Səslərin mənası

 

Xalq şairi Sabir Rüstəmxanlının Çingiz Əlioğlunun "Qapı" kitabına yazdığı Ön söz belə bir abzasla başlanır: "Balaca qardaşlarımdan birinin maraqlı etirafı var. Yazır ki, uşaq olanda elə bilirdim ki, Sabir məndən çox Fərman Kərimzadənin, Məmməd İsmayılın, Xudu Məmmədovun, Nüsrət Kəsəmənlinin, Çingiz Əlioğlunun, Ramiz Rövşənin, Sabir Əhmədlinin qardaşıdır".

Əlavə edir ki, anaları da Çingizi Sabirin dost-doğma qardaşlarından ayırmırdı.

Fikrət Qocanın da təxminən belə bir fikri var: "Bütün şairlər qardaşdırlar. Yaxşı şairlər yaxşı qardaşdılar, pis şairlər pis qardaş".

Amma Sabirin yuxarıda gətirdiyim o böyük siyahısının içində də üç dost bir-birinə daha yaxın olublar: Rəhmətlik Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı... Bu üçlük haqqında düşünəndə nədənsə başqa bir üçlüyü - Türkiyədə "qəribçilər" adlandırdıqları Orxan Vəlini, Məlik Cövdət Andayı, Oqtay Rifəti xatırlayıram. Sabirdən daha bir sitat: "Ədəbiyyatda dostluğun uzun ömürlü olması nadir hadisədir. Yazarlar fərdiyətçidir, hərəsi öz yolunu axtarır. Yaradıcılıq işi təklənməyi sevir. Fərqli yollar istər-istəməz hər cür konfliktə münbit şərait yaradır, fərqli yanaşmalar yaradır... Ancaq bu fərqlilik bizim dostluğumuzun bəzəyi, dadı-duzu, şuxluğuydu".

Çağdaşlarımız sırasında bir də rəhmətliklər - İsa İsmayılzadəylə Ələkbər Salahzadənin belə yaxın və etibarlı dostluğunun şahidiyəm.

Sabir Rüstəmxanlının Opera teatrında keçirilən yubiley gecəsini mən aparırdım. Gecədə Ulu öndər Heydər Əliyev də iştirak edirdi. Gecəni açarkən dedim ki, mən Nüsrəti, Çingizi və Sabiri üç muşketyor adlandırıram, üç şeir muşketyoru. Üç muşketyordan ikisi - Nüsrət və Çingiz çıxış edəndən sonra:

- İndi də sözü muşketyorların dostu, d`Artanyana verirəm - dedim - Mikayıl Mirzəyə.

Mikayıl:

- Əgər d`Artanyan erməni deyilsə, mən razı - deyə sözə başladı.

Çingiz Əlioğluna həsr olunmuş yazımı bir az uzaqdan başladım, deyəsən. Nüsrət və Sabir haqqında yazılarım var. Azərbaycan dilində dövri mətbuatda, rus dilində isə "Literatura, İskusstvo, Kultura (LİK) Azerbaydjana" kitabımın birinci cildində çap olunub. İndi nəşrə hazırladığım "Söz dünyası"nın üçüncü cildinə bu mətnləri daxil edərkən "mütləq Çingiz haqqında da yazı yazmalıyam" deyə düşündüm.

Şairin son kitablarından 450 səhifəlik "Qapı" oxuyarkən bir daha Çingizin istedadına əmin oldum. Digər tərəfdən də iki istedadlı şairimizdən - Nüsrətdən və Sabirdən (onlar özləri də bir-birindən fərqlidirlər) çox fərqli bir qələm sahibi olduğunu gördüm.

Sabir Rüstəmxanlı yazır: "Böyük şair Rəsul Rzanın təqdimatıyla çap olunmuş ilk şeirlərindən başlayaraq Çingizin bütün ədəbi fəaliyyəti gözümün qabağındadır".

Mənim də Çingizin yaradıcılığıyla tanışlığım atamın onun haqqında yazdığı xeyir-duasıyla başladı.

Sabir (yenə də Sabir!) haqlı olaraq yazır: "Dilimizin alliterasiya imkanlarıdan, məncə, poeziyamızda heç kim Çingiz Əlioğlu qədər gen-bol və uğurlu istifadə etməyib".

Bu sözlərə əyani misal olaraq, "Qapı" kitabına daxil olan şeirlərdən bir çoxunu göstərmək olar:

Çıppır-çıppır tər tökür

pambıq çöpü, çırpı yığan

qamış kimi, çubuqtək

yağış çırpır

çöldəki çoban-çoluq,

əkinçi biçinçini.

Allah insaf versin,

Əzrayılın tutanda cini

cüzam çırpır həyat ağacından

insanları tut kimi,

çırpılırıq...

qayğıların çalağan caynağında

çırpınır insan...

