İmana söykənən
kamil ömür
Bir
neçə ilin söhbətidir... Avropa ölkələrinin
birində ölkəmizdəki dini konfessiyaların və
onların təşkilatları barədə auditoriyadakı
din xadimləri, filosoflar, teoloqlar, sosioloqlar, media nümayəndələrinə
və digər sahə mütəxəssislərinə məlumat
verirdim.
Özünün
multikultural və tolerant mühiti ilə bütün
dünyada məşhur olan Azərbaycanla bağlı söylədiklərimin
içərisində regionun mərkəzi İslam təşkilatının
- Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr
müavinlərindən birinin qadın olması ilə
bağlı informasiya zaldakılar arasında xüsusi
canlanmaya səbəb oldu. Əslində, bu cür reaksiya mənim
üçün yeni deyildi. Qəmər xanım
Cavadlının nəhəng bir müsəlman dini
korporasiyasının rəhbərliyində təmsil
olunmasının istər xaricdə, istərsə də
ölkəmizdəki auditoriyalarda ciddi təəccübə səbəb
olmasına biz çoxdan öyrəncəliyik. Məsələ
burasındadır ki, dünyadakı irili-xırdalı müsəlman
dini təşkilatlarının heç birində
qadının belə bir vəzifədə
çalışması faktına rast gəlinmir (Hər
halda, bizə belə bir hal məlum deyil). Nəzərə
alsaq ki, QMİ Avropanın ən iri İslam dini qurumudur
(müsəlmanların sayına görə qoca qitənin ən
böyük dövlətləri Türkiyə və Rusiya olsa
da, ölkədəki bütün tərəfdarlarını
öz ətrafında birləşdirən QMİ kimi struktura
bu ölkələrdə rast gəlinmir) bu informasiyaya belə
reaksiyanın təbiiliyinə şübhə etməyə
yer qalmır. Əslində, İslam dünyasında
ictimai-siyasi həyatın müxtəlif sahələrində
yüksək mövqelər qazanmış qadınlar, o
cümlədən, dövlət, elm, incəsənət xadimləri
kifayət qədərdir. Lakin nəhəng bir müsəlman
dini təşkilatının rəhbərliyində təmsil
olunmaq kimi tarixi ilk taleyini yaşamaq bu gün yubileyini qeyd
etdiyimiz Qəmər xanım Cavadlının alnına
yazılıbmış. Bu məqama yetmək
üçün isə o, çox şərəfli bir
ömür yolu keçib.
Qəmər
xanım Cavadlı Bakıda kifayət qədər
tanınmış ziyalı ailəsində doğulub
boya-başa çatıb. Onun babası Dadaş Cavadlı və
əmisi Adil Cavadlı köhnə nəsil media
veteranlarının xatirəsində, yəqin ki,
qalmamış olmaz. Qəmər xanımın rəhmətliklərin
əziz xatirəsinə qürur hissi ilə həsr etdiyi
"Sizi xatırlayarkən" kitabında haqlı olaraq qeyd
etdiyi kimi, "Dadaş və Adil Cavadlıların həyatı
əslində, bütöv bir mühərrir nəslinin
tarixidir". Bu tarixin başlanğıcı 100 il bundan
qabağa gedib çıxır. Hələ 1919-cu ildə
"Kommunist" qəzetində cəmi 16 yaşında
mütərcim kimi işə başlayan Dadaş müəllimin
yolunu bu qəzetdə oğlu Adil Cavadlı davam etdirmiş və
baş redaktorun müavini vəzifəsinə qədər
yüksəlmişdi (Adil müəllimi mən də
yaxşı xatırlayıram. Ötən əsrin 80-ci illərində
"Kommunist" nəşriyyatında çalışarkən
onunla ünsiyyətə olduğum anlar çox olub. Kifayət
qədər işıqlı bir insan idi). Uşaqlıqdan
yaradıcılığa böyük həvəsi olan
kiçik Qəmərin də jurnalist olacağına heç
kim şübhə etmirdi. Ən azından nəsillərin
peşə varisliyi prinsipi baxımından da belə olmalı
idi.
