Əcnəbi dillərdə təlim aparılan məktəblərdə yeni

təhsil modelinin tətbiqi daha da aktuallaşıb

 

Məqalənin mövzusu hazırkı şəraitdə təlim xarici dillərdə aparılan Azərbaycan məktəblərində bilinqval və polilinqval təlimə keçidin vacibliyinin əsaslandırılmasıdır.

Bizcə, mövzunu aktual edən səbəblər aşağıdakılardır:

1) paytaxtın təlim rus dilində aparılan məktəblərinə şagird qəbulu ilə bağlı müraciətlərin bu il də azalmaması və indiki tədris-təlim, sosial-iqtisadi, ictimai-siyasi hadisələr fonunda bu qədər axının obyektiv reallıqlara söykənməməsi;

2) müstəqilliyini möhkəmləndirməkdə, hərbi-siyasi  potensialını artırmaqda olan ölkəmizin riyakar Ermə-nistan tərəfindən torpaqlarımızın işğal altında saxlanıldığı bir şəraitdə təhsilimizin məzmununda milli-vətənpərvərlik-vətəndaşlıq komponentinin gücləndirilməsinin, respublika əhalisinin dövlət dilində təhsilalma imkanlarının genişləndirilməsi və təhsil sistemimizdə tətbiq olunan təlim dillərinin, həm də öyrədilən əcnəbi dillərin də azərbaycanşünaslığın inkişafına, milli dəyərlərimizin tanıdılmasına və təbliğinə yönəldilməsinin, yetişməkdə olan gənc nəslin milli ruhda tərbiyəsi üçün yeni imkanların axtarılmasının vacibliyi; 3) keçən il qəbul olunmuş "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, göstərdiyimiz təhsil modellərinin ölkəmizin təhsil məkanında tətbiqinin qanunvericilik bazasının və işləmə  mexanizminin yaradılması yolu ilə dövlət və əcnəbi dillərdə inteqrativ təlim proqramının təklif olunmasının real vəziyyətdən çıxışa cavab verməsi barədə bizdə konkret bir rəyin formalaşmasıdır.  

Respublika mətbuatında, xaricdə keçirilən konfrans və forumlardakı çıxışlarımızda ölkəmizin təlim xarici dillərdə aparılan məktəblərində bilinqval və polilinqval təlimin tətbiqini əsaslandıran amilləri göstərmiş, bunun ibtidai, orta və tam orta təhsil səviyyələrində tətbiqini vacib və mümkün edən tədris standartlarını və tədris planlarını təklif etmişik. Bilinqval təlim modelinin reallaşdırılmasına yardım edən 4 tədris vəsaitimiz Moskvada nəşr edilib. Bilinqval və polilinqval təlim proqramına əsaslanan Uşaq akademiyası - Uşaq bağçasının, Tədris və innovasiya  mərkəzinin fəaliyyətinə start verilib. Göstərilən modellərin Azərbaycan təhsilində reallaşmasını şərtləndirən elmi-nəzəri, tədris-metodiki məsələlərə bir daha toxunmaq istərdik. Fikrimizcə, Respublika Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatların, innovasiyaların və çoxsaylı layihələrin əsas müəlliflərindən biri kimi tanınan Emin Əmrullayevin ölkə Prezidenti tərəfindən nazir vəzifəsinə təyin olunması təlim əcnəbi dillərdə aparılan ümumtəhsil müəssisələrindəki mövcud problemləri bu və ya digər şəkildə tezliklə həll etməyə imkan verəcəkdir...                         

Hazırkı pandemiya vəziyyətində bəşəriyyətin bu təhlükədən qurtulması və əvvəlki əlaqələrin tam bərpası perspektivləri barədə aydın təsəvvürümüz olmasa da,  tez bir zamanda dünyada qloballaşma və inteqrasiya meyllərinin yenidən güclənlənməsinə, sosial-iqtisadi əlaqələrin və əmək bazarının genişlənməsinə ümid edir,  onlayn təhsil platformalarının, ikidilli və çoxdilli (bilinqval və polilinqval) cəmiyyətlərdə yeni təhsil konsepsiyaları və modellərinin getdikcə daha da aktuallaşacağına inanırıq.

