Onun səsinə göydə quşlar qanad saxlayır

 

Səsin duruluğu deyirlər. Yəni dumduru səsin saflığını bulaq suyuna bənzədirlər. Bu da xalq hikmətidir. Bu hikməti açmaq yox, dərk etmək lazımdır. Onda həm bulağın suyuna, həm də o səsə ehtiramın artacaq.

Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin, Seyid Şuşinskinin, Yaqub Məmmədovun, Qulu Əsgərovun, İslam Rzayevin, Qədir Rüstəmovun, Ağaxan Abdullayevin, Səxavət Məmmədovun, Yavər Kələntərlinin, Şövkət Ələkbərovanın səsini dinləyənlər onların səsinin sehrinə düşüb. Xalq artisti Əlibaba Məmmədovdan eşitmişəm: Onların oxumaları nəfəs dərmədən dinlənilirdi.

Yeniyetməliyimdən xalq mahnılarını da sevmişəm, muğamlarımızı da. Mənə elə gəlirdi ki, hər səsin öz rəngi var. Mən bu rəngləri heç zaman bir-birindən fərqləndirmədim. Fərqləndirsəydim, könlümdə o musiqi dünyasının gözəlliyi bəlkə də pozulardı, o ecazkarlıq məndən incik düşərdi.

Sonralar səsinə valeh olduğum xanəndələr də oldu.

Sonralar bir səsin də sehrinə düşdüm. Almaz Orucovanın oxumağı mənim də könlümü telləndirirdi, düşüncələrimin nizamına, sığalına dönürdü. Belə xanəndələr haqqında "Onu dinləyəni yaşada-yaşada öldürür, öldürə-öldürə yaşadır" deyirlər. Bu deyim xalqın sevgisidir. Bu fikir hansı xanəndə barədə deyilirsə, o xanəndə xalqın sevimlisi olur. Xalq belə xanəndələri sevə-sevə dinləyir, dinləyə-dinləyə sevir.

Yeri gəlmişkən, illərin o üzündə qalmış bir hadisəni xatırladım. Almaz xanımın anası Sehranə xanım 1956-cı ildə Bakıda keçirilən mahnı müsabiqəsinin qaliblərindən biri olsa da, valideynləri bu istedadlı qızın səhnəyə yolunu bağlayıb. Ancaq Sehranə xanım oxuyub. El şənliklərində, qohum-qonşu toylarında. Onun şirin oxumasını mən də eşitmişəm. Keçən əsrin 80-ci illərində üzüm yığımında xahiş etdim, sözümü yerə salmadı, oxudu. O səs, o oxuma indi də yadımdadır...

Almazın gözəl səsi olduğunu duyan ana sevincini kimsənin görmədiyi, görə bilmədiyi göz yaşlarına büküb, gizlədib. "Özümə qismət olmadı, qızıma qismət olsun" niyyətiylə.

İstedadı gizlətmək mümkün deyil. İstedad çeşmə misallıdır, gec-tez üzə çıxır, onu ilkin olaraq bəsirət gözlülər görür, sonra ictimaiyyət. "El gözü tərəzidir" deyimi var və istedadın yolu bu deyimin zəmanəti ilə nurlanır. Zəhmət nurlandırır, xalqın sevgisi nurlandırır, xeyirxahların dünyəvi niyyəti nurlandırır, bir də tale dediyimiz bir az mifik, bir az real düşüncə nurlandırır. Almaz Zəngilan şəhərində, 1 saylı orta məktəbdə oxuyurdu. Tənəffüslərdə könlünə yatan mahnıları zümzümələyərdi. Ona elə gələrdi ki, zümzüməsini özündən savayı kimsə eşitmir. Eşidənlər varmış, eşidənlər onun məktəbin özfəaliyyət dərnəyinə gəlişinin səbəbkarı oldular. Almaz oxudu. "Ahu kimi" xalq mahnısını Səxavət Məmmədov çox bənzərsiz oxuyub. Bu bənzərsizliyi sevməyənmi var? Almaz bu bənzərsizliyi sevdi, bu bənzərsiz sevgi onu "Ahu kimi"nin ifaçılarından biri elədi...

Oxuya-oxuya püxtələşdi. Rayon miqyaslı müsabiqənin qalibi oldu. Mənə elə gəlir ki, həmin gün Sehranə xanımın göz yaşları Almazın kürəyini isladıb...

Az sonra Almaz rayon Mədəniyyət evinin "Çinar" ansamblının solisti olur.

