Ata kultunun ədəbi
salnaməsi
Yaddaş xatirələr
dəfinəsidir...
Dönüb-dolanıb üz tutduğumuz ən doğma
sığınacaq yaddaşımızdır. Çünki
"mən"imizin ilk vətəni olan
uşaqlığımız da, sevgilərimizin rənginin
hopduğu gəncliyimiz də, daşdan-daşa dəyən
başımıza ağlımızın gəldiyi
yetkinliyimiz də öz unudulmaz xatirələri ilə
yaddaşda yuvalanıb. Bu xatirələr əzizlərimizin
burnumuzun ucunu göynədən itkiləri ilə,
yaddaşımıza pərçimlənən doğma
qoxularla, gözümüzün önündən asılan
tanış siluetlərlə yanaşı, bəzən də ürəyimizin
gələcəyi kəsən qırışları,
könlümüzün dərin çapıqlarıdır. Alman yazıçısı Jan Pol Fridrix Rixterin
dediyi ilə razıyam ki, yaddaş bizi heç kəsin qova
bilməyəcəyi yeganə cənnətdir. Yaddaş xatirələrimizin dəfinəsidir.
Elə buna görədir ki, nə vaxt üz
tutmağımızdan asılı olmayaraq oradan əliboş
dönmək riskimiz sıfıra bərabərdir. Xatirələri
oyadıb danışdırmaq az qala
hamının bacaracağı bir işdir. Lakin o xatirələri çözələyib
sözə gətirmək istedadı hər kəsə nəsib
olmur.
Görkəmli
yazıçı-publisist Əli İldırımoğlu uzun illər boyunca öz
doğmaca xatirələrini xalqın dipdiri yaddaşına
çevirmək zəhmətinə qatlanaraq memuar ədəbiyyatının əvəzsiz
örnəklərini yaradıb. Ən diqqətçəkən
məqam odur ki, yazıçı qələmə
aldığı xatirə-romanlarda xalqın ən sadə,
tanınmayan nümayəndələrinin keçdiyi
kişilik məktəbinin öyrətdiklərini, üzü
unudulmağa doğru gedən mərdanəlik, halallıq dərslərini
gələcək nəsilə çatdırmaq kimi
böyük bir missiyanı üzərinə
götürüb. Əli
İldırımoğlunun yazıçı
böyüklüyü ondadır ki, o, şəxsən
özünə və özününkülərə millətin
keçmişinin prizmasından yanaşaraq bu xatirələri
xalqınkılaşdırmağı bacarıb.
Yazıçının küll halında bütün
yaradıcılığında biz varıq - yüzillərə söykənən
milli adət-ənənələrimiz, dünənki
keçmişimiz, bugünkü yaşantılarımız və
gələcək aqibətimizlə...
"Mənim
rəncbər atam": sadəliyin aliliyi bədii təqdimatda
Bu yaxınlarda dünyasını dəyişmiş
qocaman yazıçı "Mənim rəncbər atam"
romanını hələ illər öncə yubileyi
münasibətilə yazı hazırladığım zaman
şəxsən özü hədiyyə etmişdi. Sözügedən xatirə-romanı
elə həmin
vaxt oxusam da, haqqında geniş bəhs etmək fürsətim
olmamışdı. Atamı uzun sürən xəstəlikdən
sonra itirdiyim bir dövrdə oxuduğum, ataya pərəstiş
səviyyəsində sevginin ifadə olunduğu bu möhtəşəm
bədii salnamə, kövşən ətirli,
başdan-başa tanış nisgilli xatirələrin rayihəsinin
duyulduğu bu roman məni elə o vaxt da kövrəltmişdi,
aradan uzun illər keçdikdən sonra yenidən vərəqlədikdə
indi də tamam fərqli rakurslardan boğazımda qəhər
düyünlənməsinə səbəb oldu...
Əli
İldırımoğlunun bu xatirə-romanı soy-kökə,
əcdadlara pərəstişin
qələmə alındığı sadəcə
avtobioqrafik əsər deyil, bütövlükdə ata dininə
tapınmağın bədii tərənnümüdür. "Mənim rəncbər atam" təkcə
yazıçının atası rəncbər
İldırım kişinin ömür salnaməsi olmaqla
qalmayıb, bütövlükdə xalqımızın genetik
yaddaşında yaşayan böyük anlamda kişilik,
halallıq, düzlük "kodlar"ının tək-tək
deşifrələndiyi ATALAR KİTABIdır. Müəllif də atası
İldırım kişinin timsalında yavaş-yavaş
ilğıma çevrilən millətimizin kişilik
keçmişini az qala ağlaya-ağlaya yazıb. Bunu
keçmişin əlçatmazlığının verdiyi
çarəsizlik və nisgil hissi ilə qələmə
aldığı hər cümlədə, hər abzasda sezmək
mümkündür. Çünki bəzi itkilər təkcə evdən
olmur, eldən olur. Mərhum yazıçı özü bunu illər öncə ilk müsahibəmizdə
də yana-yana dilə gətirmişdi:
"...Atamın
üstündən həmişə kövşən iyi gələrdi.
