Bir almanın dəyəri
Zəngin Şəki folkloruna aid qiymətli tədqiqatları
ilə məni valeh edən Hikmət Əbdülhəlimovun bu
hekayəsi məni həyatımın çoxdan
ötmüş çağlarına, acılı-şirinli
keçmişimə qaytardı.
Hər şeydən öncə onun belə bir mövzu
seçməsi alqışa layiqdir. Zira
"keçmişini unudanın gələcəyi olmaz"
deyib ulu babalar. Xüsusən uşaqlıq
xatirələrini yaşatmaq mənəvi zənginlikdən xəbər
verir. Belə adamlar həyatın qədrini,
onun hər anının dəyərini yaxşı bilir.
Nələr yoxdur bu balaca hekayədə?!
Böyük
Vətən müharibəsi adlandırdığımız
dövrün min bir əzabı, yetimliyin müşkülləri,
xeyirxah insanlar və onların qədir-qiyməti, qədim bir
diyarın adət-ənənələrinin, indi çox nadir
tapılan sənətkarlıq növlərinin - zərgərlərin,
qalayçıların, dəmirçilərin, misgərlərin,
dərzilərin, dəlləklərin, dülgərlərin,
saatsazların, papaqçıların,
şapkaçıların, müəzzinlərin, dinimizin
müqəddəsliyinə dəlalət edən adətlərin
yad olunması... Eləcə də insanların ağır,
faciəli günlərində biri-birinə əl tutması, bəzi
hökumət adamlarının bir qarın çörək
qazanmaq üçün xırda alverə məcbur olan
insanlara qarşı amansızlıqları...
O
dövrün görkəmli tarixi şəxsiyyətlərinin
- Ədilxan İlisunskinin, Firidun bəy Köçərlinin,
İsmi bəy Nakamın, habelə Şəkidə dərziliklə
ad-san qazanmış Qəhrəman və Salman
qardaşlarının xeyirxahlığı, comərdliyi,
geniş qəlbi, şücaəti ilə tanınmış
ucaboy, gülərüz, məğrur baxışlı
Paşanın yad edilməsi, onun yetim Hikməti küçədən
aparıb dükanında bir alma bağışlaması,
üstündən 76 il keçməsinə baxmayaraq, indiyədək
yada düşərkən müəllifin kövrəlməsi,
kibrit çıxarıb papirosunu yandıran bir kiçik
uşağın diqqətini yada salan vəkil Kimirovun sonralar
onun ailəsinə çox böyük xeyirxahlıq göstərməsi
və müəllifin bu yerdə "Qurani-Kərim"in
"Bir pisliyin əvəzində bir cəza vardır. Halbuki bir yaxşılığa on qatından 700
qatına qədər və daha çox mükafat
vardır" ayətini xatırlaması çox təsirlidir
(kaş indi bu ayə bütün dərsliklərin
başlanğıcına həkk olunaydı).
Bəli, əziz
dostum, Hikmət müəllim! Heç
şübhəsiz, sən bu hekayənlə ədəbiyyatımızda
layiqli, lazımlı bir ənənənin yaradılması
üçün təşəbbüs göstərmisən.
Kaş müasir yazarlarımız onu
yaşadalar.
Sənə
yeni yaradıcılıq uğurları arzulayıram!
Sadıq
MURTUZAYEV
Filologiya
üzrə fəlsəfə doktoru
***
"Sənə edilən pisliyi dərhal yadından
çıxar, yaxşılığı isə ömrün
boyu yadında saxla!"
Müdriklərdən
nəsihət
Nəql edəcəyim hekayənin başlanğıcı
keçən əsrin qırxıncı illərinin birinci
yarısına - müharibə illərinə təsadüf
etdiyinə görə yazıma həmin dövrün
ab-havasını yaddaşımda canlandırmaqla başlamaq
istəyirəm. Şəkidə səhər tezdən - obaşdan əhalinin
əksəriyyətinin yeganə iş yeri və dolanacaq mənbəyi
olan, 7 mindən artıq fəhlə və qulluqçunu birləşdirən
5 ipəkçilik fabrikinin bir-birindən fərqli və
seçilən amiranə fit səsləri insanları işə
çağırırdı. Həm də bu 5 müəssisədən
verilən fit səsləri eyni vaxtda yox, əvvəlcədən
razılaşdırılmış ardıcıllıqla
yayılırdı. Şəhər əhalisi,
ipəkçilər fitlərin hansı müəssisəyə
aid olduğunu asanlıqla ayırd edirdilər. Şəhərin
Nakam küçəsinin (Motor məhəlləsinin)
başlanğıcında Əbdürrəhim Teymurovun,
"Hacının diki" adlanan yoxuşda Niyazinin,
"Bağbanlar" məhəlləsinin Dəyirmanarxı
çayına yaxın ərazisində Ziya Şamilovun
müdir olduqları və daha bir neçə yerdə fəaliyyət
göstərən kəlağayı sexlərində də
yüzlərlə toxucu qadının xalis ipəkdən
istehsal etdiyi kəlağayılar bütün respublikada məşhur
idi.
