Postmortem
fotoqrafçılıq:
ölümdən sonranın fotosu
Olum və
ölüm... Başlanğıc və son... Həyatın fəlsəfəsi...
Olum varsa, ölüm də mütləqdir.
Ölüm həmişə insan övladı
ilə qoşa addımlayır, onunla yol yoldaşı olur.
İnsan doğulandan onunla bərabər
addımlayır. Həyatda ondan qorxan da
var, ölmədən öncə diri-diri ölən də,
ölümə xoşgəldin edən də. Baxır
insan oğlunun ölümü dərk və qəbul etməsinə...
Ölüm bəziləri üçün sirli bir yolun
başlanğıcı, bəziləri üçün
yaşanmış yolun sonudur. Amma hər ölüm
son deyil. Necə ki deyirlər,
"ölüm hər şeyin sonu, ya hər şeyin əvvəli".
Bəziləri üçün həyat
ölümdən sonra başlayır. Hər
halda insan oğlu üçün "ölüm" sevimli
söz kimi işlənmir. Ölümü
qəbul etməyənlər ölümdən sonra da
ölmüş əzizlərinin xatirəsini yaşatmaq
üçün müəyyən yollara əl atırlar.
Bəziləri məzarüstü abidələr
düzəldir, bəziləri ölmüş əzizlərinin
fotosunu çəkməklə əbədiləşdirmək
istəyirlər. Sözsüz ki, fotoqrafiyanın məqsədi
də budur - insanların görüntüsünü əbədiləşdirmək...
Amma baxır necə... Söhbət hər kəsin əlində
telefon, az qala, hər anımızın
şəklini çəkə bildiyimiz günümüzdən
getmir. Söhbət fotoqrafiyanın yeni icad
olunduğu illərdən gedir.
Fotoqrafiyanin atası sayılan fransız ixtiraçı
Jozef Nisefor Nyeps (1765-1833) öz ixtirası üzərində
1816-cı ildə çalışmağa başlasa da, ilk
fotosunu 1822-ci ildə çəkir. Təəssüf ki,
ilk foto günümüzədək gəlib çatmayıb.
Onun tarixdə qalmış ilk fotoşəkili
isə 1826-cı ildə çəkilmiş "Le Qrada pəncərədən
açılan mənzərə" adlı
helioqravürüdür. Bu helioqravürü
Nyeps 8 saatda tamamlayıb. Lakin Nyeps ilk
ixtiraçı olsa da, öz ixtirasını tanıtdıra
bilməyib. Bir neçə il sonra -
1839-cu ildə rəssam Lui Daqer Nyepsin ixtirasını təkmilləşdirərək
Fransa Elmlər Akademiyasına təqdim edir. Onun
ilk fotoqrafiyası 1837-ci ildə daqerotiplə çəkdiyi
"Rəssam atelyesi" sayılır. Daqerotiplə
şəkil çəkmək böyük zəhmət tələb
edirdi. Bu üsulla şəkil əldə
etmək üçün üzərinə işığahəssas
yodlu gümüş yayılmış bürünc plastindən
istifadə edilirdi. İşıqla təmas
nəticəsində plastində təsvir əmələ gəlirdi.
Sonra isə civə buxarları şəkil
halına gətirilir, tiosulfat məhlulu ilə bərkidilirdi.
Ekspozisiya 15-30 dəqiqə çəkirdi.
Bu üsulla şəkli çəkilən
adamdan bu müddət ərzində obyektiv önündə
gözünü qırpmadan və tərpənmədən
oturmaq tələb olunurdu, yoxsa bahalı plastindəki şəkil
xarab olurdu. Daqerotipiya prosesi çox bahalı idi, eyni zamanda,
çəkilişi yalnız mütəxəssislər edirdilər.
Şəkil çəkdirmək orta hesabla 7
dollara başa gəlirdi (indiki pulla 200 dollar dəyərində).
Bu səbəbdən bu üsulla şəkil çəkmək
kütləviləşmir, hər insan bundan yararlana, daqerotiplə
şəkil çəkdirə bilmirdi. Yalnız
ən yaxın, əziz adamını itirdikdə ondan bir
yadigar saxlamaq məqsədilə bu məbləğə şəkil
çəkdirməyi düşünürdülər.
Yazılanlara görə, fotoqrafiyanın ilk
çağlarında insanlar orta hesabla 35-40 il
ömür yaşayırdılar, qocalmadan ölüb gedirdilər.
O dönəm ölüm halları o qədər çox olub
ki, hətta erkən ölüm, ümumiyyətlə,
ölüm adi hal sayılıb. Bu ölümlərin
içərisindən birinci yeri uşaq ölümləri
tuturdu. Viktorya dönəmi (1837-1901) kimi bilinən zaman kəsimində
salğın xəstəliklər - tif, difteriya, kolera və s.
