Şair ruhunun poetik
işığı.
Sevimli və unudulmaz müəllimim,
istedadlı şair və alim Nəriman
Əliyevin işıqlı xatirəsinə dərin ehtiramla
Şair, ziyalı, kamil insan, əsl vətənpərvər və
nəhayət, müəllim
kimi tanıdığım,
çox dəyərli
bildiyim Nəriman Əliyevi hər zaman böyük hörmət və məhəbbətlə xatırlayıram.
Nəriman müəllim ilk növbədə
şair idi... "Elin
məhəbbəti dayağım
olub" deyən şairə görə
"insanı əbədiyyətə
həyat sevgisi" qovuşdurur ("Ömrün
payızı"). Bu fəlsəfi dərk şairin yaradıcılığını
klassiklərlə üzvi
şəkildə bağlayır,
yəni Nəriman Əliyevin sözü (şeiri) dünənlərlə
sabahlar arasında kəlam körpüsüdü.
Nizami Gəncəvinin "Oğlum
Məhəmmədə nəsihət"ini,
Seyid Əzim Şirvaninin "Oğluma
nəsihət"ini zamanında
gənclərin mənəvi
baxımdan formalaşmasında
ədəbi vasitə
bilmişik. Müəllimlər də, valideynlər də tərbiyə prosesində şair sözündən kifayət
qədər bəhrələniblər.
Nəriman Əliyevin "Oğluma
nəsihət"i özünəməxsusluğuyla
seçilir, səmimidir,
müəllim duyumu ilə yazılıb, eldən gələn ifadələrə yeni çalar verilib.
Vətənpərvər şair Nəriman Əliyev yurda, torpağa ürəkdən, təmənnasız
bağlı bir insan olaraq doğma
Zəngilana böyük
sevgisini sədaqətlə,
səmimiyyətlə, ən
əsası, istedadla ifadə edib:
Yenə
də Həkəri sədlərin aşıb,
Oxçu
çay kükrəyib,
Bəsit çay daşıb,
Üçü də Arazla bərk qucaqlaşıb...
Şairin Arazı ruhun ayrılıq çayı
kimi təqdim etdiyinə zərrəcə
şübhən qalmır;
işğal sıxıntılarına
görə Həkəri
məcrasına sığışa
bilmir, Oxçu çayını da eyni ağrı-acılar kükrədib,
Bəsit çay da bu həsrətin cəfakeşlərindəndir. Üç misrada
istər ayrılıqda,
istərsə də vəhdətdə üç
düşündürücü mətləb şeirin leytmotivi kimi oxunur, təbii ki, belə də
yadda qalacaq.
Şair Nəriman Əliyevin Zəngilana həsr etdiyi digər şeirinin də ruhu Vətən həsrətidi. Bu həsrət
1993-cü ilin oktyabrın
sonundan gizildəməkdəydi.
Amma bu gizilti
ilahi bir inama söykənmişdi:
qayıdacağıq! Ona
görə də şair yazırdı:
Gün gələr, düşməndən
qisas alarıq...
Doğma
yurdumuzda ocaq qalarıq,
Səndə şənlənərik yenə, Zəngilan!
Şeir 1998-ci ildə yazılıb. 22 il əvvəl. Şair inamı, şair qətiyyəti zamanı 22 il
qabaqlayır. 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı
kimi başlayan Vətən müharibəsi
ordumuzun qələbəsiylə
başa çatdı.
Digər
ərazilərimiz kimi
Zəngilan da işğaldan
azad edildi. Şair inamı şeir yazıldığı ildə
də, qələbədən
sonra da yaşarı inam kimi yaşayır.
Zəngilan Nəriman müəllimin
doğulduğu rayondu.
Şairlər üçün Vətən kəlməsi
çox geniş mahiyyətlidi. Şair
olaraq Zəngilanın
dərdini ömrünə
köçürən Nəriman
müəllim Qubadlının
ağrı-acılarına da biganə qalmır, onun da taleyinə söz işığı
salmaq istəyir:
Hər qayan bir səngər,
hər oğlun sipər,
Gün gələr
yoluna hünər nur səpər.
