Yeni nəslin inkişafına mühüm
təkan: "Məktəblinin dostu"
2016-cı ildən etibarən ölkənin təhsil
sistemində yeni, çox ciddi əhəmiyyət kəsb edən
"Məktəblinin dostu" adlı layihə tətbiq
olunur. Məqsəd müəllim və şagirdlər
üçün məktəbdə daha təhlükəsiz
mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk
tibbi və psixoloji yardım göstərmək, mütəmadi
olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin
kollektivi ilə maarifləndirmə və diaqnostik işlər
aparmaqdır.
Həmçinin, yetişməkdə olan gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin aşılanmasıdır.
Layihənin 4 yaşı münasibətilə Təhsil
naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin
əməkdaşları ilə videogörüş
keçirib.
Görüşdə təhsil nazirinin müşaviri Rüstəm
Ağayev, Gənclər və İdman nazirinin müavini Fərhad
Hacıyev, millət vəkili Aydın Mirzəzadə, Prezident
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan
resursları və təlim şöbəsinin müdir
müavini Cahangir Hacıyev, "525-ci qəzet"in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad
Məcid, layihənin əməkdaşları və digər
qonaqlar iştirak ediblər. Görüş zamanı Təhsil
naziri "Məktəblinin dostu" layihəsinin əhəmiyyətindən, eləcə
də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi
istiqamətində görülən işlərdən
danışıb.
Hazırda "Məktəblinin dostu" layihəsi 70
ümumtəhsil (pandemiya ilə əlaqədar 226 məktəbdə
tətbiq olunur) məktəbində tətbiq olunur. Layihə
ümumilikdə 400 minə yaxın şagirdi əhatə
edir. Layihə çərçivəsində
ümumilikdə 400 əməkdaş fəaliyyət göstərir.
"Məktəblinin dostu" layihəsi Azərbaycan
təhsilinin fundamental inqilabi yeniliklərindən biridir.
Qeyd edək ki, bu kimi layihələr dünyanın bir
çox ölkəsində çeşidli adlarla uğurla
sınaqdan çıxıb. ABŞ, Fransa,
Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə
məktəblərdə "şagirdlərin dostu" olur.
Bu xidmətin müxtəlif adı olsa da, hər
yerdə məqsədi eynidir. Burada əsas hədəf məktəb
- təhsil alan - valideyn
üçbucağının tərəfləri arasında
üfüqi ünsiyyətin qurulması və hədəf
olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə
imkanları yaratmaqdır. "Məktəblinin
dostu"nun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini
qorumaq, fövqəladə hal baş verdikdə müəllim
heyətinə və şagirdlərə ilkin yardım
göstərməkdir. Bu, çox
yaxşı təşəbbüsdür. Bunun
hesabına ilk növbədə məktəblərdə
nizam-intizam problemi həll olunur. Eləcə
də məktəblərdə müəllimlə şagird
arasında müsbət ab-hava yaranır.
"Məktəblinin
dostu" layihəsinin İctimaiyyətlə əlaqələr
üzrə (PR) meneceri Nərgiz Kərimova deyir ki, artıq 4
ildən artıqdır ki, "Məktəblinin dostu" layihəsi
uğurla icra olunur. Layihə ilk mərhələdə
Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində
fəaliyyətə başlayıb. 2017-2018 təhsil
ilində isə 20 saylı tam orta məktəb və Bakı
şəhər 200 saylı məktəb-lisey kompleksi də bu
layihəyə qoşularaq məktəb sayı 32-yə
çatıb. 2018-2019-cu tədris ilindən etibarən bu təşəbbüsə,
162 nömrəli tam orta məktəb, 277 nömrəli idman təmayüllü
tam orta məktəb və Vətən futbol məktəbi
qoşularaq məktəb sayı 35-ə yüksəlib: "Məktəblinin
dostu" layihəsinin əhatə dairəsinin əhəmiyyətli
dərəcədə genişləndirilməsi ilə
bağlı qərar qəbul edilib. Qərara əsasən,
2019-2020-ci il tədris ilindən etibarən layihənin əhatəsinə
31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla
ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə
edilib. Əlavə olunan ümumtəhsil müəssisələrindən
4-ü Sumqayıt şəhərində,
2 tam orta məktəb isə Abşeron rayonunda fəaliyyət
göstərməkdədir. Layihənin əhatə
etdiyi məktəblərin sayının 150-yə
çatdırılması nəzərdə tutulur".