Mənim "Min beş yüz ilin oğuz şeiri" antologiyama daxil etdiyim şeirdən misralar:

Şuşa Şuşa

Şüşə şəhər

Guşə-guşə

Bu daş şəhər

Şırım-şırım dar küçələr

Şani-şani

Şüşəbəndli

Şəbəkəli

diş-diş ellər

Bu alliteratsiya "oyunları" Çingizin arabir rus dilində qoşduğu misralarında da var:

Suvorov

Surovo i istovo

Srıval skalp

S surovıx Alp

Çingizin həmin kitabına Son söz yazmış Rüstəm Kamal şairin poetik üslubunu "melodik-akustik struktur" kimi müəyyənləşdirir: "Bu güc bilavasitə konkret leksik mənalardan deyil, səsin və ritmin strukturunda gizlənmiş mənalardan gəlir. Bu, magik şeirin texnologiyasıdır".

Rüstəm Kamalın fikrincə, bu şeirlər ovsun-şaman mətnləri kimi mütləq səslənməli, tələffüz edilməlidir.

Çingiz özü də seçdiyi üslubu belə səciyyələndirir.

Mən əsas

Mənasəs

şairi kimi

Məna-səs arası

qısa kəsə

iz aradım gəzdim.

hər kəsə

həssas qulaqlarçın

Səslər sırasında

əlaqə mövcuddur dedim.

mənasəs sırasında

mən əsas bax buna

cəhd etdim eyzən

sirr arasında

aradım izlədim

mənasəs ilişgisini

gizlədim

qələm-dırmaqla

daradım söz ləkini.

Çingizin "mənasəs" neologizmini Rüstəm Kamal belə izah etməyə çalışır:

"Çingiz Əlioğlu şeirlərinin süjet təşkilində, folklorşünaslıq termini ilə desək, kumulyativ prinsip işləyir (Kumulyasiya mifopoetik təfəkkürün xüsusiyyətlərindən biridir, yəni öz aralarında əlaqəsi olmayan vahidlərin bir məna məkanında düzənlənməsidir)".

Hörmət bəslədiyim dəyərli tənqidçimiz Rüstəm Kamal inciməsin, mən filoloji təhsil aldığıma baxmayaraq və necə deyərlər, "Tarixi Nadiri yarıyacan oxusam" da, bir şey başa düşmədim. Bəlkə bu şeirləri elə bu cür qəliz ifadələrlə təhlil etmək məqbuldur.

Amma onu da deyim ki, keçən əsrin 60-cı illərinə qədər Azərbaycanda bu sayaq şeirlər yazıla bilməzdi, yazılsa da, çap olunmazdı, çap olunsa da, dərhal "yalançı novatorluq", "formalizm" adıyla damğalanardı. Halbuki alliteratsiya prinsipiylə yazılmış misralara bizim klassik şeirimizdə də, xalq şeirində də M.Ə.Sabirdə, Aşıq Ələsgərdə rast gəlmək olar. Süleyman Rüstəmin məşhur "Çapayev" şeirini, yaxud Rəsul Rzanın qatarın hərəkətini səslərlə çatdıran: "Aç keçim, aç keçim, qarşımdan qaç keçim, redaktor, redaktor, redaktor" misralarını xatırlayaq.

Keçən əsrin elə 60-cı illərində "hecaçılarla" "sərbəstçilər" arasında bu gün mənasız və gülünc görünən mübahisələr, dartışmalar yada düşür.

Çingiz:

Əlvida, on birlik heca şeirim...

Bu gün ayrılıram köhnə dostumdan

yazsa belə, bundan sonra da şeirlərinin böyük bir qismi heca vəznində, başqa bir önəmli hissəsi sərbəst vəzndədir. Sözün ən yaxşı anlamında yenilikçi şair olan Çingiz Əlioğlu ifrat "yenibazlığı" da qəbul etmir.

Vergülü atıbdır bəzi şairlər

Nöqtənin nitqini kəsiblər bütün

Şeirdə bu təzə bəy xan şairlər

Havanı müəyyən edirlər bu gün.

 

Zildən ötdükləri bəmin pəsidir

Misranı tərs oxu, düz oxu eyni

Qafiyə şeirin qiyafəsidir

Bunların çıl-çılpaq lütlənib əyni

 

Polindrom deyib baş-ayaq yazmaq

Guya ki, son dəbin əlamətidir

Özgə qazanından qaşıyıb qazmaq

Biri lap çılğındır qiyamət edir.

 

Kiçikdən başlayır baş hərifləri

Yəni bu gün böyük-kiçik də yoxdur

 Necə qandırsan, bu hərifləri

Bezib bu ədadan oxucu toxdur.