Xüsusilə də multikultural mühitə, digər mədəniyyətlərə açıq və tolerant münasibətə malik ölkələr üçün ikidillilik və çoxdillilik adi bir hala, daha doğrusu, həyat və düşüncə tərzinə çevrilib. Buna görə də ana dilinin dominantlığı şəraitində ikidilliliyin və çoxdilliliyin tədrisə gətirilməsini, bunun cəmiyyətdəki real dil situasiyasına, milli maraqlara, həm də yerli və beynəlxalq əmək bazarının spesifikasına uyğun həyata keçirilməsini müasir dünyada maraqla qarşılanan, digər tərəfdənsə, ehtiyatla müşahidə olunan bir proses kimi qiymətləndiririk.

İkidillik və çoxdillilik müxtəlf ölkələrdə və cəmiyyətlərdə tam fərqli cür motivasiya olunur. Bilinqval və polilinqval ünsiyyət və təhsil məkanı statusunu sosial-psixoloji və  elmi-pedaqoji cəhətdən əsaslandırmaq üçün Azərbaycanın öz arqumentləri var. Bu statusun qazanılması və qorunması müasir dövrdə ölkəmizə olduqca önəmli rol qazandıra bilər. Birincisi, Azərbaycan xalqı öz xarakterinə və mentalitetinə, həyat tərzinə və dünyagörüşünə görə tolerant xalq kimi digər mədəniyyətlərə və xalqlara açıqdır, ikincisi, bu, özünü ölkənin apardığı çevik və balanslaşdırılmış siyasətdə tapmaqla son bir neçə ildə həyata keçirilən beynəlxalq səviyyəli tədbir və layihələrdə, çağırışlarda təsdiqləyib. Üçüncüsü və ən vacibi, bilinqval təhsil və ünsiyyət Azərbaycanın ictimai-mədəni, sosial-iqtisadi həyatında və təhsil məkanında mövcud olan və dərin ənənələrə malik bir haldır. Sadəcə, bu vəziyyətin yeni reallıqlar və dəyərlər baxımından dərkinə, dünya təcrübəsi və yeni elmi-metodiki yanaşmalar kontekstində qiymətləndirilməsinə ehtiyac var. Dördüncüsü, Azərbaycanın mövcud təhsil qanunvericiliyi bütün təhsil pillələri və səviyyələrində dövlət dili ilə yanaşı, əcnəbi dillərdə də təlim prosesinə icazə verir. Orta təhsildə rus, ingilis, fransız dillərində təlim aparılır, bəzi məktəblər beynəlxalq tədris proqramlarını həyata keçirir. "Ümumi təhsil haqqında Qanun" bu məktəblərin tədris proqramına ölkənin dövlət dili, ədəbiyyatı, tarixi, coğrafiyası ilə bağlı bir sıra fənlərin daxil edilməsini (təbii ki, dövlət dilində aparılması məntiqi ilə), gənc ölkə vətəndaşı kimi orta məktəb məzunlarının ideoloji və mənəvi planda müəyyən kompetensiyalara malik olmalarını tələb edir.       

Son bir il ərzində biz bir sıra məqalə və çıxışlarımızda ölkəmizdə  bilinqval və polilinqval təhsil modellərinin tətbiqi probleminə toxunsaq da, hələ ki, məsul icra orqanlarının diqqətini cəlb edə bilməmişik. Amma bu arada gündəmə gələn olduqca həyati bir qanun - "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu göstərdiyimiz təhsil modellərinin ölkəmizin təhsil məkanında tanınmasını labüd edir. Bu qanun Milli Məclisdə müzakirə olunan zaman və son oxunuşlardan sonra "Tədris dili" adlandırılmış 6-cı maddənin 2-ci və 4-cü bəndləri bu cür səslənirdi: 

"6.2.  Ümumi təhsil müəssisələrində tədris "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, ümumi təhsilin dövlət standartlarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə valideynlərin və təhsil alanların arzusu nəzərə alınmaqla digər dillərdə də aparıla bilər.

6.4. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır".