N.Kərimovanın sözlərinə görə,
yetişməkdə olan gənc nəslin milli-mənlik
şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik
hisslərinin aşılanması olduqca vacibdir. Çünki
vətənpərvər ruhda böyüdülən, tərbiyə
edilən hər bir uşaqda mərhəmət, vicdan hissi
olur. Vətənini sevirsə o, ailəsini də, sevəcək,
heyvanlara, insanlara, ətrafında olan hər kəsə insani
münasibət bəsləyəcək: "Layihə çərçivəsində
bu istiqamətdə həyata keçirdiyimiz işlər
çoxdur. Məktəblərdə ilboyu kütləvi tədbirlər,
maarifləndirmə və təbliğat işləri gənclərin
mənəvi, fiziki, psixoloji hazırlığının təmin
edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət
hissinin yüksəldilməsinə yönələn tədbirlər,
məktəblər arası "Breyn-rinq" intellektual bilik
yarışları mütəmadi təşkil olunur. Məsələn,
hazırda layihə tərəfindən "Əsgərə salam" aksiyası keçirilir. Aksiya çərçivəsində
məktəblilər rəşadətli Ordumuza dəstək
olmaq üçün maraqlı videolar hazırlayırlar. Layihənin məqsədi orduda xidmət edən hərbi
qulluqçuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə
mənəvi dayaq olmaq və məktəblilərin vətənpərvərlik
ruhunda tərbiyəsi işinə töhfə verməkdir.
"Məktəblinin dostu" layihəsi
çərçivəsində təşkil olunan aksiyada
layihənin əhatəsində olan 226 ümumtəhsil müəssisəsinin
çoxu fəal iştirak edir. Hazırda bu istiqamətdə
görülən işlərdən daha birini - "Sülhü birgə
formalaşdıraq!" mövzusunda rəsm müsabiqəsini
də misal çəkə bilərəm. Şagirdlərə
sülh mədəniyyəti, xalqlar və insanlar arasında
qarşılıqlı anlaşma, dostluq münasibətlərinin
əhəmiyyətini, milli dəyərlərimizi,
tolerantlıq və multikulturalizm ənənələrini
aşılamaq, habelə bədii-estetik səviyyələrini
yüksəltmək, xüsusi istedada malik olan uşaqları
aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf
etdirilməsinə dəstək verməkdir".
N.Kərimovanın
dediyinə görə, layihə çərçivəsində
uşaqların maraqlarına uyğun tədbirlər,
müsabiqələr, yarışlar keçirilib:
"İstedadı olanları seçmək məqsədi ilə
keçirdiyimiz tədbirlərdən uğurlu nəticələr
əldə etmişik. Rəsm, mahnı, şeir
və başqa yaradıcı sahələr üzrə xeyli
sayda istedadlı şagirdləri müəyyən etmişik.
Layihə çərçivəsində
şagirdlər "ASAN Radio"da da qonaq olublar.
Şagirdlərə radionun fəaliyyəti,
iş prinsipləri haqqında geniş məlumat verilib, həmçinin,
efir, montaj, xəbərlər və digər otaqlarla
tanışlıq olub. Sonda məktəblilər
müsahibə verərək öz təəssüratlarını
bölüşüblər. Aşağı
sinif şagirdləri üçün "Nağıl
saatı" təşkil olunur. Tədbirin
təşkilində məqsəd məktəblilərin
mütaliəyə olan həvəsini artırmaq, kitab oxumağa
maraq aşılamaq və onları uşaq ədəbiyyatı
ilə tanış etməkdir".