Qəmər
xanım 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunu bitirdikdən sonra bir müddət Mədəniyyət
Nazirliyində çalışsa da, irsi həvəs onu
jurnalistikaya gətirib çıxardı. Bir müddət
QMİ-nin mətbuat və informasiya şöbəsində
çalışan gənc mütəxəssis
"İslam" qəzetində və "Qafqazinform" mərkəzində
maraqlı materiallarla çıxış edirdi.
Q.Cavadlının çalışqanlığı və
özünəməxsus yaradıcılıq üslubu
bütün dövrlərdə kütləvi informasiya vasitələri
ilə münasibətlərə, dini mövzuda yazılara
çox ciddi diqqət yetirən Şeyximiz, hörmətli
Hacı Allahşükür Paşazadə həzrətlərinin
diqqətindən qaça bilməzdi. Məhz onun təkidi və
təşəbbüsü ilə gənc Qəmər,
Türkiyə Cümhuriyyətinin Dəyanət
Bakanlığına ezam edildi. O, burada dini nəşrlərin
hazırlanması və buraxılışı ilə bağlı
təcrübə mübadiləsi keçməli idi. Ötən
əsrin 90-cı illərinin ortalarını xatırlayan orta
və yaşlı nəslin nümayəndələri,
xüsusilə sahə mütəxəssisləri yəqin ki,
bu addımın hansı zərurətdən
yarandığını yaxşı anlayarlar.
Məsələ
burasındadır ki, uzun müddət tabu altında olan dini
mövzularda yazmaq həmin dövrdə kifayət qədər
dəbdə idi. Lakin bu işin məsuliyyəti və riskinə
az adam bələd idi. Məlumdur ki, ən kiçik
ehtiyatsızlıqdan insanların dini heysiyyatına toxunmaq
ciddi hüquq pozuntusu olmaqla yanaşı, həm də çoxkonfessiyalı
ölkələrdə kütləvi qarşıdurmalara da gətirib
çıxara bilər (Ən yaxın tariximizin acı təcrübəsi
bu cür "düşüncə və vicdan
azadlığının" hansı fəsadlara səbəb
olduğunu əyani göstərmişdi). Müstəqilliyimizin
ilk illərində, hüquqi nihilizm və senzuranın
yoxluğu şəraitində ölkəmizdə də bu
mövzuda "qələmini sınamaq" həvəsinə
düşənlər çox oldu. Savadlı mütəxəssislərin,
xüsusilə səriştəli redaktorların
azlığı burada vaxtaşırı irili-xırdalı
konfliktlərin yaranmasına gətirib
çıxarırdı. Bu baxımdan dini publisistika və dini ədəbiyyat nəşri
sahəsində zəngin tarixi təcrübəyə malik olan
Türkiyədəki mövcud vəziyyəti öyrənmək
çox faydalı idi.
Bu
missiyanı ilk olaraq üzərinə götürən Qəmər
xanım təcrübə mübadiləsini bitirib
qayıtdıqdan sonra onun birbaşa, rəhbərliyi,
iştirakı və ya həmmüəllifliyi ilə ölkəmizdə
İslam dininə aid onlarla maraqlı nəşrlər
işıq üzü görüb. Son onilliklər ərzində
dini, multikulturalizm mövzusunda keçirilən beynəlxalq və
respublika səviyyəli konfrans və simpoziumların əksəriyyətinin
çap nəşrlərinin ortaya-ərsəyə gəlməsində
onun əvəzsiz xidməti olub. Onun redaktorluğu ilə və
ya həmmüəllifliyi ilə buraxılan kitablar bu gün
bir çox tədris müəssisələrində, o
cümlədən, dini təhsil qurumlarında dərs vəsaiti
kimi istifadə edilir.