Məscidlərin minarələrindən canlı
yayılan müəzzinlərin azan səsi isə
dindarları sübh namazına dəvət edirdi. Sənətkarlar: zərgərlər,
saatsazlar, çəkməçilər, papaqçılar,
şapkaçılar, misgərlər, qalayçılar, dəmirçilər,
dərzilər, dəlləklər, dülgərlər, ən
müxtəlif əl işlərini bazara çıxaranlar və
b. növbəti fəaliyyətlərinə
başlayırdılar. Əhalinin bir qismi aclıq
ucbatından riskə gedərək, ailələrinə ruzi gətirmək
üçün hər an qorxu və təlaş
keçirərək o dövr üçün xüsusi və
sərt qadağalar qoyulmuş və cinayət məsuliyyətinə
cəlb edilən alverlə məşğul olmaq məcburiyyətində
idi.
Bəzi günləri azan səsi ilə
qarşılayırdıq. Bu o demək idi ki,
yaxın qonşulardan kimsə dünyasını dəyişib
və müəzzin hadisə barədə azanla xəbər
verir. Azanın tükürpədici səsi
bu vəfasız dünyanın "gəlimli-gedimli, son ucu
ölümlü" olduğunu insanların yadına
salır, onları bu qaçılmaz sona hazır olmağa səsləyirdi.
Cənazə yerdən götürüləndən
sonra molla "Quran" oxuya-oxuya qabaqda gedirdi.
Şəhərdə sayılıb-seçilən bir
neçə məşhur müəzzin vardı. Müəzzinin
məscid minarələrindən (o vaxtlar, təbii ki, minarələrdə
səsgücləndirici qurğular yox idi) və yas yerlərində
azan verməsi üçün gur, məlahətli, yanıq səsi
olmalı idi. Şəki şəhərinin
aşağı, şəhərə nisbətən isti hissəsi
Qışlaqdan olan məşhur xanəndə Molla Şəmsəddinin,
sonralar Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun professoru və Şəki Şəhər Xalq
Maarif Şöbəsinin müdiri olmuş Məmmədiyyə
Əfəndiyevin də gözəl azan çəkdiyini
söyləyirdilər. Professor Yaşar Qarayevin
anım gününə həsr edilmiş bir ədəbi məclisdə
sayılıb-seçilən milli aydınlarımızdan
Sabir İmamverdiyevlə iştirak edirdim. Akademik Bəkir
Nəbiyev Sabir müəllimi məclis
iştirakçılarına təqdim edərək dedi: -
Sabir İmamverdiyev Bakı Dövlət Universitetində birgə
təhsil illərimizdə ən istedadlısı idi".
İndi dünyasını dəyişmiş rəhmətlik
Sabir müəllimin (Sabir Yanardağın) bu sətirlərin
müəllifinin "Şəki gülməcələri"
kitabı haqqında yazdığı sanballı məqaləsində
oxuyuruq: "...Bir vaxtlar din sıxışdırılan zaman
o (Molla Şəmsəddin - H.Ə.), xanəndəlik edərdi...
Lakin əllinci illərin sonunda onun hüzür
yerində bir "Münacat"ının şahidi oldum -
"Zəminxarə" üstündə; huşumu-ruhumu əlimdən
alırdı, əvvəldən axıra qədər rəşə
keçirir, tüklərim ürpəşə
qalırdı. O "Münacat" hələ də
qulaqlarımdadır..."
