Hər zaman 5
AMEA-nın müxbir üzvü,
professor Ərtegin Salamzadənin 55 illiyinə
Aqillərin təbirincə desək,
5 rəqəmi sirli, sehrli rəqəmdir. Bir əldə 5
barmaq var, həftənin də iş günlərinin sayı
5-dir. 5 həm də müdriklik rəmzidir. Hələ tarixdən
öncə nurlu Budda insanlığa 5 məşhur tövsiyəsini,
qadağasını miras qoyub. Atilatnın - qədim
hun-türk sərkərdəsinin Avropanı diz
çökdürməsi də V əsrdə reallaşıb.
5 həm də "Xəmsə"dir,
böyük Azərbaycan şairi Nizaminin dünya söz xəzinəsinə
verdiyi qiyməti olmayan incidir. Nəhayət, bunu da
xatırlayaq ki, yaxın keçmişə qədər məktəblərdə
biliyimizi 5 ballıq sistemlə qiymətləndiriblər, həm
də 5 ən yüksək qiymət olub. 5-in
sözlə ifadəsi "əla"dır. Bu söz hər zaman işlənib və gələcəkdə
də işlənəcək. Deməli, 5 rəqəmi həm
də zehinlərdə "əla"nın
sinonimi kimi bərqərar olub. Həm də bunu təkcə
yaşlı və orta nəsil yox, gənclər də bilir.
Bu
günlərdə "qoşa beşini" - 55
yaşını qeyd etdiyimiz AMEA-nın müxbir üzvü,
sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə
yeniyetməlik, erkən gənclik illərindən bu günədək
yalnız bir qiymət tanıyıb - 5 qiyməti! Xatırlayıram, o, həmişə 5 alıb.
Bu qiymət ona yaraşıb və əminəm
ki, həmişə yaraşacaq.
Yaxşı
yadımdadır: 1982-ci ildə o zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun yeni yaradılmış sənətşünaslıq
bölməsinə sənəd verirdik. İsti
iyul günləri idi. Aramızda 17
yaşlı təvazökar,
qaynayıb-qarışmağı o qədər də
xoşlamayan (nəsə mənə elə gəlirdi) bir gənc
- Ərtegin Salamzadə də vardı. Biz
müvəffəqiyyətlə imtahan verib tələbə
adını qazandıq. Mən yuxarıda
5-lərdən danışdım; onların çoxunu o,
gözümün önündə qazanıb. O zaman biz -
17 yaşlı gənclər sənətşünaslıq
ixtisasına yiyələnirdik. Ərtegin müəllim
elə o vaxtlardan biliyi, fəhmi ilə seçilirdi. 1987-ci ildə təhsilini başa vuran gənc mütəxəssis
Azərbaycan EA-nın Memarlıq və İncəsənət
İnstitutuna işə qəbul olundu və taleyini bu möhtəşəm
elm məbədinə bağladı.
Onun keçdiyi 30 ildən artıq şərəfli alim
yolu gözlərimiz önündədir. Azərbaycanın
görkəmli sənətşünas-alimləri
M.Hüseynov, Ə.R.Salamzadə, L.S.Bretanitski, A.Qazıyev,
N.M.Miklaşevskaya, K.Kərimov, N.Rzayev, R.Əfəndiyev,
Ş.Fətullayev və başqalarının elmi irsi gənclər
tərəfindən mənimsənilir, davam etdirilirdi.
90-cı illərdə sənətşünaslıqda sanki bir
nəsil dəyişkənliyi baş verirdi: yaşı
ötmüş, adı əfsanələşmiş alimlər
dünyasını dəyişir, onların yerinə o qədər
də təcrübəsi olmayan gənclər gəlirdi. Orta nəsil yox idi - uzun müddət respublikada sənətşünaslıq
təhsili olmamışdı və bu, istər-istəməz
özünü büruzə verirdi. Deməli,
kimsə gənclərdən ağsaqqallıq etməliydi, dəstənin
başında durmalıydı. Bu bir gənci
isə artıq hamı tanıyırdı. Belə
çətin, taleyüklü məqamda Ərtegin Salamzadə
gəncliyinə uyğun gəlməyən təmkin və
inamla, əminlik və cəsarətlə böyük elmin
yollarında irəliləməyə başladı, digər gəncləri
də öz ardınca apardı. O, təkcə əvvəlki
yollarla getmirdi, özü yeni cığırlar salır, sənətşünaslıq
elmini dövrün tələblərinə
uyğunlaşdırır, yeni model və metodlar tətbiq
edirdi. Bizim üçün çox fərəhlidir
ki, bu gün Azərbaycan sənətşünaslıq elmi məhz
Ə.Salamzadənin işləyib hazırladığı
metodlara istinad etməklə inkişaf edir. Sənətşünaslıqda ənənəvi təsviredici
metoddan izahedici metoda keçilməsi, fənlərarası tədqiq
metodu, türkoloji sənətşünaslığın
inkişaf etdirilməsi, Azərbaycan incəsənətinin
müasir baxışlara uyğun tərzdə dövrləşdirilməsi,
sənətşünaslığın riyazi modelinin
qurulması - bütün bunlar Ə.Salamzadənin yeniliyə
meylli, zamanın nəbzini tutan fəaliyyətinin bəhrəsi
kimi gerçəkləşməkdədir. Bu, həm də dövlətimizin elm sahəsindəki
siyasətinin prioritetləri ilə üst-üstə
düşür.
