Tanıyaq və
tanıdaq:
Alışıq
Məhəmməd İbadi-Qaraxanlı
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış
və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm
mədəniyyət yaradan
bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri
olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad,
Filologiya elmləri
doktoru
1979-cu ildə Təbrizdə
dünyaya göz açıb. Orta məktəbi bitirdikdən
sonra əsgəri xidmətdə olub. Kiçik yaşlarından Aşıq
Əli İbadinin tövsiyəsi ilə ana dilini öyrənməyə,
doğma türkcədə
şeirlər söyləməyə
başlayıb. Alışığın
ilk şeiri 1994-cü ildə
çap olunub.
Şair
deyir ki, mən o zamanlar dilimizi, ədəbiyyaımızı
öyrənərkən ədəbiyyatımızın
parlaq ulduzları - Əli Daşqın, diktor Yəhya Şeyda kimi ustadlarla tanış
oldum və bundan son dərəcə təsirləndim.
Alışığın şeirləri bir çox mətbu orqanlarında çap olunub və oxucuların böyük rəğbətini qazanıb. Bu gün Alışığın
heca vəznində, oxunaqlı, ahəngdar səslənən şeirləri
el məclislərində, toy-düyündə aşıqların
dilindən düşmür,
xalq da bu
şeirləri böyük
məhəbbətlə dinləyir.
Məhəmməd İbadi-Qaraxanlı - "Alışıq"
tədqiqat və toplama işləri ilə də uğraşır. Alışıq
görkəmli el sənətkarımızdan
Aşıq Qurbaninin, Aşıq Kamandarın və Bəhmən Vətənoğlunun seçmə
şeirlərini toplayaraq
nəşrə hazırlayıb
və İranda "Əxtər" yayım evində ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində çap etdirib.
OĞLUM
Sürüdən ayrılıb azan qoyunu,
Qurdlar parçalayıb,
bil, yeyər oğlum.
Taleyinin
quşun əldən uçurdan,
Döyər təpəsinə, dərd
yeyər, oğlum.
Oğurluq mal dağda olsa
talanar,
Pak insan pir olar,
duz tək yalanar,
Namərd
boyun bəslər, arsız dolanar,
Dərdin xınabasın mərd yeyər, oğlum.
Alışıq tək alış,
sönsən qəmin
yol!
Bilmədiyin işə qoymaginən
qol!
Sən öz kölgəndən də ehtiyatlı ol!
Ağacı içindən qurd yeyər oğlum.
NƏ DESİN
Bahalıq baş yarır,
ilxı satanlar,
Ala bilmir tək bir qatır, nə desin?
Daban daşından da bərk olub üzlər,
Qalmayıbdır hörmət, xatır
nə desin?
Dərin
düşünənlər düşür dərinə,
Varlı zərə batır, yoxsul tərinə.
Sərçəni boyayıb bülbül
yerinə,
Dədə balasına satır,
nə desin?
Alışıq bu dərdi daş çəksə çatlar,
Yalqız yükü götürən
pişik bel qatlar.
Arpamızı yeyib hırnayan atlar.
İndi,
bizə təpik atır, nə desin?
Alışıq Məhəmməd
İBADİ-QARAXANLI
525-ci qəzet.- 2020.- 21 avqust.- S.14.