Bu gün
Qəmər xanım Cavadlı, mübaliğəsiz demək
olar ki, sekulyar cəmiyyətdə dini mövzularda
balanslaşdırılmış materiallar hazırlayan ən
yaxşı jurnalist və redaktorlardan biridir. O, kifayət qədər
ziddiyyətli və ciddi mübahisələr doğuran dini
xarakterli materialları elə hazırlayır və ya elə
redaktə edir ki, problemdə tam əks mövqelərdə
bütün tərəfləri qane edir, əlahəzrət Həqiqət
də zərər çəkmir. Problemi elmi-nəzəri
baxımdan araşdıran Qəmər xanım bu cür
yanaşmanın sirlərini özünün "İslam və
kütləvi informasiya vasitələri" monoqrafiyasında
da bölüşür.
Q.Cavadlının
ölkəmizdə dini təhsilin təşkilində
gördüyü işləri də bu yubiley günündə
qeyd etməyə dəyər. Hələ Sovet rejiminin
tüğyan etdiyi ötən əsrin 80-ci illərinin
sonlarında əsası hörmətli Şeyximizin səyləri
və nüfuzu hesabına qoyulmuş İslam dini təhsili
müstəqillik dövrünün ilk illərində ciddi
sınaqlardan keçməli oldu. Dini etiqad və vicdan
azadlığı bəyan edilsə də dini məktəblər
peşəkar kadrlar, dərsliklər və tədris
proqramları baxımından qıtlıq çəkirdilər.
Ümummilli liderimiz Heydər Əliyev və daha sonra isə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
birbaşa qayğısı və yenə Şeyxülislam
Allahşükür Paşazadə həzrətlərinin
yorulmaz səyləri hesabına bu problemlər də tədricən
öz həllini tapmağa başladı. Kifayət qədər
pedaqoji təcrübəsi və təşkilatçılıq
qabiliyyətinə malik olan Qəmər xanım ölkəmizdə
İslam dini tədris müəssisələrinin
formalaşmasında və fəaliyyət göstərməsində
Şeyximizin ən yaxın silahdaşı kimi çox işlər
görüb. Bu gün Azərbaycandakı İslam kolleclərinin,
Quran kurslarının əksəriyyəti məhz onun
hazırladığı dərs vəsaitləri, tərtib
etdiyi tədris proqramları və digər metodiki sənədlər
əsasında fəaliyyət göstərirlər.
Qəmər
xanımın elmi-pedaqoji fəaliyyəti də maraqlı məqamlarla
zəngindir. Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində "Dini dəyərlər KİV-də"
kursundan mühazirələr oxuyan Q.Cavadlı
özünün QMİ-də qazandığı zəngin təcrübəsini
tələbələrilə bölüşüb. O, bununla
kifayətlənməyərək "İslam dəyərlərinin
kütləvi informasiya vasitələrində
işıqlandırılması problemləri" mövzusunda tədqiqat işini
müdafiə edərək filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsinə layiq görülüb.
Hazırda "İslam bioetikası: dini-etik konteksdən
müasir ictimai problemə qədər" mövzusunda
başa çatdırdığı doktorluq dissertasiyası
da kifayət qədər aktual və maraqlı bir problemə, təbabətin və tibbi
texnologiyanın çox fantastik sürətlə
inkişafının dini, etik və fəlsəfi aspektlərdən
araşdırılmasına həsr edilib. Problemlə
bağlı tədqiqatçının "İslam və
bioetika" monoqrafiyası, respublikamızda və xaricdə dərc
olunmuş çoxsaylı elmi-publisistik məqalələri
sahə mütəxəssislərinin böyük
marağına səbəb olub.