Ə.Salamzadə 2001-ci ildə öz doktorluq
dissertasiyasının əsas müddəalarını əks
etdirən "Azərbaycan sənətşünaslığı. XX əsr"
monoqrafiyasını nəşr etdirdi. Bir il sonra, 2002-ci
ildə, 37 yaşında o, Moskvada, indiki Dövlət Sənətşünaslıq
İnstitutunda
müvəffəqiyyətlə doktorluq
dissertasiyasını müdafiə etdi.
O, 14 ilə
yaxın müddətdə İnstitutun direktor müavini vəzifəsində
çalışıb, hər zaman etimadı doğruldub. 2010-cu ildə o, çoxdan bəri işlədiyi
doğma ocağın - AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktoru vəzifəsinə təyin edildi.
2014-ci ilin iyununda AMEA-nın müxbir
üzvü seçildi. O, həmçinin, İnstitutun
nəzdində fəaliyyət göstərən memarlıq və
incəsənət üzrə Problem şurasının sədri,
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin
üzvüdür. Ərtegin Salamzadə ali
mükafata - Prezident diplomuna layiq görülmüşdür.
Ərtegin Salamzadə həm də pedaqoji fəaliyyətlə
məşğuldur. O, ali təhsilini başa vurduğu
ilk dövrlərdən üzü bəri müəllimlik
edib. Əvvəllər əsasən təhsil
aldığı Mədəniyyət və İncəsənət
Universitetində dərs deyən alim, bir müddət Bakı
Xoreoqrafiya Məktəbində, Azərbaycan Universitetində
çalışıb. Artıq
çoxdan bəridir ki, Memarlıq və İnşaat
Universitetinin "Dizayn" kafedrasında pedaqoji fəaliyyətlə
məşğuldur. Elmlə təhsilin səmərəli
əlaqəsini müvəffəqiyyətin əsası hesab
edən tədqiqatçı-alim və pedaqoq tədris məqsədilə
bir neçə proqram yazaraq nəşr etdirib. Hələ 1995-ci ildə işıq üzü
görən "Dizayn tarixi" adlı proqramda bu sahənin tədrisinə
dair maraqlı, hətta cəsarətli fikirlər yer
almışdı. O dövrdə Azərbaycan təhsilində
dizayn tarixi ardıcıl tədqiq edilməmişdi və
Ərtegin müəllim proqramın giriş sözündə
bunu xüsusi vurğulayaraq bu boşluğu aradan
qaldırmağa çalışmışdı. 2017-ci ildə
ali məktəblər üçün dərslik
- Azərbaycan multikulturalizmi kitabı nəşr edildi. Kollektiv nəşr olan həmin kitabda "Təsviri
incəsənət" bölməsinin müəllifi o idi.
2018-ci ildə Memarlıq və İncəsənət
İnstitutunda magistr hazırlığı ilə əlaqədar
bir müəllim kimi onun işi daha da çoxaldı. O, magistrlərə
də Azərbaycan multikulturalizmindən dərs demişdir.
Onu ən çox düşündürəm məsələlərdən
biri də müstəqillik dövründə sənətşünaslığın
inkişafı problemləri olub. Müstəqillik
dövründə elmdə həm də yeni meyarlar
formalaşıb, yeni prinsiplər meydana çıxıb.
Onun doktorluğu ümumən Azərbaycan sənətşünaslığının
XX əsrdə keçdiyi yola həsr edilmişdi. Lakin müstəqillik dövründə milli sənətşünaslıq
məktəbimizin prioritetləri sanki diqqətdən kənarda
qalmışdı. Ə.Salamzadə
"Azərbaycan sənətşünaslığı
müstəqillik illərində" (2012) kitabını nəşr
etdirməklə bu sahədəki boşluğu aradan
qaldırdı, "Azərbaycan sənətşünaslığı.
