"Vətən sevgisi, tarixi reallıqlar uşaqlara nağıllar vasitəsiylə öyrədilə bilər"

 

 

" Bu günlərdə yazıçı Nargis İsmayılovanın "Sehirli fırça" adlı yeni nağıllar kitabı işıq üzü

görüb.

 

Bu barədə müəllifin özü sosial şəbəkə hesabında paylaşım etmişdi. Uşaq ədəbiyyatının çox da gözə dəymədiyi, diqqətdən kənar qaldığı, müəyyən sıxıntılar yaşadığı bu məqamda belə bir rəngli, nəfis tərtibatda nağıllar kitabının çapı ictimaiyyətin marağına səbəb oldu.

 

Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasında doğulan, böyüyən və orda da fəaliyyətini davam etdirən müəllif paylaşımında bildirmişdi ki, dövlət dəstəyi ilə işıq üzü görən bu kitabı hazırlamaqda məqsədi doğma Naxçıvanın hər qarışını uşaqlara asan yolla tanıtmaq və sevdirməkdir. İllüstrasiyaların müəllifi rəssam Ülviyyə Həmzəyevadır. Dilçi alim Rəşad Zülfüqarovun dəstəyi ilə hazırlanan kitab "Əcəmi" nəşriyyatında işıq üzü görüb.

 

Mövzuyla bağlı müəlliflə əlaqə saxlayıb kitabın yazılmasını şərtləndirən amillərdən və çap prosesindən danışdıq:

 

***

 

- Nargis xanım, yeni kitabınız münasibəti ilə sizi təbrik edirik. Bu cür kitab çap etmək ideyası necə yarandı?

 

- Diqqətiniz üçün təşəkkür edirəm. Oğlum üçün nağıl seçimi azalmışdı. Bir çox nağıldakı elementlər məni qane etmirdi. İnandırıcılığı azca çox olan nağıla ehtiyac olduğunu düşündüm. Müəllifli nağıl necə olardı görəsən, sualı daim beynimdə dolaşırdı. Təbiətdə, cəmiyyətdə, tarixdə, ədəbiyyatda sevdiyim məsələlərə uşaqların gözü ilə baxdım. Belə ruh ovqatı ilə ağlıma gələn maraqlı cümlələri və təsvirləri yazmağa başladım.

 

- Kitabdakı mətnlər nələri əhatə edir?

 

- Vurğulayım ki, kitabdakı nağıllar: "Sehirli fırça", "Ordubehişt laləsi", "Adil şah və Kəngər ölkəsi", "Dahi memar", "Sirli su", "Muncuqlu təpə", "Xaraba Gilan" adlanır. Qeyd edim ki, bu sadalanan mətnlərdə Azərbaycanın qədim diyarı Naxçıvanla bağlı vacib tarixi yerlər, mənəvi keyfiyyətlər və elementlər öz əksini tapıb. Bu nağıllarda oxuduğum folklor mətnləri, modern, postmodern bədii və elmi ədəbiyyat, böyüklərimdən eşitdiyim  məlumatlar, uşaqlarımıza öyrətmək istədiyim dəyərlərimiz mənim xəyal dünyamda sintez olunaraq ərsəyə gəlib.

 

- Uşaqların milli ruhda inkişafı üçün bu kitabın əhəmiyyətini necə görürsünüz?

 