Müharibə illərindəki ağır günlərin
dəhşətli, həm də yaşımın
azlığından dumanlı xatirələrimdən ən
acınacaqlısı cəbhədə döyüşən
bəzi şəkililərdən gələn "qara
kağız" idi. Bu, ölən və ya itkin düşənlər
barədə hərbi hissələrin göndərdiyi rəsmi
xəbər idi. "Qara kağız" alan
ailə müsibətə qərq olur, bu kağızı gətirən
poçtalyonlar isə ağır durumla üzləşirdilər
- onlara bəzən hətta hücum çəkilir, təhqir
edir, hadisənin üstündən illər keçəndən
sonra da az qala düşmən kimi, faciənin baiskarı kimi
baxılır, hətta yerli ənənəyə uyğun ləqəb
də qoyurdular. Məsələn, qocaman
poçtalyon Bəxtiyar dayı öz əbədi
dünyasına "qara kağız paylayan Bəxtiyar" ləqəbini
də apardı. Poçtalyonlar Fərəc
dayı, Nəsib dayı və başqaları da belə aqibəti
yaşamışlar.
Bu müsibət bizim ailəmizdən də yan keçmədi. Mənim cəmi
üç yaş üç aylığımda - 1942-ci ilin
sentyabrında cəbhədə döyüşən atam barədə
"qara kağız" gəlib. Ölüm
kabusu bizim ailənin də taleyinə qənim kəsildi.
Kiçik olduğuma görə o müsibəti
xatırlamıram. Lakin o "qara kağız" babama,
nənəmə, anama, bibilərimə (Muxtar əmim o vaxt
müharibədə olduğundan hadisədən hələ xəbəri
yox idi) məhşər dağı çəkdi, məni və
kiçik qardaşımı müharibə qurbanı,
anamı isə ərsiz, yesir qoydu... O vaxt atamın cəmi 33,
anamın isə 21 yaşı vardı. Anam
sonralar bədbəxt taleyinin hökmü ilə 31
yaşında faciəli şəkildə həlak oldu.
Qohum-əqrəba,
qonşular, tanıyan və tanımayanlar "qara
kağız" alan ailələrin dərdinə
şərik çıxır, yası yola vermək
üçün maddi və mənəvi dayaq olurdular.
Qonşum, dostum və yaşıdım, Azərbaycan Dövlət
İdtisad Universitetinin müəllimi olmuş,
ömrünün son illərində gözləri tutulmuş
rəhmətlik Rauf Mirzəyev danışırdı ki,
qonşumuz Zümrüdün atasından "qara
kağız" gəlmişdi. Anası və
yetim qalmış Zümrüdlə bacılarının
yası yola vermələri üçün qonşular, o
cümlədən, biz də onlara əlimizdən gələn
köməyi etmişdik.
"Qara kağız"dan söhbət
düşmüşkən, o müsibətli, ağır illərdə
insanların bir-birinə canıyananlığı, dərdə
şərik olmaları, əl tutmaları
ata-babalarımızın, ana-nənələrimizin mənəviyyatının
zənginliyindən xəbər verir. O illəri, o insanları xiffətlə
yada salaraq indi gündüz çıraqla
axtardığımız həmin dəyərlərimizin
daşıyıcıları olmuş insanlara min rəhmət
oxuyuruq.
Həmin illərin ən yaddaqalan, ağır
epizodlarından birini - dövlət tərəfindən müəyyən
edilmiş hər bir vətəndaşa düşən
çörək normasını (zaboru) xatırlamasam, yaddaşım
məni bağışlamaz. Zabora görə verilən
kiçik kubik formalı çörəyə xalq arasında
"bombu" deyirdilər. Zaboru itirmək
ac qalmaq deməkdi, çünki zabora görə verilən
çörək norması əslində, yaşamaq
üçün yox, ölməmək üçün
hesablanmışdı.
Əsas mövzuya keçməmişdən əvvəl
yaxın qonşularım haqqında da qısa məlumat verməliyəm,
çünki hekayəmizin baş qəhrəmanı da məhz
yaxın qonşuluğumda yaşayırdı.
