Müharibə və ədəbiyyat
"Olmuşlar və olacaqlar"
silsiləsindən
Vətən hamı üçün əzizdir. Buna görə
də bütün dünyada qanundarlar sürgün edilməyi
böyük cinayət üçün ən ağır cəza
yazırlar. Təkcə qanundarlar bu cür
düşünmürlər. Orduların
başında duran mötəbər adamlar üçün də
bu, bir qanundur. Qanlı vuruşmalarda əsgərə
"sən vətən uğrunda döyüşürsən"
- deməkdən böyük söz yoxdur. Bunu
eşidən hər kəs öz yoldaşından daha ləyaqətli
olmağa çalışacaqdır. Zira,
Vətən sözü cəsarətsizi də qəhrəmana
çevirir.
Lukian
Qədim yunan filosofu və yazıçısı
(125-180) bu kəlamları yazarkən müasirlərinə və
gələcək nəsillərə üz tutaraq "Vətən"
məfhumunun müqəddəsliyinə inandırmaq istəmişdir. Tamamilə
haqlı idi, dinc yaşamağı sevməyən,
işğalçılıq xəstəliyinə yoluxan
tiranlar nə qədər qələbələr qazansalar da,
sonu faciə ilə nəticələnmiş, torpağın
onun nəşinin qəbul edib-etməyəcəyi intizarı
ilə gözlərini yummuşlar. Mən bu barədə
düşünəndə bir "üçlüy"ü
gözümün qabağına gətirirəm, daha
doğrusu, onların miskin taleyini: İsgəndər, Napoleon və
Hitler. Bu simalara Allah-Təala doğma evlərində
ata-analarının, övladlarının yanında rahat
ölməyi qismət etmədi, Vətənləri
parçalandı, soydaşları didərgin
düşdü, ata-anaları ağlar qaldı,
silahdaşları dizlərini qatladılar. Bu olaylar mənəvi dəyərlərdir, fateh
ruhlulara xəbərdarlıqdır, "adamlar içərisində
özgəsi yoxdur" deməkdir. Bu
insanlar doğulmuşlar ki, bir-birini başa düşsünlər,
sevsinlər, onun üçün övladları vardır, bu
uşaqlar dünyanın istisini-soyuğunu çəkəcəklər,
yenidən odu, yenidən insanlığı kəşf edəcəklər.
Yaxşı haldır və təsəllivericidir ki, heç də
bütün rəhbərlər od-alovla oynamağı sevmirlər,
qan gölməçələri yaratmağa nifrət edirlər,
yoxsa Dünyanı qara tüstü bürüyərdi! Amma xalqının başına keçib millətini
fəlakətə sürükləyən, fəsadlara
düçar edən, başqa torpaqlara göz dikən
alçaq, rəzil, dinsiz dövlət
başçıları yox deyil. Necə
ki, tarixlər dönəmində öz yurdu olmayıb
qoltuğa sığınan, fürsət tapıb
özünü həmin məkanın sahibi hesab edən, mədəniyyət
nümunələrini həyasızcasına oğurlayan, qəsbkarlıq
psixologiyası ilə yüklənən erməni
daşnaklarının burnu əzilsə də, özlərinə
qoyulmurlar. Onlar artıq qüvvəsini itirmiş
"yersiz gəldi, yerli qaç" şüarı ilə hərəkətdədirlər;
çox nahaq!
Mən müharibə vaxtı doğulmuşam,
yaşım davanın nə olduğunu mənə
anlatmayıb.
Sonralar xatirələrdən və dərsliklərdən
bəzi şeylərdən agah oldum. Və bir nəsnə,
xüsusilə, mənə təsir etdi: Vətən
müharibəsi (!) başlanan ilk günlərdən
böyük şairimiz Səməd Vurğunun:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm
mən də bu gündən!
- məşhur misraları insanları faşizmi əzməyə
hazır olduğuna inandırdı. Ona görə
ki, 1920-ci ildən babalarımız müharibə görməmişdi,
nə də onların övladları. Lakin
babalaşmış o cavan soydaşlarımız da, onların
uşaqları da Qarabağ müharibəsini 30 ilə
yaxındır yaşamaqdadır. Erməni quldurları:
boş xəyalpərəstlər, dəyərsiz
başçılar, gələcəyi olmayan siyasətbazlar
öz təcavüzlərilə alman faşistlərinin
atalarına rəhmət oxutdururlar: onlar qızğın
gedişlərində belə, dinc əhaliyə bir güllə
də atmamışlar, hətta qocaların, uşaqların əlindən
su alıb içmişlər, baş əymişlər. Erməni xəyanətkarlar isə əksinə, vəhşiləşir
və bu qeyri-əxlaqi davranışlarından zövq
almışlar. Bəs belə "cəsarətə"
kimin hesabına gəlmişlər? Künyələri
rusun qucağında, dizləri yerdə,
qırxılmış kəllələri sallaqlı!