- Uşaqlar üçün körpəlikdən beyinlərinə həkk olunan mənzərələr, yaddaşlarında qalan sözlər çox önəmlidir. Uşağa nələri təbliğ etsən, o da əvəzində bunu qaytaracaq: necə ki deyiblər: "Nə tökərsən aşına, o da çıxar qaşığına". İnsan oğlunun gələcək həyatının təməli körpəlikdən qoyulur. Bu təməl nə qədər möhkəm, nə qədər etibarlı olarsa, övladlarımız psixoloji cəhətdən nə qədər sağlam böyüdülsələr, onların gələcəyi cəmiyyətimiz üçün o qədər bəhrəli olar. Bu isə güclü tərbiyə ilə mümkündür. Məncə, izlənilən verilişlər qədər, məktəb qədər mütaliə də vacib faktordur. Bu kitabdakı nağıllar tamamilə uşaqların psixologiyasına uyğun hazırlanıb. Onların xəyal dünyalarına, milli-mənəvi, ailə, cəmiyyət, etika və əxlaqi dəyərlərə xidmət etdiyi qənaətindəyəm. Həmçinin, bu kitab vasitəsiylə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda yaşayan dahi mütəfəkkirlərin həyatı, yaradıcılığı bir çox tarixi yer adları nağıl yolu ilə uşaqlara öyrədilə, tanıdıla bilər. Məsələn, götürək "Xaraba Gilan"ı, yaxud "Dahi memar" nağılındakı Əcəmi Naxçıvanini, "Sehirli fırça"dakı Bəhruz Kəngərlinin obrazını...

 

- Ümumiyyətlə, bu məzmunda kitablardan razısınızmı? Sizcə, bu sahədə vəziyyət necədir?

 

 

 

- Düşünürəm ki, çap olunan nağıllarda tamamilə uşaqların daxili dünyası nəzərə alınmalıdır. Kitabın adından rənginə kimi, məzmundakı detallara belə ciddi nəzarət olunmalıdır. Hətta folklordan gələn mətnlər elm üçün ayrı, uşaqlar üçün ayrı çap olunmalıdır. Götürək ibtidai siniflər üçün sinifdənxaric oxu vəsaiti kimi təqdim olunan "Azərbaycan Nağılları" kitabındakı "Göy muncuq" nağılını, bu mətni uşaqlar üçün uyğun hesab etmirəm...

 

Filologiya elmləri doktoru Elnarə Akimova Uşaq ədəbiyyatının problemləri- "Ədəbiyyat qəzeti"nin müzakirə saatında belə bir sual ünvanlamışdı iştirakçılara:

 

Biz Cırtdanı bu günə proyeksiyalasaq, bir qəhrəman kimi doğuluşu maraqlı olar uşaqlar üçün. Bəlkə biz onu yeni versiyada təqdim edə bilmirik, budur problem?

 

Bəlkə də elə budur problem. Çünki doğrudan da, artıq dövr dəyişib...

 

Həmçinin, bu məqamda V.Q.Belinskinin uşaq yazıçısı barədə dediyi sözləri xatırlamaq istəyirəm: "...Uşaq yazıçısının yaranması üçün çox, olduqca çox şərtlər vardır: nəcib, sevən, riqqətli, sakit, körpəcə-sadədil bir qəlb, yüksək məlumatlı bir ağıl, aydın baxış, canlı təsəvvür, həm də şairanə bir xəyal lazımdır... Uşaqlara qarşı məhəbbət, uşaq yaşının tələb, xüsusiyyət və təfərrüatının dərindən bilmək də mühüm şərtlərdəndir".

 

Son zamanlar bu kontekstdə kitablar nəşr olunur. Ancaq nağıl kitabı formatı daim diqqətdə saxlanılmalıdır. Bu, məzmun qədər önəmli faktordur. Naxçıvanda son zamanlar uşaq ədəbiyyatına böyük dövlət dəstəyi var. Bu aspektdən maraqlı əsərlər işıq üzü görüb. Ümid edirəm ki, gələcəkdə çap olunan uşaq ədəbiyyatı nümunələri bütün sadalanan keyfiyyətləri özündə ehtiva edər.

 

- Uşaqlarımızın milli vətənpərvərlik ruhunun, milli mənlik şüurunun inkişafında nağılların rolunu necə dəyərləndirirsiz?

 

- Mənəviyyata xidmət edən bir çox vasitədən biri kimi nağıllar uşaqların həm vizual, həm də normal yaddaşına təsir edə bilir, əzbər bacarığını formalaşdırır. Bu baxımdan uşaqların beynini və ruhunu incə ilmələr ataraq toxumaq mümkündür.

