Nazim Əhmədlinin yuxulu və nağıllı şeirləri

 

Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbində şair Nazim Əhmədli ilə görüş keçirilirdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Gənc Ədiblər Məktəbinin rəhbəri və tədbirin aparıcısı Rəşad Məcid dedi ki, mənim ilk tanıdığım canlı şair Nazim Əhmədli olub. Başladı Nazimlə necə tanış olmağından danışmağa və danışdıqca da şeirlərini əzbər söyləyir və qeyd edirdi ki, Nazimin şeirləri aydın, səlis, oxunaqlı heca şeiri idi və 80-ci illəri tam ifadə etdiyindən mənə çox maraqlı gəlirdi.

Mən dövri mətbuatda çap olunan bütün ədəbi yazıları; istər şeir olsun, istər hekayə, fərq eləməz, hamısını oxuyuram. Oxuduqca da imzalar mənim gözümdə yaşa dolur, bütövləşir, inkişaf edir. Eləsi də var inkişaf etmir, eləcə on il bundan qabaq necə  yazırdısa, eləcə də astaca, stabil yerişlə yoluna davam edir. Nə ritm dəyişir, nə mövzu, nə də intonasiya...

Amma Nazim Əhmədli daim dəyişən, yeniləşən, yeni obrazlar yaradan şairdir. Rəşad Məcid danışanda ki, 80-ci illərin ortalarında avtobusun arxa oturacağında  gördüm ki, bir qarayanız oğlan şeir oxuyur, hamı da qulaq asır və tanış olanda ki, bu, şair Nazim Əhmədlidir, çox sevindim. İndi mən də Rəşad müəllimin həmin sözündən çıxış edərək deyirəm ki, 80-ci illərdə həmin təpəl avtobus mənə şirin bir nağıl, həm də  şirin yuxu kimi gəlir. Nağıllarda və yuxularda olduğu kimi, gah avtobusu görür, ancaq səsini eşitmirəm, ya da səsini eşidir özünü görə bilmirəm. Bu, ancaq ya yuxu, ya da nağıl ola bilər. Çünki uzaqları, xüsusən qoyub gəldiyimiz qərinələri ancaq ya yuxu, ya da nağıl xatırlada bilir. Ona görə ki, Nazimin şeirlərinin əsasını mistik bir yuxu, ya da sirli bir nağıl təşkil edir.

Son günlər Natəvan klubunda onun Nazim Əhmədlinin "Qanun" nəşriyyatında çap olunan "Unutduğum göy üzü" adlı şeirlər  kitabının təqdimatı zamanı şairlə mübahisəmiz də elə yuxu üstündə oldu. Şair bir şeirində "gözüm yatmadı" ifadəsini  işlətmişdi, mən də razılaşmadım və bundan sonra klubda ədəbi mübahisələr başladı. Sağ olsun ki, Nazim Əhmədli bir şair kimi ədəbi mühiti canlandıra bildi.

Mənə elə gəlir ki, ədəbiyyat üçün belə diskussiyalar daha vacibdir. Yoxsa eynicinsli çıxışlar çox yorucu olur, Həm adamı təntidir, həm də ədəbiyyata heç nə vermir. İndi gələk şairin həm mübahisəmizə səbəb olan, həm də ədəbiyyatımızda mühüm  rol oynayan yuxu və nağıllardan doğulan şeirlərinə...

Türk təfəkkürü üçün, xüsusən dastanlarımız və nağıllarımız üçün yuxu böyük önəm daşıyır. Qazan xanın yuxusu da elə-belə  yuxu deyildi, dərin və sirli idi. Demək, bizim qanımızda olan o yuxu yeni bir biçimdə Nazimin şeirlərində üzə çıxır.

 

varımızdı, yoxumuzdu,

acımızdı, ağrımızdı;

dünya bizim yuxumuzdu,

yuxumuzdan çıxıb gedək.

 

Bəlkə elə doğurdan da, dünya bizim ən şirin yuxumuzdu. Yuxu içində gəzirik, yuxuda sevirik, yuxuda ayrılırıq, işə gedib gəlirik. Və günlərin bir gün öləndə yuxudan ayılırıq.

Nazim Əhmədlinin şeirləri yaşam tərzindən, həyatdan, özünün təbiətindən, təfəkküründən doğan şeirlərdir.

Nazim fikirləri qafiyəyə, hecaya elə oturdub ki, bir dənə də fikir çıqqırını çıxara bilmir. Çünki o, şeirin ustasıdır.

 

payız nədən at oynadır,

baharın solduğu yerdə;

Maraqlıdır, baharın öldüyü yerdə at oynatmağa nə var? Oğul deyirəm bahar gələndə at oynadasan. Əlbəttə, bu, bir şair həqiqətidir. İlk bahardan sonra son bahar (payız) gəlir. Təbiətdəki çevrilmələr təkamül prosesidir.

 

anam çəkilmir, yuxumdan,

saçını yolduğu yerdə;

 

Yenə yuxu, yeni Nazimin şair romantikası. Niyə şairin anası saçını yolduğu yerdə yuxusuna girir? Yaddan çıxarmayın, burada həm də "yerdə" sözü var. Bu hadisə nə vaxt olub - Laçın işğal olunandamı, müharibə başlayandamı, bığ yerləri tərləmiş cavanlar müharibəyə gedəndəmi? Yer və zaman anlayışı şeirin başlıca motividir.

