Bir Şəhid zabitin
şərəfnaməsi
- Şəhidlik zirvəsini fəth edən igidlərimizdən
biri də kapitan Aqil Məlikovdur. Çoxumuz kimi onun da
uşaqlığı 1-ci Qarabağ müharibəsi illərinə
təsadüf edib.
Təhsil aldığı məktəbimiz də birinci
Qarabağ müharibəsinin kəndimizdən ilk şəhidi
olmuş Elşad Bayramovun adını daşıyır. Zaman elə gətirdi ki,
Aqil böyüdü və hərbçi olmaq qərarını
verdi. 44 günlük və sonu Zəfərlə
tamamlanan Vətən müharibəsinin ilk günündə
bir neçə kəndin alınmasında iştirak etsə də,
erməni atəşi Aqildən də yan keçmədi və
o, Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən
döyüşdə şəhid olaraq gözlərini əbədi
yumdu.
Məlikov Aqil Niyaz oğlu 6 aprel 1986-cı ildə Quba
rayonunun Alpan kəndində anadan olmuşdu. Ali Hərbi Akademiyanı
2009-cu ildə bitirərək, 1 il
Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində
və daha sonralar bır sıra hərbi hissələrdə
uğurla xidmət edib.
2016-cı ildə Aprel döyüşlərinin
iştirakçısı olub. Həmin ilin sonunda
Aqili Abşeronda yerləşən hərbi hissəyə
bölük komandiri vəzifəsinə göndəriblər.
Bir müddət orada xidmət etdikdən sonra
raport yazaraq öz xahişi ilə ön cəbhəyə,
Ağcəbədi rayonunda yerləşən hərbi hissələrdən
birinə yollanıb. Daha sonra Beyləqan
rayonunun Haramı düzündəki hərbi hissəyə
tabor komandirinin müavini təyin edilib və ona kapitan rütbəsi
verilib. Şəhid olduqdan sonra ailəsi
ona mayor rütbəsi verildiyini bilmişdi. Amma Aqilə
mayor rütbəli mundiri geyinmək qismət deyilmiş... Xidmətdə
olduğu 11 il ərzində bir neçə
dəfə medallarla təltif edilib. Müdafiə
naziri Zakir Həsənov tərəfindən də şəxsən
hədiyyə ilə mükafatlandırılıb. A.Məlikov 2010-cu ildə ailə həyatı
qurmuşdu. İki övladı - 9
yaşlı qızı və 5 yaşlı oğlu var.
Atası
Niyaz Məlikovun xatirələrindən: "Aqil çox vətənpərvər
övlad idi. Elə buna görə də hərbçi
peşəsini seçməsi gözlənilməz olmadı.
Əsgərlərilə birlikdə səngər
də qazıb, odun da doğrayıb. Təəssüf
ki, oğlum komandanlıq tərəfindən dəfələrlə
mükafatlar və medallarla təltif edilməsinə baxmayaraq,
bunların əksəriyyəti onun şəxsi işinə
qeyd edilməyib.
Aqil məzuniyyətə gəldiyi vaxtlarda onunla
müzakirələrimiz zamanı Azərbaycan Ordusunun çox
güclü olduğunu deyirdi. O deyirdi ki, biz zabitlər və əsgərlərin
arzuladığı müharibə başlasa, Ordumuz iki
ayın içində İrəvanda ola
bilər. 27 sentyabrda Vətən müharibəsi
başlayandan sonra Aqillə telefon
danışığımız zamanı yüksək əhval-ruhiyyədə
olmasını hiss etdim. O dedi ki, artıq üç kəndimizi
mənfur düşmənlərdən təmizləmişik,
onların istehkam xəttini yarmışıq. Bu,
onunla sonuncu danışığımız oldu. Nə
biləydim ki, danışığımızdan bir neçə
saat sonra oğlum şəhid olacaq..."