 

"Ağac yaşkən əyilər" - deyib atalarımız. Bu baxımdan nağıllar vasitəsiylə vətənə, millətə sevgi, tarixi reallıqlar, vacib tarixi günlər, abidələr, mütəfəkkirlər və sərhədlərimiz uşaqlara öyrədilə bilər.

 

Nağıllarımızın mövzu rəngarəngliyi imkan verir ki, hər körpənin zövqünə uyğun nağıl seçək. Azərbaycan nağıllarını internet saytlarından istifadə etməklə səsli şəkildə uşaqlarımıza dinlədə bilərik. Mənəvi sərvətlərimizdən biri olan Azərbaycan xalq nağılları körpə balalarımızı milli dəyərlərimizlə tanış etmək baxımından əhəmiyyətlidir. Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi sağlam və güclü etməksə öz əlimizdədir.

 

- Sizcə, internet zamanında, telefon əsrində bu nağıl kitabları uşaqlara təsir edə bilərmi?

 

 

 

- Mən uşaqkən nağıllarla böyümüşəm. Xəyal dünyamın zənginləşməsində nağılların rolu böyükdür. Azərbaycan nağılları ilə yanaşı, dünya xalqlarının nağıllarını oxuyurdum. "Cırtdan", "Düyməcik", "Məlikməmmədin nağılı", "Sinober ləqəbli balaca Saxes" və başqaları uşaq dünyamda iz salan nağıllardır. O dövrdən beynimdə müqayisəli bir təhlil yer edirdi. "Təpəgöz"dəki pəri ilə "Sinober ləqəbli balaca Saxes"dəki pəri obrazlarının oxşarlığı məni hələ o vaxtdan maraqlandırır və düşündürürdü.

 

Nağıllar uşağın həm zehni inkişafında, həm də xəyal dünyasını rəngarəngləşdirməkdə müstəsna rola malikdir. Fikrimcə, artıq zamanın tələbinə uyğun nağıllar yazmalıyıq. Və xalq nağıllarının səmimi dəyərini, mənəvi gücünü uşaqlara aşılamalıyıq.

 

Uşaq gördüyünü götürür. Valideyn də uşağa nağıl oxumaqda maraqlı olmalıdır. Çox valideyn kitab almağı vacib amil hesab etmir. Bu isə uşaqların dünyasını solğun, yaxud rəngsiz, söz ehtiyatını natamam edir.

 

- "Sehirli fırça" kitabınızın aqibəti necə olacaq? Orda məktəblərə, kitabxanalara verməyi düşünürsünüzmü?

 

- Hörmətli Məti Osmanoğlu bir müsahibəsində qeyd edir: "Müasir uşaq ədəbiyyatı, heç şübhəsiz ki, yaranır, kitablar, jurnallar nəşr olunur. Lakin ən böyük problem bunu ədəbiyyatın öz ünvanına - uşaqlara çatdırılması ilə bağlıdır. Vəziyyətin mürəkkəbliyi bundadır ki, bir tərəfdən klassikaya çevriləcək və ya çevrilmiş müasir uşaq ədəbiyyatı nümunəsi tapmaq mümkün deyil. Bir yandan da yaranan, mövcud olan ədəbiyyat nümunələrinin ictimaiyyətə təqdim edilməsi, başqa sözlə desək, uşaqlara çatdırılması bərbad haldadır". Bu fikirlərlə razıyam. Ancaq əsas yaranan nümunənin uşaqlara çatdırılması məsələsidir. Bu isə bir qədər zəifdir. Bunun üçün yazarlara dəstək vacibdir. Açığı, bu kontekstdə dəstəyə ehtiyacım var...

 

- Gələcəkdə də bu yöndə kitabların çapına davam edəcəksinizmi?

 

- Əslində, bu, mənim vurğulanan istiqamətdəki ilk addımımdır. Bu, kitabın cəmiyyətdə necə qarşılanacağına bağlıdır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-29 avqust.- S.19.