Yalquzaq olmalısan - I məqalə

 

Gecə yolçuluğu

 

Dağlar həmişə cəlb edib, özünə çəkib: arandakıları da, dağlıları da. Oralarda  yaşamaq hər oğulun işi deyil. Üç ay yayı dincəlib arana, şəhərə qayıdanlar bilməz nədir oranın qarı, çovğunu, yağışı, dolusu. Doqquz ay zimistan qəhrin çəkənlər bilər nədir dağlar, nədir o çətin yerlərdə yaşamaq...

 

Dağlarda yol getmək çətindir: göz məsafəsi ilə gedəcəyin məkana düz xətt üzrə baxsan, çox yaxın, əlçatan kimi görünür. Ancaq həmin yer qalır sağ, ya da solda. Üzünü tutub başqa səmtə gedirsən. Dolaylan ki, dolaylanasan. Artıq səmti itirdiyini güman edirsən. Bir müddət sonra isə budur, qarşındadır o yer. Çal-çəpərləri, ağaclar arasından ağaran, dikdirlərdə tikilən evləri ilə. Bağ-bağatı, bostan sahələri, örüşlərdə otlayan  mal-qarası, otlayıb doymuş, çəmənlikdə dırcıqlayan, oynaşan quzuları, qoyunları ilə. Dağlar belədir. Əzəmətli, möhtəşəm, yenilməz. Keçinəcəyi, yaşantısı çətindir dağların. Onlar qədər güclü olmalısan ki, oralarda baş çıxara biləsən. Xüsusən şəhərdə böyümüş, aranda gün keçirmiş biri olsan, daha çətin. Ruhunu Allaha tapşırıb gəlməlisən dağlara. Buraların işinə gəlməli, həm də özünü unutmamalısan. Öz qaydalarını qoya bilməzsən. Onların qaydaları ilə yaşamalısan. Ya da yalquzaq kimi öz qanunlarınla yaşamaq istəsən, elə yalquzaq da olmalısan...

 

Laçın da dağlıq bölgəmizdir. Elə bir bölgə ki, ucqar kəndlərini, lap yüksəkliklərdə bərqərar olan, yol-rizdən kənar obalarını elə orada yaşayanlardan başqa kimsə görməzdi, bilməzdi. Şəhərin yerləşdiyi ərazi Ağdam, Xankəndi və Şuşadan gəlib Zəngilana, Qubadlıya gedən yolun üstündə idi. Axar-baxarı yaxşı olsa da, gözəlliyi ucqarlara çatmazdı. O ucqar yerlərin ən gözəl obalarından biri Müsəlmanlar eli idi.

 

Laçında ilk iş yerim Müsəlmanlar obasının Qışlaq kəndi oldu. Səkkizillik və şagird kontingenti Qışlaq, Xumarta, Əyərək kəndlərinin uşaqlarını əhatə edən məktəb idi. İlk vaxtlar tarix dərslərini tədris etməyə başladım. Ümumiyyətlə, oralarda öz ixtisasım üzrə dərs demək mümkün olmadı, çünki müəllim çatışmırdı. Təyinatla gələnlər iki il işləyib qayıdır, dağ kəndlərinə gəlib dərs deməyə çox adam ürək eləmirdi. Qışlaqda yalnız bir sinifdə Azərbaycan dili və ədəbiyyat dərsini verdilər. Öz kəndimizdə isə bütün məktəbin coğrafiya, biologiya, 7-8-ci siniflərində kimya (yuxarı siniflərdə məsələləri həll etməkdə çətinlik çəkdiyim üçün tədris etməkdən boyun qaçırdım), fizika fənlərini tədris edirdim. Orta məktəbi çox yaxşı oxumuşdum. Yaddaşım güclü idi. Sinifdə tədris prosesində müəllimlərimin  mənə dərsdə dediyi əlavə izahlar, gətirdiyi faktlar düşürdü yadıma. Həm də əlifbanı öyrənəndən mütaliəyə başlamışdım, "kitab qurdu" idim. Qəzet və jurnallara abunə yazılırdım. Xüsusən  "Ədəbiyyat qəzeti"nə, "Elm və həyat", "Azərbaycan", "Gənclik" jurnallarına  1992-ci ildə Bakıya gələnə qədər hər il abunə yazılırdım. İntellekt cəhətdən tanıdığım yaşıdlarımdan üstün biri idim. Mənim üçün dərs demək ən böyük mənəvi zövq və məmnunluq idi. "Baş müəllim" adını təhsil şöbəsinin işçiləri  onuncu sinifdə biologiya dərsimi dinləyəndən sonra vermişdilər. Şöbədə diploma baxanda biliblər ki, mən biologiya yox, dil-ədəbiyyat müəllimi imişəm.

