mrü boyunca tək bir rolla tanınmaqaktyorun bədbəxtliyidir"

 

 

 

O, özünü "uşaqların alqışında yaşayan biri" adlandırır. Onunla söhbətimiz hər zaman gülən üzünün arxasındakı dərin dünyanı kəşf eləmək şansı qazandırdı. Gördük ki, o, təkcə uşaqların

 

alqışında yaşamır, həm də kiçik qəlbiylə onların dünyasının əbədi sakinidir. Müsahibimiz Bakı Uşaq və Gənclər Teatrının aktrisası Gülər Ləzgiyevadır. 

 

- Gülər xanım, aktrisalıq seçiminiz oldu, ya qismətiniz?

 

- Məktəbdə aktiv uşaq olmuşam. Kimyaçı qızı olsam da, bir dəfə də kimya dərsinə girməmişəm, atam məni bağışlasın (gülür). Az qala hər dərs mədəniyyət işləri üzrə dərs hissə müdirimiz məni tədbirə aparırdı. Mən də həvəslə gedirdim, yetər ki, kimya dərsinə girməyim. Müəllimim deyirdi ki, utanıram e, kimyaçı qızı olub, kimyanı necə sevməmək olar. Deyirdim, neyləyim, sevə bilmirəm. Beləcə, o vaxtdan tədbirlərdə iştirak edirdim, fəal idim. Anamın arzusu idi məni incəsənət sahəsində görmək, özümün aparıcılığa həvəsim vardı. Yaxşı dil qabiliyyətim də vardı, istəyirdim jurnalist olum. Məktəbin son ilində anamı itirdim. Ona görə də universitetə sənəd vermədim. Sonrakı il ali məktəbə atam İqtisad Universitetində işlədiyi üçün ordakı kursda hazırlaşırdım. Həmin vaxt universitetlər arası KVN yarışı keçirilirdi. Mən də kursun başını buraxıb KVN-ə qoşulmuşdum. Bir dəfə məşq vaxtı özümçün zümzümə edəndə bəstəkar Eldar Mansurov soruşdu ki, kimdən çıxdı o səs? Düzü, qorxdum, elə bildim mane oluram. Üzr istədim, dedim mən idim. Çağırdı yanına, soruşdu ki, neçənci kursda oxuyursan? Dedim, universitetə hazırlaşıram. Dedi, hara? Dedim, ya xarici dillər, ya jurnalistika. Dedi ki, burax onların başını, gəl incəsənətə. Təəccübləndim, heç vaxt fikirləşməmişdim bunu. Dedim, məndə alınmaz. Amma Eldar müəllim israrla beynimə saldı bu fikri. Evə gəlib dedim ki, sənədlərimi incəsənətə verirəm. Ailəm də elə bil, sözümü ciddiyə almadı, başlarından edirmiş kimi dedilər, get hara istəyirsən ver (gülürük). Amma o sarıdan həmişə şükür edirəm ki, mənim indiyə kimi də ən böyük dəstəkçim atamdır. Mənimlə fəxr etdiyini hər addımda hiss etdirir. Beləcə, sənədlərimi verdim İncəsənət Universitetinə. İlk il bütün mərhələləri keçdim, sonuncuda Ağakişi Kazımov kəsdi ki, boyun balacadır. Mən də dedim, gələn il sizin acığınıza bir də gələcəm. Onda ilk mərhələdə Gürşad xanım Baxşıyeva məni çox bəyənib keçirmişdi. Təsadüfən növbəti il onunla imtahanın sonuncu mərhələsində görüşdük, ötən il qəbul olmamağıma təəccübləndi, dedi, nə bacarırsan göstər istedadını. Mən də yanğın həyəcanını oynamaq üçün elə imtahan gedə-gedə pəncərəni açıb "yanğın var" deyə qışqırmış, hamını təlaşa salmışdım. Düzü, o cür hissiyyatı özüm də gözləmirdim, amma alındı, estrada aktyorluğuna qəbul elədilər.

 

- Bakı Uşaq və Gənclər Teatrı ilə yolunuz necə kəsişdi?

