Təbiətin bəxş etdiyi gözəllik –

 

İlisu Dövlət Təbiət Qoruğu

 

İlisu Dövlət Təbiət Qoruğu 1987-ci il fevralın 20-də 9345 hektar ərazidə yaradılıb. Qoruq Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 metr hündürlükdə yerləşir.

2003-cü ildə Nazirlər Kabinetinin 31 mart tarixli qərarı ilə qoruğun ərazisi xeyli genişləndirilib. Qax rayonunun meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu İlisu Dövlət Təbiət Qoruğuna verilib. Hal-hazırda qoruğun sahəsi 17381,6 hektardır.

Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaqdır. Həmçinin, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaqdır.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2003-cü ildə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması, nəsli kəsilən heyvan növlərinin bərpa edilməsi məqsədilə isə İlisu Dövlət Təbiət Qoruğu nəzdində Qax Dövlət Təbiət Yasaqlığı yaradılıb.

 

Qışı yumşaq, yayı sərin, əlverişli iqlimə malik

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyir ki, İlisu Dövlət Təbiət Qoruğunun ərazisi şimaldan Zaqatala rayonunun ərazisi və Qax Dövlət Yasaqlığının yay otlaqları, cənubdan Samux rayonu ərazisi, Qərbdən Gürcüstan və Ləkit-Kotüklü bələdiyyəsinin torpaqları, Şərqdən Qax rayonu və Qax Dövlət Təbiət Yasaqlığının qış otlaqları ilə həmsərhəddir. Dəniz səviyyəsindən hündürlüyü 104-3480 metrdir. Dəniz səviyyəsindən 3480 metrədək hündürlükdə olan ən hündür hissəsi Rusiya ilə həmsərhəd olan Axvay zirvəsidir: "Ərazidə dağlıq relyefin üstün olması cənub və cənub-şərq küləklərinin qarşısını kəsir və atmosfer yağıntılarının gözlənildiyindən artıq düşməsinə səbəb olur. Ərazinin qışı yumşaq, yayı sərin olmaqla əlverişli iqlimə malikdir".

 

Əsrarəngiz təbiətli İlisu

 

Rəis müavininin söylədiyinə görə, İlisu Dövlət Təbiət Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Zəngin tarixə malik İlisu kəndinin yaranması XVI əsrə gedib çıxır. Səfəvilər dövründə, 1562-ci ildə Səfəvilərin türk əhalisinin, eləcə də Dağıstandan köçüb gələn saxurların məskun salaraq əsasını qoyduğu bu ərazi hazırda müstəqil Azərbaycanın ən böyük kəndlərindən biri sayılır. Kəndin toponimi qıpçaq mənşəlidir, "ili" və "su" sözlərindən əmələ gəlib mənası "isti su" deməkdir. Qədim türk dillərində "ili su" həm də "yel suyu" mənasını verir. Amma şübhəsiz, birinci variant məqbul sayılmalıdır. Çünki İlisuda əvvəllər lap çox, indi isə cüzi sayda olan isti bulaqlar mövcuddur. Bundan əlavə, kəndin adının "iyli su", "elli su", "ulu su" kimi variantları da var. Kənd rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1496 metr hündürlükdə yerləşir. Kənddən şərqdə, 10 kilometr uzaqlıqda Qaraqaya dağı, şimalda Kürmükçay dərəsi yerləşir. Bundan əlavə, İlisuda Qoçyataq gölü, Hamamçay dərəsi, Su qovuşan, Şahverdi, Ram ramay şəlalələri kimi nadir təbiət inciləri var. Ağçayla Kürmükçay da məhz İlisu ərazisində qovuşur.

 

Adları Qırmızı kitaba daxil edilən nadir bitkilər

 

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir.

Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə qəhvəyi dağ-meşə torpaqları yayılıb.

A.Səmədova qeyd edib ki, ərazidə 530-dan çox bitki növü qeydə alınıb ki, bunlardan 50 növü tibbi əhəmiyyətli endemikdir. Meşələrin çoxunda1000-1700 metr hündürlükdə yerləşən şərq fıstığı, 600-1000 metr hündürlükdə yerləşən palıd-vələs meşələri var. 1800-2100 metr hündürlükdə qarışıq ağaclı subalp meşələri yerləşir. İlisu Dövlət Təbiət Qoruğunda 87 fəsiləyə, 313 cinsə aid olan 527 ali sporlu, çılpaqtoxumlu çiçəkli bitki növlərinin yayılması müəyyən edilib ki, bu da Azərbaycan florasının 11.71 faizini təşkil edir.

İlisu qoruğunda dərman, endemik, nadir nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fıstığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq s. bitkilər mövcuddur. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilib.

 

Müxtəlif heyvan növləri ilə zəngin Qoruq

 

Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar - nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu, yırtıcılar - qonur ayı, canavar, tülkü, daş meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq, gəmiricilər - dovşan, süleysinlər, siçanlar, sincablar, cücüyeyənlər - ağdiş, qonurdiş, kirpilər, nalburunlar s. ibarətdir.

