Tarzənin mücrüsü
Tarın
və tarzənliyin azı min ilə sığan uzun yolu
boyunca çoxlu mahir sənətkarlar yetişib, onların
füsunkar ifaları haqqında köhnə salnamələrdə
soraqlar da qalmaqdadır.
Lakin ən
gözəl sözlər belə qıvraq barmaqlardan qopmuş
sədaların şirinliyini, ruhoxşayanlığını
sonacan təsvir edə bilərmi?
Çalğının,
oxunun əsl dəyərini verə bilməkçün gərək
onu dinləyəsən, həmin səslər selinin bilavasitə
axarında olasan.
Heyiflər
ki, keçmiş qabil ifalar haqqında biz yalnız mənbələrin
tərifli sözləri ilə kifayətlənməli oluruq.
Eşidə
bildiyimiz ən qocaman çalğılar yalnız XX əsrin əvvəllərinə
aiddir. Avropada bir sıra səsyazma şirkətlərinin fəaliyyətə
başlaması, xanəndə və sazəndələrin oxu
və çalğılarının qrammofon vallarına
yazılmasıyla səsin əbədiləşməsi
dövrü gəlir.
Lakin
ağrıdan odur ki, bu imkandan istifadə etmək də hər
sənətkara nəsib olmayıb. XX əsrin əvvəllərində
Azərbaycanda onlarca deyil, yüzlərlə ustad tarzən
vardısa da, Qurban Qirimov və daha bir neçə nəfərdən
savayı əksəriyyətinin çalğısı nə
vala alınıb, nə də lentə
köçürülüb.
Beləcə,
nə qədər heyranedici səs efir boşluqlarında əriyib
itib.
Tarzən
Məmmədxan Bakıxanov zahirən çox da köhnə əyyamların
tarçısı deyil.
Unudulmaz sənətkarımız
Bəhram Mansurov ondan bəhs edərkən həmişə
yalnız kamil muğam bilicisi olmağını
vurğulamır, həm də xanəndəni müşayiət
etməkdə tayı-bərabəri olmadığını
yada salırdı.
Çox
illər öncə - 1980-lərin əvvəllərində Məmmədxan
Bakıxanovun qardaşı oğlu Məmmədrza Bakıxanov
isə mənə həmin unudulmuş tarzən haqda daha
geniş bilgilər vermişdi.
Məmmədrza
müəllim çox söhbətcil adam idi və
1980-90-cı illərdə elə həftə olmazdı ki,
Elmlər Akademiyasına, o zamanlar işlədiyim Şərqşünaslıq
İnstitutuna azı bir-iki dəfə baş çəkməsin.
Sinəsi
dolu olduğundan söhbətləri həmişə uzun
alınardı, çox zaman tələssəm də, onu səbirlə
dinləyərdim. Çünki bütün bu
danışılanların tarix olduğunu anlayırdım.
Yanımda diktofon olanda söhbətini yazırdım, səsi
qeydə almaq imkanım olmayanda dəftərimdə onun
söylədiklərinin vacib anlarını stenoqrafik dəqiqliklə
əks etdirməyə çalışırdım.
İllər
boyu hazırladığım çox verilişlərdə də
Azərbaycan radiosunun səs xəzinəsində Məmmədrza
Bakıxanovun xatirələri qalmaqdadır.
Bir
gün də mənə əmisi Məmmədxanla
bağlı bir neçə sənəd gətirərək
onun haqqında veriliş hazırlamağımı məsləhət
gördü. Amma dərhal da əlavə elədi ki, bəzi əhvalatları
indi sənə söyləyəcəyəm, amma onu görən,
yaxşı tanıyan bir neçə nəfər də var
ki, telefonlarını verəcəyəm,
çağırasan studiyaya. Lakin tələsmə. Əmimin
çalğısı olan, ev maqnitofonunda yazılmış lentlər
var, bir də Yaqub Məmmədovu müşayiət etdiyi bir
ifa qalmalıdır, qoy onları da tapım, sonra
hamısını birləşdirib yaxşı veriliş
hazırlarsan.
İş
elə gətirdi ki, 1990-cı illərin əvvəllərindəki
axırıncı söhbətlərimizdən sonra nəsə
Məmmədrza Bakıxanov bir müddət gözə dəymədi.