XX əsr" monoqrafiyası ilə birlikdə
milli sənətşünaslıq tarixi və nəzəriyyəsinin
ardıcıl mənzərəsini yaratdı. Bir-birini
tamamlayan bu iki əsər milli sənətşünaslığın
tarixini, inkişaf yollarını əks etdirməklə bərabər,
onun həm də "yol xəritəsi"nə
çevrildi, elmin sonrakı inkişafı üçün
prioritetlər müəyyən etdi.
Bu illər ərzində Ə.Salamzadə çox
kitablar yazıb nəşr etdirmişdir. Onlardan "Dizayn və informasiya"
(Bakı, 2006), "Tofiq Rəsulov. Şəbəkə
sənəti" (İstanbul, 2009), "Akmal Nur. Rəngkarlıq" (İstanbul, 2011),
"İçərişəhər Azərbaycan tarixində"
(Bakı, 2015), "Memarlıq və İncəsənət
İnstitutu. 1945-2015" (Bakı, 2015), "Azərbaycan
və dünya incəsənətində soyqırım
mövzusu" (Bakı, 2016), “Türkoloji sənətşünaslıq:
problemlər və metodlar" (Bakı, 2016), "Arxitektor
Əhməd İzmayıl. Yaradıcılığın
dərki" (Bakı, 2019), "Akmal Nurun
boyakarlığının dəyərləri və rəmzləri"
(Daşkənd, 2019) və başqalarını xatırlamaq
olar. Lakin mən bunlardan birinin üzərində
xüsusilə dayanmaq istərdim. Bu, 2019-cu
ildə işıq üzü görmüş "Azərbaycan
incəsənətində Heydər Əliyev obrazı"
monoqrafiyasıdır. Kitabın ön
sözünün müəllifi AMEA-nın birinci
vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli,
redaktoru görkəmli heykəltəraş, Xalq rəssamı,
akademik Ömər Eldarovdur. Kitabda Ulu
öndər Heydər Əliyevin rəssamlıq və heykəltəraşlıq
sahələrində, eləcə də xalça sənətində
yaradılmış bədii obrazlarının əhatəli təhlilləri
yer alır. Çoxsaylı şəkillərin
əks olunduğu bu kitab sənətşünaslıqda həmin
mövzuda olan ilk fundamental elmi əsərdir.
Ərtegin müəllim həm də müxtəlif vaxtlarda qələmə alınmış elmi, elmi-publisistik və ictimai məzmunlu məqalələrin müəllifidir. Respublika mətbuatında və xüsusi buraxılışlarda dərc olunmuş "Prezident İlham Əliyevin mədəni siyasəti", "Prezident İlham Əliyevin obrazı təsviri sənətdə", "Akademik İsa Həbibbəyli və Azərbaycan sənətşünaslıq elmi", "Multikulturalizm ensiklopediyası", "Zirvələr fəth etmiş alim" (akademik Teymur Kərimlinin 65 illiyinə), "Qədim torpağın qədim sənəti" (akademik İsa Həbibbəyli və professor Vidadi Muradovun "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" kitabı haqqında), "Nuh torpağına səyahət" (akademik Çingiz Qacarın "Naxçıvan - dünyanın ən qədim şəhərlərindən biri" kitabı haqqında) və başqa məqalələr yüzlərlə elmi məqalə yazmış alimin qələminin elmi-publisistik yönüdür. Ə.Salamzadə ictimai mühitdə fəaldır, həm elm, həm də publisistika sahəsində qələm işlətməyi sevən alimlərimizdəndir.
Bu günlərdə dəyərli tədqiqatçı alim, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin 55 illiyini qeyd edirik. Ərtegin müəllim bu "qoşa beşinə" əsl alimin layiq olduğu tərzdə - beşlərlə gəlib çatıb. Orta məktəb, sonra isə auditoriya otaqlarından pərvazlanan bu 5-lər onun daimi yol yoldaşına çevrilib, yazdığı çoxsaylı kitab və monoqrafiyalardan, proqram və dərsliklərdən, etdiyi məruzə və çıxışlardan, irəli sürdüyü metod və konsepsiyalardan boylanıb. Bu xoş günlərdə üzümüzü yaşından cavan görünən (burada bir "maşallah" deyək) alim dostumuza tutub deyirik: qoşa beşin mübarək! "Əla", bir də "əla"! Sağlıq olsun, biz onun 60, 70, 80 illiyini öz iştirakı ilə qeyd edəcəyik. AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin zəhmətsevərliyini, elmə gənclik ehtirası ilə yanaşmasını yaxşı bilirik. Deməli, qarşıda isə onu hələ çox 5-lər gözləyir. Uğurlar olsun!
Xəzər
ZEYNALOV
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2020.- 26 avqust.- S.16.