Şəkidə nəsil, tayfa, toxum, ailə və
ayrı-ayrı adamlara, həmçinin, məhəllələrə
də ləqəb qoyulur. Mən şəhərin
Sarıtorpaq məhəlləsindənəm. M.F.Axundzadə prospektindən ayrılan Nakam
küçəsi ("Motorun aralığı") həmin
məhəlləyə aparan əsas yollardan biridir. Vaxtilə
bu məhəlləyə yaxın yerdə (təxminən 200
m yuxarıda) Şəkinin ən zəngin adamlarından biri
olmuş Ədil xan İlisuyskinin, yaxın qonşuluğumda
isə məşhur şair, Firidun bəy Köçərlinin
"Şəki şairlərinin ən müqtədiri"
adlandırdığı İsmi bəy Nakamın ikimərtəbəli
möhtəşəm mülkü vardı. Nakamın
mülkünün qarşı tərəfində Bilal
dayının ağsaqqallıq etdiyi Nuralılar nəsli,
mülkün arxa tərəfində isə tiraltı, yəni
eyni binanın müxtəlif otaqlarında yaşayan
adlı-sanlı dərzilər Qəhrəman və Salman
qardaşları yaşayırdılar. (Dərzi
Qəhrəman dayının qızı Afər
"Əşrəfi şillə" adlı hekayəmin qəhrəmanıdır).
***
"Nuralıların
Bilal dayı"nın üç
oğlu, iki qızı vardı. Hekayəmin qəhrəmanı
onun böyük oğlu Paşadır. Paşa
haqqında o vaxtlar şəhərdə müxtəlif əfsanələr
gəzir, onun mərd hərəkətləri barədə
bir-birindən maraqlı əhvalatlar
danışılırdı. Bütün
söhbətlərin məğzi isə onun şücaəti,
qorxmazlığı, comərdliyi, xeyirxah və genişqəlbli
olması, hər cür çətin vəziyyətdən
çıxmağı bacarması barədə idi. Ucaboy, gülərüz, məğrur
baxışlı, bədəncə çox sağlam bir gənc
idi. Ona qalib gəlməyi fikrinə gətirməyə
belə, kimsənin cürəti çatmazdı.
Subaylıq həyatı yaşayırdı. Çox güman ki, evlənmək,
ailə qurmağa münasib ev şəraitləri
yox idi. Bilal dayının övladlarından
böyük qızı Bilqeyis Yevlax şəhərinə
Qulu adlı birisinə ərə getmişdi. Digər dörd övlad ataları Bilal dayı və
anaları Maral bacı ilə kiçik bir binada
yaşayırdı.
Paşa müntəzəm olaraq vaxt tapıb məhəllənin
kiçik yaşlı oğlan uşaqlarını qonşumuz
Yaqub Mirzəyevin (Zorbaların) geniş və bir tərəfi
açıq göy çəmənli həyətinə
yığaraq güləşin fəndlərini öyrədirdi. Paşanın
kiçik qardaşı, "Mıqan" ləqəbli
Nadirin də qatıldığı bu məşqlərdə
10-15 uşaq iştirak edərdi. Nadir
yaşıdımız olsa da, boyda bizdən kiçik idi,
lakin çevikliyinə, güc və
sağlamlığına həsəd aparardıq. Onu
güləşdə məğlub etmək müşkül
iş idi. Qardaşı Paşanın apardığı məşq
zamanı bəzən anası Maral bacı ehtiyatla divarın
dalından başını göstərir və bu zaman
Mıqan dərhal onun yanına qaçaraq az
müddətdən sonra qayıdardı. Biz Maral
bacının hələ də Mıqanı əmizdirdiyini
bilirdik. Paşadan ehtiyat etdiyimizə, həm
də utandığımıza görə
başımızı aşağı salaraq bildiyimizi
açıb-ağartmaz, içimizdə xəlvəti gülərdik.
Ancaq o vaxtlar heç birimizin ağlına belə gəlməzdi
ki, Mıqandakı gücün əsas mənbəyi elə
ana südündə imiş...
Biz Paşaya çox öyrəşmişdik. Qayğı və
diqqətinə görə gözümüzdə
doğmalaşmışdı. Bir
uşağa səsini qaldırmaz, artıq-əskik söz deməz,
kimsənin qəlbinə dəyməz, sevgi və
qayğısını əsirgəməzdi. Biz onunla
ünsiyyətə can atar, onu özümüzə arxa, dayaq
sanardıq.
Hekayəmlə
birbaşa bağlı olduğuna görə alma
əhvalatı ilə söhbətimizə keçirəm.
Ancaq əvvəlcə bir qədər alma
haqqında danışmaq istəyirəm.
Təbiətin
insanlara bəxş etdiyi nemətlər içərisində
meyvələrin, xüsusən də almanın öz yeri var.