Sonra
eşitdim ki, Türkiyəyə gedib. Gərək ki,
yoldaşı da orada işləyirdi.
Bilmirəm
orada çalışdıqları dövrdə arada
Bakıya gəlib-gedirdilərmi, hər halda mənə Məmmədrza
müəllimlə bir də görüşmək nəsib
olmadı.
İllər
ötdü, işlər çoxluğunda Məmmədxan
Bakıxanov haqda həmin verilişi hazırlamaq niyyətimiz
elə niyyət olaraq qaldı.
Və
görünür, qismət beləymiş ki, gərək Məmmədxan
Bakıxanova mütləq qayıdam. 2017-nin yazında Məmmədrza
müəllimin qardaşı Tofiq Bakıxanov eyni təkliflə
mənə müraciət etdi və onda yadıma təqribən
24-25 il öncə Məmməd
Bakıxanovla əmisi, tarzən Məmmədxan
Bakıxanov haqda etdiyimiz söhbət düşdü və
açdım yaddaş dəftərlərimi. Qeyd dəftərlərimdə
o sətirləri çox qarışıq xətlə, tələsik
yazmışam və çətinliklə olsa da, hər
şeyi oxuya bildim. Mənim xəttim onsuz da, siz deyən, səliqəlilərdən,
rahat oxunanlardan deyil. Onda qalmış yazı iki daşın
arasında, dar macalda tələsik qələmə
alınmış ola. Üstəlik, bu da nəzərə
alınsın ki, Məmməd müəllim, adətən,
yeyin danışardı. Ancaq hər halda, nə yaxşı
ki, vaxtında o qeydləri etmişəmmiş. Yazılan
qalır və məqamı da yetir ki, adamın çox
karına gəlir.
Məmmədxan
Bakıxanov 1890-cı ildə Bakıda doğulmuşdu. O, hələ
7 yaşında olanda atası Məmmədrza çar hökuməti
tərəfindən Bakıxanovlar ailəsinə qarşı
başlanan təzyiqlərlə əlaqədar İrana
köçür. Müxtəlif illərdə Rəştdə,
Zəncanda, Tehranda yaşayırlar.
Məmmədxanla
qardaşı Əhmədxan ilk musiqi təhsillərini də
orada alırlar. Və 1916-cı ildən Məmmədxan
artıq bir tarzən kimi məclislərdə, şənliklərdə
görünməyə başlayır.
1920-ci ildə
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailəsi ilə
birgə Bakıya qayıdan Məmmədxan Şərq
Konservatoriyasına daxil olur, burada məşhur tarzən
Şirin Axundov və Məşədi Həsəndən dərs
alır.
İranda
aldığı biliklə burada öyrəndiklərinin vəhdəti
tezliklə onu Bakının muğam mühitində ən
seçkin ifaçılardan birinə çevirir. Səbəbsiz
deyil ki, artıq 1921-ci ildə onu konservatoriyanın inspektoru vəzifəsinə
işə götürürlər.
O illər
Azərbaycanın, xüsusən də paytaxt Bakının həyatında
xüsusi bir oyanış dövrü idi. İlk
addımlarını atan Şura hökuməti maarifə, mədəniyyətə
ayrıca diqqət verirdi.
İndiki
Səadət sarayının binasında 1920-ci illərin əvvəllərində
Əməkçi Türk Qadınlarının Əli Bayramov
adına Mərkəzi Mədəniyyət Sarayı yerləşirdi.
Sözün
həqiqi mənasında ora mədəniyyət və maarifin
bulaq kimi qaynadığı, ən təşəbbüskar
ziyalıları, qabaqcıl təhsil və elm xadimlərini
qovuşduran bir mərkəz imiş.
1923-cü
ildə Məmmədxan Bakıxanovu da ora işə dəvət
edirlər.
Səviyyəni,
tapşırılan vəzifəyə yanaşmanın məsuliyyət
və ciddiyyətini bundan götürün ki, oradakı musiqi
dərnəyinə Üzeyir Hacıbəyli, rəqs dərnəyinə
Yunis Nərimanov, xor dərnəyinə Hənəfi Terequlov,
dram dərnəyinə Abbas Mirzə Şərifzadə, tar dərnəyinə
Məmmədxan Bakıxanov rəhbərlik edirmiş.