Müharibənin yazılmış və mübhəm
prinsipləri həmişə mövcud olmuşdur, torpaq və
mənəviyyat uğrunda ölüm-dirim savaşında ən
optimal dəyərlərə, vasitələrə əl
atmışlar, yararlanmışlar. Əvvəllər
baş vermiş müharibələrin müsbət təcrübələrini
öyrənmiş, rasional nəticələrə söykənmişlər.
Bunlar içərisində ən qiymətlisi bədii
ədəbiyyat olmuşdur. "Böyük Vətən
müharibəsi" adı ilə Sovet
tarixşünaslığına düşmüş davada
(1941-1945) Azərbaycan xalqı da fəal
döyüşçü olmuş, qəhrəmanlıq
göstərmişlər, ana Vətənindən
çox-çox uzaqlarda rus, ukrayn, belorus və s. torpaqlarda
şəhid vermiş, o yerləri faşizmdən azad
etmişlər. Arxa cəbhədə (vacib deyil
müharibə olsun) isə hər bir təbəqə öz vəzifə
borcunu yerinə yetirmişdir, o cümlədən,
yazıçılarımız, şairlərimiz. Müharibənin ilk günlərindən,
yaşından asılı olmadan əlinə qələm
almış, könüllü cəbhəyə
yollanmışlar. İş elə gətirmiş ki,
repressiyadan sonra 30-40 yaşlarında, onlardan bir qədər
kiçiklər maraqlı bədii əsərlər: dramlar,
şeirlər, hekayələr, povestlər və romanlar
yazıb çap etdirmişlər, əsgərlərimiz də
bunları oxumuş, ruhlanmış, hətta müəlliflərlə
məktublaşmışlar. Həmin qələm sahibləri
poeziyada Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul
Rza, Məmməd Rahim, Əhməd Cəmil və
başqaları, nəsrdə Mirzə İbrahimov, Mehdi
Hüseyn, Mir Cəlal, Əbülhəsən, İlyas Əfəndiyev, Ənvər
Məmmədxanlı, Oruc Qoşqarlı və
başqaları. Publisistlərimiz isə daha
operativlik göstərirdilər, faşizmi ifşa edən məqalələr
çap etdirirdilər. Deməli, ədəbiyyatın
bir mühüm funksiyası qabarıq şəkildə meydana
çıxdı: bədii əsərlər janrından
asılı olmayaraq estetikliyini saxlamaqla vətənpərvərlik
tərbiyəsini, insanların (xüsusilə, cəbhədə)
psixoloji durumunu (hissiyyatını), zövqünü,
yaşamaq eşqini aşılamalıdır. Məhz
bizim söz sərkərdələrimiz bu mənəvi - sosial
vəzifəni layiqincə ödədilər. Hətta şeirlərlə bərabər, poemalar qələmə
aldılar, nəzmlə pyesləri səhnəyə
çıxardılar. Ortada Vətən
sevgisi vardı, ana intizarı dolaşırdı, arxada qoyub gəldiyi
sevgisinə qovuşmaq inamı ilə yaşayıb
döyüşürdü. Məmməd
Rahim duyğulanıb yazmışdı.
Xəbər alsan "nə
var belə şair coşursan?
Yatmayırsan gecə-gündüz
dastan qoşursan?
Nədir sənə ilham verən, nə
danışırsan?" -
O, söyləyər cəsarətlə:
Vətən sevgisi!
Rəsul
Rza Vətənin ağır çağlarına işarə
vururdu:
Ana Vətən, indi bu gün
çatılmışdır qaşın sənin,
Yanır qəzəb alovuyla
torpaqların, daşın sənin.
Cavanların, qocaların
silahlanmış başdan-başa,
Azadlığı
qorumaqçın girmiş böyük bir savaşa.
... Taleyini öz yurdunun taleyinə
bağlayaraq,
Kişilərin,
qadınların hazır durmuş əldə yaraq.