 

Danılmaz bir qanun, həqiqət də var

Hər köhnə yerini təzəyə verir

Köhnənin üstündə tutmasa qərar

Təzə öz gücünü bəzəyə verir

 

Bu şeirdən belə iri parçanı ona görə gətirirəm ki, həmin misralarda ifadə olunmuş proqram fikirlər Çingizin bir sıra polemik ədəbi-tənqidi məqalələrində də yer alır - bu, şairin dəyişməz mövqeyidir: Ədəbiyyat daima yenilənməlidir, amma bu yenilənmə keçmişin xarabaları üzərində qurula bilməz. Təzələşmə də davamiyyət, ardıcıllıq qədər mühümdür.

Yenilik yenilməzdir. Çingiz poeziyasında yenilik gurultulu bəyanatlarla yox, bədii tapıntılarla təsdiq olunur. Çingiz Əlioğlunun şeirlərindən aldığım təəssüratı ən adi sözlərlə çatdırmaq istəyirəm. Təzəliyiylə, gözlənilməzliyiylə məni yaxşı mənada təəccübləndirən təşbehlərdən, qafiyələrdən, "söz oyunlarından" konkret örnəklər gətirməyə çalışacam.

 Təyyarə marşrutlarının

göylərdə cızdığı

Tərsimi həndəsəsi -

tar simitək heç vaxt

kəsişməyən o paralel xətlər

göylər sakini mələklərin

yerdəkilərə hikmət dərsimi?

 

Mövzu gözlənilməzliyi və qafiyə təzəliyi:

Şimal qütb dairəsi...

Qağayı olsaydı ayı,

Ömürlük,

Ya da heç olmasa bir aylıq

Uçub gedərdi

Bir də bu bayağı

Boşluğa heç dəyməzdi ayağı.

Qağayı olmaq istəyirdi

ayı, qağayı.

Sözün müxtəlif çalarlarının məharətlə işlənməsi:

dəniz...

bu dəniz

təmiz olmur heç vaxt

çirklidir təmiz...

Bu qısa şeirdə birinci "təmiz" sözü paklıq anlamında, ikincisi "tamam çirklidir" mənasında işlənmişdir.

Dəqiq ifadə olunmuş "kəlamlar":

Məcnunun Leyliyə əli çatsaydı,

Tarixdə Məcnun yox, Qeys qalardı,

Orijinal qulaq qafiyələri:

Nə gürcüdü, nə də macar.

Sən də düşün, bir tap macal

Bu nə sirdi, nə tapmaca

Tapan açmasını desin.

Çingizin daha bir qeyri-adi qafiyəsi: "Kral Liri kasıb - Lirikası" mənə atamın bu sayaq qafiyələrini xatırlatdı (Dallesin - bal yesin).

Ümumiyyətlə, öz nəsil şairləri içində Çingiz eksperimentçiliyindən başqa, sənətin başqa sahələrinə - musiqiyə, təsviri sənətə yaxınlığıyla seçilir. Vaqif Mustafazadənin xatirəsinə həsr etdiyi şeir, Pirosmani, Pikasso haqqında şeirləri bu qəbildəndir. Böyük rəssama həsr olunmuş şeirini "Pikassovari" adlandıraraq elə pikassovari bir obraz da tapır:

Üzüldüm öz üzümdən

Başımda atəş çaxdı!

Dün daddığım üzümdən

Gözümdən çaxır axdı.

Yenə də keçən əsrin altmışıncı illərindən əvvəlki dövrü xatırlayaraq yada salmaq istəyirəm ki, o vaxt şeirdə əcnəbi rəssamların, bəstəkarların adlarını çəkmək "kosmopolitlik", "milli nihilizm" sayılırdı.

Bütün nəsillərə mənsub olan şairlərimizin bir çoxu Bakıya kəndlərdən, rayonlardan gəliblər və şeirlərin də doğma yerlərin nisgili, həsrət hissləri mühüm yer tutur. Çingizin şeirlərində də, xüsusiylə indi, müvəqqəti itirdiyimiz Qarabağ əraziləriylə bağlı həsrət motivləri güclüdür. Amma Çingiz bəlkə də kənddən gələn şairlərimiz içində ən çox "şəhərləşmiş" şairdir.

Şeirlərində nəinki musiqiçilərə, rəssamlara üz tutur, antik obrazları (İkar, Odissey, Penelopa, Poseydon, satir), dini mifologiyanı (Hefsiman bağı, Vifleyem, Həzrət İsa) poeziyasına daxil edir. - Bu cəhətdən mənə hardasa rus şeirinin "gümüş dövrü" şairlərini (Çingiz onlardan da örnəkləri dilimizə çevirib) yada salır. Çingiz Əlioğlu bizim ən intellektual, savadlı və geniş erudisiyalı şairlərimizdəndir. Cordana Bruno haqqında poeması bunu bir daha sübut edir.