Mənə bu rayihə qədər təsir edən
ikinci ətir yoxdu. Atam son dərəcə
halal, yüz sözdən birini danışan, kəndin
ağır oturub batman gələn, qan yatışdıran
ağsaqqalıydı. Onun yalan, qeyri-dəqiqlik,
etibarsızlıq haqqında anlayışı yox idi. Bax, bütün bunlara görə onunla fəxr edirəm,
haqqında kitab yazmışam. Ona görə
yox ki, külli-aləmdə təkcə mən canıyanan
çıxmışam və ya atama hamıdan çox fanatik
ehtiram göstərirəm. Əsla! Bunun bir sirri də
odur ki, yurd-yuvalarımızda, el-obalarımızda, qüdrətdən
səngərli qalalı dağlarımızda o cür mötəbər
kişilərin sayı azalır, seyrəlir,
yoxlaşır..."
"Mənim rəncbər atam"la yaxından
tanış olduqca görürsən ki, yüksək təhsil
sahibi olmadan da, universitet bitirmədən də insanlıq,
halallıq, saflıq və kişilik məktəbini təbiri
caizsə, "qızıl medalla bitirmək"
mümkünmüş. Qızıl adam olmaq üçün heç də qızıl-qırmızı
diplomlara da ehtiyac yoxmuş...
Əli
İldırımoğlu əsər boyu oxucunu
özünün xatirə dolambaclarında gəzdirdikcə
bir tərəfdən xalqımızın belə bir
keçmişə sahib olduğu ilə fəxr edirsən, bir
tərəfdən də düşünürsən ki, əcəba
doğrudanmı, atalar demişkən, o cür ağsaqqal, təpərli,
zabitəli, xarakterli, mötəbər, bir elin and yerinə
çevrilən yaxşı kişilər yaxşı atlara
minib getdilər?!. Aydınlıq səmada
şaxıyan qəfil ildırım kimi qısa müddətə
görünüb yox oldular?.. O hansı
zaman idi? O itmiş çağın sorağı ilə hara
üz tutaq ki?.. Qonşunun xahişi ilə
ona kömək üçün verdiyi atının ifrat
yüklənməkdən belinin sərpməsi ilə bircə həftədəcə
ölüb itlərə yem olmasının
dilxorçuluğunu içində yaşayıb
"atımızı itirmişik, adamlığımızı
ki itirməmişik" deyə bilən bir kişinin
zamanı idi onda...
Evin
bazarlığı üçün verdiyi "bir şax
yüzlüyü" itirən yeniyetmə övladına
güldən ağır bir şey deməyən ata, oğluna
sadəcə ani diqqətsizlikdən qayalıqda
başından düşən "əzik dimdiyi olan köhnə
papağa" görə sözün bütün mənalarında
elə İldırım kimi gurlayır: "...Səhər tezdən, ala
qaranlıq yerindən durub, gedib papağını taparsan!
Tapmasan, bu evə qayıtma! Mənə sənin kimi oğul
lazım deyil! Bu gün papağını itirən,
sabah namus-qeyrətini itirər!" Və
bu sözləri eşidən yeniyetmə oğulun
sübhün gözü çırtlar-çırtlamaz
yerindən qalxıb sabahın alatoranında
papağını qayalıqdan axtarıb tapdığı
dövr idi onda. Belə bir kişinin oğlu
üçün də "ana üzü görmədiyindən
bütün mehr-məhəbbətini bağladığı
atasının incik, küskün davranışı, bircə
tərs baxışı ən ağır cəza idi..."
Zaman -
kişinin verdiyi sözün
hökumətin möhürlü kağızından daha
etibarlı hesab olunduğu, dediyi "sən öl" kəlməsinin
müqəddəs "Quran" andına bərabər
tutulduğu, yüzbaşı Əmrah kimi igidlərin
"uf" demədən Vətən üçün
öldüyü, qadının yad gözdən, kəm nəzərdən
uzaq tutulub baş tacı
edildiyi, qan düşməninin taleyi iki dodaq arasından
çıxan ifadəyə möhtac olduğu vaxt
"görmədim, bilmirəm" deyilib ilahi ədalətə
həvalə olunduğu, qapısının halalca
malını çırpışdıran oğrunun ailəsinə,
uşaqlarına görə
bağışlanıldığı, alver zamanı artıq
verilən əlli manatın "mən halal qazancıma haram
qata bilmərəm" deyib də hansısa daşın
üstünə ehtiyacı olan kimsə üçün
qoyulduğu, bir tərs
baxışı qüruruna sığışdırmayıb
qonaq olduğu evin qışın qan donduran sazağında tərk
edildiyi, Qarabağda ali məktəbdə oxuyan və
qıtlıq çəkən
oğluna ərzaq göndərmək üçün
Laçının qurşağa çıxan qarında əl-ayağını
ayaz apara-apara atın belində
tam bir gün yol gedildiyi, bütün
yaxşılıqların Allah rizasını qazanmaq
üçün edildiyi, bir dəfə kəsilən
duz-çörəyin haqq-salamının və daha nələrin, nələrin...
heç unudulmadığı zamanlar idi onda. Qısası, İldırım
kişinin və ildırım
kişilərin etalon dövrü idi...
