Son nəfəs

 

Hekayə

 

Qulağına uğultulu səslər gəlirdi. Ayırd edə bilmirdi, ağlayırdılar, gülürdülər, yoxsa ucadan danışırdılar? Yeri bir az dar idi. Sağ böyrü üstə uzanmışdı. Başını mələfə ilə basdırmışdı (O, yatanda belə yatırdı)... Yuxusu elə şirin idi ki... Gecəsi ilə gündüzü bilinmirdi. Elə yatırdı... Bircə bu səslər olmasaydı... Yoldaşı da bilirdi onun bu xasiyyətini.

Yatağa girən kimi, uşaqlara:

- Səs eləməyin, ata yatıb, yorğundu... - deyirdi.

Ha qulağını şəklədi, bu sözləri bir eşitsin... Əvəzinə, yoldaşının:

- Dur, dur, evimizə gedək, niyə məni eşitmirsən? - deyən ağlar səsi qulağına gəldi. Hətta qoluna dəyən yumruqları da hiss etdi.

- Bu, deyir, başı xarab olub e. Evimizdəyəm ... Amma başımın altına balınc əvəzi daş qoyubsan elə bil... , bu, daş deyil, hər gün işdən gəlib, çay-çörəyimi yeyib içəndən sonra, boynumdakı ağrıya görə düzəltdirdiyim taxtadı... Həkim düz, bərk yerdə uzan, demişdi. Yaxşı, bəs, niyə ağlayırsan? Sən deyildin, həmişə mənə - müalicəni düzgün apar, həkimin dediklərinə əməl elə, deyən? (Gülür. Gözəl kişmişi gülüşü vardı.) Darıxır məndən yana, küsəyənim... Mənsiz qala bilmir... Evimdə deyiləmsə, haradayam bəs?..

 

***

 

Bu dəfə anasının səsinə oyandı:

- Bala, hardasan? Səsimə niyə səs vermirsən, ay nainsaf?

- İki gündü zəng vurmuram, anam az qalır dəli olsun. İşim çoxdu e, ana. Vallah, başımı qaşımağa macal tapmıram... Axşam görüntülü danışarıq... Ayağın necədi, yenə ağrıyır, ana? Ayağına qurban olum...

Ayaq adı çəkən kimi, yarası sancdı...

Bir azdan ətrafına çoxlu adam yığıldığını hiss etdi. Gözlərini açmaq istədi, göz qapaqlarının üstündə yumşaq, pambıq kimi nəsə vardı... Evə adam gəlib, mən div yuxusuna getmişəm. Yatanda parça gözlük qoymuşam, o da qalıb gözümdə.

Yanğılı bir hönkürtü içini titrətdi... (dilsiz-ağızsız böyük bacı...) Deyib-gülən adamıydı. Ürəyi çox yumşaqdı. Göz yaşlarına dözümü heç yoxdu. Hiss etdi ki, yanaqlarından axan duzlu su ağzına dolur. Üz-gözündə əl gəzdi, onu oxşadı:

- Ciyərim yandı, kürəklərim qovuşdu, qardaş... (Evində çox olduğu, sirrini-sözünü paylaşdığı, "bölgüdə" ona düşən bacısıdı...) Yadına son dəfə onlarda olması düşdü. Bacısının yubiley yaşında hamıyla zarafat etmiş, o qədər deyib gülmüşdü ki... Çoxlu şəkil çəkdirmişdi, yadigar qalsın deyə.

- Oyan, olar... mən sənin balalarına deyəcəyəm? Onlar səni axtarır e, qurban olum (Bəxtindən yarımamış kiçik bacı).

Səs səsə qarışdı... Ataa! Qardaaş! Balaa! Oğuul! Dayıı! Əmii!!! - Hamı onu çağırırdı... Bunlara olub axı? Niyə ağlayırlar? Yəqin yuxudu, ayılan kimi keçəcək.

Telefonuna zəng gəldi. Səsindən tanıyırdı. "Yəqin, yerindəndi. Evə çatmamış axtarırlar. Qoymurlar nəfəsimi dərəm. Açmayacağam, o qədər çalsın ki... Birdən ciddi bir şey olar? İstədi atasının adına səslənsin. Baxdı ki, lap kənarda divanın küncündə oturub. Qaşqabağı yer süpürür. Həə, buna da ad gününə velosiped söz vermişdim, almağa macal olmadı. Deyəsən, küsüb məndən. Gecə-gündüz bilmədən işləyirəm, onlar heç nədən korluq çəkməsin deyə. Geyim-keçimləri, yemək-içməkləri - hər şeyin ən gözəlini alıb gətirirəm. Gülümsündü. Narahat olma, balası, alacağam. Qoy bu yuxudan ayılım..."

 

***

 

Bəs bu nədi? Sanki boşalmış nəfəs yollarında yolunu azmış hava dolaşırdı.