ölkədə çoxlu sayda ölümlərə yol
açmışdı.
XIX əsrin sonları-XX əsrin əvvəllərində
ölmüş şəxsin ətrafında tək və ya
ailə üzvləri, yaxınları ilə fotoşəkillərinin
çəkilməsi kimi yeni bir ənənə - postmortem
(ölüm sonrası) fotoqrafiya formalaşmaqda idi. Postmortem
fotoqrafiya ölmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi,
əzizləri və yaxınları tərəfindən yad
olunması, ölümün ölümsüzləşdirilməsi
demək idi. Daha çox Fransada yayılıb məşhurlaş
postmortem fotoqrafiya adlanan bu janrın adı latın dilində
"post" və "mortem" sözlərinin birləşməsindən
əmələ gəlmişdi və "ölümdən
sonra" mənasını verirdi.
Dilimizdə "ölüm sonrası
fotoqrafçılığı" anlamını verən
bu cərəyan insanların öldükdən həmən
sonrasında fotoşəkillərinin çəkilməsi ilə
həyata keçirilirdi. Bu fotoqrafiya növü "memento
mori" - "ölümü xatırla" kimi də
bilinir. Thomas Richard
Williamsın çəkdiyi, Robert Lebeckin koleksiyasında yer alan XIX əsrin sonuna aid bir fotosunda ölüm
"Unutma ki, bir gün sən də öləcəksən"
başlığı altında, insan kəlləsi, qum
saatı, şam, sahibsiz bir gözlüklə təsvir
edilmişdi. Thomas Riçardın bu fotosu
ölümü simvolik rəmzlərlə
xatırladırdı. Bu foto, əslində,
postmortem fotoqrafiyanın prototipi də hesab oluna bilər.
Amma aralarında incə fərqlər də yox
deyil. Əgər Thomas
Richard Williamsın lik rəmzlərlə çəkdiyi fotoda
həyatın fəlsəfəsi, insanın
ölümsüzlüyü, zamanın keçib getməsi,
bir sözlə, hər kəsin ölümü
dadacağına işarə edilir, ölüm
xatırlanırdısa, postmortem fotoqrafiyada ölüm
xatırlanmır, əksinə, ölmüş insanların
ölüm aktından həmən sonra fotoları çəkilirdi. Burada
artıq ölüm xatırladılmırdı,
ölümün, daha doğrusu, ölmüş insanın
fotosu gələcəkdə xatırlanmaq üçün
çəkilirdi. Yəni postmortem
fotoqrafiyanın mövzusu simvolik rəmzlər yox,
ölümün özü idi.
Postmortem
fotoqrafçılıq XIX əsrin sonlarında daha çox
populyarlıq qazanmışdı. Az
öncə də bəhs etdiyimiz kimi, ölüm
hallarının, xüsusən də uşaq ölümlərinin
sayının artması postmortem
fotoqrafçılığın inkişafına rəvac
vermişdi. O illərdə çəkilmiş postmortem
fotolarda daha çox ölmüş uşaqların onlara aid
sevdiyi əşyaları ilə birlikdə və ya ailə
üzvlərinin - ata-ana, qardaş-bacıların arasına
qoyularaq çəkilmiş fotoları daha çoxluq təşkil
edir. Doğrudur, bu növ fotoşəkillərdə
orta yaşlı, qoca insanlara da rast gəlinir, ancaq çox
nadir hallarda.
Fotoların əsasən yaşayan insanları
ölümsüzləşdirmək, gələcəkdə
xatırlamaq məqsədi ilə çəkildiyi məlumdur. Bəs o zaman
ölən insanların yaşayanlar arasında çəkilən
ölüm sonrası - postmortem fotoları nə
üçündür? Bu,
ölmüş insandan daha çox ölümün
özünü xatırlatmaq deyilmi? Ölən
uşağın əzizlərinin arasına alınaraq şəklinin
çəkilməsi "sən bizimləsən" və ya
"bizimlə olacaqsan" anlamın gəlsə də, bu
şəkillər ölüm sonrası çəkildiyi
üçün hər zaman ölümü xatırladır. Sağlığında çəkilən müxtəlif
fotoların özünəməxusluğu olsa da, postmortem
fotoqrafiya birbaşa ölümün rəsmidir desək, yalan
olmaz.
Postmortem janrda ilk fotoqrafiya İppolit Bayara məxsusdur. Bu janrın əsası
İppolit Bayarın 1840-cı ildə "Suda batmış
insan qismində avtoportret" əsəri ilə qoyulub.