Bu gəlməklə
ta 1936-cı ilədək, düz 13 il Əli Bayramov
sarayında tar müəllimi işləyir, onun yetirmələri
sırasından Azərbaycanın neçə
tanınmış tarzən qadını çıxır.
Təşəbbüskar,
qurucu insan olan Məmmədxan Bakıxanovun ürəyi
bilavasitə vəzifəsini - tar müəllimliyini icra etməklə
soyumur, qızlardan ibarət orkestr də yaradır.
Çox
keçmir ki, Məmmədxan Bakıxanovun təşkil etdiyi
Qızlar ansamblının əks-sədası fəhlə
klublarından, mədəniyyət saraylarından, hərbi
hissələrdən eşidilməyə başlanır,
onların konsertləri hər dəfə hərarətlə
qarşılanır.
Məmmədxan
Bakıxanovun rəhbərlik etdiyi Şərq orkestrinin
şöhrəti və uğurları isə daha parlaq olur.
İlk dəfə
1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya incəsənət
olimpiadasında müvəffəqiyyətlə
çıxış edərək birinci yeri qazanan,
mükafatlandırılan orkestr tezliklə daha böyük
uğura imza atır.
1936-cı
ilin mayında Məmmədxan Bakıxanovun rəhbərlik
etdiyi Şərq orkestri Moskvada SSRİ-nin müxtəlif
respublikalarından gəlmiş bədii-özfəaliyyət
kollektivlərinin konsert-tamaşasına qatılır və
yüksək peşəkarlıq nümayiş etdirərək
rəğbətlə qarşılanır, mükafata layiq
görülür.
Lakin
1938-ci ildə qəfilcə Məmmədxanın başı
üzərində qara siyasət buludları dolanmağa
başlayır.
Bir gecə
onların ardınca gəlirlər, hər iki qardaşı - Əhmədxanı
da, Məmmədxanı da həbs edirlər.
Onları
ittiham edirlər ki, İran casusudurlar, Azərbaycanda İran
musiqisini təbliğ edirlər, evlərində silah-sursat gizlədiblər,
mənzillərində İran şahının məktubu ələ
keçib.
Tofiq
Bakıxanov danışır ki, Üzeyir bəygillə
qonşu idik, get-gəlimiz vardı. Anam gedib yalvarır ki, ay
Üzeyir əmi, bunları şərləyiblər, bizim evdə
silah-sursat nə gəzir, bu yazıqlar musiqidən başqa bir
işlə məşğul deyillər. Axtarış aparanda
da heç nə tapılmadı. Bax bu da axtarışın
protokolu, heç nə yazmayıblar.
Üzeyir
bəy anamı sakitləşdirir ki, narahat olma, bu günlərdə
Moskvaya, Azərbaycanın Ədəbiyyat və incəsənət
ongünlüyünə gedəcəyik, Mircəfər
Bağırovla eyni qatarda olacağıq, ondan xahiş edərəm.
Səfər
əsnasında Üzeyir bəy Mərkəzi Komitənin
hökmlü Birinci katibinə qayıdır ki, yoldaş
Bağırov, bizim konservatoriyanın iki müəllimini,
Bakıxanovları tutublar, ancaq mənə elə gəlir,
onların heç bir təqsiri yoxdur.
Mircəfər
Bağırov deyir ki, mən bu nəsli çox yaxşı
tanıyıram. Köməkçisini çağıraraq
tapşırır ki, dekadadan qayıdandan sonra yadıma sal, məsələ
ilə məşğul olacağam.
Və
ongünlükdən dönəndən sonra 3 aylıq həbs
çəkmiş hər iki qardaş azad edilir.
Amma hər
halda itkiləri də olur.
Dekada ərəfəsində
həbs edilməsi Əhməd Bakıxanovun ansamblının
Moskvaya getməsinin qarşısını alır.
1938-ci ildə,
dekadaya bir neçə ay qalmış o çağlarda
üzdə olan, demək olar ki, bütün
ifaçıların valları buraxılır. Həbsə
düşməsi Məmmədxanı da
çalğılarının vala alınması
şansından məhrum edir.