 

- Bura gəlməmişdən qabaq çox yerlərdə işləmişəm: televiziya, başqa teatr, incəsənətdən tamamilə uzaq yerlər və sair. Deyirlər, insan təcrübə qazana-qazana yerini tapır. Məndə də bir növ elə oldu. Sanki bura mənim yerimdir. Düzü, həyatım belədir: asanı da çox çətinliklə əldə edirəm. Burda da elə oldu. Bura ilk dəfə 2013-cü ildə getmişdim və İntiqam Soltan işə də götürmüşdü. Elə oldu ki, çox pis xəstələndim, uzun müddət xəstəxanada yatmalı oldum. İntiqam müəllimə deməmişdim, xəbəri yox idi, ona görə də qayıdanda gec idi, işimə davam edə bilmədim. Bəlkə də orda qalsaydım bu vaxta kimi xeyli yol qət etmiş olardım. Uşaqları çox sevirəm. Məncə, başqa teatrda burdakı kimi yaxşı alınmaz. Mənə həmişə deyirlər ki, sən səhnəyə çıxanda tamam başqa adam olursan. Doğrudan da hər şeyi unuduram. Nə var ki, uşaqların üzündə o gülüşü yarada bilim. Uşaqların alqışında yaşayan biriyəm. İntiqam müəllimin sözü var: "Uşaqları güldürmək çox çətindir". Bunun öhdəsindən gəlirəmsə, xoşbəxtəm. Bu teatrı heç vaxt dəyişmək istəmərəm. Düzdür, şəraitimiz çətindir, yerimiz yoxdur, çox əziyyət çəkirik. Olduğumuz məkanda insanın özünü aktyor kimi hiss edəcəyi heç bir şərait yoxdur. Aktyorlarımız isə çox istedadlıdır. Amma şəraitsizlik bizi çətinə salır. İnşallah, düzələr.

 

- Səhnədəki Gülərlə həyatdakı Gülər nəylə fərqlənir?

 

- Biz, adətən, məşqlərdən öncə hazırlıq keçirik. O hazırlıqda aktyorlarla bəzən söhbət edirik. Fikir verirəm ki, hamımız dərddən, problemdən danışırıq. Onda əsəbləşirəm. Deyirəm ki, istəmirəm bunu müzakirə edək, istəyirəm hansısa əsərdən danışaq. Məncə, səhnədə hər şey unudulmalıdır. Yenilik axtarışındayam həmişə. Səhnədəki Gülər çox rəngarəngdir. Düzdür, həyatda da pozitivəm və bu pozitivliyim çox zaman insanlara qarşı müdafiəmdir. Daxilimdə çox kövrəyəm. Bir söz belə məni qıra bilir.

 

- Bu teatrda ilk rolunuz hansı olub?

 

 

 

- "Göyçək Fatma"da qarını oynamışam. Teatra gəldiyim bir həftə idi, dedilər səhnəyə çıxırsan. Soruşdum ki, qarını özüm gördüyüm kimi oynaya bilərəm? Dedilər, hə. Nəhayət, çıxdım səhnəyə. İntiqam müəllim də oyunumu izləyirmiş. Onda adətdir, təzə gələni xüsusiylə izləyir. Tamaşa sonrası çağırdı. Qorxdum ki, irad bildirəcək. Amma o, məni təbrik elədi, başa düşdüm ki, yaxşı oynamışam.

 

- Bəs bu vaxta qədər ən yaddaqalan rolunuz hansı olub?

 

- "Sevgi şimşəyi" tamaşasında Gülnaz obrazı. O, ilk böyük rolum olub, tərəf müqabilim Mehman Piriyevlə birgə bir saat boyunca səhnədən çıxmadan oynamışam. Həqiqətən də Gülnaz mənə çox şey öyrədib, çox şey qatıb. Ona görə də bu rolum mənimçün dəyərlidir.

 

- Uşaqlar üçün yazılan əsərlərdən razısınız?

 

- Uşaqlara aid hansısa əsər qurmaq istəyəndə çox vaxt keçmişə gedirik. Müasir ədəbiyyatımızda bu əsərlər azlıq təşkil edir. İntiqam Soltan deyir: "Məktəblərdə teatr sənəti olmalıdır". Məncə də, bu, çox vacib məsələdir, ehtiyac var. Əsərlər də uşaqlar üçün tərbiyəvi məzmunda olmalıdır ki, onlara nəsə çatdırsın. Nə yazıq ki, internet dövründə uşaqlarımıza yaxşı şeylər verə bilmirik.

