Əbdürrəhim bəy Haqverdiyevin həyat

salnaməsinin Gürcüstan səhifələri

 

Birinci yazı

 

Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndələrindən olmaqla yanaşı, yazıçı, dramaturq, pedaqoq, publisist, ədəbiyyatşünas, diplomat, siyasi-ictimai və dövlət xadimi kimi çoxşaxəli və zəngin həyatı, yaradıcılığı və fəaliyyəti ilə fərqlənmişdir. Bu xüsusiyyətdən irəli gələrək onun yaşadığı və işlədiyi şəhərlər trayektoriyası da geniş coğrafi arealı əhatə etmişdir.

Sankt-Peterburq, Şuşa, Həştərxan, Bakı və Ağdamdan sonra tale Əbdürrəhim bəyin ömür yolunu 1916-cı ildə yenidən vaxtilə (1890-1891-ci illərdə) orta təhsil aldığıTiflis şəhərinə salmış, o, burada "Ümumrusiya şəhərlərinin xəstə və yaralı döyüşçülərə yardım ittifaqı"nın Qafqaz Komitəsində işə başlamış, qeyd olunan komitənin xəbərlər məcmuəsinin ("İzvestiə Kavkazskoqo komiteta /Vserossiyskiy Soöz Qorodov pomohi bolğnım i ranenım voinam") redaktoru olmuş, 1917-ci il fevral burjua-demokratik inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir. Həmin ilinmart ayında Ə.Haqverdiyev Xüsusi Cənubi Qafqaz Komitəsinin (OZAKOM) rəhbərliyi tərəfindən Tiflis quberniyasının Borçalı qəzasına komissar (müvəkkil) təyin olunmuş və qəza mərkəzi Şulaver kəndində məskunlaşaraq 1 il 3 ay bu vəzifəni icra etmişdir.

Əbdürrəhim bəyin Borçalıda məmurluğu zamanında erməni şovinist siyasətçiləri Çar Rusiyasında, o cümlədən, Cənubi Qafqaz quberniyalarında yaranmış hakimiyyət boşluğu və siyasi xaosdan yararlanaraq ermənilərin kompakt yaşadığı ərazilərin eyni inzibati-ərazi vahidlərinin tərkibində cəmləşdirilməsi üçün gələcəyə hesablanmış addımlar atmağa başlayır, bu istiqamətdə Tiflisin rəsmi dairələrində mövcud əlaqələrindən istifadə edərək Borçalı qəzasının cənub kəsiminin - Lori (Loru) nahiyəsinin Aleksandropol (Gümrü) quberniyasına birləşdirilməsi üçün imkanlarını sınayırlar. Ermənilərin bu məkrli planı Lorunun qeyri-erməni, xüsusilə də türk əhalisi tərəfindən ciddi təpkilərlə qarşılanır. Bununla bağlı kənd icmalarının toplantıları keçirilir və Tiflisdə yerləşən mərkəzi dövlət strukturlarına, dövri mətbuat orqanlarının redaksiyalarına etiraz məktubları və kollektiv müraciətlər ünvanlanır.

Borçalı qəzasından Aleksandropol quberniyasına torpaq verilməsinə sərt müqavimət göstərənlərin başında qəzanın komissarı Ə.Haqverdiyev gəlirdi. Kənd icmalarının haqqında bəhs etdiyimiz etiraz yönümlü toplantılarına da çox zaman o, özü sədrlik edirdi. Belə toplantılardan biri barədə məlumata Borçalı qəzasının Gürcü-Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri K.Svimonişvilinin Tiflisdə rus dilində nəşr olunan "Qruziya" gündəlik siyasi-ədəbi qəzetinin 7 noyabr 1918-ci il tarixli sayında işıq üzü görmüş "Borçalı qəzası və onun tələbləri" sərlövhəli məqaləsində rast gəlinir. Borçalı qəzasının həm ərazisinə, həm də əhalisinin sayına görə nəinki Tiflis quberniyasının, ümumən Cənubi Qafqazın ən iri qəzalarından olduğu, tatarların (Azərbaycan türklərinin) qəza əhalisinin böyük əksəriyyətini təşkil etdiyi vurğulanan məqalədə gürcü müəllif erməni millətçilərinin Loru bölgəsi üzərində iştahası və qriqoryan ermənilərdən başqa, digər yerli əhali qruplarının buna qəti etirazları üzərində dayanaraq yazırdı:

"Ötən 1917-ci ilin sentyabr ayında qəza komissarı Əbdürrəhman bəy (adı səhv yazılmışdır - F.V-H.) Haqverdiyevin sədrliyi ilə Cəlaloğlu kəndində 18 kənd icra komitəsinin üzvlərinin toplantısı keçirilmişdir. Bu toplantıda Lori bölgəsinin Aleksandropol quberniyasına birləşdirilməsi məsələsi müzakirə olunmuş və yalnız cəlaloğlulu yerli şovinist, daşnakların lideri Artaşes Avakov istisna olmaqla, hər kəs tərəfindən yekdilliklə Lori bölgəsinin Tiflis quberniyasının tərkibində saxlanması və heç bir vəchlə Aleksandropol quberniyasına birləşdirilməməsi xahişi ilə hökumətə müraciət ünvanlamaq barədə qərar qəbul edilmişdir".

