölkə Prezidentinin hərtərəfli qayğısı sayəsində bir vaxtlar qaçqınların sığındıqları çadır şəhərcikləri çoxdan ləğv olunub, bütün qaçqınlar kimi Füzuli qaçqınları da elə Füzulinin özündə tikilmiş rahat qəsəbələrə köçsələr də, füzulililər hələ də vətən həsrəti ilə yanıb yaxılırlar. Vətənin, torpağın qədrini bilməyən bir alman filosofu "Harada bizim üçün yaxşıdırsa, ora da vətəndir" deyib. Vətənin, torpağın qədrini hələ min illərdən o yana yaxşı bilən atalarımızın dilindən qopub bu günümüzə çatan atalar sözlərində isə qarnını vətənindən üstün tutan o filosofa yaxşı cavab verilir: "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır", yaxud "Vətən viran da olsa, cənnətdir".

Bu yerdə bir vaxtlar qürbətdə yaşayan həmyerlimizin  dediklərini adi söz kimi qəbul etdiyimə indi peşmançılıq çəkirəm. 1969-cu ilin fevralında SSRİ-nin müsəlman respublikalarından təşkil olunmuş turist qrupunun tərkibində Misirə getmişdim, Qədim abidələrin birinin yanında Ucar rayon Komsomol Komitəsinin Birinci Katibi Tamara xanımla, Kürdəmir rayonundan olan gənc aqronom Ədalətlə nə barədəsə danışırdıq. Yaxınlıqda dayanıb bizə diqqətlə qulaq asan 60-65 yaşlı kişi azərbaycanlı olduğumuzu biləndə kövrəldi... Bakıdan, İçərişəhərdənəm. 40 ildir bura köçmüşük. O maqazinlərin üçü də mənimdi. Bu otelə də şərikəm, yaxşı rahatlığım, evim, eşiyim, gəlirli işim var. Amma vətənsizəm. Qürbətdə otel sahibi olmaqdan vətəndə faytonçu olmaq  yaxşıdır - dedi.

Deyirlər əzizlərindən ayrılan yeddi il ağlar, vətənindən ayrılan ömrü boyu. Vətən həsrəti ilə yanıb yaxılan füzulililər düz 27 ildir ki, kirimirlər, Füzuliyə gedən yolları kəsən o gözəgörünməz zəncirlərin qırılacağı, kilidlərin açılacağı o günü gözləyirlər. O gün isə uzaqda deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı dəqiq və düşünülmüş siyasət, ordumuzun son illərdəki uğurları, birdə ki, azərbaycanlı anaların böyütdüyü, torpaqlarımızı faşist xilqətli ermənilərdən azad etmək üçün canlarından keçməyə hazır olan, biri min erməniyə bərabər igidərimizin şücaəti göstərir ki, doğulub boya başa çatdığımız torpaqlarımıza qayıdacağımız günə az qalıb, lap az.

 

Asif QULİYEV

 

525-ci qəzet.- 2020.- 20 avqust.- S.12-13.