 

- Sənətiniz qalmaqallı, söz-söhbətli sənətdir. Burda baş çıxartmaq üçün nə lazımdır, sizcə?

 

- Özün olmalı, ətrafa fikir verməməlisən. Mən bu sənətə gələndə çox deyirdilər, sıxışdıracaqlar, çətinlik çəkəcəksən. Amma bilirəm ki, hər şeyin öhdəsindən gələrəm. Şükür, hər zaman yanımda olan, başa düşən ailəm var. Deyirlər ki, bunu özün qazanmısan və sən sübut elədin ki, səhnəyə lazımsan. Təəssüf, bu sənətin "suyunu çıxarıblar". Qurunun oduna yaş da yanır.

 

- Nədən narazısız?

 

- Hər şeydən... Universitetə nə xəyallarla getmişdim, amma heç birini bu sənət vermədi mənə. Elə bilirdim, istedadımı hər kəs görəcək, ona görə yollarım açıq olacaq. Amma rejissorlar mənim istedadımdan istifadə edə, dəyərləndirə bilmirlər.  Yaxşı şeylər etmək istəyən gəncləri görürəm. Bilmirəm, sistem bizə nə dərəcədə kömək edəcək, amma çox istəyərəm hər şey, hər kəs dəyişsin, inkişaf eləsin. Mən hələ aktrisa kimi özümdən də razı deyiləm. Özümə hər zaman tənqidi yanaşıram.

 

- Seriallara, filmlərə çəkilmisiniz?

 

 

 

- Xeyr, çəkilməmişəm. Seriallara dəvət almışam, bəyənməmişəm. Amma özümü, istedadımı həqiqətən də göstərə biləcəyim filmə çəkilməyi çox istəyərəm.

 

- Sizi daha çox komediya aktrisası kimi tanımışıq. Dramda özünüzü sınamaq istərdinizmi?

 

- Çox istərdim, çünki aktrisa rəngarəng olsa yaxşıdır. Ömrü boyunca tək bir rolla tanınmaq aktyorun bədbəxtliyidir. Mən də istəmərəm ki, təkcə komediya aktrisası kimi tanınım. İstərəm, dramda da məni sınasınlar. O da yenə gəlib çıxır hiss etməyi bacaran rejissora ki, gərək o, məni görüb çəksin.

 

- Nə zamansa oynamaq istədiyiniz obraz var?

 

- Var, əlbəttə. Yeni mövsümdə keçiriləcək mono tamaşalar festivalı üçün bir əsər hazırlayıram. Ordakı qadın obrazı məni çox həyəcanlandırır. Bir xasiyyətim var ki, özümü tapmadığım, daxildən hiss etmədiyim rolu oynaya bilmirəm. Əgər məcbur qalıb oynayıramsa da, heç vaxt ifamı bəyənmirəm.

 

- Sizcə, tanınırsız?

 

- Televiziyada işləyəndə çox tanınırdım. Hətta indiki gənc aktyorlarımız deyirlər ki, biz o vaxtdan sənin fanatın idik (gülür). İndi isə elə də yox. Tanınmaq kimi bir dərdim olmayıb. Kimsə məni tanıyanda təəccüblənirdim ki, nə əcəb tanıdı? Özü də məni tanıyıb sevənlərin əksəriyyəti yaşlı nəsildir.

 

- Ən böyük itkiniz nə olub?

 

- Anam... Bu, heç bir itkiylə müqayisə olunmaz. Ona çox bağlı idim. Çox xüsusiyyətlərim ona bənzəyir. Anasızlığım məni hər zaman sıfıra yuvarlayır. Həmişə sıfırdan başlamalı oluram. Elə dərdin, sözün olur ki, bircə ona deməlisən, o isə yoxdur. Amma yanımda olmasa da, hər zaman onu hiss edirəm. Həyatımın bütün həlledici məqamlarında onun müdaxiləsi, köməyi olur. Yuxularım vasitəsilə. Tez-tez gəlir yuxularıma və mənə lazım olan mesajları verir. Hərdən fikirləşirəm ki, o, mənim qoruyucu mələyimdir.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2020.- 29 avqust.-S.24