 

gözüm yoxa dirənir,

nə var, yoxdan o yana.

 

"Yox" əslində, "var" olan yerdir. Hər şey: bütün həqiqətlər "yox"dan başlayır. Əslində, mövcud olmayanlar  "yoxa" qədər olanlardır. Yaradının nişanı nişansızlıqdır.  Əslində, "var" olan yoxdur, "yox" olan var  bu dünyada.

 

Şairin "yox"dan gözləntisi daha ciddidir. Təsadüflər daha böyük həqiqətlər yaradır, nəinki zərurətlər.

 

yenə, kimsə gələcək,

bu dünyanın yoxundan.

 

Şairin həqiqəti həmişə yuxuların içindən çıxır. Yuxu sirli xudadır. Həqiqət də  yuxunun içindədir. Eqo yuxuda ölür. Göz qapanır. Beynin həyatı başlayır əslində. İşıqdan daha çox qaranlıq var. Allahın həqiqəti yuxunun və qaranlığın içindədir.

 

asdılar ürəyimi,

bir həsrətin oxundan;

yuxuda at çapırdım,

ayaqları qarğıdan.

 

Şairin qapısı döyülür, yenə gecənin  müəmması, kim olar, görən? Axı mən çoxdan yatmışam. Bəli, Nazim Əhmədli yuxu ilə reallığın arasında yatır, oyanır və min illər öncələrdə doğulur, bu dünyanı tərk edir və yenidən doğulur. Şair ruhunun real və mistik dünyaları arasındakı ürəyinin döyüntüləri aydınca hiss olunur.

 

kimdi, qapımı döyən,

axı, bu gecə vaxtı;

mən nə vaxtdan yatmışam,

təkcə ruhum oyaqdı.

 

Nazimin örnək olası bir şair xasiyyəti var; sözlərin ən gözəlini seçib yazır. Özü də sözü təzə qafiyəyə, tam yeni deyim tərzi ilə ustalıqla tabe etdirə bilir.

 

ömür gödək, dünya qarı,

yarpaq könlümün qubarı;

ölmələri sarı-sarı,

gəlmələri yaşıl-yaşıl.

 

Şeirdə "ölmələri" və "gəlmələri" sözləri  çox xoşuma gəldi. Kim deyir ki, qafiyə ancaq misranın sonunda olur, Nazim subut edir ki, qafiyə misranın əvvəlində də gözəl ola bilir.

 

Aşağıdakı şeir şairin doğulmamışdan, yəni yatmamışdan qabaq yazdığı şeirdir. Yenə nağıldan, folklardan bəhrələnmə, özü də gözəl bir yanaşma tərzi.

 

biri vardı, biri yoxdu,

bu nağılı kim oxudu;

deyirlər, dünya yuxudu,

hələ ki oyağıq, gedək.

 

Oyaq olanda insan hara gedir? Nazimin fəlsəfəsinə görə, əlbəttə ki, yatmağa. Yenə doğulmağa. Yəni deyirlər ki, dünya yuxudur, biz də bu yuxuya gedirik. Bu, inkişaf dialektikasıdır. Nazimin ustalığı budur ki, sərbəst şeirin materialını ustalıqla  hecaya "yığa" bilir.

 

yapışım, bir ağ buluddan,

qoy aparsın, külək məni;

yuxumda sevib oxşayır,

bir ağılsız mələk məni.

 

"Biri vardı, biri yoxdu", "yapışıb bir buluddan", "ölmələri sarı- sarı", "gəlmələri yaşı-yaşıl" misralar nağıl detalıdır. "Yuxuda məni oxşaya mələk" görəsən, niyə ağılsız olmalıdır. Bu da şairin ironik, fərqli düşüncə oynatmasıdır. Yumor gözəl alınıb. "Ağılsız" sözündə sevgi böyükdür. Bəzən adam sevdiyinə deyir; "Ay dəli". Bu, gözəl ifadədir. "Ağılsız" sözünün əkiz tayıdır, yəni sinonimi.

 

axı, bizi kim danışıb,

bir yalançı nağılıq, biz;

yalan-yalan yuxulardan,

bu dünyaya doğulduq, biz.

 

Bu şeirin zamanı, saatı isə başqadır artıq. Doğrudan da, bizi kimsə dünyaya danışıb. Lap elə belə deyək; kimsə bizi özündən dünya üçün uydurub. Həqiqətin kökü yalandır - yüz faiz belədir. Şair sözü yalandır, bunu bilirsiniz. Amma gözəl yalandır, yalanların həqiqətə çevrilməsi daha gerçəkdir, nəinki həqiqətin özü. Mən deyirəm poetikadan şəhər salınır. Bakıdakı  alov qüllələri, inanın mənə, bəlkə bizim nağıllardan yaranıb. Şair deyəndə ki, "qarışıq bir yuxudan yer kürəsinə yıxıldım" bu, Azərbaycan düşüncəsinin və  nağılının fəlsəfəsidir. Avropa nədən yarandı, nədən inkişaf etdi? Əlbəttə, öz nağıllarından,  fəlsəfəsindən. Mən buna bir daha əmin oldum, o zaman ki, Nazim Əhmədli dünən mənimlə çay içə-içə yeni şeirlərini oxuyurdu, bu gün isə Norveçdə bir göl kənarında boz kepkasını əyri qoyub bir şəklini paylaşmışdı. Uğur olsun!

 

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2020.- 21 avqust.- S.13.