Təbii
ki, belə bişkin sənətkarı musiqimizin 1930-40-cı
illərdəki "baş qərargahı" - Müslüm
Maqomayev adına Filarmoniya diqqətdən kənarda saxlaya bilməzdi.
1941-ci ildə
Məmmədxan ora işə dəvət edilir və 1957-ci ilə,
ömrünün sonunadək həm bir ifaçı, həm
də bir ustad, musiqi təşkilatçısı kimi bu məşhur
sənət ocağında faydalarını verməkdə
davam edir.
Cabbar
Qaryağdı oğlu, Seyid Şuşinski kimi böyük xanəndələr
Məmmədxan Bakıxanovun müşayiəti ilə
oxumağı həmişə arzulayırmışlarsa, bu,
artıq ən sanballı qiymət kimi
qavranılmalıdır. Çünki muğamın hər
gizlincinə bələd olan o böyük xanəndələrlə
çiyin-çiyinə çalışmaqçün gərək
elə onlar səviyyəsində də biliyin, səriştən
olaydı.
Zülfi
Adıgözəlov, Bülbül, Hüseynqulu Sarabski, Mütəllim
Mütəllimov, daha sonralarsa Şövkət Ələkbərova,
Əbülfət Əliyev, Rübabə Muradova Məmmədxan
Bakıxanovun müşayiəti ilə oxumaqdan ləzzət
alarmışlar.
1930-40-cı
illərdə fəxri adlar nadir hallarda və çox
üstün sənətkarlara verilirdi. Təsadüfi deyil ki,
məhz Məmmədxan Bakıxanov hələ 1943-cü ildə
Əməkdar artist fəxri adına layiq
görülmüş ilk tarzənlərimizdən oldu.
Tofiq
Bakıxanov söyləyir ki, atam nisbətən qaraqabaq, az
danışan adam idi, amma əmim Məmmədxansa deyib-gülən,
ünsiyyətcil idi. Həmin dövrün aktyorları,
şair və yazıçıları,
ziyalılarının əksəri ilə dostluq edərdi.
Hacıbaba Nəzərli, Hacağa Abbasov ilə aralarından
su keçməzdi. Əlağa Vahidlə lap yaxın idi.
Çox vaxt konsertlərdə də birgə
çıxış edərdilər. Musiqi nömrələri
səslənərdi, aralıqdakı fasilələrdə
Vahid çıxardı səhnəyə, meyxanalar, kupletlər
ifa edərdi. Çox vaxt da bədahətən. Məmmədxan
əmimin evi daim qonaq-qaralı idi. Seyid Şuşinski 6 il Məmmədxan
əmimin evində bir ailə üzvü kimi
yaşamışdı.
Məmmədxan
Bakıxanovun yüksək sənətkarlığı ilə
tən gələn xeyirxahlığı, nəcibliyi, insani məziyyətləri
barədə vaxtilə Xanlar
Haqverdiyev, Əbülfət Əliyev, Hacıbaba Hüseynovdan
da çox təfərrüatları eşitmişəm.
Məmmədxanı
digər bütün Azərbaycan tarzənlərindən fərqləndirən
bir özəlliyi də varmış. O, həm İran, həm
Azərbaycan tarında eyni ustalıqla
çalırmış. İran tarında sırf İran
muğamı, Azərbaycan tarında xalis Azərbaycan
muğamını canlandırırmış.
Həm Məmmədxanın,
həm Əhmədxanın bir ifaçı və öyrədici
olaraq ən vacib və ehtirama layiq cəhəti də odur ki,
muğamları mənimsəməyi İranda başlasalar da,
İran muğamatına dərindən bələd olsalar da,
Azərbaycan xalq musiqisinin bizə məxsus dilinə,
üslubuna daim sədaqət göstəriblər, bircə
İran xalının, boğazının bizim muğama
müdaxiləsinə imkan verməyiblər,
başqalarını da bu təsirdən yayındırmağa
həmişə səy göstəriblər.
Həm
musiqimizə, həm də bağlı olduğu sənət
birliklərinə, musiqi ocaqlarına sonsuz sədaqət Məmmədxan
Bakıxanovun bir ayrı məziyyəti idi. Elə həmin tərbiyəni
övladına da ötürdüyündəndir ki, oğlu
Akif Bakıxanov da düz 60 il Filarmoniyanın orkestrində
çalışdı, viola üzrə konsertmeyster oldu.
