Van Qoqun
avtoportreti
“Bir rəsmin dedikləri"
Rubrikamızın budəfəki qonağı rəssam Teymur Daimidir. Teymur Daimi ilə
Van Qoqun avtoportreti haqqında danışmışıq.
- Bu portretin yaranması haqqında müxtəlif fikirlər
var. Sizcə, söylənilən
fikirlər həqiqəti
nə dərəcədə
əks etdirir?
- Bu əsərlə bağlı
ən çox səslənən iki fərziyyə var. Birincisi,
Van Qoqun öz qulağını sevdiyi qadın üçün kəsməsidir. Sözün açığı, mən buna inanmıram.
İkinci fərziyyə həqiqətə
daha yaxındır.
Deyilənə görə, Van Qoq
yaxın dostu Pol Qogenlə kəskin mübahisə edir. Və bu mübahisədən
sonra qulağını
kəsir.
- Mübahisənin səbəbləri
barədə məlumat
varmı?
- Hə. Pol Qogen
Fransanın tanınmış
rəssamlarındandır. O dövrdə Van Qoq Pol Qogenlə birgə bir rəssamlıq mərkəzi
yaratmaq istəyir. Elə bir mərkəz
ki, burada rəssamlar azad şəkildə yaradıcılıqla
məşğul ola bilsinlər. Bu, Van Qoqun arzusu
idi. Qogen bu ittifaqdan çıxmaq istədiyini
deyəndə o, çox
əsəbləşir. Aralarında böyük mübahisə
olur. Ümumiyyətlə, Van Qoqla yola
getmək çətin
məsələ idi.
Qogen qeydlərində yazır ki, Van Qoq çox
işıqlı, çox
yaxşı adamdır,
ancaq onunla yola getmək mümkün deyil. Onun keçirdiyi ruhi sarsıntılar münasibətlərə
təsirsiz ötüşmürdu.
- Portretə baxanda onun üzündəki
cizgilərdə bu sarsıntıların izini
görə bilirik. Hətta rəssamın özünü
olduğundan daha qoca təsvir etməsi də təsadüfi deyil.
- Ümumiyyətlə, Van Qoq
kimi dahilər bizim görmədiyimiz şeyləri görüb,
hiss edə biliblər. Onun çox çətin
həyatı olub.
Bu çətinliklər həm zahiri görkəmində, həm
da daxili dünyasında öz əksini tapıb. Ona görə də onun yaşından xeyli böyük görünməsi bizi təəccübləndirməməlidir.
- Van Qoqun
əslində, qulağını
kəsmədiyini deyənlər
də var. Onlar bunu belə əsaslandırır ki, qulağını kəsmiş
olsa, ağrısına
dözə bilməzdi. Bu barədə nə deyə bilərsiniz?
- Axı, şahidlər var.
Avtoportretdən savayı,
biz onunla eyni dövrdə yaşamış
şəxslərin qeydlərində
buna rast gəlirik. O ki qaldı ağrı məsələsinə, düzdür,
qulağı kəsmək
çox ağrılı
olar. Ancaq insanlar var, əlini, ayağını
kəsir, amma bu ağrıya dözürlər.
- İnsanların
çoxu rəsmlərdə
xoşbəxt, səliqə-səhmanlı
qalmaq istəyirlər. Rəssamlar isə özlərini
çox vaxt fərqli şəkildə
təsvir edirlər.
Niyə?
- Çünki onlar fərqli olanı axtarırlar, bu fərqi tapanda isə ondan qaçmırlar. Siz istər
klassik, istərsə də çağdaş rəssamların avtoportretlərini
baxdıqda belə qəribə halları çox görə bilərsiniz. Eləsi var
özünü lüt
çəkir, eləsi
var əllərini, ayaqlarını kəsir.
Onlar bunu təsadüfən etmirlər. Eyni qayda ilə
ağrı və əzabların təsvirindən
də qaçmırlar.
Çünki səmimidirlər. Rəssam ilk növbədə səmimi
olmalıdır. Normalda insan
ağrılarından qaçır
sanki. Fikir verin, insanlar
adi şəkil çəkdirəndə gülümsəyirlər?
Axı, niyə? Bu, şablondur
və səmimi deyil. Mən şəkillərdə ciddi durmağı sevirəm. Çünki belə mənə
daha rahatdır. Özünü çəkən rəssam da özünü hər halı ilə təsvir edə bilir. Van Qoq
bu rəsmi çəkərkən bəlkə
də, özü üçün çəkib.
Heç
düşünməyib ki,
kimsə baxar. Məsələn, yazıçılar gündəliklər yazırlar.
Çoxu bunu özü
üçün edir.
Daxili tələbatın təsiri
ilə. Daha sonra
onlar ya əsərə çevrilir,
ya da heç
üzə çıxmır.
Van Qoq qulağını
kəsdikdən sonra bintlə sarıyır və güzgüdə özünə baxır.
Gördüyü adamı təsvir
etmək istəyir və edir.
- Əsərdəki rənglər
barədə nə deyə bilərik?
- Van Qoq yaradıcılığında rənglər həm də simvolikadir. Bu əsərin koloriti, rəng seçimi də fərqlidir. İlk baxışdan parlaq rənglər görürük. Əslində isə əsərdə bədbinlik var. Baxmayaraq ki, parlaq rənglərdən istifadə olunub. Rənglər sanki qışqırır. Burada kəskinlik var. Rənglərin nisbəti açıq və kobuddur.
- Bu
rəsm bizə nə deyir?
- Bu, bir qədər mübahisəli sualdır. Çünki bir rəsmdə rəssamın nə demək istəməsi ilə nəticədə nə dediyi fərqli ola bilir. Bəzən tamaşaçı heç rəssamın demədiyini də düşünə bilir. Ona görə də rəsm haqqında konkret bunu deyir, bu mesajı verir demək olmur. Mesaj iki cürdür. Bir əsl mesaj, bir də tamaşaçının anladığı. İncəsənətin mütləq həqiqəti yoxdur. Tutaq ki, riyaziyyatda ikini ikiyə vuranda dörd edir. Bu, artıq konkretdir. İncəsənətdə isə həmişə sirli olan bir alt qat var. Bu sirri anlamaq asan deyil. Əgər belə olmasa, incəsənət öz mahiyyətini itirərdi. Rəssamın nə demək istədiyini konkret şəkildə ifadə etmək mümkün deyil. Əgər o konkretlik olsa, bir rəsmə bir dəfə baxmaq kifayət edərdi ki, sən o rəsmi başa düşəsən. Ancaq elə rəsmlər var ki, sən ona dəfələrlə baxıb rəssamın nə dediyini anlamağa çalışırsan. Sənətin özəlliyi də bundadır. O ki qaldı bu rəsmin nə dediyinə, məncə, Van Qoq burada bir şey deyir: Bu, mənəm...
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 26 avqust.- S.19.