Komissar Ə.Haqvediyevin sədrliyi ilə 1917-ci ilin 25 noyabr tarixində keçirilmiş fərqli məzmunlu başqa bir toplantı barədə Tiflisin digər rusdilli mətbu orqanı olan "Borba" qəzeti məlumat yayırdı. Bu məlumat Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) nümayəndəsi L.O.Elbakyantsın və Borçalı qəzasının Uzunlar kəndinin bir qrup sakininin 1917-ci ilin 17 noyabr tarixində Müəssislər Məclisinə keçirilən seçkilərdə onların kəndlərində baş vermiş qanun pozuntuları ilə əlaqəli şikayət məktubuna əlavə olaraq dərc edilmişdi. Şikayət məktubunda Uzunlar sakinləri seçki zamanı "Daşnaksutyun" partiyasının təmsilçisi A.Kalantaryanın Lori nahiyəsinin digər erməni kəndlərini nümunə göstərərək bir nəfərin öz yaxın qohum-əqrəbasının yerinə də səs verə biləcəyinin mümkünlüyünü iddia etdiyini, nəticə etibarilə Elbakyantsın etirazına baxmayaraq, səsvermədə iştirak edən bəzi şəxslə rtərəfindən seçki qutusuna bir neçə bülletenin atıldığını bildirir, seçkilərin nəticələrini ləğv edib qısa müddətdə yeni seçkilərin keçirilməsini tələb edirdilər. Bununla əlaqədar Müəssislər Məclisinə seçkilər üzrə Borçalı qəza komissiyası sədr Ə.Haqvediyevin və komissiya üzvləri - nahiyə müstəntiqi Kaçaryantsın, Çatulovun, Tuçkovun və Elbakyantsın iştirakı ilə qəza mərkəzi Şulaverdə öz iclasını keçirir. İclasda Elbakyantsın və Uzunlar kəndinin sakinlərinin müraciətləri nəzərə alınaraq yeni seçkilər təyin edilir.

Qeyd edək ki, Əbdürrəhim bəy Borçalı qəzasında komissar vəzifəsində çalışarkən qəzanın Kirəc Muğanlı kəndindən mollanəsrəddinçi yazar, dövrün tanınmış şairi Həsən Məcruh onun katibi olmuşdur.

1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası (GMŞ) tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra Əbdürrəhim bəy Haqvediyev siyasi-ictimai fəaliyyətini yenidən Tiflisdə davam etdirir. O, həmin ilin yayında radikal solçu Əliheydər Qarayevin sədrliyi ilə təsis edilmiş Gürcüstan Müsəlmanları Milli Şurasının (GMMŞ) rəhbər heyətində təmsil olunur.

Yeni yaradılmış Gürcüstan (Demokratik) Respublikasında parlament funksiyasını həyata keçirən GMŞ-də qəbul edilmiş 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılırdı; bu çərçivədə Azərbaycan türklərinə 4 yer ayrılmışdı. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan GMMŞ Əliheydər Qarayev, Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov (tanınmış ədəbiyyatşünas-alim Əziz Şərif) və Mirzə Hüseyn Həsənzadəyə parlamentdə təmsilçilik mandatını verir. Mandat qazanmış şəxslərin heç biri əslən Gürcüstan türklərindən olmasa da, hansısa şəkildə Tiflis və ya Borçalı ictimai-siyasi və ədəbi-ziyalı mühiti ilə bağlılıqları var idi.

Gürcüstan (Demokratik) Respublikasının parlamentində milli azlıqların nümayəndələrinin dövlət dilini bilmək məcburiyyəti və öhdəliyi olmasa da, Ə.Qarayev deputat seçilməsindən təqribən bir ay sonra gürcü dilini bilməməsini əsas gətirərək parlament rəhbərliyinə istefa ərizəsi ilə müraciət edir. Ə.Qarayevin ərizəsi Parlamentin 5 noyabr 1918-ci il tarixli iclasında dinlənilir və qəbul olunur. Bundan sonra siyasi fəaliyyətini artıq Bakıda davam etdirən Ə.Qarayevi Gürcüstan Müsəlmanları Milli Şurasının sədri vəzifəsində Əbdürrəhim bəy Haqverdiyev əvəz edir.