...1990-cı
illərin başlanğıcında Məmmədrza müəllimlə
tarzən Məmmədxan Bakıxanovu andığımız
saatlarda o, özü ilə bir neçə məktub gətirmişdi.
Həmin
məktublara da baxınca xəttindən hiss olunurdu ki, sanki
qaçaqaçda, tələm-tələsik yazılıb.
Başqa
necə ola bilərdi ki! Həmin məktubların hər biri
müharibə dövründə yazılmışdı.
1941-42-43-cü illərdə ön cəbhədə, səngərlərdə,
qazmalarda, kazarmalarda, hərbi hospitallarda!
Uzunu
vardı, qısası vardı, amma
böyük-kiçikliyindən asılı olmayaraq, hər
biri həyəcan oyadan məktublar idi və Məmmədxan
Bakıxanov da ömrü boyu çox mükafatlar alsa, fəxri
fərmanlara, təltiflərə layiq görülsə də,
bu məktubları ən əziz yadigarlar kimi qoruyurmuş, hərdən
dost-tanışa da oxutdururmuş.
Qeyd dəftərlərimdə
o məktublardan parçalar qalır. Bunu yazan Nikolay Kalaşnikov
adlı bir serjantdır:
"Sizin
ifalarınız məni elə ruhlandırdı ki, sabah
düşmənlə indiyəcən olduğundan ikiqat
artıq qətiyyətlə döyüşəcəyəm.
Bizə yeni güc, inam, ümid verdiniz. Qələbə bizimlədir".
Qələbə
bizimlə olmağına olub. Amma həmin sətirlər 1943-cü
ildə yazılıb, kim bilir, həmin əsgər
döyüş meydanlarından salamat qurtararaq vətəninə,
evinə-eşiyinə dönə bilibmi?
Lap davadan
salamat qurtarsaydı da, bizim günlərədək çətin
ki qalaydı.
İkinci
Dünya müharibəsində iştirak etmişlərin ən
cavanının və hazırda sağ qalanlarının
yaşı 90-dan çoxdur.
Fəqət
bu bir parça kağız qalıb və həmin sətirlərdə
cavan əsgərin dinlədiyi konsertdən sonra içərisində
yaranmış xoş ovqat, ruh yüksəkliyi, zəfərə
inamı sətirlərdə nəbz kimi
çırpınır və həmişə də belə
qalacaq.
Bir
neçə sətirdə əbədiləşmiş o
ümidi, inamı hansı top, hansı tüfəng, hansı
silah susdura, sarsıda bilər?!
Bu məktub
isə bir özbək əsgərin dilindən yazılıb.
Dilindən ona görə ki, o əsgərin məktub yazacaq əli
yox imiş. Minaya düşübmüş, hələ bir
möcüzədir ki, sağ qalıbmış. Dizdən
aşağı sağ ayağı, dirsəkdən
aşağı sağ qolu kəsilibmiş. Məmmədxan
Bakıxanov onunla Rostovda, hərbi
hospitalda rastlaşıbmış.
Yaralı
əsgərlər üçün Məmmədxan
Bakıxanovun başçılıq etdiyi kiçik heyət
növbəti konsertini verirmiş. Repertuarı elə
qururlarmış ki, içərisində qısa muğam da,
təsnif də, müxtəlif sovet xalqlarının mahnı
və rəqsləri, məşhur melodiyalar da olsun.
Çox
vaxt da konsertlərini müharibənin lap əvvəlində
Üzeyir bəyin yazdığı, az qala döyüş
marşına, bir himnə çevrilmiş "Şəfqət
bacısı" mahnısıyla başlayarmışlar.
Çalırlar,
oxuyurlar və konsert yekunlaşanda hərbi hospitalın baş
həkimi olan kapitan Məmmədxan Bakıxanova müraciət
edir ki, bilirəm, bundan əvvəl də başqa yerdə
üç konsertiniz olub, yorulmusunuz, ancaq bir xəstəmiz
var, hamımızın xahişidir ki, onun istəyini yerinə
yetirəsiniz, tarda siz özünüz tək muğam
çalasınız.