İngilislər təxminən belə deyirlər:
Gündə
bir alma...
Həkimi yada salma.
Şifahi
xalq ədəbiyyatımızda da alma ilə
bağlı maraqlı miflərə, əhvalatlara, inanclara
rast gəlirik. Övlad istəyənlər
almanın yarısını özü yeyir,
yarısını isə ömür-gün yoldaşına
verir. Nağıllarımızın sonunda hökmən
"göydən üç alma
düşür".
Xalq mahnılarında da almanın vəsfinə rast gəlirik. Nə isə...
Paşa Nakam küçəsinin
başlanğıcından təxminən yüz metr
aşağıda meyvə dükanı
açmışdı (O, dünyasını dəyişəndən
sonra Bığ Bəkir adlı birisi həmin dükanda
parça satırdı). Bir dəfə həmin
küçə ilə üzüaşağı gedərkən
Paşanın dükanının yanından keçirdim.
"Hikmət" - deyə səslədi.
Ayaq saxlayaraq dönüb baxdım. İçəri çağırdı. Dükanda meyvələr növlərinə görə
ayrı-ayrı qutularda səliqə ilə, zövqlə
qablaşdırılmışdı. Meyvələrin
silinib təmizlənməsi də diqqəti cəlb edirdi.
O, almalardan gözə xoş olan birini mənə uzatdı.
Utandım, almaq istəmədim, lakin təkidlə verdi. Almanı götürərək
həyəcanla "sağ ol" deyib özümü
küçəyə atdım. Bu, mənim
üçün çox fərəhli bir məqam idi.
Xalq arasında dillər dastanı olan bir insanın hörmətinə
layiq olmaq hər uşağın nəsibi deyildi... Paşa bir
alma ilə sevgisini, məhrəm münasibətini,
qayğısını çatdırırdı. Evdəkilərə də bunu fərəhlə
danışdım.
Paşa mənim üçün daha da
doğmalaşdı. Onun verdiyi almanı yeməyə günlərlə əlim
getmirdi, buna ürək etmirdim... Bu alma mənim
üçün sadəcə bir meyvə, əşya yox, sevgi,
qayğı, diqqət rəmzi olaraq dəyərli idi.
Deyirlər, yaxşılıq ölçü və
çəki tanımır, böyük və kiçikliyi
müzakirə olunmur, dəyəri isə mənəviyyat
etalonu olaraq dərk edilməyindədir. Qalırdı
bu münasibəti dərk etmək, dəyərləndirmək,
qarşılığını mənəvi cəhətdən
ödəmək, qəlbimdə ona yer vermək. Bu isə soydan, əsil-nəcabətdən, yeddi arxa
dönəndən və nəhayət, tərbiyədən
asılı yüksək mənəvi keyfiyyət
sayılır. Həyatımın
sonrakı dövründə, yaşa dolduqca böyük və
ya kiçikliyindən, qiymətindən asılı olmayaraq hər
bir yaxşılığın, xeyirxahlığın yüz
dəfələrlə yüksək
mükafatlandırılmasının şahidi olmuşam.
Bir türk atalar sözündə deyilir ki, bir fincan qəhvənin
qırx illik xətri var...
Vaxtilə keçmişdə Şəkidə Kimirov
familiyalı məşhur bir vəkil fəaliyyət göstərirmiş. O, ictimai yerdə,
çayxanada Məhəmməd peyğəmbəri təhqir
edən iki nəfəri qətlə yetirdiyinə görə
həbs edilmiş bir şəkilinin vəkilliyinə
razılıq veribmiş. Bu işlə əlaqədar
növbəti məhkəmə iclasına tələsirmiş.
Siqaretini odlamaq üçün cibindən
çıxardığı alışqan yanmır. Bunu
görən və onunla tanışlığa can atan
dustağın qardaşlarından biri cəld qabağa
atılaraq vəkilin siqaretini yandırır. Vəkil
bunları tanıyırmış. Kimirov məhkəmədə
işi udur. Dustağın varlı
qardaşları bunun qarşılığında vəkilə
hörmət etmək üçün onun yanına gəlirlər.
Vəkil onların niyyətini başa
düşərək qayıdır ki, siz bu işin
haqqını qabaqcadan ödəmisiniz. Mən
siqaret çəkmək istəyərkən
alışqanım yanmadı. Bu zaman siz mənim
müraciətimi gözləmədən
özünüzü qabağa verərək siqaretimi
odladınız. Mən o hərəkətinizi
hər şeydən üstün tutur, bir kibrit dənəsiylə
etdiyiniz hörməti yüksək qiymətləndirirəm.