Çingiz Əlioğlu barədə yazıya başlamazdan onun "Qapı" kitabını ilk dəfə oxumağa başladım və 306-cı səhifəyə çatanda adımı görüb diksindim. Demə, Çingizin mənə həsr olunmuş və özü qeyd etdiyi kimi, "müxtəlif vaxtlarda yazıb çap etdirmədiyi üç şeiri" varmış. İnanın ki, bundan xəbərim yoxdu və Çingiz özü də nədənsə bu barədə mənə heç vaxt bir söz deməmişdi. Şeirlərin altında may 1978-sentyabr 2013 tarixlərini görəndə daha da təəccübləndim. Deməli, 35 il ərzində bu "sirr" mənə agah olmayıb. Qorxuram ki, mənə inanmayalar və bu yazımı da Çingizin mənə həsr etdiyi şeirlərinə bir növ minnətdarlıq cavabım kimi qəbul edələr. Belə deyil.

Aydındır ki, bu şeirləri bütünlüklə gətirmək, ya haqqımda yazdığı xoş sözləri bura köçürmək fikrim yoxdur. Ancaq şeirlərdən iki parçanı gətirirəm ki, bunda da məqsədim var. Çingiz "Anara" şeirində yazır:

Əyrini kəsməsə düzün qılıncı

Çökdürər diz üstə Anar yumoru.

Və başqa bir parça;

Əfsanə, əsatir satirlərindən

gücdü, amansızdır

o satirada.

Bu parçaları gətirməyimdə məqsəd başqa bir mövzuya körpü salmaqdır. Məsələ ondadır ki, şairlərimiz arasında ən çox satiraya, yumora meyl edən məhz elə Çingizin özüdür. Kəskin satirik misralarıyla yanaşı, daha çox incə, necə deyərlər, lətafətli Qarabağ mizahıyla seçilən şeirlərinin ruhunda Qasım bəy Şakirdən, Əbdürrəhim bəy Haqverdiyevdən, "Məşədi İbad" müəllifi Üzeyir bəydən gələn bir duz var.

Götürüb əlinə bir qamış düdük

Müdriklik eşqinə düşüb hər düdük.

Yaxud;

Göydə mələk olmağa

Nə var ki qardaş!

Oğulsan düş aşağı,

yerdə mələk ol!

Özünə arxayın olan güclü adam özüylə məzələnməkdən də qorxmaz:

Yalan desəm, dilimi kəs

Bir suala min çözüməm

Yola getmədiyim bir kəs

Varsa elə mən özüməm.

"Nərd" şeirindən misralar:

Fələk şeş-qoşa atır.

Mən atdığım sə-birdir

Qulağıma səs gəlir:

Döz, səninki səbirdir!

 

Dişim dil-dodaq yeyir, -

Zər ki vermir haçandır!

Qoşan gəldi qaç deyir,

Oyun tez qaçanındır.

 

Bir atışla mən udsam

çaşdırmasın zər sizi

Udanda mən uduram

Özümdən də fərsizi.

Çingiz həyatın ən məşum problemini - ölüm, əcəl məsələsini, qaçılmaz dərdini - ömrün ötüb getməsini də zarafata salıb deyə bilir:

Həyat uzun, ömür gödək

Qəfil gəlir qara mələk

Tökülüb iş-gücün qalır,

Deyir yığış, duraq gedək.

 

Bilir ki, yeyib içənsən

Dost üçün candan keçənsən.

Qanacağı çatmır desin

Əlli-əlli vuraq gedək

Arzu edirəm ki, gözəl şairimiz, dostum Çingiz Əlioğlu hələ çox-çox illər qara mələklə üzləşməsin, yaşasın, yaratsın, hərdən-birdən də "əlli-əlli vursun".

Yazımı Çingizin çox bəyəndiyim "qəribə" şeirlərindən biriylə bitirmək istəyirəm:

 - hara gedirsən!

 - Heç hara

 - məni də apar!

 - hara?

 - heç hara...

bu bəyaz, bu bomboz

son payız günü

xəzəl tonqalından

qalxan tüstüylə

buludların üstüylə

ucalaq ora

ünvanı sonsuzluq

yerdə oturaq

önümüzdə açılıb-yığılan süfrə

üstü dolu xəyal-xatirə

görsən ki kefsizəm

görsən susuram

de haran ağıyır, haran ağrıyır

heç haram, heç haram,

heç haram deyim...

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

İyul 2020

 

525-ci qəzet.- 2020.- 22 avqust.- S.16-17.