Məktəblilər arasında "Sülhü birgə
formalaşdıraq!" mövzusunda rəsm müsabiqəsi
davam edir. Müsabiqə Təhsil Nazirliyinin "Məktəblinin
dostu" layihəsi və Azərbaycan YUNESKO Klublarının
birgə təşkilatçılığı, YUNESKO
üzrə Azərbaycan Respublikası Milli Komissiyasının
dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri
və Abşeron rayonunun məktəbləri arasında
keçirilir.
Müsabiqənin
keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən
hər il qeyd olunan 21 sentyabr -
Beynəlxalq Sülh Gününə uşaq və gənclərin
diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti,
xalqlar və insanlar arasında qarşılıqlı
anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini,
milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini
aşılamaq, habelə bədii-estetik səviyyələrini
yüksəltmək, xüsusi istedada malik olan uşaqları
aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf
etdirilməsinə dəstək verməkdir. Müsabiqə
üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17
yaşlı) uşaq və gənclər arasında
keçirilir. Hər yaş qrupu üzrə
3 qalib müəyyən olunacaq. Müvafiq
yaş qrupları üzrə ümumilikdə 9 qalib müəyyən
ediləcək. Mövzu və
düzgün kompozisiyaların üstünlük veriləcəyi
müsabiqədə ən çox şagirdlərin öz
duyğuları ilə işlənən əsərlər
seçiləcək. Sonda qaliblər fəxri diplomlarla
mükafatlandırılacaq: "Layihə çərçivəsində
"Evdə qal, musiqidən zövq al" aksiyası da
keçirilir. "Məktəblinin dostu"
layihəsi çərçivəsində təşkil olunan
aksiya layihənin əhatə etdiyi məktəblərin
şagirdləri arasında keçirilir. Aksiyasının
əsas məqsədi Azərbaycanın zəngin mədəni
irsinin öyrənilməsi, qorunub saxlanılması, istedadlı
məktəblilərin aşkar edilməsi, şagirdlər
arasında ifa mədəniyyətinin yüksəldilməsi və
onların asudə vaxtlarının səmərəli təşkili,
həmçinin, ictimaiyyətin diqqətinin xüsusi karantin
rejimi qaydalarına yönəldilməsindən ibarətdir".
N.Kərimova
vurğulayıb ki, "Məktəblinin dostu" layihəsi,
Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki
"Oyuq" teatr-studiyası və "Kulis.az"
saytının təşkilatçılığı ilə
"Sənə nağıl danışım" adlı
müsabiqə təşkil olunub: "Uşaqların evdə
vaxtlarını səmərəli keçirmələri,
yaradıcılıq potensiallarını sərbəst
nümayiş etdirmələri və onların ümumilikdə
epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini
müəyyənləşdirmək məqsədilə təşkil
olunan müsabiqə 7-13 yaş arası uşaqlar arasında
baş tutub. Ümumilikdə 10 nağıl
müəllifi seçilib. İlk
"üçlük"də yer alan
nağıllar birləşdirilməklə onların əsasında
tamaşa da hazırlanacaq. Premyera günü
qaliblərin mükafatlandırılması mərasimi də
baş tutacaq".
Menecerin söylədiyinə görə, "Məktəblinin
dostu" layihəsi çərçivəsində məktəblərdə
tədrisin pandemiya qaydalarına uyğun təşkilinə dəstək
göstərilir (məktəblərin fəaliyyəti müddətində). Layihə ilkin
olaraq şagird sayı çox olan məktəblərə
şamil edilib. Məktəblinin dostları
şagirdlər arasında COVİD-19 infeksiyasından qorunmaq
üsulları ilə bağlı maarifləndirmə
işinin aparılmasına da köməklik göstərirlər.
Bakı, Abşeron və Sumqayıt üzrə sıxlıq
müşahidə edilən məktəblərdə
koronavirusla bağlı zəruri tədbirlərin həyata
keçirilməsi məqsədilə "Məktəblinin
dostu" və "Bir" tələbə-könüllü
layihələri üzrə dəstək komandaları təşkil
edilib. Ümumilikdə, 400 məktəblinin dostu və
700 könüllü bu işə cəlb olunub.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 15 dekabr.- S.11.