Bildiyimiz kimi, bu gün respublikamızda təlim rus dilində aparılan məktəblərin sayı 350-yə yaxındır. Bu məktəblər əsasən Bakıda yerləşir. Elə təlimi ingiliscə aparan və beynəlxalq səviyyədə akkreditasya olunan təhsil proqramları əsasında digər əcnəbi dillərdə təhsil verən məktəblər də paytaxtın payına düşür. Prezidentin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Ümumi təhsil haqqında" qanunda "Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə" ifadəsi aradan qaldırılsa da (bu ifadənin göstərilən bənddən çıxarılmasını milli təhsil konsepsiyasının yaradılması, milli və dövlətçilik maraqlarımızın gözlənilməsi üçün təhlükə kimi dəyərləndiririk), "Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır" bəndi yeni qanuna görə ümumi təhsilin pillələrindən biri sayılan məktəbəhazırlıq mərhələsindən  başlamış bütün digər orta təhsil pillələrində  azərbaycanşünaslıq tədris materiallarının təmsil olunmasına və bu materialların dövlət dilində tədrisinə şərait yaradır.

Bu gün müasir sivil cəmiyyətlərə xas olan dil müxtəlifliyi şəraitində böyük məna və əhəmiyyət kəsb edən bilinqval təlimin problemləri müxtəlif elmi konfransların ciddi mövzularındandır. İştirakçısı olduğumuz bir neçə tədbiri sadalamaq istərdik. 29 aprel-3 may 2019-cu il tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində baş tutmuş və dünyanın 49 ölkəsindən 500 nəfərədək tanınmış filoloq, pedaqoq, metodist alimin qatıldığı MAPRYALın XIV Konqressində, 19-22 may 2019-cu il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən II Beynəlxalq konqresdə, 5-6 dekabr 2019-cu il tarixlərində Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində baş tutmuş Beynəlxalq elmi konfransda bilinqval təlimin elmi-nəzəri və praktik aspektləri geniş müzakirə obyektinə çevrildi. Göstərilən konqres və konfranslarda müxtəlif ölkələrdə əsasən rusdilli təhsilin yerli təhsil məkanına inteqrasiyası, dillərin və mədəniyyətlərin ünsiyyəti, əməkdaşlığı şəraitində təşkili məsələləri müzakirə olundu. Bu elmi məclislərdə ABŞ, Almaniya, Finlandiya,  Baltikyanı dövlərlərdə, Qazaxıstanda və sair ölkələrdə mövcud olan ikidilli məktəbəqədər və orta təhsil müəssisələrinin özünəməxsusluğu, tədris prosesinin unikallığı, üstünlük və çatışmazlıqları müzakirə edildi. Rusdilli təhsilin Azərbaycan təcrübəsi və mövcud problemlər isə tərəfimizdən təqdim olundu.

Bir daha vurğulamaq istərdik ki, "Ümumi təhsil haqqında" qanunda tədris dili məsələsinin xüsusi qabardılması (6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir), əcnəbi dillərdə təlim aparan məktəblərdə dövlət standartlarının gözlənilməsinin və tədrisin məzmununda azərbaycanşünaslıq materiallarının təmsil olunmasının məcburiliyinin vurğulanması çoxdan gözlədiyimiz yeni tədris situasiyasının formalaşması üçün şərait yaradıb. Fikrimizcə, əcnəbi dillərdə təlim aparan məktəblərdə bu fənlər qarşısında yeni tələblər qoyulmalıdır: birincisi, tədris planında "Azərbaycan dili", "Azərbaycan ədəbiyyatı", "Azərbaycan tarixi" və "Azərbaycan coğrafiyası" adlandırılan fənlər ana dilində tədris olunmalıdır; ikincisi, fənn kurikulumunun məzmun xətlərinə müvafiq olaraq, orta və yuxarı siniflərdə şagirdlərin ana dilində onların dil-danışıq bacarıqlarının inkişafi, nitq mədəniyyətinin formalaşması və ədəbi dil qaydalarını mənimsəmələri üçün ən azı 5-9-cu siniflərin tədris planına "Azərbaycan ədəbiyyatı" fənni daxil olunmalıdır (yuxarı siniflərdə fənn ümumi -  "Ədəbiyyat" adı altında davam etdirilə bilər); üçüncüsü, ibtidai siniflərdə 1-ci sinifdən başlayaraq oxu və yazı dərsləri paralel olaraq Azərbaycan və rus dillərində aparılmalıdır (dövlət dili kimi Azərbaycan dilinə ayrılmış saatlar da qatılmaqla); dördüncüsü, bilinqval təlim aparılan siniflərdə dillərin paralelliyi şəraitində digər fənlər üzrə tədris materiallarının metalinqvistik köçürülmə prosesi hər bir müəllimdən hər iki dil üzrə biliklərini daim artırmağı, göstərilən fənlər üzrə dərslik komplektlərinin iki dilin paralelliyi təmin olunmaqla tərtibini  tələb etməlidir.