İllər keçir, Zəngilan şəhər 1 saylı orta məktəbin sinif otaqlarından başlanan səs yolu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu  ilə (indi Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kolleci) qovuşur. Almaz Orucova xanəndəlik şöbəsinə daxil olur. Yaxşı müəllim (öyrədən) qabiliyyətli tələbənin (öyrənənin) istedadını gərəkli, yaşarı məcraya yönəldir. Bu proses düzgün təşkil edilməzsə, səmərəli olmur. Yəni müəllim istedadın pərvəriş mələyidir. Almaz Orucova burda musiqi tariximizdə öz istedadı və ecazkar ifaları ilə əbədi iz qoymuş, milyonlarla dinləyicinin qəlbində silinməz yer tutmuş ustad xanəndə, Xalq artisti, böyük sənətkar, Şövkət xanım Ələkbərovanın sinfində təhsil alır. "İlk dərs günü ustadım olacaq müəllimim oxumamı eşidəndə gülümsündü. "Yaxşı səsin var" - dedi. "Zəhmətə qatlaşsan, yaxşı, sevilən xanəndə olacaqsan". Ustadımın dedikləri bu günəcən düşüncələrimin haləsidi. Zəhmətə qatlaşdım..."; ustad xanəndənin aqil kəlamı gənc xanəndənin uğurunun işığı oldu. Bu işıq uğurlu işığıymış, düşərli işığıymış...

Tələbə-xanəndələr müəllimlərin, musiqi kollektivlərinin təqdimatı ilə müəyyən tədbirlərə, el şənliklərinə dəvət edilirdi. Bu tədbirlər, müəyyən mənada, onların tanınmasında əhəmiyyətli ola bilərdi. Əgər oxumanı mükəmməl öyrənibsə, əgər oxumaq xətrinə oxumursa.  Bu dəvətlərdə tanınma da mümkündür, tanınıb sevilmə də. Almaz Orucova Azərbaycan televiziyasının diqqətini çəkdi. Gənc ifaçı olaraq proqramlara dəvət olundu. Radiodan oxuduğu mahnılar mütəxəssisləri maraqlandırdı.

Almaz Orucova "Segah"ı o qədər kövrək, o qədər duyğusal, o qədər incə ifa etmişdi ki, dinləyənlərin ruhunu tərpətmişdi. Səsi "Segah"a yatımlı, ruhu "Segah"a bağlı Səxavət Məmmədov gənc xanəndənin səsinin məlahətinə, ifanın klassik ifa tərzinə sədaqətlə təqdimatına heyranlığını gizlədə bilməmişdi. Az sonra  muğamlarımızın, xalq mahnılarımızın Səxavəti onu "Qarabağ" instrumental ansamblına dəvət etdi. Bu dəvət Almazın sənət yolunun başlanğıcı oldu.

İlk qastrol səfəri onun ömürlüyünün üverturasına dönəcəkdi. Bu üvertura "bir dünyalıq arzu-istək bir ürəyə sığınan tək" sığınacaqdı gənc xanəndənin ömrünə. Naxçıvan Muxtar Respublikasında konsertlərdə tamaşaçılar yeni səsin cazibəsində yeni duyğular yaşadılar. Əshabi-Kəhfdən əsən sərin mehlərin bu səsin sehrinə sarı boylandığına zərrəcə şübhəm yoxdur, ilahi qüdrət həmişə bənzərsizliyin himayədarı olur.

Səxavət Məmmədovun avtomobil qəzasında həlak olması gənc xanəndənin könül dünyasının sunamisinə dönür. Aylarla Azərbaycan musiqisinin bu ağır itkisinin ağrılarını o da yaşayır. Və Xalq şairi Səməd Vurğunun bir misrasını xatırlayır: "Biz gəldi-gedərik sən yaşa, dünya..."

1992-ci ilin mart ayında Azərbaycan Cəmiyyəti tərəfindən Almaniyaya dəvət alanda sevincdən Almaz Orucovanın köksü ürəyinə darlıq edirdi. Bəstəkar Cavanşir Quliyev, tanınmış tarzən, Xalq artisti Möhlət Müslümov mahir kaman ustası, Xalq artisti Fəxrəddin Dadaşov, müğənni Elçin Cəlilovla birlikdə Berlində alman tamaşaçılarını Azərbaycan musiqisiylə heyrətləndirənlərin sırasında o da oldu. Bu qastrol Almaz xanımın yaddaşında bu gün də o vaxtkı ovqatıyla qalmaqdadır: bir həftə çəkən konsertdən sonra oxuduğu mahnılar disk kimi muğamsevərlərə çatdırıldı.

Bir il sonra Xalq artisti İslam Rzayevin rəhbərliyi ilə yenidən Almaniyaya qastrol səfərinə gedir. Özünəinam da, özünəinam qədər də məsuliyyət də, sevgi də gərəkdir. Həm də dövləti, xalqı təmsil edəndə.  Sən səhnədə təmsil etdiyin xalqın incəsənətinin heyrət bayrağını qaldırırsan. Mahnıdan mahnıya keçdikcə bu bayraq göyün qatlarına ucalır. Səsin xalqının min-min illik incəsənətinin yaddaşının səsinə dönür. Almaz Orucova Almaniyada alman (təkcə almanmı?) tamaşaçılarını belə heyrətləndirməyi bacardı.

Bu qastroldan sonra Xalq artisti İslam Rzayevin bədii rəhbər olduğu Muğam Teatrına dəvət edildi. Bu, onun böyük səhnəyə gəlişiydi. Böyük səhnə Almaz Orucovaya qoşa qollar açdı. Yadına Zəngilan rayon Mədəniyyət evində ilk çıxışı düşdü. Gülümsündü. O çıxışını da başlanğıc bildi, bu çıxışını da.