Qəmər
xanımın özünün də söylədiyi kimi, onun
bir alim, pedaqoq, zəngin tarixi ənənələri olan nəhəng
bir dini korporasiyanın rəhbərliyində təmsil olunan
işçi kimi formalaşmasında QMİ sədri,
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin
müstəsna xidməti olub. Qəmər xanımın dərin
əqidəsini, yüksək təşkilatçılıq
qabiliyyətini, ölkənin dini ictimaiyyəti, xüsusilə
müsəlman din xadimləri arasında nüfuzunu nəzərə
alan Şeyximiz onu özünün müavini vəzifəsinə
təyin edib. Hörmətli Şeyximiz bu seçimi edərkən,
heç şübhəsiz, qadının İslam cəmiyyətində
rolu ilə bağlı bütün dövrlərdə səngiməyən
mübahisəyə dünyada tanınmış din xadimi kimi
özünün əməli münasibətini də bildirib.
İdarənin rəhbəri Q.Cavadlıya bir müsəlman dini qurumu üçün ən məsuliyyətli hesab edilə biləcək ictimaiyyətlə əlaqələr, ailə və gənclərlə iş, dini tədris müəssisələrinin fəaliyyətinə nəzarət kimi funksiyaları əlaqələndirilməsini həvalə edib. KİV-də dərin hörməti, ailə dəyərlərinə verdiyi önəm, KİV-də dini mövzuların işıqlandırılması sahəsində apardığı araşdırmalar, elmi-pedaqoji təcrübəsi sadalanan sahələrin uğurla əlaqələndirilməsinə yardımçı olub.
Qəmər xanımın nəzərə çarpacaq məziyyətlərindən biri də onun kifayət qədər feminist olmasıdır. İslam dəyərlərinin qadına verdiyi yüksək önəmə söykənərək, o, zərif cinsə qarşı istənilən formada təzyiq və zorakılığa qəti şəkildə dözülməzlik göstərir. QMİ-nin "Şəbnəm" qızlar İslam Kollecinin bütün müəllim və tələbə kollektivinin bütün üzvləri onu özlərinin qoruyucu mələyi hesab edirlər. Və mənə görə yanılımırlar. Dəfələrlə onların hüquq və mənafelərinin mühafizəsi üçün Qəmər xanımın göstərdiyi səylərin şahidi olmuşam.
Təkcə müsəlman din xadimləri deyil, ölkəmizdəki bütün digər konfessiyaların rəhbərləri də, dini qurumlarla əlaqəli sahələrdə çalışan dövlət orqanlarının vəzifəli şəxsləri də Qəmər xanımın şəxsiyyətinə böyük hörmət və ehtiramla yanaşır, onu dini təşkilatların idarə olunmasında böyük təcrübə və səriştəyə malik olan peşəkar mütəxəssis kimi qəbul edirlər.
İş elə gətirib ki, biz 15 ildən artıq bir müddət ərzində Qəmər xanımla həm də bir blokda qonşu olmuşuq. Özlərinin yüksək səviyyəli tərbiyələri, qayğıkeşliyi və alicənablıqları ilə Qəmər xanım da, onun ömür-gün yoldaşı, dostumuz Əliheydər müəllim də, onların övladları da bütün qonşuların sevimliləri idilər. İşimizlə bağlı Qəmər xanımla çoxsaylı və müxtəlif xarakterli tədbirlərdə birgə iştirak etmişik, fərqli ölkələri və beynəlxalq qurumları təmsil edən nümayəndə heyətlərini qəbul etmişik, xarici səfərlərdə olmuşuq. Onun biliklərinin dairəsi, vətənpərvərliyi, dövlətçiliyimizə və Azərbaycançılıq ideologiyasına sədaqəti, qüsursuz imanı məndə həmişə dərin rəğbət hissi oyadır. Əminliklə söyləyə bilərəm ki, onu az və ya çox dərəcədə tanıyan bütün şəxslər məni kimi düşünürlər.
Ad günün mübarək olsun, dəyərli
həmkarımız!
Simran HƏSƏNOV
Hüquq üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 22 avqust.- S.10.