Məmmədxan
başlayır çalmağa. Ürəklə, şövqlə
çalır və muğama ayaq vermək istəyəndə
kapitan baxışları ilə yenidən işarə eləyir
ki, dayanmayın, davam edin.
Məmmədxan
bir az təəccüblənsə də, digər muğama
keçir, yenə xırda-xırda gəzişmələr
edir, arada oynaq parçalar da ifa edir ki, dinləyənlər
yorulmasın.
Nəhayət,
çalğısını bitirir, son mizrabı vurur, amma adətən
ansamblın hər çıxışından sonra eşidilən
gur alqış səsləri ucalmır.
Bir az təəccüblənən
kimi də olur.
Kapitana
baxır. Görür ki, onun gözlərindən yaş
axır. Çevrilir digər yaralı əsgərlərə
sarı. Baxır ki, onlar da hamısı mütəəssirdir.
Və bu
da diqqətini çəkir ki, çarpayıda əli-ayağı
sarıqlı uzanmış halda onu dinləyən əsgərin
yanında dayanan dostu yaralının başını
sığallayır.
"Hörmətli
ustad! Bu məktubu sizə mənim əsgər dostlarım
yazır. Çünki mən qələm tutan əlimi
itirmişəm, ancaq sizə ürəyimdə o qədər
minnətdarlıq hissi var ki, dostlarımdan xahiş etdim mənim
sözlərimi kağıza köçürsünlər və
Bakıya, Azərbaycan Filarmoniyasına göndərsinlər
ki, sizə çatsın. Yəqin,
görürdünüz ki, siz tarda çaldıqca əsgər
dostlarımızın əksəri kövrəlmişdi.
Çünki onlar mənim taleyimi bilirdilər. Sizdən də
mənə görə xahiş etmişdilər ki, tək
çalasınız. Mən Səmərqənddənəm. Mən
də musiqiçi olmuşam. Mən də tarzən idim.
Müharibənin lap əvvəlindən mən də
könüllü cəbhəyə yollandım. Tarsız
çox darıxırdım. Hər gün arzu edirdim ki,
müharibə tez tamamlansın, qayıdım vətənə,
yenə tarımı köksümə sıxım, yenə
sevimli şaşmakomlarımla olum. Düşməndən təmizlədiyimiz
kəndlərdən birində əlimə balalayka
keçmişdi. Hərdən nisbətən dinc
saatlarımızda tar əvəzi onu çalırdım, əsgər
dostlarım da əl çəkmirdilər, hərə öz
xalqının melodiyalarını zümzümə edirdi, mən
də həmin havaları balalaykada çalırdım.
İş
elə gətirdi ki, bir neçə ay əvvəl 3 dostumla əməliyyata
gedərkən minalanmış sahəyə düşdük.
Qulaq batıran bir gurultu qopdu. Ayılanda mən
özümü hospitalda gördüm. Neçə gün
huşsuz qalmışam. Ayağımın, qolumun amputasiyasından
da xəbərim olmayıb. O biri döyüşçü
yoldaşlarımsa həlak olublar. Vəziyyətimi belə
görəndə dedim ki, kaş mən də öləydim. Əlsiz-ayaqsız
yaşamağımın nə mənası?! Bir də
barmaqlarım tarın simlərinə, pərdələrinə
toxunmayacaqsa, mən kimə lazımam?! Bütün
arzularım, ümidlərim öldü. Ancaq siz o gün
çalğınızla mənə yeni həyat verdiniz. Siz
çaldıqca gözümü yumurdum, elə zənn edirdim
ki, çalan elə özüməm. Sizin o gün söylədiyiniz
bir söz məni sanki həyata qaytardı. Dediniz ki, sizin
qardaşınız da tarzəndir, amma sizdən fərqli
olaraq, o, solaxaydır. Düşündüm ki, daha səhnəyə
çıxa bilməsəm də, sol əllə
çalmağı öyrənərək heç olmazsa
özümə təsəlli, ürəyimi
boşaltmaqçün tar çala bilərəm.
Kaş bu
dava tez bitsin, qələbəmizi qazanaq, faşistlərin
axırına çıxaq,
hamımıza doğma şəhərimizə, kəndimizə
qayıtmaq nəsib olsun.
