Ruqiyyə SƏFƏRİ

1979-cu ildə Təbrizdə anadan olub. İbtidai orta məktəbi həmin şəhərdə bitirən Ruqiyyə xanım ana dilində təhsil almaq məqsədilə Bakıya gəlib BDU-nun filologiya fakültəsinə daxil olub.

2008-ci ildə Universitetin bakalavr pilləsini uğurla bitirərək "Türkologiya" ixtisası üzrə magistraturaya qəbul olunub.

 "2011-ci ildə Cənubun çağdaş şairləri" mövzusunda elmi işini uğurla müdafiə edərək magistr diplomu alıb.

Təbrizə qayıtdıqdan sonra müxtəlif mətbuat orqanlarında jurnalist tərcüməçi kimi fəaliyyət göstərib.

Hələ orta məktəb illərindən ədəbiyyata, şeirə bağlılığı illər sonra onun yaradıcılığına öz təsirini göstərib.

Ruqiyyə Səfərinin qələmə aldığı hekayə şeirlər İranda, Azərbaycanda ABŞ-da müxtəlif qəzet, dərgi ədəbi antalogiyalarda çap olunub.

 

1

 

Evimi axtarmayın,

Kitabxanamı dağıtmayın,

Gözlərimin üfüqlərə zillənən köşəsində gizlətmişəm

Azadlığı...

 

2

 

Xatirələr torpağa tapışırılır,

Düz ölülər kimi!

Torpağını başıma səpən olsaydı,

Unudardım səni

Torpağın üzü soyuq olar axı...

 

3

 

Havanmı dəyişik düşüb, yoxsa yerinmi?

Yenə yatmaq bilməyirsən ürəyimdə

Gecədən bəri!

 

4

 

Soyundum xatirələri,

çılpaq girirəm yoxluğuna,

bir ehram bağlayıram,

qaranlığa tapınıram bu gecə!

Zülmətin zülmünü sürtürəm əynimə,

dağlayıram qabarlarımı bir daha

səni unutmasın sellollarım!

Yoxluğun dərinliyində bir yoxluq tapıram

yox rəngində...

sarılıram

içimə boşluq dolur,

əsid kimi ciyərimi doğrayır.

tikə-tikə qusuram içimi

bütün varlıqları varlığımdan atıram...

mənə yoxdan bir məzar qazın,

baş daşı "yox" olsun bu gecə!

 

5

 

Canımı ovcuma alıram

Təbriz bazarını dükan-dükan gəzirəm.

İnanıram,

Bir gün burdan qucaq-qucaq bağımsızlıq alacağam vətənimə!

 

6

 

Pəncərə arxası məzarım olacaq,

Hərdən keç bizim pəncərənin qabağından

İşin düşməsə , o tərəflərə,

Qoy qərib olmayım məzarda barı.

 

7

 

Keçmişimdə həp bir nisgil göynəyir,

həp bir sərçə balası var,

yuvadan düşmüş

bağırır boğazımda,

udqunuram qan damır içimə...

kimsə eşitməyir,

gözlərimdən başqa.

Ağlayıram,

anam dilə tutur

- anası var, gəlib aparar!

Sərçə bağırır boğazımda,

boğazım tutulur.

qızdırma içində yanıram...

anam başım üstündə,

udqunuram, qan damır içimə,

bir pişik gözlərimi sökür,

gözlərim yox artıq,

ağlayanmıram.

Bir sərçə pəncərəni dimdikləyir - ana sərçə!

Keçmişimdə həp bir nisgil göynəyir,

mən yaşamıram heç,

həp keçmişi təkrarlayıram,

nisgilləri udquna-udquna!

 

8

 

Bağışlayın, bəy əfəndi,

Ürəyinizin neçənci qatı,

Neçə aya,

Neçəyə,

Kirayə verilir?!

 

9

 

İşıq haqqı,

Kitab haqqı,

Qələm haqqı,

Vətən haqqı bircə canla ödənər!

 

10

 

Zərrə-zərrəmdə vətən nisgili

Beynimdə azadlıq fırtınası

göz gilələrim torpağımın boyasındadır.

Məni harda asırsız asın,

Dar ağacımdan bayrağım yellənəcək

gömüldüyüm yerdən Azadlıq cücərəcək!

 

EY ƏSƏN YEL

 

Ey əsən yel!

külümü sovuracaqsan,

barı ölkəmə doğru əs

bir gəldiyimə varayım.

Qoy sağ əlim Ötükənə pay olsun,

sol əlimsə Sibrimi tutsun,

Araz laylamı sızlasın beşiyində

özləmli baxışlarıma.

Qoy torpağım olsun məzarım,

kimliyimsə baş daşım

bu anılmayan çağda,

ey əsən yel...

 

GECƏ YARILARI

 

Gecə yarısı dolanmağa çıxıram

yalqız deyiləm!

Mən, bir özüm

gəzirik beynimdə addım-addım.

Bəzən yol uzanır,

elə ki, səhərə kimi bitməyir.

bəzən elə qısa olur ki,

bir saata bütün beyini ayaqdan salırıq.

özü dikdaban geyinər

mənsə ayaqyalın...

Hələ qış olmayıb,

Çayların şaqqıltısına yuxuya gedirik...

 

AĞAC

 

Ağac yayın ortasında

bir yarpaqdan belə arı

ağac quru!

Pəncərədən

gözüm düşür

budağındakı yuvaya

yiyəsiz dağınıq yuva

bir ağac!

Ürəyimin köşəsində

qoca sevgi

qoynunda qurulan umid

ayaq basır

gələcəyə.

 

Ruqiyyə SƏFƏRİ

 

525-ci qəzet.- 2020.- 21 avqust.-S.14.