Azərbaycanı kəşfə çıxan fotoqraf

 

Vüqar İbadov: "AZƏRBAYCANIN HƏLƏ NƏ QƏDƏR KƏŞF OLUNASI YERLƏRİ VAR, BİZ ORALARI ÇƏKİB XALQIMIZA GÖSTƏRMƏYİ PLANLAŞDIRIRIQ"

 

Son zamanlar sosial şəbəkələrdə tez-tez ölkəmizin dilbər güşələrini, heç görmədiyimiz, bilmədiyimiz gözəlliklərini nümayiş etdirən rəngarəng kadrlar paylaşılır. Belə paylaşımların çoxalması insanı həqiqətən qürurlandırır.

Bu, həm özümüzün öz coğrafiyamızı, vətənimizin ən ucqar nöqtələrini görüb tanımağımız, həm də turizm cəhətdən ölkəmizin tanınması baxımından olduqca faydalı və əhəmiyyətlidir. Yaxşı, bəs, bu möhtəşəm kadrların müəllifi kimdir? Bu istəklə kiçik bir araşdırma etdik. Nəticədə çəkdiyi kadrlar kimi söhbəti də böyük maraq kəsb edən fotoqraf Vüqar İbadovla tanış olduq. Vüqar ibadov hazırda Bakı Media Mərkəzində fotomüxbirlik edir. Onun iyirmi iki illik fotoqrafçılıq karyerası var. Bu illər ərzində həm qardaş Türkiyənin, həm də Azərbaycanın müxtəlif televiziyalarında operator vəzifəsində çalışıb. Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Vüqar İbadov 2010-cu ildə ölkəmizdə keçirilən Eurovision mahnı yarışmasının rəsmi fotoqrafı olub.

Vüqar İbadov haqqındakı bu kiçik araşdırmamızdan sonra onunla həmsöhbət olduq, bütün bu kadrları harda və hansı şərtlər daxilində çəkdiyi barədə danışdıq. Həmin söhbətimizi sizlərə təqdim edirik.

- Vüqar bəy, ötən gün sizinlə əlaqə saxlayanda sərhəd xətti ilə hərəkət etdiyinizi dediniz. Dediniz ki, dağdan enim, suallarınızı cavablandıracam. Orda nə iş görürdüz? İndi hardasınız?

- İndi Zaqatala-Qax zonasındayam, havanın açılmasını gözləyirəm. Siz mənə yazan vaxt da elə Pəri Qalanın olduğu yüksəklikdən enirdim. Dağın ətəyində, dəniz səviyyəsindən 700-800 metr hündürlükdə yerləşən Yuxarı Çardaxlar kəndi rayon mərkəzindən 15 kilometr aralıdadır.

- Sizin çəkdiyiniz kadrlar sosial mediada böyük marağa səbəb olur, sevilir və paylaşılır. Bu, sizə necə təsir edir?

- Demək, 22 illik əziyyətim hədər getməyib ki, çəkdiyim fotoları insanlara bəyəndirə bilirəm.

- Bildiyim qədəriylə, ixtisasca fotoqraf deyilsiniz. Bu səviyyədə püxtələşməyə nə qədər zaman sərf elədiniz?

- Kim deyir ki, mən yaxşı fotoqrafam? Məndən də güclü və istedadlı fotoqraflar var. Peşəkarlığa gedən yol oxumaqdan və öyrənməkdən keçir. Fotoqrafiyanın nəzəriyyəsini güclü bilmək başqa, praktika başqa. Əgər sən bildiklərini çəkiliş meydanında anında tətbiq edə bilmirsənsə, demək ki, səni "yeyəcəklər".

- Fotoqrafçılıq illərir ölkəmizdə ən populyar və tələbat olan sahələrdən biridir. Yaxşı fotoqraf həqiqətən tanınır, haqqında danışılır, elə sizin kimi. Bəs, yaxşı, fotoqraf olmağın sirri nədir?

- Onu deyim ki, mən ümumilikdə 22 ildir media sahəsindəyəm, amma hələ də nəyi isə öyrənirəm.