Rusdilli ailələrdən məktəbə gələn və ya məktəbəhazırlıq proqramını rus dilində keçən uşaqlarlardan formalaşan sinif komplektlərində ibtidai sinif pilləsində ana (dövlət) dilində sərbəst ünsiyyət qurma vərdişinin təmin olunması asan və ağlabatan deyil. Bu zaman tədricən tədrisdə dillərin bərabərliyinin (paritetinin) təmin olunması yalnız Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının orta siniflərdə tədrisi yolu ilə reallaşa bilər. Görünür, burada məktəb rəhbərliyindən sinif komplektlərinin formalaşmasına differensial yanaşma tələb olunacaq. Yəni tədrisdə dillərin bərabərliyinin (paritetinin) təmin olunması və bu mərhələdən sonra dövlət dili kimi Azərbaycan dilinin real istifadəsinə nail olunması sinfin dilbilmə səviyyəsindən də asılı olacaq və bu da siniflərin və yarımqrupların formalaşdırılması zamanı məktəb rəhbərliyi qarşısında əlavə vəzifələr qoyacaq.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikası qanununun tədris dili ilə bağlı tələbinə hörmətlə yanaşmaqla yanaşı, bilinqval təlim üçün vacib olan bir şərti xüsusi vurğulamaq istərdik: şagirdlər hər iki dili eyni səviyyədə mənimsəməlidirlər. Bu məqsədlə: 1) ümumi təhsilin ibtidai, orta və yuxarı sinifləri üzrə tədris planları, hər bir fənnin kurikulumu, tədris standartları, dərsliklər bilinqval təlimin məqsəd və vəzifələrinə uyğun tərtib edilməli; 2) tədris dillərində təlim inteqrativ xarakter daşımalı; 3) bilinqval təlimə cəlb olunmuş müəllimlər mütəmadi olaraq müvafiq təlim kursları və treninqlərdən keçməli; 4) təlimi əcnəbi dillərdə aparan məktəb və siniflərin sayının artması pedaqoji kadrlar hazırlayan universitetlərimizi bilinqval (ikidilli) müəllim hazırlığı proqramı həyata keçirməyə vadar etməlidir. Müvafiq ali məktəblərimizin də elmi-metodiki potensialını hələ ki bilinqval və polilinqval təlimin xidmətinə yönəltməliyik.                    

Professor Den Devinson ABŞ-da bilinqval təlim təcrübəsi barədə danışarkən bu təlim modelinin üstünlüyünü vurğulayır, ölkə əhalisinin 70%-nin bilinqv olduğunu, bilinqval və polilinqval məktəblərin daha çox müvəffəqiyyət qazandığını göstərir. Qloballaşma dövründə bilinqval və multilinqval təhsil modellərinin qaçılmazlığı qabaqcıl təhsil sistemlərinə malik  ölkələr üçün artıq normaya çevrilməkdədir. Amerikada Kanadanın, Avropada Almaniya və Finlandiyanın, Asiyada Sinqapur və Malayziyanın, MDB-də Qazaxıstanın bu sahədə təcrübəsi maraqla qarşılanır...

Qabaqcıl cəmiyyətlər onilliklər və yüzilliklər boyu mədəniyyətlərarası dialoq, Şərq-Qərb əməkdaşlığı, müqayisəli dilçılık və ədəbiyyatşünaslıq, fərqli və oxşar mədəniyyətlərdə tipoloji və ideya-mövzu yaxınlığı, tədrisdə etnomədəni təhsil komponenti kimi məsələləri təkcə elmi müstəvidə nəzərdən keçirmir, həm də onların tətbiqinə nail olmaqla ciddi nəticələr əldə etməkdədirlər. Ölkəmizdə də bilinqval və multilinqval təlimə keçidin kifayət qədər güclü elmi-nəzəri bazası var. Birincisi, yuxarıda qeyd etdiyimiz etnik zənginlik, tolerant və multikultural mühit, ikincisi, respublikamızın malik olduğu geosiyasi mövqe və iqtisadi potensial, üçüncüsü, yuxarıda sadaladığımız elmi-nəzəri aspektlərin postsovet Azərbaycan elminin, filoloji, kulturoloji və fəlsəfi təfəkkürünün diqqət mərkəzində olması. Ən başlıca cəhət ondadır ki, eyni məktəblərimizdə təlimin Azərbaycan və rus dilində aparılmasının böyük təcrübəsi var. Bu təcrübəni məktəb miqyasından sinif miqyasına endirmək, yaş xüsusiyyətlərini, dil mənimsəmə standartlarının tələblərini nəzərə almaqla tədris planlarını qurmaq, müvafiq tədris resursları bazası yaratmaq lazımdır. Bu işi məhz təlim rus dilində təşkil olunan siniflərdə aparmaq olduqca asandır. 