Rəis müavini bildirib ki, qoruqda quşların 11 dəstəyə aid olan 90-a qədər növü mövcuddur. Onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.

Qoruqdakı çaylarda çay farel balığı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, kür şirbiyi kür xramulyası yalnız Kürmükçayın qoruğun aşağı sərhəddindəki hissəsində məskunlaşıb. Burada suda - quruda yaşayanların 5 (qurbağalar) növü yayılıb.

 

İti axan Alazan çayı

 

İlisu Dövlət Təbiət Qoruğunun çayları dağ çayları olduğundan çox mailidir, məhz bu səbəbdən iti axır. Kürmük, Ağçay, Qum Ləkit çayları çox iti axınla yuxarı axarında əsasən öz yatağını dərinləşdirir.

A.Səmədovanın dediyinə görə, qoruğun ərazisindən axan çayların qidalanması müxtəlif mənbələrdəndir. Bu çaylar orta dağlıq əraziyə düşən bol yağışlar, yüksəkdağlığa düşən qalın davamlı qar örtüyü yeraltı sularla qidalanır. Qrunt suları onların üzərində yerləşmiş bütün səthdən sızılmış su hesabına artır. Qrunt sularının səviyyəsi sızan suyun miqdarından asılı olaraq dəyişir. Ona görə qar əridikdən sonra qrunt sularının səviyyəsi yüksək olur. Belə vəziyyət İlisu Dövlət Təbiət Qoruğunun demək olar ki, bütün çaylarında təkrarlanır: "Alazan çayının uzunluğu 413 kilometrdir. Gürcüstanın ərazisində olan Baş Qafqaz silsiləsinin Böyük Borbalo dağından başlayır Mingəçevir su anbarına tökülür. Balakən, Katex, Talaçay, Kürmük, Əyriçay onun qollarıdır. Yeraltı qar yağış suları ilə qidalanır. Yaz yayın əvvəllərində daşır. Əyriçay-Qanıx çayının sol qoludur. Oğuz, Şəki Qax rayonları ərazisindən axır. Ərazidə həmçinin, tektonik mənşəli, duzlu Acınohur gölü yerləşir. Suyun duzluluğu yüksək olduğundan burada ali bitkilər bitmir, lakin yosunlar bəzi xərçəngkimilər bu suda yaşayır su quşları üçün yem bazasını təşkil edir".

 

Kürmükçay

 

A.Səmədova vurğulayıb ki, qoruğun ərazisində yerləşən uzunluğu 55 km, hövzəsinin sahəsi 562 km olan digər çay isə Kürmükçaydır. Çay başlanğıcını Böyük Qafqazın cənub yamacından - Dağıstan sərhəddindən alır. Gönaxaysu Hamamçayın birləşməsindən əmələ gəlir. Axımı, əsasən yeraltı qar qismən yağış sularından əmələ gəlir. Yazda qar, yayda, payızda isə yağış suları çayda daşqın əmələ gətirir. Yaz daşqını martın axırında başlayıb iyun ayının axırlarııa kimi davam edir. Yay aylarında güclü yağışlar çayda dəhşətli sel hadisələrinə səbəb olur. Suyunun orta lillənməsi 500-1000 q/kub metr olmaqla hidrokarbonatlı - kalsiumludur. Alazan-Əyriçay dərəsi daxilində çay bir çox qollara ayrılaraq əkin sahələrinin suvarılmasında istifadə edilir.

 

Hamamçay

 

Rəis müavinin sözlərinə əsasən, başlanğıcını Qaflan dağından götürən Hamamçay da İlisu Dövlət Təbiət Qoruğunun ərazisindədir. Əsasən qar suları buzlaqlarla qidalanır. Buna görə , əsasən yaz aylarında bolsulu olur. Yaz aylarında tez-tez çayda daşqınlar baş verir. İlisu kəndinin yan erroziyadan mühafizəsi üçün çayın sol sahili boyunca İlisu kəndi ərazisində bənd salınmışdır. Üzərində Tovla-Tala məhəlləsinə keçmək üçün körpü mövcuddur. İlisu kəndinin aşağı hissəsində Kürmükçaya tökülür. Mənbəyini 2870 metr yüksəklikdə, Qaflan zirvəsinin ətəklərində "qaynarca" adlandırılan iki bulaqdan götürür. Burada qaynarca isti-qaynar su mənasında deyil. Qaraqaya zirvəsindən qoşulan sağ qolu qısa daha gursuludur. Əsasən buzlaqlarlardan qidalanan dağ çayıdır.

Çayın üzərindəki yeganə körpü mənsəbdən 30-50 metr məsafədə olub 2011-ci ildə inşa edilib.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2020.- 22 avqust.- S.20.