Bax,
Paşanın verdiyi bir alma mən
üçün vəkil Kimirovun dəyərləndirdiyi bir
kibrit çöpü qədər dəyərli idi.
O
dövrün uşaqları cüzi istisna olmaqla boş
vaxtlarını əsasən küçələrdə
keçirir, oynamağa üstünlük verirdilər. Bu sırada ənzəli, dülədöymə,
çilingağac, moza-moza, yeşinbabaş (gizlənpaç),
işdi-işdi, fırrağan döyüş, topqalax və
başqa oyunlar uşaqların arasında daha məşhur idi.
Uşaqların ən çox sevdiyi isə milli
güləş idi. Qonşumuz
Paşanın məhəllənin oğlan
uşaqlarını güləşə cəlb etməsini
yuxarıda qeyd etmişdim.
Bahar fəsli idi. Şəhərin qoynunda yerləşdiyi
Böyük Qafqaz sıra dağları əlvan
xalçanı xatırladırdı. Yaşıllığa
qərq olmuş dağlardakı cır meyvə
ağaclarının çiçəkləri,
dağların zirvəsində hələ əriməmiş
qalın qar insanı heyrətə gətirən gözəl
mənzərə yaradırdı. O günlər
kiçik qardaşım Ənvərlə sünnət
olunmuşduq. Yatırdım. Birdən
hamıdan əvvəl hər şeydən xəbər tutan
qonşumuz dəmirçi İslam dayının arvadı Səhnə
xala arakəsməsiz həyətimizə girərək həyəcanlı
səslə, rəngi ağarmış halda əsə-əsə
dəhşətli bəd xəbər verdi
ki, "Nuralıların Paşa"nı dağda güllələyiblər,
ağır vəziyyətdə xəstəxanaya
çatdırıblar. Məni sanki
ildırım vurdu, yerimdən qalxmağa cəhd etsəm də,
nənəm razı olmadı. Lakin mən
necə olursa-olsun Paşagilə getmək, o müsibəti
yaxından öyrənməyə, baş verənləri
öz gözlərimlə görməyə can atırdım.
Nənəm müqavimət göstərməyin
əhəmiyyətsizliyini görüb, əvvəldən
tikdirdiyi yubkanı geydirərək tez
qayıtmağımı dönə-dönə tapşırdı.
Paşanın yaşadığı evin böyük həyəti
və küçə insanla dolu idi. Adamlar dəstə-dəstə
topalaşaraq baş vermiş hadisəni astadan, sanki nədənsə,
yaxud kimdənsə ehtiyatlanaraq danışır, hadisənin
fərqli versiyalarını söyləyirdilər. Arada Paşanın artıq öldüyünü pıçıltı
ilə danışanlar da vardı. Hadisəni
incəliklə söyləyənlər də
tapılırdı. Məsələn,
deyirdilər ki, Paşanın yaxın dostu guya ləzgilərdən
qoyun almaqda kömək etməsi üçün onu dağa
apararaq subaşına çıxmaq adı ilə
böyük bir daşın arxasına keçib və onu
arxadan vurub. Bunu da vurğulayırdılar ki, əgər
üzbəüz dayanaraq atəş açsaydı belə
Paşanı vurması elə asan iş deyildi. Bu
adamlar elə danışırdılar ki, sanki hadisənin
içində olmuşdular.
Bu arada mənim uzunətək geyməyim də diqqətdən
yayınmadı. Yaşıdlarım ələ salaraq
astadan gülür, istehza ilə söz atırdılar.
Burada ictimai asayişə nəzarət edən milisioner Mabud
dayı da (üzündə iri qara xal olduğuna görə
ona Xallı Mabud deyirdilər) mənə yaxınlaşaraq:
"Hikmət, deyəsən, qız olmusan", - deyərək
zarafatlaşdı.
Paşagilin həyəti və küçə get-gedə
adamla dolur, sanki bütün şəhər bura
axışırdı. Mahir cərrah sayılan yəhudi həkim
Danilov Paşanı əməliyyat etmiş, güllələri
çıxarmışdı, ancaq sağ
qalıb-qalmadığı bilinmirdi.