Qələbə bayrağım alnından
öpər,
Az qalıb o xoşbəxt günə,
Qubadlı!
"Zəngilan" şeiri
ilə "Qubadlı"
şeiri arasında məfkurə, niyyət, istək oxşarlığı,
bəlkə də eyniliyi hər iki şeiri çağdaş poeziyamızın
ruh şeirinə çevirib; hər iki şeirdə dövlətçiliyə, orduya
sədaqətin ifadəsi
görünür. Yəni qələbəyə
inam elə sədaqət deməkdi.
Şair Nəriman Əliyevin inama söykənən şeirləri
belə oxunur, belə yadda qalır, belə yaşadılacaq...
Elə ifadə,
elə deyim var ki, bir
dəfə yazılır. Bir dəfə
deyilir, ancaq ömürlük yaşam
qazanır. Gözəl deyildiyinə
görə, məntiqli,
inandırıcı deyildiyinə
görə yaddaşlara
hopur, yaşadılır,
yaşayır. Vətənə hamımız Ana deyirik.
yəni Ana Vətən. Bu deyimi neçə-neçə şeirdə,
neçə-neçə mahnıda
eşitmişik. Şair
Nəriman Əliyevin bir şeiri var: Üç ana. Ana anadır,
Vətənə də
ana deyirik, bu da məlum. Bəs üçüncü ana?
Düşünürsən. Maraq düşüncələrinin
səmtini şeirə
sarı çəkir:
Həyatda üç ana tanıyıram mən,
Biri öz anamdır, biri də Vətən.
Üçüncü anamın məktəbdir adı...
Şairin qənaəti nəyə söykənir? - mənəvi
kamilliyə, sağlam
düşüncəyə, milli mentalitetə, bir də
Müəllim qayğısı, məktəb
cəfası,
Qəlbimə, fikrimə daim nur saçmış,
Mənə yol göstərmiş,
qapılar açmış,
-
misralarının ifadə
etdiyi fəlsəfi mahiyyətli reallıq...
Azərbaycan şeirinin ilkinlərindən
üzü bu yana bütün
şairlərin yaradıcılığına
işıq kimi düşən mövzular
var. Eyni mövzu bütün şairlərin
eyni mətləbli amalı kimi oxunur, yadda qalır.
Belə mövzulardan biri də dağlardır.
Bütün şairlərin vüqar
mücəssəməsi, sədaqət
timsalı bildiyi dağlar. Dağları
Nizami Gəncəvi də, Füzuli də, Tufarqanlı Abbas
da, Koroğlu da, Xətai
də, Aşıq Ələsgər də, Səməd Vurğun da, ... vəsf edib. Hamısı bir-birindən gözəl
olan bu "Dağlar" əbədiyyən
sevgilərlə oxunacaq.
Təbiəti sevən, həyat
sevgisi təbiət sevgisindən güc alan şair
Nəriman Əliyev də dağlara bir neçə şeir yazıb. Hər biri şairin
dağlarla könül
söhbətidi elə
bil; könül qübarından söz açanda da, sevincini bölüşəndə də,
həsrətin əlində
girinc olanda da adama "dağ qardaşı", "qüdrətdən
səngərli-qalalı dağlar"
(Aşıq Ələsgər)
həyan olur:
Əyilməz vüqarın dəyanətimdir,
Zəhmətlə ucalmaq ilk qüdrətimdir,
Saf nurlu nəfəsin təbiətimdir,
Bunlarsız olmaram arxalı, dağlar.
Şair
üçün bir tezis var: təbiətə
söykənmək, təbiətə
güvənmək, təbiətdən
öyrənmək. Təbiət dağlardır. Dağa söykənən,
dağları sipər
bilən özünü
arxalı hesab edir, yəni dağları gücü,
qüvvəti, deməli,
qüdrəti bilir.
Şairin "A dağlar"
şeiri də eyni sevginin, eyni inamın poetik təqdimatıdır...