Bu gün K.Yaspersin, A.Toynbinin, O.Şpenqlerin, M.Buberin, M.Baxtinin, V.Biblerin, M.Dostoyevskinin, L.N.Tolstoyun, N.Danilevskinin, N.Berdyayevin, N.Rerixin, E.Meylerin, L.Qumilyovun, Y.Lotmanın və onlarla digər tanınmış zəka sahiblərinin mədəniyyətlərarası dialoqla bağlı nəzəri görüşlərini əks etdirən kitab və məqalələr Azərbaycan oxucusuna yaxşı məlumdur. Müstəqillik illərində bir sıra universitetlərimizin və AMEA institutlarının bu mövzuda təşkil etdikləri konfrans, simpozium, forumlar ənənə halını alıb, nüfuzlu elmi dərgilər və məcmuələr çap edilir, göstərilən elmi-nəzəri istiqamətdə elmi-tədqiqat laboratoriyaları fəaliyyət    göstərir... Məşhur filosof və filoloq Mixail Baxtinin "iki mədəniyyətin dialoqu prosesində onlar bir-birinə qovuşmur, bir-birinin içində ərimirlər, hər biri öz bütövlüyünü və aşkar tamlığını qorumaqla yanaşı, həm də qarşılıqlı surətdə zənginləşirlər" tezisi hazırkı şəraitdə mədəni dialoqun aktuallığını gündəmə gətirib. Bilinqval və ya poli (multi)linqval təhsil həm də daha çox mədəniyyət və sivilizasiya ilə tanışlığa şərait yaradır. Bu mənada əksər tədqiqatçılar YUNESKO-nun mədəniyyət sahəsində siyasətini bəyan edən Mexiko deklarasiyasına da tez-tez istinad edirlər. Deklarasiyanın bəndlərindən birində deyilir: "Heç bir mədəniyyət mücərrəd şəkildə universallıq hüququ qazana bilməz, universallıq bütün dünya xalqlarının təcrübəsindən hasil olan keyfiyyətdir. Onlardan hər biri özünəməxsusluğunu təsdiq edir. Mədəniyyətin orijinallığı və mədəni müxtəliflik bir-birilə qırılmaz vəhdətdədirlər". Avropa və dünyaya sıx inteqrasiya etməkdə olan, eyni zamanda, milli kimliyini və mentalitetini qorumağa, onun özünəməxsusluğunu elə həmən məkanlarda sübut etməyə çalışan ölkəmizdə milli-mədəni inkişaf dünya fəlsəfi təfəkkürünə, Azərbaycan və türk fəlsəfi və ədəbi düşüncə təcrübəsinə əsaslanır. Bu cəhətdən Mirzə Fətəli Axundzadə, Əhməd Bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, Hüseyn Cavid, Heydər Hüseynov, Şıxəli Qurbanov, Cavad Heyət və onlarla digər fikir örnəklərimiz var. Ən müasir tariximizdə Azərbaycançılıq ideyalarını, azərbaycanşünaslığı gündəmə gətirən və aktuallaşdıran Ümummilli lider Heydər Əliyev irsi mövcuddur. Dünya əhəmiyyətli milli-mənəvi dəyərlərimizi YUNESKO xətti ilə tanıtmış və kifayət qədər təbliğ etmişik, yenilənmiş milli ensiklopediyamız var, türk respublikaları içərisində birinci olaraq latın qrafikasına keçməklə sovet dövründə yazılanları da saf-çürük edib bütün dünya ədəbiyyatını, milli ədəbiyyatımızı, ən vacib elmi, elmi-kütləvi mənbələri, lüğət və ensiklopediyaları dilimizə çevirmişik. Kütləvi kitabxanalarımızı, təhsil müəssisələrimizin kitabxanalarını dövlət vəsaiti hesabına latınqrafikalı nəşrlərlə təhciz etmişik... Bütün bunlarla yanaşı, Konstitusiyamız, "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlarımız ölkəmizdə digər dillərdə təhsil üçün münbit şərait formalaşdırıb.