Beləliklə, Azərbaycan türkləri Gürcüstan parlamentində 3 nəfərlə (Ə.Haqverdiyev, Ə.Şərifov, M.H.Həsənzadə) təmsil olunurlar. Stenoqrafik hesabatlardan bəlli olur ki, Ə.Haqverdiyev parlament iclaslarında aktiv iştirak edərək mühüm ümum ölkə əhəmiyyətli məsələlərdə siyasi mövqe ortaya qoymaqdan çəkinmir vətəmsilçisi olduğu toplumun, əsasən, təhsil sahəsində üzləşdiyi problemləri mütəmadən qaldırırdı.

Parlamentin 22 noyabr 1918-ci il tarixli iclasında təhsil müəssisələrində din fənninin icbari qaydada tədrisinin ləğvi məsələsi müzakirə olunur. Bu iclasda Ə.Haqverdiyev söz alaraq Azərbaycan məktəblərində şəriətin tədrisinin saxlanılmasının labüdlüyünü dilə gətirir: "...Şəriətin tədrisinin ləğv edilməsi vətəndaşların inancına qarşı mübarizə aktı deyil, ancaq buna rəğmən əhalinin müsəlman kəsiminin azşüurlu kütləsi arasında təbliğat aparmaq üçün müxtəlif təxribatçılara material vermək lazım deyil. Belə azşüurluluğun mövcud olduğu halda şəriətin tədrisinin dayandırılması bütün müsəlman məktəblərinin bağlanmasına bərabərdir. Şəriət din dərsi deyil, Məhəmməd dini əsasında yaranmış əxlaq təlimidir və onu yalnız müsəlmanlar öyrənmir".

Parlamentin bir həftə sonrakı 29 noyabr tarixli iclasında Ə.Haqverdiyev yenə çıxış edərək xalq təmsilçilərinin diqqətini Borçalı qəzasında və ümumən müsəlmanlar yaşayan bölgələrdə təhsilsizliklə, savadsızlıqla bağlı mövcud vəziyyətə yönəldir. O Tiflisdə bel ətək bircə müsəlmanməktəbinin fəaliyyət göstərdiyini, onun da maddi çatışmazlıq ucbatından bağlanmaq üzrə olduğunu bildirərək, parlamentdən yaranmış durumla bağlı müvafiq addımlar atılmasını xahiş edir. "Saxalxo sakme" gürcü qəzeti "hümmətçi" Ə.Haqverdiyevin sözügedən çıxışda hökuməti müsəlman bölgələrinə diqqət yetirməməkdə günahlandırdığını yazırdı. 1918-1921-ci illərdə müstəqil və demokratik Gürcüstan Respublikasında azərbaycanlıların təhsili məsələlərini tədqiq etmiş pedaqoq-alim G.Qocayeva-Məmmədova Ə.Haqverdiyevin qaldırdığı problemin aktuallığına diqqət yetirərək yazırdı: "Gerçəkdən də, siyasi gərginlik üzündən 1918/19 tədris ilində Tiflis və Borçalı qəzalarında 11 məktəbdə məşğələlər aparılmırdı, məktəbyaşlı uşaqların 62.1 faizi təhsildən kənarda qalmışdı".

Gürcüstan parlamentinin Maarif komissiyasının 18 dekabr 1918-ci il tarixli iclasında iki azərbaycanlı deputatın - Ə.Haqverdiyevin və H.Həsənzadənin iştirakı ilə respublikadakı Azərbaycan-türk məktəblərinin durumu müzakirə olunur. Həmin iclasda da Ə.Haqverdiyev məruzə ilə çıxış edərək Gürcüstan ərazisində ümumilikdə 15 müsəlman məktəbinin olduğunu və onlardan yalnız 10-nun fəaliyyət göstərdiyini bildirir. Yekun qərar bu olur ki, iclasda iştirak edən Maarif Nazirliyinin təmsilçisi Q.Cumberidzeyə müsəlman müəllimlər üçün kursların açılması ilə bağlı tez bir zamanda plan hazırlayıb Maarif komissiyasına təqdim edilməsi barədə tapşırıq verilsin.

1918-ci ilin sonlarında tam bir il öncə o zaman Borçalı qəzasının komissarı vəzifəsini tutan Ə.Haqverdiyevin də fəal iştirakı ilə qarşısı alınmış problem - ermənilərin Gürcüstanın güneyindəki Borçalı və Axalkələk qəzalarına yönlənmiş ərazi iddiaları yenidən baş qaldırır. Bu dəfə ermənilər artıq hərbi yola əl ataraq 1918-ci ilin dekabr ayında Gürcüstanın ərazi bütövlüyünə silahlı təcavüz edirlər. Ermənistan (Ararat) Respublikasının ordu birliklərinin Borçalı qəzasına soxularaq aktiv hərbi əməliyyatlara başlaması Gürcüstan parlamentində bu mövzuda geniş müzakirələrin aparılmasına yol açır.

 

Fəxri VALEHOĞLU-HACILAR

Tarix üzrə elmlər doktoru

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

525-ci qəzet.- 2020.- 22 avqust.- S.19.