"Azərbaycan", "Azad etməliyik
torpağımızı", "Ucalan bayraq", "Ürəyimin səsi",
"Azərbaycan əsgəri"
və s. kimi şeirlər şairin yaradıcılığının nəyə (və nələrə!) söykəndiyinin
ifadəsi kimi oxunur...
Sözü sözdən qüdrətlə
seçməyi bacaran,
sözə yaşam verməyə qüdrəti
çatan Nəriman müəllim rənglərin
də "dilini bilirdi"; rənglərin
çalarlarına belə
vaqif olma rəssamlıqdı...
Hələ yeddinci sinifdə oxuyanda rəngkarlığa
da maraq göstərirdi. Onun
"Lenin Gimnaziyada", "Ordenli briqadir Əmir Məmmədov tarlada" tabloları,
"M.F.Axundov", "M.Ə.Sabir"
portretləri müəllimlərini
riqqətə gətirmişdi.
Bu riqqət məktəbin
sərhədlərini də
aşa bildi, bu əsərlər Bakıya - Uşaq Yaradıcılıq Olimpiadasına
göndərildi. Mütəxəssislər bu yaşda uşağın
təxəyyülünü də, rənglərin çalarlarını ayırdetmə
qabiliyyətini də yüksək dəyərləndirdi.
Nəriman Əliyev mükafatlandırıldı...
Filologiya elmləri namizədi Nəriman Əliyevin yaradıcılığı genişdir. O, ədəbiyyatın
müxtəlif sahələri
haqqında da dəyərli
məqalələr yazmışdır.
Şəhidlərin qəhrəmanlığını
böyük məhəbbət
və ehtiramla tərənnüm etməyi
özünün mənəvi
borcu bilirdi...
Hər bir şəxsiyyətin kamillik
səviyyəsi təkcə
qarşıya qoyduğu
nəcib amal və məqsədlərdə,
saf niyyətlərdə
deyil, həm də özündən sonra layiqli davamçılar
yetişdirmək bacarığında
və bu yolda bütün məhrumiyyətlərə və
çətinliklərə dözmək əzmində
ifadə olunur. Nəriman Əliyev
istedadlı şair, təcrübəli, sevimli
və unudulmaz müəllim, elmi fəaliyyəti ilə kamil və yetkin
şəxsiyyət olmaqla
yanaşı, həm də son dərəcə
qayğıkeş və
diqqətcil ailə başçısı idi.
İxtisasca ibtidai sinif müəllimi
olan ömür-gün
yoldaşı Əntiqə
xanımla birgə böyüdüb boya-başa
çatdırdığı, cəmiyyət üçün
layiqli vətəndaş
kimi yetişdirdiyi üç oğul, iki qız övladı
ata ocağının
mənəvi ruhunu - Nəriman Əliyev şəxsiyyətinin ucalığını
əməllərində qoruyur.
Böyük oğlu Salman bərpaçı
rəssam kimi dünyanın ən zəngin, ən məşhur və ən iri muzeylərindən
biri olan Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət
Ermitaj muzeyində işləmişdi və hazırda Bakıda yaşayır. Ortancıl oğlu Zakir ixtisaslı inşaat mühəndisi kimi
uzun müddət Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsində baş mütəxəssis kimi çalışmışdı. Sonbeşiyi tibb üzrə fəlsəfə
doktoru, dosent Aqil Əliyev peşəkar stomatoloq həkim və təcrübəli müəllim
kimi Azərbaycan Tibb Universitetində terapevtik stomatologiyanın sirlərini tələbələrinə
və gənc həkimlərə öyrətməkdən
qürur duyur. Qızları Solmaz və Tərlan valideynlərinin yolunu davam etdirərək ömürlərini müəllimlik
peşəsinə bağlayıblar...
2007-ci ildə haqq dünyasına köçən şair atanın, rəssam atanın, alim atanın ruhu indi Vətənə görə də, balalarına görə də əsla narahat deyil. Ruhu daima şad
olsun!
Məmmədov Bayram
525-ci qəzet.- 2020.- 17 dekabr.-S.10