Həyat
yoldaşının dediklərindən: "Aqil işinə
çox bağlı bir insan idi. Hərbi
formanı geyindiyi zaman bu geyimin verdiyi ağırlıq, məsuliyyət
sanki onun simasında əks olunurdu. Onun
üçün hərbi xidmət və əsgərləri ən
öncəlikli dəyərlərdən idi. O deyirdi ki, əsgərlərin
ata-anaları yanlarında olmur. Onların həm
atasıyam, həm də anası. Hətta
bir dəfə Tərtərdə xidmət edərkən
evimizdəki sonuncu manatımızı da əsgər
üçün dərman almağa xərcləmişdi.
Aqil rütbəsinə və vəzifəsinə
baxmayaraq, həmişə əsgərlərinin yanında
olub. O, onlara böyük qardaş olub, onlarla meşəyə
odun yığmağa da gedib. Aqil aylıq məvacibindən
evin xərclərini ayırdıqdan sonra qalan pulu əsgərlərinə
xərcləyərdi.
Hərbi formasını dəyişdikdə Aqil tam fərqli
insan olurdu. Övladları ilə uşaq kimi oynayır, sanki
uşaqlaşırdı. Deyirdi ki, onlarla vaxt keçirəndə
belə onlar üçün darıxıram... Hərbçilərin
və onların ailələlərinin həyatı çətin
olur, bunu əksəriyət bilir. Aqil həmişə
mənə deyərdi ki, sən hərbçi
yoldaşısan və bütün çətinliklərə
sinə gərməyi bacarmalısan. Ona
deyirdim ki, Aqil, sənə bir şey olsa biz nə edərik?
O isə cavabında deyərdi ki, şəhidlik ən uca zirvədir.
Bu zirvəni fəth edənlərdən nəyim
əskikdir?! Elə bil şəhid olacağı ürəyinə
dammışdı... Vətən müharibəsinin
başladığı gün telefonda danışdıq.
Çox sevincli idi, elə bil toya
hazırlaşırdı. Son sözü bu oldu:
"Narahat olmayın hər nə olsa, şərəfimdi!"
Belə həyat çox çətin olsa da,
yolumuza Aqilsiz davam etməliyik. Onun bizim ailəmiz,
övladlarımız üçün arzuları çox idi.
Çalışıb uğurlarımızla
onun arzularını gerçəkləşdirəcəyik.
Mən gücüm çatdığı qədər onun
arzuları üçün yaşayıb onları həyata
keçirəcəyəm, Allahın köməyilə..."
Qızı
Xədicə deyir: "Bizim atamız çox yaxşı ata
idi. Qardaşımla mən onu çox sevirdik.
Atamızı az-az görürdük. Buna baxmayaraq, onunla bağlı gözəl xatirələrimiz
var. Atam işdən qayıdan zaman çox yorğun olsa da,
yeməyini yemədən bizimlə oynayardı. Biz onun gəlişini səbirsizliklə gözləyərdik.
Bizimlə birlikdə şəkil çəkərdi,
cizgi filminə baxardıq. Hərdən
anam deyərdi ki, bizim evdə üç uşaq var. Atamız
evə bəzən çox gec gəlirdi. O, evə gələndə
biz yatmış olurduq. Amma o yataqlarımıza
yaxınlaşıb məni və qardaşımı
öpürdü həmişə. Mən bunu hər dəfə
hiss edərdim. Biz atamla birlikdə bayram və ad
günlərimizi qeyd edə bilmirdik. Hətta
onun ad gününü də biz üçümüz qeyd edərdik.
Sadəcə bir dəfə, 6 yaşımı
atamla birlikdə qeyd etmişik. Çox
sevinirdim, çünki ilk dəfə idi ki, atamla ad
günümü qeyd edirdik. Atamı hər
kəsdən çox sevirəm. O, qardaşımla mənim
savadlı və yurdsevər olmağımızı istəyirdi.
Mən atamın arzusunu yerinə yetirəcəm".