Çoxdillilik qabaqcıl mədəniyyətlərin göstəricisidir. Bir hadisə kimi onun təhsil müstəvisinə gətirilməsi istənilən xalq və ölkə üçün mütərəqqi faktdır. Rus dili, ədəbiyyatı və mədəniyyəti ayrı-ayrı dövrlərdə Azərbaycanda ziyalılar nəslinin yetişməsində müstəsna rol oynayıb. Postsovet mərhələsində yetişən ziyalılar və mütəxəssislər nəsli üçün isə digər xarici dillər, ilk növbədə, ingilis dili müstəsna əhəmiyyət kəsb edir. Bizə maraqlı görünən fakt odur ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində rus-tatar məktəblərində (bu məktəblər özləri də bilinqval idi. Bu, təhsil tariximizdə olduqca uğurlu təcrübə olub), Sankt-Peterburq, Moskva, Kiyev və s. Rusiya universitetlərində təhsil almış azərbaycanlılır təpədən dırnağadək milli ruhlu ziyalılar kimi formalaşmışdılar, kosmopolitizimdən, qərbçilikdən, slavyanofil ideyalarından və sair "izm"lərdən uzaq idilər. Məşhur  "Üç mədəniyyət" kitabının müəllifi Əhməd bəy Ağayev rus ədəbiyyatı üzrə professor elmi adını daşıyırdı... Təlim rus, ingilis, fransız, alman və ölkəmizdə yaşayan azsaylı xalqların dilində aparılan bugünkü Azərbaycan məktəblərini bitirənlər gənclərin azərbay-canşünaslıq ideyaları ruhunda yetişdirilməsi təhsil sistemimizin, ideoloji işə cavabdeh qurumların, hər birimizin ən ümdə vəzifəsidir. Azərbaycan ictimai-siyasi, etnik və təhsil reallıqları üçün açıq bilinqval (multilinqval) təlim tipi xarakterikdir. Əsas məqsəd milli-mədəni özünəməxsusluğun, milli ruhda tərbiyənin aparılması şərtilə  ümumavropa və dünya məkanına inteqrasiyanın və mədəniyyətlərarası kommunikasiyanın təmin olunmasından, gənc nəslin multikultural ruhda tərbiyəsinə nail olmaqdan ibarətdir.

Sonda paytaxt məktəblərində rus bölmələrinə 1-ci siniflərə şagird qəbulu ilə bağlı yaranmış gərginliyə bir daha toxunmaq istərdik. "Ümumi təhsil haqqında" qanun tədris dili kimi dövlət dilini təsbit etdiyindən artıq məktəblərdə "rus bölməsi", "ingilis bölməsi" anlayışları aradan qalxır. Bu isə 1-ci siniflər üçün tam yeni tədris planlarının hazırlanmasını tələb edir. Yəni "Ümumi təhsil haqqında" qanunun tələbinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədrisi məsələsinə biz məktəbəhazırlıq mərhələsindən və 1-ci sinifdən başlamaq üçün müvafiq tədris planlarını təqdim və təsdiq etməliyik. Bu isə məktəblərimizdə bilinqval tədris modelinə tədricən keçidin əsasını qoyacaqdır. Bunu necə təsəvvür etdiyimizi konkret olaraq təlim rus dilində aparılan 1-ci siniflərin tədris planı üzərində göstərmək istərdik. Dil dərsinə (eşidib-anlama, oxu və yazıya) həftədə 9 saat, Azərbaycan dilinə 2 saat, həyat bilgisi və musiqiyə 1 saat, eləcə də dərsdənkənar məşğələlərə 1 saat ayrılır. Fikrimizcə, dil dərsinə ayrılan 9 saatdan 7-ni rus dilində eşidib-anlama, oxu, nitqin inkişafına və yazıya, "Dil" və "Azərbaycan dili"ndən götürülmüş 4 (2+2) saatın üstünə 1 saat dərsdənkənar məşğələni gəlməklə (cəmi 5 saat),  eyni qaydada dövlət dilində eşidib-anlama, oxu, nitqin inkişafına və yazıya yer vermək olar. 1-ci sinifdə iki fənnin (həyat bilgisi və musiqinin) rus və Azərbaycan dillərində paralel tədrisi dövlət tədris standartlarının təmin olunmasına yardım edərdi.

