Cüt olmaq - Esse
Elə
mövzular var ki, yalnız pıçıltılara
sığır. Onlar yüksək səslə, adam
arasında danışılmaz.
Elə bu cızma-qara kimi...
Bir gün
- adi günlərin birində, elə bil, başıma küt çəkiclə
vurdular və nəhayət, gec də olsa, qavradım
ki, bu həyat
tək sürdürmək
üçün ağır
yükdür bir canlıya. Bir anlıq təsəvvür
edin, böyük bir mebeli yerindən
qaldırıb evdən
təkbaşına çıxarmaq
mümkündürmü? Hətta min bir zülm-zillətlə mümkünsə də,
o mebeldən əsər-əlamət
qalarmı, sizcə?
Çətin ki... Əzilər, dağılar,
sınar, qırılar,
ələ gəlməz
hissələri... Hə, bax
həyat yükünü
bir nəfərin öz çiyinlərində
tək daşıması
buna bənzəyir.
Bəli,
hər kəs tək yaşamağa qadirdir. Kişi də, qadın da... Bir kişi sabah
yuxudan durub: "Mənə qadın lazım deyil", yaxud bir qadın: "Bu gündən
feministəm, kişilərə
ehtiyacım yoxdur", deyə... Yaşayırlar da. Amma bir
müddət sonra hər ikisi o mebeli tək daşıyan adam
kimi çökür.
O tək daşınan
mebel kimi sınıq-salxaq olur. Bilirsiz niyə? Çünki Allah bilir yaratdığı
bəndəsinin güc
miqyasını. Yoxsa insanı
cüt yox, tək yaradardı. Necə ki deyilib
müqəddəs kitabda:
"Mən sizi cüt yaratdım!"
Nə gözəl
ifadələrdir "cüt
olmaq”, “cütləşmək",
deyilmi? Fikir verin. Bu kainatda cüt olmayan ins-cins yoxdur axı. Heyvan da, həşərat da, balıq
da, quş da, hətta
bitki də vaxtı çatanda cütləşir. Adını nə
qoyursuz, qoyun, cütünü, tayını,
parəsini, yarısını
axtarıb tapır. Demək, bu
axtarış həyatın
ən özül, ən ana qanunudur.
Hətta
cansız əşyalar
da cüt olarkən gözə gözəl görünür. Tək ayaqqabı
kimə lazım?
Ya da tək tay sırğa?
Ayaqqabı da, sırğa da, nə bilim, ətrafımızda olan minbir başqa nəsnələr də dəst, cüt olanda maraqlıdır, lazımlıdır. İndi baxın, yaxşı-yaxşı
baxın! Ay "feministəm"
deyib, döşünə
döyən qadınlar,
"Qadınsız həyat
gözəldir" deyən
kişilər, sizlər
də baxın! Baxın, dərk edin ki, həyat
cütləri sevir, təkləri deyil! Özü də sadəcə artmaq, çoxalmaq naminə deyil, bir olmaq, bərabər
addımlamaq, paylaşmaq,
bölüşmək naminə
cüt olmaq gözəldir.
Və qəlbinizin
dərinliyində elə
siz də bu ali həqiqətə haqq verirsiniz. Çünki istəsəniz də,
istəməsəniz də,
qəbul etsəniz də, etməsəniz də insan özünü
dərk edəndən
yoldadır. Bəli, bəli,
əzizim, insan adlı varlıq doğulandan cüt olduğu tayına doğru yol gedir. O məşhur pritçadakı kimi...
Deyirlər ki, qədim-qədim əyyamlarda hələ Yerin üstündə bircə varlıq qonağıymış. Amma bu varlıqda iki can varıymış. Bir üzü kişi, bir
üzü qadın olan ikicanlı varlıq bir gün nə edir, nə etmirsə,
onu yaradan Tanrının qəzəbinə
tuş gəlir. Və Tanrı bir üzü qadın, bir üzü kişi
olan bu iki
canı ayırır.
Hərəsini ucsuz-bucaqsız Yerin
bir küncünə atır və o vaxtdan bu iki
yarımçıq varlıq
bütövləşmək, tam olmaq üçün öz yarısını, yarını axtarır.
Bir-birini
tanımadan ayrı-ayrı
məkanlarda, zamanlarda
doğulur, böyüyür,
bir-birini xəyal edir, axtarırlar. Axtara-axtara getdikləri yolda çoxlarıyla rastlaşırlar, görüşür,
isinişirlər, amma
cüt tayının,
yarısının kim olduğunu çox vaxt ayırd edə bilmirlər. Bəlkə yanından ötüb
keçəndə fərqinə
varmırlar. Bəlkə
görüşürlər, amma axtardıqlarının
məhz O olduğuna əmin ola
bilmirlər.