 

İlk işə başladığım Qışlaq kəndi öz kəndimizdən hardasa 45-50 km uzaqda idi. Yazda və payızda hər şənbə-bazar,  qışda, qar-çovğunda isə iki-üç həftədən bir öz kəndimizə gəlirdik. O yolları maşınla ancaq palçıq olmayanda getmək olurdu. Onu da ürəyin üzülə-üzülə. Sərt qayaların döşündə açılmış yalnız bir maşının zorla keçəcəyi endə yolu getmək, ordan dərin dərələrin dibində başı güclə qaralan ağacları görmək o qədər həyəcan və qorxu yaradırdı ki. Vərdiş etməyən bir adam üçün bu yola səfərə çıxmaq ölümü gözünün altına almaq demək idi. Qalan vaxtları həmin yolları ancaq atla getmək mümkün olurdu. Atla yola çıxanda rahat nəfəs alırdım. Ona güvənirdim. Həm o sıldırımlara düşmək qorxusundan, həm də maşının ürəyimi bulandıran iyindən canım qurtarırdı. Dərslər saat doqquzda başlanırdı. Bazar günü axşam saat 5-7-də, bazar ertəsinə qalsaydıq, səhər saat 4-də yola çıxırdıq ki, dərsə çataq. Qarşıda beş-altı saatlıq əzab-əziyyətli yolumuz var. Evdən bir az uzaqlaşıb meşəyə girən kimi üz-gözümü yaylıqla sarıyıb yəhərin qaşına yatardım, başımı aşağı salırdım ki, qaranlıq meşədə sifətimi ağacların budaqları yaralamasın. At o uzaqlıqda yolun hər cığırını qaranlıqda seçməyi bacarırdı. Bilirdi, hara gedəsiyik. Çətini sarı yoxuşu qalxıb Cənbərəxaça-Xaç gədiyə çatmaq idi. Orda yolumuz yarı olurdu. Həm də orada insan, yaşam, bəşər vardı - Əvəz kişi və oğlanlarının evi. Ancaq onlar. Həmin yerdə sanki kənd-kəsəksiz, vəhşi, insan ayağı dəyməyən meşələrdən keçən yolumun qorxusu azalırdı bir az. Sonra dolaylama enişlər, xırda yoxuşlar başlayırdı. Yol uzunu qulaqların gözlərini əvəz edir.  Diqqət kəsilirsən, at hardan keçir. Sol tərədən sənə, dizlərinə budaqlar dəyir. Bura Avazın fermasının altındakı fındıq ağaclarının yanından keçən yerdir. Bura novun yanıdır. Su şırıltısı gəlir axı. Burda hiss edirsən ki, at çox uzun bir yoxuşu  qalxır. Demək, sarı yoxuşu çıxırsan. Bundan sonra yenə Xumartayacan gah sıx meşəliyin içi, gah da talalardan keçirsən.

 

Gecəyə düşəndə Xumartanın aşağısından dolaylanıb keçirdik. Çünki kəndin içindən keçsəydik, gərək atdan düşəydik. Qayda belə idi. Kəndin içindən atla keçmək olmazdı. Gecə isə itlər daha çox qorxulu olur. Həməyir köpəklər atlını atdan salırdı. Xumartanı keçib yala çıxanda tüstü iyini hiss edirdim. İt hürüşməsi səsi gəlirdi. Üzümü açırdım. Bilirdim ki, artıq ağac budaqlarının üz-gözümü yaralamaq təhlükəsi sovuşub. Xumartanın yalından Qışlağacan yol azca enişlə dolaylanırdı və meşə çox seyrəklik idi. Dərs başlanmasına yaxın kənddən - məktəbdən baxanda bu yaldan qurşağacan yağmış qarı yara-yara məktəbə tələsən xumartalı uşaqları görmək nağıl kimi idi. Həm də əzablı təəssürat. Bir gün də dərsdən qalmazdılar. Bax, həmin yaldayıq. Bir az aşağıda, döşlərə səpələnmiş 35-40 evlik Qışlaq kəndi, həyətlərdə yanan sarımtıl işıqları qaranlıqdan yorulmuş gözlərim qarşısında dosdoğma məkanım kimi açılırdı. Orada iki gözdən ibarət, köhnə,  tavanından torpaq tökülən, külək əsəndə aynabəndinin şüşələrinin yan-yörəsindən fit verən evdə kirayə qalırdıq. Çətin yol geridə qaldı. 5-10 dəqiqəyə evdəyik. Qışda uzun və yorucu yoldan sonra bumbuz evə daxil olmağın özündə bir istilik var. Sanki ruhun səndən əvvəl buralara bir hərarət, ilıq mehr gətirib. Odun sobası yanan kimi balaca otaq isinir. Məktəbdə maraqla sənə dikilmiş gözlər yeni məlumatlar, bilik, bol-bol  maraqlı xatirələrlə dolu, o uşaqlar üçün tamam başqa dünyalardan bəhs edirsənmiş kimi söhbətlər gözləyir. Qışlaqda və ətraf kəndlərdə televizor yoxdur axı. Ötürücü qüllə yoxdur. Yalnız Turşsuya yaxın Köhnəkənddə televizora baxmaq mümkündür. İşıqlar tez-tez sönür, bəzən həftələrlə yanmır. O uşaqlar üçün sən həm televizoru - dünyanın hər yerindən məlumat verməyi, həm də işığı əvəz etməlisən - elmin işığını.

 

 

Həcər

 

2020.-525-ci qəzet.- 17 dekabr.- S.7.