Təlim rus və digər əcnəbi dillərdə aparılan orta ümumtəhsil müəssisələrində tədricən bilinqval və ya polilinqval təlimə keçid hazırkı şəraitdə: 1) əcnəbi dil ilə yanaşı, dövlət dilində şagirdlərin eşidib-anlama, oxu, yazı və ünsiyyət vərdiş və bacarıqlarının formalaşmasına; 2) dünya və Azərbaycan ədəbiyyatı, mədəniyyəti və iqtisadiyyatının bir arada öyrədilməsi, gələcəkdə geniş təhsilalma və iştapma imkanlarının qazanılmasına; 3) bu zaman kəsiyində təlim əcnəbi dillərdə aparılan məktəblərin pedaqoji kadrlara olan ehtiyacının müəyyən qədər aradan qaldırılmasına; 4) pedaqoji kollektivlərdə əməkdaşlıq əlaqələrinin, inteqrativ meyllərin və rəqabətin güclənməsinə; 5) yeni məzmunlu dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasına; 6) insan resurslarımızın  daha çox öz ölkəmizin iqtisadiyyatının, elm və təhsilinin,  yüksək texnologiyalarının inkişafına yönəldilməsinə yol açacaqdır.             

Fikrimizcə, yeni tədris modelinin reallaşması (ilkin mərhələdə pilot layihəsi şəklində bir neçə məktəbdə icra oluna bilər) rus, ingilis, fransız bölmələri adı altında bu gün məktəblərin 1-ci siniflərinə gələn övladlarımıza gələcəkdə ana dilində sərbəst danışma, düşünmə və yazma vərdişləri qazandıracaq, onların milli ruhda, dövlətçiliyimizin qorunması və torpaqlarımızın müdafiəsi əzmi ilə tərbiyəsi işinə ciddi töhfə verəcək. Orta məktəb məzunları eyni səviyyədə əcnəbi dildə (dillərdə) ünsiyyət qurma, ali təhsillərini davam etdirmə və əmək bazarında iştapma imkanı qazana biləcəklər.  

Biz əcnəbi dillərdə təhsilin, körpələrimizə və  gənclərimizə bu dillərin dərindən mənimsədilməsinin, kiminsə xarici dillərdə təhsil almasının əleyhinə deyilik. Bu, bizim peşə və ixtisas maraqlarımıza da cavab vermir. Amma milli maraqlar, ana (dövlət) dili təəssübkeşliyini özümüz və hər bir ölkə vətəndaşı üçün daha vacib hesab edir, bunun dövlət dili kimi Azərbaycan dilinin fəaliyyət dairəsinin daralması, tədris dili olaraq sıxışdırılması hesabına həyata keçirilməsini tədris sistemimizdə artıq dözülməz hal sayırıq. Yuxarıda sadaladığımız faktlar sübuta yetirir ki, Azərbaycanda ana (dövlət) dilində kifayət qədər tədris resursları, məlumat bazaları mövcuddur. Bu gün təlim Azərbaycan dilində aparılan məktəb və siniflərdə çalışan müəllimlərin peşə və ixtisas hazırlığı səviyyəsi, pedaqoji kadrların yaş göstəriciləri və karyera inkişafı perspektivləri daha yüksəkdir. Dövlət dilində təhsil alan şagirdlərimizin də müvəffəqiyyət göstəriciləri daha üstündür. Demək, problemin həllini təkcə təhsil siyasətini həyata keçirən və təhsilin təşkili ilə məşğul olan qurumların işində deyil, dövlət (ana) dilində təlimə cavabdeh müəllimlərimizin (xüsusən də ibtidai təhsil səviyyəsində çalışanların) fəaliyyətində, geniş ictimaiyyətin, məktəbə uşağını göndərməyə hazırlaşan hər bir valideynin düşüncə tərzində və Vətən qarşısında məsuliyyət hissində, vətəndaşlıq borcuna münasibətində, ölkənin gələcəyi üçün cavabdehliyində axtarmalıyıq.

 

Telman CƏFƏROV

BSU-nun tədris işləri üzrə prorektoru, filologiya

üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

 

525-ci qəzet.- 2020.- 22 avqust.- S.14-15.