Bəlkə də, rastlaşırlar da, görüşürlər
də, isinişirlər
də, əmin də olurlar: bir dəst qazanla
qapaq kimi uyğunlaşır, ətlə
dırnaq kimi yaxınlaşır, güllə
kəpənək kimi
bir-birinə yaraşır...
Hə, ilk baxışdan bənzəmirlər
heç. Nə əlləri eyni görünür, nə gözləri bir rəngdə olur, nə qamətləri də düz gəlir. Amma qarşısında dayananın
məhz O olduğuna o
qədər əmin olurlar ki! Bəs
görəsən, hardandır
bu əminlik? Beyin impulslar qəbul etdikcə qəlbə hökm göndərir ki, eyni düşünürsüz,
əzizim. Eyni baxırsız Günəşə,
dünyaya, insanlara. Çünki ruhu ruhundandır. Qohumdur, birdir, əkizdir bu ruhla... Və
o an anlayırlar ki, həyatlarında çatışmayan o pazl
budur elə. Bütün işığı,
enerjisiylə qarşısında
dayanıb. Əl uzatsan çatar. Amma sonda mütləq bir əmma çıxır,
bir mümkünsüzlük
əmması. Və bir-birinə doğru maqnit kimi yol
alan bu iki
yarımçıq varlıq
bütövləşmədən ayrılır. Ölçüsünə
uyğun olmayan başqa yarımçıq
varlıqlarla cütləşmək
üçün! Elə
bil qazan kiçik gəlir qapağa, ya da əksinə. Qapaq oturmur qazanın üstünə... Nəsə
düz gəlmir ölçülərdə, duyumlarda,
temperamentlərdə... Günbəgün
dərk edirlər ki, nəsə çatmır axı... İlk baxışdan hər şey yerli-yerindədir. İsti soba, təmiz ev-eşik, gözəl dolanışıq, oğul-uşaq
- hər şey, hər şey yerli-yerindədir, dörd-dördlükdür.
Amma elə bil, çox vacib, çox önəmli bir pazl çatmır ümumi tabloda. Və içdən, lap dərin qatlardan duyurlar ki, çatışmayan bu pazlın boşluğunu nə övladın isti nəfəsi, nə yanındakının təması,
nə gündəlik qayğılar, nə karyera uğurları ört-basdır etmək gücündədir. Bəli,
zamanla hər ikisi təhdəlşüurda
dərk edir bu uyğunsuzluğu, amma geriyə də yol yox
bu səfər...
Bir xatırlayın, müqəddəs kitabda Tanrının insanı yaratmasıyla bağlı
bu çatışmayan
pazlın düsturu, mahiyyəti, hətta yeri belə təsvir edilib: "Əvvəl kişini yaratdım, sonra onun darıxmaması
üçün sol qabırğasından qadını..."
Demək, çatışmayan
pazl bir vaxt səndən qopan candır, ruhunun çatışmayan
damcısı, ruh əkizindir!.. Bir də alimlər ölçüb-biçib deyirlər
ki, insanların aura işıqları müxtəlif rənglidir.
Bəzilərininki eynidir,
çoxununku fərqli.
Bir anlıq gözlərimizi yumaq və təsəvvür edək ki, ruhlarımızı
görə bilirik. Sizcə, nəyi görərik o an? Məncə, görərik
ki, bütün əkiz ruhlar eyni rəngdə,
eyni parlaqlıqda işıq saçır...
Amma hərdən
də bir-birini axtaran ruh əkizləri
tapışanda, qovuşanda
birgə yola çıxa bilirlər. Qısa müddətə cütləşirlər, cüt
olurlar. Amma Romeo-Cülyetta kimi kimi tez, çox
tez də ayrı düşürlər...
Biz ola bilmirlər
sonadək. Çün
bu həyat sənli, mənlidir. Tək olanda da, elə cütləşəndə
də sənli, mənlidir, bizli deyil! Bəlkə ondandır ki,
tək gəlir dünyaya, tək köçür dünyadan
hər bəndə. Tanrının uzun-uzun illər öncə ulu əcdadlarımıza kəsdiyi cəza insanlığı təqib
edir beləcə. Və sonda anlayırsan
ki, ən ali hisslər
bir tək Ona tuşlanmalıdır:
aləmlərin Rəbbinə... Və qalan bütün bəşəri sevgilər
o böyük sevginin yanında kiçik qalır və günün birində sönməyə məhkum
olur!
Günel
MEHRİ
525-ci qəzet.-
2020.- 28 avqust.- S.12