Bacısı
Aybənizin xatirələrindən: "Aqil dünyaya gələndə
mənim 13 yaşım vardı. Aqil evin
sonbeşiyi idi. Evin böyük qız övladı
olaraq mənim də üzərimə evin yükündən
pay düşürdü. Ev işlərində
anama kömək edir və Aqillə ən çox mən vaxt
keçirirdim. Onu danlamaq istədikdə dərhal
bizə atamla hədə-qorxu gələrdi. Mən ailə quranda Aqilin 5-6 yaşı vardı.
Anamın dediyinə görə, mən getdikdən
sonra Aqil durmadan ağlayırmış. Aqil
mənim üçün bir göz qırpımında
böyüdü. Artıq orta məktəbi
qurtarmışdı. Mən
razılaşmasam da, Aqil artıq qərarını
vermişdi. O, hərbi məktəbi bitirərək
Prezident Qvardiyasında xidmətə başlayacaqdı. Ancaq Aqil akademiyanı bitirib işğal olunmuş
torpaqlara, münaqişə zonasına getdi.
Torpaqlarımızın işğal altında qalmasını qəbul
edə bilmirdi. Elə hey deyirdi ki, biz mütləq
torpaqlarımızı geri almalıyıq".
Döyüş yoldaşı Dəniz
xatırlayır ki: "Aqillə illərdən bəri birlikdə
xidmət edirdik. Onunla birgə çox çətin,
ağır günlərimiz olurdu. Ancaq söhbətindən,
zarafatından qalmırdı. Döyüş əmri verilən
kimi hücuma keçdik. Məqsəd erməni səngərlərini
təmizləmək və son səngəri
alaraq orada möhkəmlənmək idi. Aqil tankların
arxasınca irəliləyir, elə dayanmadan əsgərlərini
də irəli səsləyirdi. Son səngəri də ələ
keçirəndən sonra dönüb mənə tərəf
qışqırmağa başladı, "Dəniz, bunlar hər şeyi atıb gedib. Qələbə
bizimdir! Qələbə bizimdir!" Füzulidə, Qaraxanbəyli
kəndində idik. Mənə vacib bir tapşırığa
getmək üçün göstəriş verdi. Oradan
uzaqlaşdıqdan bir neçə dəqiqə sonra onu və
3 yoldaşımı vurdular. Xəbəri eşidib,
qaçaraq gəlib yanlarında yerə çökdüm,
özümü saxlaya bilmədim, əsgərlərin
yanında hönkür-hönkür ağladım. Dedim,
üstlərini örtün, soyuq olmasın. Məni ondan
ayıran bir neçə dəqiqə məni həyata
bağladı, onu isə şəhadətə
apardı..."
Dostu Aydın Qasımovun xatirələrindən:
"Ona "mənim Generalım" deyib müraciət edərdim.
Oğlum Əlinin sevimli əmisi idi. Ağdamda, Goranboyda və
başqa yerlərdə onu ziyarət etmişəm. Aprel
döyüşlərindən danışardı. Deyirdi, az
qalıb, erməniləri qovacağıq torpaqımızdan. Vətən
müharibəsi başlayandan Aqil üçün narahat idim.
Təəssüf edirəm ki, Aqil Ordumuzun qələbəsini
görmədi. Qəhrəman qardaşımdır mənim
şəhid Aqilim!"
Şəhidimizin atası, anası belini
bükməsin gərək, əksinə, dik dursunlar ki,
oğulları Vətən uğrunda Şəhid olub! Şəhidimizin
qardaşı, bacıları ağlamasın. Onlar qürurla
danışsınlar Aqildən, onunla fəxr etsinlər. Şəhidimizin
həyat yoldaşı dözümlü olsun qoy,
çünki Şəhidimizin övladlarını
atalarına layiq böyütməli, onun arzularını
gerçəkləşdirməlidir. Aqil qardaşımız
demişdi axı: "Hər nə olsa şərəfimdi!".
Şəhidlik onun şərəf zirvəsi oldu. Allah sənə
qəni-qəni rəhmət eləsin, Şəhidim! Ruhun
şad, məkanın cənnət olsun! Sizə sevgimiz
sonsuzdur!
İlkin R.BALAYEV
525-ci qəzet.- 2020.- 16 dekabr.- S.18.