Mən böyük şairimiz Rəsul Rzanın məhz
bu şeirini seçməkdə yanılmadım, məhz iyul
günlərində (12.07.2020) erməni vandalalarının
müharibəyə təhrik etmək cəhdini
xatırladım və bu poetik nümunənin sanki indicə
yazıldığına inam gətirdim. Vətənimiz məsul, əsgərlərimiz,
zabitlərimiz nikbin, qələbəyə inam hisslərini
yaşamaqdadır: cavanlar da, qocalar da silahlanmışdır.
Ali Baş Komandamızın cəsarətli addımı ilə,
səfərbərliyə çağırışı ilə,
inamı ilə!..
S.Rüstəm
vaxtilə düzgün proqnoz vermişdir bir şeirilə:
Ey bu torpaqlar üçün
torpağa dönmüş əsgər!
Gün gələr, səcdə edər
ölkənə, dünya baş əyər...
Dünyanın
sülhsevər xalqlarının erməni təcavüzkarlarına
cavab olaraq ayağa qalxması, "Biz Azərbaycanın
yanındayıq" hayqırtısı ilə necə də
səslənir!
Ədəbiyyatın
vəzifəsi təbii ki, vətəndaş tərbiyəsinə
estetik cəhətdən yardımçı olmaqdır: Ləyaqət,
İdrak və Namus toxumları səpməkdir, bu isə vətənpərvərlik,
insaniyyət aşılamaqdır. Cəsarətsiz
məhəbbət hissi kütdür, kəsərsizdir. "Nə gözəldir igid olmaq, mərd yaşamaq
bu dünyada" - Səməd Vurğun vurğulamışdır.
Müharibənin fəlsəfəsində Vətən
hissiyyatı, Vətəni qorumaq, bütövlüyünə
təminat vermək dayanırsa bu, düşmənə olan
ehtirasa çevrilir. Fransız yazıçısı və pedaqoqu Deni Didro
yazırdı: "Hər ehtirasın öz dili vardır, bu
dil o qədər qüdrətlidir ki, sözsüz də məni
sarsıdır. Bu, təbiətin sadə dilidir.
Ən gözəl şeirin mənasını
çoxları başa düşmədiyi halda, ruhun dərinliyindən
gələn əzablı bir ahdan hamı müqəssir olar.
Göylərə doğru
açılmış qollardan, boşluqlara dikilən gözlərdən,
zərif və şikayətlə dolu bir nalədən olmayan
bir qəlb, həyəcana düşməyən bir ürək
tapılmaz".
Bu gün Qarabağ müharibəsi haqqında şeirlər
və poemalar yazılır, amma ortada sanballı əsərlər
yox dərəcəsindədir, yüzlərlə zəif
şeirlər qəzet və jurnal səhifələrini
başına almaqdadır. Mən poeziyaya həmişə
hörmət və məsuliyyətlə yanaşmışam,
çalışmışam şairlərin poetikasına
varam, bu isə asan cəhd deyil, yəni bilavasitə bu
"yükün" ağırlığını hiss
etmişəm. Səməd Vurğun, Məmməd Araz,
Musa Yaqub, Oktay Rza, Adil Cəmil, Nəzakət Məmmədli
poeziyası haqqında yazdığım monoqrafiyalarda bu
çətinliklə qarşılaşmışam. Heyf ki, gənc və orta nəsil şairlərimiz
Qarabağ, Vətən, Torpaq adları altında bəsit,
şüarçılıq ruhlu əsərlərini çap
etdirirlər. Mən yeni, poetik cəbhəyə
atılan şairlərin istedadına hörmətlə
yanaşıram, lakin mətbuat və nəşriyyat
bolluğundan sui-istifadə etməyi onlara
bağışlamıram.
İkinci
Dünya müharibəsilə bu günü 80 il
ayırır, o illərin poeziyasına hansı ədəbi-tənqidi
tələblərlə istəyirlər yanaşsınlar və
müharibənin yad torpaqlarda getdiyini də nəzərə
alsınlar, operativliyi də. S.Vurğunun, S.Rüstəmin,
R.Rzanın, M.Rahimin, Ə.Cəmilin yaşları heç
qırxı keçməmişdi, lakin S.Vurğunun
"Ananın öyüdü", S.Rüstəmin "Ana və
poçtalyon", Ə.Cəmilin "Can nənə, bir
nağıl de", R.Rzanın "İntiqam", O.Sarıvəllinin
"Yadigar", M.Rahimin "İki qat cinayət" kimi
poetik nümunələri gecikmədi, özünü cəbhəyə
"yetirdi".