Mən hadisə yerinə gedəndən təxminən
dörd saat keçərdi. Nəhayət,
Paşagilin evindən qopan qışqırıq, ah-nalə səsləri
tüklərimi ürpətdi. Görünür,
Paşanın ölüm xəbəri artıq ailəsinə
çatmışdı. Küçənin
yuxarısında, Paşagilin evindən 30-35 metr uzaqda məşhur
meyit yuyanlar Ümmü və Səltənət
bacıları göründülər. Ancaq
onlar meyiti yumağa yox, yasa gəlmişdilər. Artıq hər şey məlum oldu. Nə vaxtsa eşitmişdim ki, bəd xəbər
heç vaxt yalan çıxmır. Görünür,
bu da sirrini açmayan dünyanın yazılmamış
qanunlarındandır. Paşanı xilas edə
bimədilər. Yuyucu bacılar qorxulu kabus kimi amiranə,
bir az da sanki təntənəli,
qarşısı alınmaz qətiyyətli yerişlə yas
yerinə yaxınlaşdılar. Onlar həyətə
daxil olan kimi yenə dəhşətli səs-küy,
vay-şivən qopdu. Yəqin ki, Paşanın
doğmaları indiyədək ümidlərini itirməmişdilər,
hadisənin faciəli yekununa inana bilmirdilər...
Az sonra
cənazəni gətirdilər. Salacanı
çiyinlərində gətirənlərin ön
sırasında Paşanın əmisi oğlu məşhur pəhləvan
Ləzgi Paşa və qardaşı Əsabəli gedirdilər.
O vaxtlar şəhər xəstəxanası Şəki Xan
sarayının yanında yerləşirdi. Məsafənin
uzaqlığına baxmayaraq, cənazəni çiyinlərində
gətirmişdilər.
Paşanı
əbədi məkanına - məzarına, son mənzilinə
yola salmaq üçün az qala
bütün şəhər əhalisi axışıb gəlmişdi.
İnsan dalğası dəniz kimi kükrəyirdi.
Cənazənin dalınca gedən izdiham sanki bu
müsibətdə günahkarmış kimi sakitcə
başını aşağı salaraq irəliləyirdi.
Cənazənin qabağında gedən
mollanın yanıqlı naləsindən insanların ürəyi
qan ağlayırdı. Mən vəziyyətim
ucbatından o məsum gənci, böyük
qardaşımızı, həmişə
qayğısını üzərimizdə hiss etdiyimiz əziz
insanı haqq dünyasına yola sala bilmədim. Ürəyim
qan ağlaya-ağlaya cənazəni aparanlar gözdən itənədək
dallarınca baxdım...
Bu faciədən
76 il ötüb. Paşanın
əziz xatirəsini bu 76 ildə qəlbimdə gəzdirmiş,
yaşatmışam. Onun mənə verdiyi
bir almanın möcüzəli dəyərini isə bu
gün də axıradək dərk edə, anlaya bilmirəm.
Sirrini kimsəyə açmayan dünyanın qəribə
işləri var. Bəlkə bu, elə belə də
olmalıdır. Axı dünyanın gözəgörünməz
nizamı var. Müqəddəs səmavi kitabımız olan
“Qurani-Kərim”də deyilir: "Bir pisliyin əvəzində
bir cəza vardır. Halbuki bir
yaxşılığa onun on qatından yeddi yüz qatına
qədər və daha çox mükafat vardır"
("Yunis" surəsi).
Dahi Lev Tolstoy deyirdi ki, yaza bilməyəndə
yaz. Az qala bütün ömrüm boyu ürəyimdə gəzdirdiyim
bu əhvalatı daha ürəyimdə dustaq edə bilmədim.
Bu hekayəm xatirəsi mənə daim əziz
olmuş Paşanın məhəbbət hopmuş bir
almalıq ərməğanına gecikmiş mükafatımdır.
76 il bundan əvvəl bu vəfasız və ədalətsiz
dünyanı tərk edərək əbədiyyətə
qovuşmuş Paşa şəxsən mənim qəlbimdə
ölməzdir, yaşayır. Bu yazını da onun daim
xatırlanması üçün qələmə aldım.
Ruhu şad, yeri cənnət olsun!
Hikmət ƏBDÜLHƏLİMOV
525-ci qəzet.- 2020.- 17 dekabr.- S.12.