2005-ci ilədək tamaşaçılarını Muğam Teatrının səhnəsindən muğamlarımızın, xalq havalarımızın mehriylə salamladı.

"İstedadlıya arxa-dayaq ol, istedadsız onsuz da ozünə yol açacaq" deyimi var və nə yaxşı bu deyim sənət fədailərimizin ömürlüyündə işıq kimi yaşayıb. Məşhur kamança ifaçısı, Xalq artisti Ağacəbrayıl Abasəliyev bu istedadlı xanəndədən qayğısını əsirgəməyib. O illərdə Almaz Orucova İtaliya, Fransa, Avstriya, Norveç, Almaniya, Turkiyə və digər xarici ölkələrdə qastrol səfərlərində tanınmış sənətkarlarla eyni səhnəni bölüşərək Azərbaycan mədəniyyətini, Azərbaycanın dünyanı heyrətləndirən musiqi dünyasını layiqincə təmsil edir. Konsertlərdə oxuduğu mahnılara yeni nəfəs gətirməklə tamaşaçıların rəğbətini, sonsuz və tükənməz məhəbbətini qazanır. Özü də bilirdi ki, belə sənət taleyi hər xanəndəyə nəsib olmur.

Almaz Orucova 2005-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir. Onun ifasında "Mirzə Hüseyn segahı", "Bayatı Şiraz" və digər muğamlarımız, "Kəsnə şikəstə" ritmik muğamı, "Gəl bizə yar", "Ahu kimi" kimi xalq mahnıları, "Aşiqəm", "Sənsən", "Dalğalar" kimi bəstəkar mahnıları sevgilərlə dinlənilməkdədir.

2005-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında istedadlı xanəndənin konserti anşlaqla keçib, musiqisevərlərin zövqüncə olub və pərətişkarları onu gül-çiçək yağışına tutub. "Zəngilandakı ilk çıxışımı, Almaniyadakı ilk çıxışımı və Filarmoniyada ilk konsertimi heç zaman unutmaram. Heç biri unudulan deyil. Ocağı közlər alışdırır. Onların üçü də mənim sənət ocağımın yanar közü olub".

Almaz xanım belə deyir. Və qətiyyətlə, bir qədər də kövrəkliklə deyir. Sənət yolunun başlanğıcı olan Zəngilanın işğalı onun da dünyasının nizamını pozub. “Filarmoniyadakı konsertimdə məni tanınmış tarzən, Əməkdar artist Ələkbər Ələkbərov, kamançaçı, Əməkdar artist Xəyyam Məmmədov müşayiət edirdi. Müşayiətçilərin xanəndəni duyması uğurun başlanğııcıdır. Sənət dostlarıma indi də minnətdaram" deyən Almaz xanım o konsertin uğurunu illər sonra da xoş ovqatla xatırlayır...

Almaz Orucova  "Xalq ulduzu" telelayihəsinin münsiflər heyətinin üzvü olub. Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Aybəniz Həşimova, Əməkdar incəsənət xadimi Tahir Əkbər ilə birlikdə gənc istedadların aşkarlanmasında,  hazırlanmasında, seçilməsində fəal iştirak edib.

Almaz Orucova Əməkdar artist Səbuhi İbayevlə birlikdə 2010-cu ildə Tacikistanda 21 ölkənin tanınmış musiqiçilərinin və müğənnilərinin iştirak etdiyi "Avazi" festivalında Azərbaycanı layiqincə və böyük uğurla təmsil edib, birinci yerə layiq görülüb.  2015-ci ildə isə Bakıda Muğam Mərkəzində keçirilən "Muğam aləmi" beynəlxalq musiqi festivalının da iştirakçısı olub  

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Həmişə sənətə ciddi münasibət bəsləyən, xalq və bəstəkar mahnılarının yüksək professio-nallıqla mahir ifaçısı olan Əməkdar artist Almaz Orucova dövlət səviyyəli tədbirlərdə və yubileylərdə də tez-tez çıxış edir. Səhnə davranışına, oxu texnikasına həmişə ciddi yanaşır və bunu mənəvi borc hesab edir. Gözəl avazı, özünəməxsus zəngulələri, misilsiz ifası ilə pərətişkarlarını ovsunlayır və sevilir Almaz Orucova.

Bənzərsiz səs sahibi, muğamımızın və xalq mahnılarımızın mahir ifaçısı, ölməz sənətkarımız Şövkət xanım Ələkbərovanın ruhu sonuncu tələbələrindən biri (və sevimlisi!) olan Almaz xanımın uğurlarına duaçıdır, şübhəsiz. Belə xanəndələr üçün "Onun səsinə göydə quşlar qanad saxlayır" deyirlər.

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant,

Əməkdar müəllim

 

525-ci qəzet.- 2020.- 26 avqust.- S.20.