Postmortem fotoqrafiyanın özünəməxsus
xüsusiyyətləri və çətinlikləri var idi. Bu xüsusiyyət
və çətinliklərdən bir də müəyyən
avadanlıqlar, xüsusən də, ştativlər vasitəsi
ilə ölmüş insanları ölməmiş kimi
göstərmək və bunun üçün müxtəlif
təbii pozalar verərək fotolarını çəkməkdir. Bu zaman
ölmüş adamın canlı görsənməsi
üçün onların gözlərini açır,
oturmuş vəziyyətdə və ya ayaq üstə
saxlayırdılar. Yəni fotoqraflar saatlarla
ölmüş adamla
əlləşirdilər. Çəkilən
zəhmət hədər getmirdi. Fotoqrafların
yüksək profesionallığı sayəsində çəkilmiş
bir çox şəkillərdə ölmüş insanı
canlıdan fərqləndirmək çətin olurdu. Həyat durmayıb inkişaf etdiyi kimi, fotoqrafiyada da
yeniliklər əldə olunur, daqerotipiyanın yerinə digər
yeni texnologiyalar - ambrotipiya və tintayp gəlirdi. Bu ixtiralardan sonra ölülərin bağlı
göz qapaqları üzərində göz bəbəkləri,
yanaqlarına isə çəhrayı rəng çəkilirdi.
Nəticə etibarı ilə öz xidmətlərini
təkmilləşdirən fotoqraflar bu dəb sayəsində
yaxşı gəlir əldə edirdilər. Postmortem
fotoqrafçılıqda daha az zəhmət
tələb edəni müştərilərini əsasən
uzanmış vəziyyətdə təsvir etmələri idi.
Doğrudur, bu zaman da ölmüş adama müxtəlif
pozalar verirdilər, lakin digər pozalara nisbətən bu, bir az zəhmətsiz başa gəlirdi.
Bu janrda çalışan məşhur fotoqraflardan biri
də Qaspar-Feliks Turnaşon Nadar idi. Nadar ömrü boyu
ölmüş insanların fotoşəkillərini çəkməklə
məşğul olmuşdu. Viktor
Hüqonun ölümündən sonra çəkilmiş
fotoşəkilin müəllifi də Qaspar-Feliks Turnaşon
Nadardır.
Ölüm
anı və postmortem fotoqrafiya deyilində ilk növbədə
Uilyam Smitin "Tomoko və anası", "Dənizçinin
ölümü", Robert Kapanın "Əsgərlərin
düşüşü", Meri Ellen Markın
"Ölüm otağı" fotoları ağla gəlir. Bu fotolarda rəsm edilən ölümlə
yanaşı, ölən və öldürülənin
ölmə səbəbləri də boylanır sanki - kimisi
qızdırmadan, kimisi xəstəlikdən, kimisi aclıqdan.
"Ölüm otağında" olduğu kimi... Təbii
ki, bu qədər ölüm fotoları çəkilincə
ölüm sözü də bir az sehrini
itirir, adiləşir. Hətta o qədər adiləşir
ki, illər öncə Fransada açılan bir sərgiyə
"Ölüm və foto" adı verilir.
Bu janrda fotoların çəkilməsi xristian
Avropasında hər nə qədər normal hesab olunsa da, bir
zamanlar müsəlman ölkələrində nəinki
ölünün, hətta yaşayan insanın də şəklini
çəkmək günah sayılmışdı. Dinimizə
görə, əl ilə canlı şəkli çəkmək
haram buyurulur. Yenə dinimizə görə,
"qiyamət günü Allah dərgahında ən şiddətli
əzab şəkil çəkənlərə olacaq",
çünki "rəsm çəkənlər lənətlənmişlərdir". Dinimizdəki yasaqlanma
yalnız canlılara (ruh daşıyanlara) aiddir, əşyaların
şəklini çəkməyə isə icazə var.
İslamda yasaq olmasına baxmayaraq, xıristian aləmində
insanın, canlı və ya cansız, şəklini çəkmək
normaldır. Amerika və Avropadakı qədər olmasa
da, Osmanlı
imperatorluğunda da postmortem fotolar çəkilib. Xristianlar
ölmüş adamın dəfnini gözlədə bildikləri
halda, dinimizdə ölən adam
öldüyü gün dəfn edilməlidir. Bu
səbəblə, Osmanlı imperatorluğunda çəkilmiş
fotolar əsasən, ölən adamın gözlədilməməsi
üçün daha çox məzarlıqda və cənazə
sırasında çəkilmiş fotolardır. Bu ənənəyə
az sayda olsa da, Asiya və Afrika ölkələrində
də rast gəlinir. Əslində, postmortem
fotoqrafiya cansızın, ölmüş, ruhunu
tapşırmış adamın şəklini çəkdiyi
üçün İslam aləmində də normal sayıla
bilər. Hər nə qədər normal
sayılsa da, ölmüş adamın fotosunun çəkilməsi
nə dərəcədə lazımdır? Yenə dini inancımıza görə,
ölünün şəklini çəkmək, hətta məzar
yerini əbədiləşdirmək olmaz. Məzar
itməli, gedən - ölən insan unudulmalıdır. Amma ölüm sonrası çəkilən şəkillər
birbaşa buna ziddir. Postmortem fotoqrafçılıq
ölmüş adamın unudulmasına deyil, hər an xatırlanmasına xidmət edir. Hər nə qədər gözəl çəkilsə
də, postmortem fotolar ölüm qoxuyur, ölümü və
öləni xatırladır. Bu səbəbdən
bu fotolar bəzən adamı ürpədir.