- Siz bu qədər yaddaqalan işlər görürsünüz, bəs, heç bu sahəyə maraq göstərən gənclərə təlimlər, kurslar keçirsizmi?

- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşümüz olur. Sağ olsun, fakültənin dekanı Vüqar Zifəroğlu belə görüşləri tez-tez təşkil edir. Azərbaycan Fotoqraflar Birliyi və ASAN Xidmətin təşkil etdiyi bütün tədbirlərdə iştirak edirəm. Bundan başqa, fotomüsabiqələrdə münsiflər heyəti kimi dəvət olunuram. Həmçinin, BDU, Müdafiə Nazirliyi və "Dinc Dünya" Araşdırmalar Mərkəzinin birgə layihəsi olan "Konflikt Jurnalistikası Məktəbi"ndə, ekstremal şəraitdə fotojurnalistin davranışları haqqında təlim alan gənc jurnalistlərə böyüklərimizdən öyrəndiklərimizi öyrədirik.

- Bir neçə gün əvvəl yenə sizin çəkdiyiniz və sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan bir neçə kadr qarşıma çıxdı. Bunlar həqiqətən çox cəlbedici idi. O kadrlar necə alındı, təsadüfən rastınıza çıxdı, çəkdiniz? Yoxsa ümumiyyətlə, bu cür çəkilişləri etmək üçün dağlarda kamp qurursunuz?

- Biz Zaqatalada dağlar qoynunda, dəniz səviyyəsindən 3070 metr hündürlükdə yerləşən Xalaxı gölünə gedirdik. Elə alındı ki, Daşkəsən adlı yataqda gecələyəsi olduq. Həmin o kadrlar da orda çəkilib. Mən özüm əslən Laçındanam, uşaq vaxtı yayda kəndə gedəndə yaylaqlarda çox qalmışam. Kənd həyatı mənə şəhər həyatından daha doğmadır. Orda uşaq vaxtı gördüklərimi indi fotoya həkk edirəm. Pendirin, nehrə yağının hazırlanması, qoyunların qırxılması - bunlar hamısı mənə doğmadır. Çobanların həyatı elə də asan deyil.

- Bu çəkilişləri hansı bölgələrdə etməyi düşünürsünüz?

- Biz əslində, Azərbaycanın bütün bölgələrini qarış-qarış kəşf edirik. Çoxlu gözəl, görməli yerlərimiz var ki, ölkənin bir faizi belə oraları nə görüb, nə də haqqında eşidib. Hətta oralara gedib çıxmaq belə, həyati risk tələb edir. İstəyirik ki, vətəndaşlarımız bu yerlərlə tanış olsunlar. Azərbaycanın hələ nə qədər kəşf olunası yerləri var ki, Allahın izniylə, oraları çəkib xalqımıza göstərməyi planlaşdırırıq.

- Sizdəki bu müsbət enerji hardan qaynaqlanır? Üstəlik də. bu qədər gəzmək və komfortdan uzaq qalmaq həvəsi. Bütün bunları necə bacarırsınız?

- Bax onu bilmirəm. Amerikanın ən elit xüsusi təyinatlı qrupunun bir şüarı var: "Diskomfort yerdə özünə komfort yarat ki, həyatda qala biləsən".

- Bu işdə sizə kömək edən təşkilat, qurum varmı, yoxsa bu işləri bütünlüklə öz gücünüzə görürsünüz? Bütün bu yerlərə komanda ilə gedirsiniz?

- Bəli, qrupla gedirik. Mən Bakı Media Mərkəzinin fotomüxbiriyəm. Biz bu işi komanda şəklində həyata keçiririk.

- Son olaraq işini bu qədər gözəl bacaran biri kimi, bu sahədə yetişən gənc fotoqraflara nə məsləhət görərdiniz?

- Deyərdim ki, nə işlə məşğul olurlar-olsunlar, öz işlərini sevə-sevə görsünlər. O zaman məşğul olduğunuz işin bəhrəsini də görəcəksiniz.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2020.- 26 avqust.- S.12.