Əhmədiyyə Cəbrayılov

haqqında kitab necə yarandı?

 

FRANSADA YAŞAYAN HƏMYERLİMIZ, YAZIÇI ŞAİN SİNARİA CANLI YAYIMDA "BİR ÖMÜR İKİ TALE" KİTABI İLƏ BAĞLI SUALLARI CAVABLANDIRDI

 

Fransada yaşayan həmyerlimiz - kinorejissor yazıçı Şain Sinarianın bu günlərdə "Bir ömür iki tale" adlı yeni kitabı işıq üzü görüb.

 "Teas PRESS" nəşriyyatında çap olunan kitab İkinci Dünya müharibəsində iştirak etmiş həmyerlimiz, Fransada "Akmed Mişel" adı ilə tanınan, "Fransanın Milli Qəhrəmanı" adlandırılan "Xarqo" ləqəbli Əhmədiyyə Cəbrayılov haqqındadır.

Bu günlərdə kitabın satışa qoyulduğu "Libraff" mağazalar şəbəkəsi Feysbukda yazıçı ilə canlı yayımda söhbət təşkil edib. Söhbətin əsas mövzusu yeni nəşr edilən "Bir ömür iki tale" kitabı olmasına baxmayaraq, yazıçı izləyicilərin ona ünvanladıqları müxtəlif sualları da cavablandırıb.

Bakıda İncəsənət Universitetini bitirdiyini, bir müddət tərcüməçiliklə məşğul olduğunu, sonradan Fransaya dəvət aldığını artıq 25 ildir bu ölkənin paytaxtı Paris şəhərində yaşadığını qeyd edən yazıçı Şain Sinaria Əhmədiyyə Cəbrayılov haqqında kitab yazmaq ideyasının necə yaranması məsələsindən söz açıb: "1945-ci ildən Azərbaycanda  yaşamış fransız qadın İvon Botto haqqında "İvon Bottonun arzuladığı həyat" kitabı üzərində işlədiyim zamanlar tədqiqat üçün Şəkiyə getdim. İvon Botto bir vaxtlar Əhmədiyyə Cəbrayılovla görüşüdüyü üçün Şəkiyə gedib Əhmədiyyə Cəbrayılovun ailəsi ilə tanış oldum. Onlarla söhbət zamanı məndə Əhmədiyyə Cəbrayılovun keçdiyi həyat yoluna maraq yarandı. Bakıya qayıdandan sonra "Teas PRESS" nəşriyyatının rəhbərliyinə müraciət etdim Əhmədiyya Cəbrayılov haqqında kitab yazmaq sifarişi aldım". 2013-cü ildən əsər üzərində işləməyə başlayan müəllif  3 il Əhmədiyyə Cəbrayılovla bağlı araşdırmalar aparıb. Kitab əvvəlcə Fransada nəşr edilib, sonra isə Azərbaycan dilinə çevrilərək Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə Azərbaycanda çap olunub.

Sualları cavablandıran Ş.Sinaria bir çox mənbələrdə Əhmədiyyə Cəbrayılovun Fransadakı adının "Armed Mişel" olduğu halda "Bir ömür iki tale" kitabında "Akmed Mişel" adı ilə təqdim edilməsi məsələsinə toxunub: "Armed Mişel" adlı insan ümumiyyətlə, olmayıb Bir çoxlarının onu "Armed Mişel" kimi tanımasının səbəbi o dövrlərdə fransızların "K" hərfini Azərbaycan dilindəki "R" hərfi kimi yazmaları ilə bağlıdır. Bu səbəbdən insanlar bu adı "Akmed Mişel" yox, "Armed Mişel" kimi oxuyublar". Müəllif  Fransada Əhmədiyyə Cəbrayılovun yaxın dostu olmuş bir nəfərlə görüşü zamanı "Akmed Mişel" adının necə yarandığını öyrəndiyini bildirib: "Əhmədiyyə Cəbrayılovun yaxın dostu izah etdi ki, ilk dəfə görüşəndə ondan adının olduğunu soruşublar, o isə rus dilində "Ahmediyya Mixaylov Cabrayılov" cavabını verib. Orada olan polşalı tərcüməçi adı "Akmediyya" kimi tərcümə etdikdə fransızlar bu adın uzun olduğunu dillərinə yatmadığını bildiriblər. Nəticədə "Akmadiyya"nı dəyişib "Akmed", "Mixaylov"u isə "Mişel" olaraq göstəriblər".