Bu illərdə qadın şairlərimizdən Nigar Rəfibəylinin
və Mirvarid Dilbazinin döyüş pafoslu şeirləri
yazıldı.
İstedadlı gənc Nigar xanımın "Get, sevgilim,
uğur olsun" şeiri arxa cəbhədə ərlərinin,
sevgililərinin yolunu gözləyən qadınların ruh mənbəyinə
çevrilmişdi.
Heç gözlərim
yaşarmadı sən ayrılıb
gedən zaman,
Get sevgilim, uğur olsun, sən mərd
vuruş,
sən mərd dayan...
- misralarını
necə həyəcansız oxumaq olardı.
Mirvarid
Dilbazi müharibə anlamına öz qadınlıq
duyğusu ilə yanaşdı:
Gözlərinə dolan yaşı
Mən inadla o an
sildim.
Aciz olsam bilirdim ki,
Sənə layiq deyildim.
Bizə bir də görüşmək
üçün
Bir yol vardı, əzizim, tək:
O da yalnız mətanətdi
Və bir də ki, böyük əmək.
Oxucular məni
anlar: söhbət şeiriyyətdən getmir, şeirin
yazılma tarixindən, günün tələbindən irəli
gəlir. Ölüm-dirim müharibəsində
şairlər (eləcə də dramaturqlar), nasirlər
ideya-siyasi və ruhi-ovqat məsələsinə
üstünlük vermişlər.
Yeri gəlmişkən,
nasirlərimiz üçün də müharibə mövzu verdi, M.S.Ordubadi, M.Hüseyn, M.İbrahimov, Mir Cəlal,
Ə.Məmmədxanlı, Əbülhəsən, S.Rəhimov,
Ə.Vəliyev kimi yazıçılarımız maraqlı
hekayətləri ilə əsgərlərimizin
qarşısına çıxdılar. Məmməd Səid
"Gənc çekistlər" romanını qələmə
alanda yaşı altmışdı, "Koroğlu"
operasının mətnini Üzeyir bəyə təqdim
etmişdi, "Serjant İvanov adına
körpələr evi" hekayəsi nəşr olunmuşdu. Otuz yaşlarında olan Ənvər Məmmədxanlı
"Buz heykəl" hekayəsini yazmışdı. Mir
Cəlal klassik "Atlı" novellalası, S.Rəhimov
"Medalyon", Əbülhəsən "Oxu,
bülbülüm, oxu", Əli Vəliyev "İradə"
hekayələri ilə ədəbi xidmətlərini ortaya
qoydular, Mehdi Hüseyn və Mirzə İbrahimov həm nəsrdə,
həm elmi - publisistikada maraqlı məqalələrinə
imza atırdılar, hekayələr və povestlər qələmə
aldılar. Bu illərdə onların
yaşı otuz civarında olsa da, analitik, məfkurəvi səviyyədə
idi.
Müharibə dövrü ədəbiyyata nəzər
salsaq adama elə gəlir ki, yazarlarımızda yüksək
enerji ağır illərin sosial-psixolojisindən irəli gələn
bəşəri harmoniyanı şərtləndirmişdi,
bütün hallarda bədii həqiqətə əsaslanmışdı. Bu faktorların nəticəsiydi
ki, daha mürəkkəb bədii tələbləri
özündə əks etdirən dram əsərləri səhnəyə
ayaq açdı,
bu, ədəbi hünər idi. S.Vurğunun
"Fərhad və Şirin", Mehdi Hüseynin
"Nizami" kimi fundamental pyesləri səhnəyə
çıxdı. Eləcə də,
R.Rzanın, M.İbrahimovun, Z.Xəlilin, M.Hüseyn, M.H.Təhmasibin
və başqalarının dramları. "Fərhad
və Şirin"i yazanda əsərin meydana gəlmə
vaxtının (1941) Böyük Vətən müharibəsi ərəfəsinə
düşdüyünü nəzərə alsaq, yüksək
vətənpərvərlik motivlərinin tərənnümünü
qeyd etməliyik; ideya-məzmun istiqamətinə bu tezislə
yanaşmalıyıq. Biz əsərdə
vətənpərvərlik motivlərinə şərhlər
verən məhəbbət hissinin bədii həllini, mənəvi-sosial
məqamların tamlığını müşahidə
edirik. M.Hüseynin "Nizami" dramında vətənpərvərlik
və sevgi hissləri iki motivdə verilmişdir: Bərdə
motivi və Afaq motivi. Bir sözlə, dramaturq pyesin cərəyan
etdiyi dövrdə Azərbaycanın dilrubə guşəsi
olan, qüdrətli bir dövlətin beşiyi Bərdənin
azadlığını, Bərdə
hökmranlığının istiqlaliyyətini qorumaq fikrini,
bu hökmranlığın bütün Azərbaycanı bir
bayraq, bir ideya ətrafında birləşdirə biləcək
dövlət dərəcəsinə yüksəltmək idealını
mühüm amil kimi canlandırmışdır.