Postmortem fotoqrafiyadan əvvəllər isə rəssamlar
tərəfindən postmortem rəsmlər çəkilirdi. Buna XV əsrdən
başlayaraq Avropanın demək olar ki, hər yerində rast gəlmək
mümkün idi. Xüsusən də, rəssamların
ölən din adamlarının şəklini çəkdiyi
məlumdur. Sözsüz ki, postmortemdən
fərqli olaraq rəssamın çəkdiyi şəkillər
daha canlı olurdu. Eyni zamanda, rəssam
ölmüş insanı istədiyi pozlarda çəkə
bilirdi.
Hər şeyin başlanğıcı olduğu kimi, bir
sonu da olur.
Olum və ölüm kimi... XX əsrin əvvəllərində
fotoqrafiya sənətinin inkşaf etməsi və cəmiyyətin
dəfn prosesini ciddi ictimai ayinə çevirməsindən
sonra postmortem janr yox olmağa başladı. Bu dəfə diqqət ölmüş insandan
çox, tabutun keyfiyyətinə, yola salma - vidalaşma mərasiminin
keçirildiyi məkanın gözəlliyinə yönəldi.
Beləliklə, postmortem fotoqrafçılıq yavaş-yavaş unudulmağa,
yox olmağa başladı. Ölülərin
fotolarının çəkilməsi ənənəsi,
Birinci Dünya müharibəsi zamanında ölümlərin
daha çox qapı döyməsinə baxmayaraq, çox səngidi.
Postmortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olub. Bu ənənə kütləvi hal almasa da, cəmiyyətdə özünəməxsus nüfuzu olan şəxsiyyətlərin öz yaxınlarını itirdiyi zaman postmortem fotoların çəkilməsi məlumdur. Məsələn, messenat Hacı Zeynalabidin Tağıyevin özü və ailəsi ilə birlikdə ölmüş oğlu Kazımın tabutu ətrafında çəkilmiş şəkli... Eynilə mütəfəkkir Hüseyn Cavidin oğlu Ərtoğrulun 1943-cü ildə Naxçıvanda, ata-anasından, ailəsindən uzaqda bu dünyadan köçdüyü zaman yaxınlarının əhatəsində üzüaçıq, gül-çiçəklə süslənmiş tabutda çəkilmiş postmortem fotosu var.
Əbdürrəhim bəy Haqverdiyevin də ölümündən sonra fotosunun çəkildiyi məlumdur.
Bu gün hər kəsin evində postmortem fotoqrafiyanın inkişaf etmiş xələflərinin nişanəsi olaraq ölmüş insanların fotoları ilə dolu olan ailə albomları var. Bir zamanlar mədəni və ictimai hadisə olan postmortem fotoqrafçılıq fotoqrafiya sənətinin ilkin janrlarından biridir və bu ənənə hər nə qədər qazanc gətirən iş olsa da, öz dövründə müəyyən məqsədə xidmət edirdi - bu dünyanı tərk etmiş dəyərli insan barəsində xatirə saxlamaq, xatırlanmaq və unudulmamaq. Günümüzdə sosial şəbəkələrdə tez-tez dünyasını dəyişmiş insanların fotolarının yayılması göstərir ki, bu fotolar başqa üsullarla çəkilsə də, postmortem fotoqrafiya hələ də yaşayır və ölmüş insanların əbədiləşdirilməsinə xidmət edir. Prust demiş, "ölülər bizim xatirələrimiz və yaddaşımız vasitəsilə həyatımızın bir hissəsini zəbt ediblər və ona görə də tam ölməyıblər, bizimlə yaşayırlar". Bu, "ölməyib yaşamaq", unutmayıb yaşatmaq" istəyinin gerçəkləşməsində isə postmortem fotoqrafiyanın əvəzsiz rolu olub.
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya üzrə fəlsəfə
doktoru,
dosent. AMEA Ədəbiyyat
İnstitutu
525-ci qəzet.- 2020.- 20 avqust.-
S.14-15.