Suallardan biri kitabın sonlarında Əhmədiyyə Cəbrayılovun bir neçə şəklinin sənədlərin verilməsi ilə bağlı olub. Oxucular kitabda təqdim edilən şəkillərin foto sənədlərin daha öncə Azərbaycanda olub-olmamasıyla maraqlanıblar. Şain Sinaria kitabda verilmiş sənədlərin şəkillərin 3 illik araşdırma nəticəsində əldə etdiyini bildirib. Yazıçı onu da qeyd edib ki, daha öncə Əhmədiyyə Cəbrayılov haqqında rəsmi olaraq araşdırma aparılmayıb, bu araşdırma ilk dəfə "Teas PRESS" nəşriyyatının sifarişi ilə onun tərəfindən başladılıb: "Əminliklə deyə bilərəm ki, kitabda heç bir uydurma yoxdur, hər şey sənədlərə əsaslanaraq yazılıb. Əgər Əhmədiyyə Cəbrayılov haqqında oxucuların bildiyi, amma mənim kitabda yazmadığım bir məlumat, yaxud hadisə varsa, deməli, bu hadisə məlumat uydurmadır. Mən oxucularımın bu gün fəxr etdiyimiz Əhmədiyyə Cabrayılovu olduğu kimi tanımalarını istəyirəm. Ona əlavə bəzək vurmaq lazım deyil".

Yazıçıya ünvanlanan suallaran biri   Fransada kitabın hazırlanması ilə bağlı araşdırmalar apardığı zaman müasir dövrün insanlarının, tarixçilərin Əhmədiyyə Cabrayılova necə münasibət bəsləməri haqda olub. Müəllif Fransada tarixçilərin Əhmədiyyə Cabrayılovu çox gözəl tanıdıqlarını bildirib: "Mənim Əhmədiyyə Cabrayılovun bir zamanlar partizan hərəkatında iştirak etmiş atrıq bu dünyadan köçmüş dostları ilə canlı ünsiyyətdə olub, onun haqqında bir çox məlumatlar öyrənmək imkanım yarandı. Bir maraqlı faktı deyim ki, Əhmədiyyə Cabrayılov İkinci Dünya müharibəsində Fransanın milli ordusunda qulluq edən yeganə azərbaycanlı olub. Fransada onun qədrini çox gözəl bilirlər, fransızlar onların azadlığı uğrunda vuruşmuş Əhmədiyyə Cabrayılovu indi unutmurlar. Fransada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsüylə döyüşdüyü yerdə Əhmədiyyə Cabrayılovun xatirə löhvəsi vurulub, hər il onun xatirəsinin anım tədbiri keçirilir". Ş.Sinaria onu da vurğulayıb ki, bu ilin sentyabr ayından etibarən Bakıda kitabın fransız dilində nəşrinin satışı da təşkil olunacaq: "Bundan başqa,  Azərbaycanın Rusiyadakı səfirliyindən kitabın ruscaya tərcümə olunması ilə bağlı təklif almışam. Hesab edirəm ki, bu kitab bir çox başqa dillərə   tərcümə olunmalı, daha çox insanlar tərəfindən tanınmalıdır".  Kitabın əsasında film çəkilib-çəkilməyəcəyi ilə bağlı suala cavabında isə müəllif bu barədə Ramiz Abutalıbovla məsləhətləşdiyini, Əhmədiyyə Cəbrayılov haqqında bədii ya sənədli film çəkmək istədiklərini, bu məqsədlə rejissor Tahir Əliyevə müraciət etdiklərini artıq onun razılığını aldıqlarını bildirib.

Söhbət zamaın yazıçı növbəti kitabı haqqında da danışaraq Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə bağlı üç ildən bəri üzərində işlədiyi əsərini artıq bir həftədir yekunlaşdırdığını deyib.

Ş.Sinaria sonda Azərbaycan üçün darıxdığını, pandemiya dövrü bitən kimi "Bir ömür iki tale" kitabının təqdimatını keçirmək məqsədilə Bakıya gələcəyini bildirib.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2020.- 21 avqust.- S.9.