Yeri düşmüşkən M.Hüseynin
"Nizami" dramı müharibə illərində
(1941-1942) böyük rejissor, SSRİ Xalq artisti Adil İsgəndərovun
quruluşunda Milli Dram Teatrında uğurla tamaşaya
qoyulmuşdu.
Biz artıq müharibənin dairəsində yox,
içindəyik, erməni təcavüzünün
ucbatından, öz ulu Qarabağımızı düşmən
nəzarətindən çıxarmaq üçün. Torpağın
uğrunda bir günlük savaş da "dava" adlanır,
deməli, ədəbiyyat bundan sonra da sözünü deyəcəkdir,
mərd oğullarımızın şücaətindən,
igidliyindən, şəhidlik zirvəsindən yazacaqdır.
Amma bir suala cavab istəyir: "Necə yazacaqlar, misraların
xətrinəmi?" Bu da mühüm şərtdir.
Böyük Vətən müharibəsindəki
rus şovinizmi tələbində tələm-tələsik,
poetikliyini, şeirin gözəlliyini ikinci dərəcəli
hesab etməklə "boşluğu" doldurmaq
olmamalıdır. Təəssüf ki, Qarabağ
müharibəsinin "enişli-yoxuşlu" gedişində
tarixləşən, geniş analitik təhlilə layiq
görülən poemalar yaranmadı, halbuki həmyaşıdlarım,
onlardan sonra poeziyaya gələnlər, "sinəsinə
döyən" cavanlar öz sözlərini deyə bilmədilər,
əvəzində "üçüncü" nəsil
klassiklərin (mərhumların) "bostanına daş
atmaqla" məşğul oldular (bu gün də), ortaya
layiqli əsərlər çıxarmadılar. Bəlkə konkret mövzu qıtlığı
çəkirlər? Dağılmış
kənd və qəsəbələrimiz, viran qoyulmuş
meşələrimiz, zəhərlənmiş sularımız
mövzu deyilmi?!
Yazıçı, vətənpərvər ruhlu publisist məqalələrin, çağırışların müəllifi Aqil Abbasın sanballı "Dolu" romanı istisna olmaqla hələ də ortada ciddi əsərlər yoxdur. Romanın ən böyük üstünlüyü "Müharibə nədir?" sualına cavab tapmasıdır. Ona görə ki, Qarabağ konfliktinin cücərən vaxtından savaş da daxil olmaqla müəllifin ayağı o məkandan üzülməmişdir, bəzi nüfuzlu yazıçılarımızdan fərqli od-alovu öz gözlərilə götürmüşdür. Bu sırada yazıçı və publisist Mustafa Çəmənlini də görürəm.
Müharibə ədəbiyyatımızın üzərinə təmənnasız bir yük qoyur: insanın varlığındakı bəşəriliyi üzə çıxarmaq: vətən hissini daha kamilləşdirmək, bədii-estetik zövqü inkişaf etdirmək, müsbət ehtirasları düşmənin məhvinə yönəltmək, gənc nəslin səadəti üçün çalışan obrazlar yaratmaq.
Müharibə və ədəbiyyat. Bir-birini tamamlayan, qələbə gətirən və təsəlli verən məfhumlar. Hər birisinin öz funksiyası. Dahi R.Taqorun sözlərilə fikrimi tamamlamaq istərdim: "Ədəbiyyat insan ürəyini milyon qırılmaz tellərlə birləşdirən ən yaxşı vasitədir. Ədəbiyyatın mövqeyi hamını birləşdirən insanlar arasında bir əlaqə, məhəbbət yaratmaqdır. Ədəbiyyat gərəkdir insanları başa düşsün, onların qəlbini tərpədə bilsin, həyəcanlandıra bilsin".
17.07.2020
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2020.- 14 avqust.- S.12;
14.