Yazıçı
Əli İldırımoğlu bu misilsiz xatirə xəzinəsini
doğmaca dilimizin az qala unudulmaqda olan capcanlı idiomatik ifadələri,
duzlu frazeoloji ibarələri, xalqın minillik saxlancından
çıxarıb təqdim etdiyi atalar sözü və məsəlləri, ruha məlhəm
xəlqi intonasiyası ilə yaddaşımıza pərçimləyir.
Bir daha unutmamaq və ibrət dərsi almaq şərti ilə...
Həqiqətə
"fransız qalanlar" üçün "Mənim rəncbər
atam" fransız dilində...
"Mənim rəncbər atam" xatirə-romanının
üstün məziyyətlərindən biri də illərlə
xalqımızın erməni terrorçuları tərəfindən
məruz qaldığı müsibət və
soyqırımların real, tarixi obrazların dili ilə gələcəyə
çatdırılmasıdır. Ötən əsrin əvvəllərində
yazıçının əmisi, yüzbaşı Əmrah
da erməni daşnaklarına qarşı aparılan
mübarizədə şəhid olmuşdu. Ta o zamandan bu
iki qardaşdan biri - igid Əmrah dəliqanlı təbiəti,
qorxmazlığı ilə Zəngəzur elinin ümid yerinə
çevrilmişdisə, sakit, zəhmli, mötəbər
İldırım kişi isə öz mənəvi təpəri
və əsl kişi xarakteri ilə hallalıq ehramı kimi qəbul
edilirmiş.
Bu
günlərdə erməni xislətinin bütün rəzil
yönlərinin açıldığı "Mənim rəncbər
atam" xatirə-romanı fransız dilində nəfis tərtibatla
işıq üzü görüb. Əsəri
fransız dilinə tanınmış tərcüməçi-yazar
Şain Sinaria tərcümə edib. Kitabdakı
illüstrasiyaların müəllifi mərhum rəssam
Şahpələngdir. "Mənim rəncbər
atam"ın fransız dilinə tərcüməsi müasir
dövrün tələbləri baxımından aktuallıq kəsb
edir.
Romandakı
erməni obrazı özü xəstə təfəkkürlü
xalqının quldur nümayəndələrinin iç
üzünü ifşa edir. Bərgüşad
çayının sol sahilindəki Köhnə Balahəsənli
kəndinin 1918-ci ildə erməni daşnakları tərəfindən
tamamilə yandırılandan sonra qalan
xarabalığını görən erməni alverçisi
özü məcburən həqiqətə fransız qalanların
riyakar siyasətini etiraf etməli olur: "...Bu işlərin
hamısını eliyən o gorbagoruna olan Andronikdi. O Andronik kimi şondığalar əllərini
musurmanların qanına batırıb sonra da gedib Pransada,
Amerikada ağlayıb haray-həşir salırlar ki, bizə
qırıb genosidinə eliyirlər. Pransada,
Amerikada oturan bəzinə-bəzinə başınaboşlar
da bilmirlər ki, qazanda qaynayan nədi, qablarını
uzadırlar ki, bir çömçə də burasına qoy.
Hayıpına ki, Amerikada, Pransada Andronik kimiləri nə
yalanı danışsın, inanırlar..."
"Mənim
rəncbər atam" əsərinin fransız dilində nəşr
olunması qazanda nə bişdiyini bilmədən yalan tirajlayanlara da
tutarlı ədəbi cavabdır. Son dönəmlərdə ərazi
bütövlüyümüzün bərpası istiqamətində apardığımız haqq
savaşında həqiqətlərə "fransız
qalaraq" özünü
"görməyən, eşitməyən və
danışmayan üç
meymun"un yerinə qoyanlar üçün "Mənim rəncbər
atam"ın fransız dilində nəşri həm də
informasiya cəbhəsində apardığımız
mübarizədə əlavə
üstünlüyümüzdür.
***
Folkner
yazırdı:
"Xalqın maddiləşmiş yaddaşı
yalnız onun ədəbiyyatıdır. Bu mənada, ədəbiyyatı
xalq yaratmır, ədəbiyyat xalqı, milləti
yaradır". Bu aspektdən yanaşsaq,
yazıçı Əli İldırımoğlunun
yaratdığı ədəbiyyat həm də xalqın
genetik yaddaşındakı milli məziyyətləri
yazıb-yaşadaraq gələcək nəslə
ötürmək missiyası ilə haradan boy qaldırıb
haraya getməli olduğumuzu, millət olaraq milli
etalonlarımızı unutmamaq adına yol
xəritələrimizdən biridir. Yolumuzu
çaşmamaq ümidi ilə...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2020.- 16 dekabr.- S.15.