Əgər
mənə də evimizə gedib çatmaq nəsib olsa, sol əllə
çalmağı öyrənib yenidən tarımla
danışa bilsəm, mənə də ailə həyatı
qurmaq qismət olsa, oğlum olsa, ona sizin şərəfinizə
Bakıxan adı verəcəyəm.
Var olun,
yaşayın, yaradın. Bütün əsgər
dostlarımız sizə minnətdardır. Hamımıza
ümid, mənə isə həyat
bağışladınız.
Tar
çalan əllərinizi öpürəm:
qardaşınız Alişer Umarov".
Ustad tarzən
Məmmədxan Bakıxanov 1941-1945-ci illər müharibəsində sənət yoldaşları ilə
birgə Rostovda, Taqanroqda, Voroşilovqradda, Mozdokda, Minskdə,
Krımda, Kirovoqradda və daha neçə şəhərdə,
qəsəbədə 820 konsert verdi. Bu konsertlərin hər
biri sadəcə konsert yox, həm də özünə
görə bir qəhrəmanlıq nümunəsi idi.
Şıdırğı müharibə gedirdi, bu cəbhədən
o cəbhəyə yollanan musiqiçiləri nə rahat
mehmanxanalar gözləyirdi, nə münasib şərait.
Şaxtada, qızmarda, yağışda, küləkdə
onlar, elə döyüşkən əsgər kimi, hər an
mübarizəyə hazır idilər, çox zaman dincəlmək,
bir qurtum isti çay içmək, bir tikə çörək
yemək macalları da olmurdu.
Ən
yorğun saatlarında da əsgərlərin
qarşısına çıxarkən çöhrələrindən
şuxluq yağırmış, ilhamla, şövqlə, həvəslə
çalıb-oxuyurmuşlar.
Mən o
illərin cəbhələrdə eyni qayğıları
yaşamış çox sənətkarlarını dinləmişəm.
Onların
heç biri adi insanlar deyildi. Onlar sənətə də,
insana da qəlbən bağlı, fədakar, əqidəli,
vicdanlı, saf, təmənnasız şəxsiyyətlər
idilər.
Tarzən
Məmmədxan Bakıxanov Azərbaycana gərək olduğu
anlarda həmişə qəlbinin bütün məhəbbəti
ilə ön sıralarda dayanmışdı.
Axıb
keçən vaxt çox şeyləri dəyişir. İllər
nəinki Məmmədxan Bakıxanovun tay-tuşlarını,
hətta təqribən cavanlı-qocalı bütün
tamaşaçılarını, dinləyicilərini də
aparıb.
2020-ci ildə
130 yaşı tamam oldu, bu tarix kimsənin yadına
düşmədi.
Yuvarlaq
ildönümlərsə, yalnız elə təvəllüd
tarixi olanı anmaq fürsəti deyil ki! Bu, hər dəfə
dünənlərə baxmaqçün açılan bir pəncərədir.
Həmin pəncərədən görünən tarixsə
heç vəchlə unudulmamalı, öyrənilməli, ibrətlər
götürülməli bir keçmişdir.
Onlar
dünyadan çox şey ummayıblar. Hər sənətkar
ruhca elə uşaq kimidir. Bircə "sağ ol!", bircə
alqış, bircə heyran baxış onları xoşbəxt
edə bilir.
Sağlıqlarında
da, həyatda olmadığı çağlarda.
Bu
yazını da elə həmin həqiqətə
inandığımdan hamımızın əvəzindən
tarzən Məmmədrza Bakıxanova yönələn minnətdar
alqış payı kimi qələmə aldım.
Tarzən
Məmmədxan Bakıxanov, haqqında xoş cümlələr
dərc edilmiş cəbhə qəzetlərini, dava illərindəki
usanmaz əməkləri və dəyanətləri səbəbiylə
təltif edildiyi "Almaniya üzərində Qələbəyə
görə", "Qafqazın müdafiəsinə görə",
"Əmək igidliyinə görə" medallarını
ona göndərilmiş duyğulu əsgər məktubları
ilə birgə ömrünün sonunacan bir mücrüdə
həyatı boyu qazandığı ən ali mükafatlar, ən
əziz yadigarlar kimi saxlayırdı...
Rafael Hüseynov Akademik
525-ci qəzet.- 2020.- 16
dekabr.- S.15.