Bu, bir udumluq nəfəs harada gizlənmişdi? Sinəsi tez-tez qalxıb-enməyə başladı. Yox, olmurdu, nəfəs içəridə sanki kötüyə ilişib qalmışdı. illah elədi, mələfəni ağız-burnundan çəkə bilmədi. Elə bil yatdığı taxtı tərs çevirmişdilər. Gözləri boz taxtalara dirəndi. Bəlkə, mən hellənib taxtın altına girmişəm? Bu, qəribə yuxudu? Deyirlər axı, adam yatanda ölü kimi olur...

Əlini qoşalayaraq alnında daraqlamaq istədi (Yorğunluğunu alanda bu adətindən vaz keçməzdi). Mələfənin bir ucu altında qalmışdı, qolu qalxmadı. Vaxtın necə keçdiyini hiss etmirdi. Bir tərəfi üstə yatanda, adətən, qolu-qıçı keyiyərdi. Amma indi, elə rahatdı ki... Ürəyi kəpənək kimi yüngüldü... Elə bu yüngüllüklə , onsuz da qapalı olan gözlərini bərk-bərk yumdu... Deyəsən, yorğunluğu çıxsın deyə, qızı onun şişmiş, damarları qurbağa kimi çıxmış ayaqlarını ovuşdururdu... Dərindən bir nəfəs aldı...

 

***

 

Gözəl, ürəyə sakitlik gətirən bir səs... Bütün bədəni o səsin içindəydi... Başından girib dırnağının ucundan çıxırdı. Səs ruhu ilə birgə torpağın altından göy üzünə qanadlanırdı...

Məzarlığa ziyarətə gəlmişdi. Amma baş qapıdan bu tərəfdə əvvəllər gormədiyi təzə yol vardı. , yəqin bu kəsə yolu kimsə salıb, buradan tez çataram, deyə düşündü. İrəliyə bircə addım atmışdı ki, enli pilləkənləri olan yol asma nənni kimi yırğalanmağa başladı. Ayağını hər atdıqca sanki yol yerin tərkinə gedəcək kimi əsirdi. O isə sanki belə olmalıymış kimi heç qorxmurdu. Başlanğıcda qısa görünən yol getdikcə uzanmağa başladı. Ha gedirdi, bitmirdi ki, bitmirdi. Elə bil kimsə hər iki tərəfi alçaqlı-ucalı məzar daşları olan bu yerdən sonu olmayacaq bir yol salmışdı. Deyəsən, köhnə qəbirlərin üstüylə yeridiyini hiss etdi.

"Aman Allah!"

Müqəddəs yer tapdayırmış kimi, ayaqları titrəməyə başladı. Sanki ölülər hər addımında torpağın altından boylanırdılar. Kinolarda görmüşdü, ruhlar başlarına mələfə ataraq, insanları qorxudurdular. Amma indi onlar yox, boz torpaq geyinmişdilər. Yol yer altında rəqs edən, bəlkə də üsyana qalxan ruhların beşiyinə dönmüşdü. Gözünü ayağının altından çəkməyərək, buyoldu salıblar, deyə - deyinməyə başladı. Birdən başını qaldırıb irəliyə baxanda, göyün maviliyinə dirənən yolun sonuna çatdığının fərqinə vardı. Zirvədə dayanan yolçu qəribə mənzərə qarşısında donub qalmışdı. Bu üzü bomboz torpaq, qapqara məzarlıq olan yolun o biri üzünə sanki bahar gəlmişdi. Ətrafında sanki yerində mərmərdən yonub düzəltdikləri mələklər qanad açmışdı, uçurdu. Cənnət kimi yer idi. Ziyarət üçün gəldiyini xatırladı. Yamyaşıl xalının üstüylə iki addım atdı. Ayağının altında Zəm-zəm qaynayırdı, buz kimi. Ovuclayıb iki dəfə üzünə çırpdı. Dərindən "oxxay" dedi. Gedib arxası üstə göy otların üstünə sərələndi. Otların qarışıq iyi müşk-ənbər qoxuyurdu. Rəngli bir kəpənək başının üstündə zərif qanadlarını çırparaq uçur, qızının incə əlləri kimi hərdən başına, çiyninə, sinəsinə qonurdu. Hava o qədər təmiz, ətraf o qədər yaşıllıq idi ki, nəfəsi bu əsrarəngiz gözəlliyi içinə çəkməyə yetmirdi.

Ziyarətə gəldiyi məzar gül-çiçək içində itmişdi. Ehmalca yerə çöküb, daşın üstündə oturdu. Anasının ad günündə köynəkdə çəkdirdiyi son rəsmi qara mərmərdən ona baxaraq gülümsəyirdi...

 

Təranə ARİFQIZI

 

525-ci qəzet.- 2020.- 21 avqust.- S.12; 15.