Birinci Yaşın mübarək,
Ramiz Rövşən!
Həmişə Azərbaycanın müstəqilik
əldə etməsindən
sonra doğulmağı
özümün və
nəsildaşlarımın şansı hesab edirdim.
Düzü, hansısa ölkənin tabeliyində yaşamağı,
sənin və xalqının üzərində
söz sahibinin başqa - səninlə heç bir aidliyi olmayan ölkə rəhbərlərinin
olması, mənə
həmişə vahiməli
gəlib. Baxmayaraq ki, valideynlərim
və bizdən öncəki nəslə qədər hər kəs həmin tabelik dövrünü yaşayıb. Yetmiş
il az
zaman deyil. Bu dövrün içərisində
doğulub ölənlər,
müstəqilliyin nə
olduğunu bilməyənlər
də olub. Biz isə asılılığı
bilmirik. İnşallah, heç zaman da bilmərik. Amma bu şükrümüz
həmişə yarım
idi. Çünki elə biz doğulan
zamanlarda ölkəmizin
20 faizi düşmən
tapdağına keçmişdi.
Ölkəmiz, millətimiz
müstəqil, 20 faiz
torpağımız isə
tapdaqda...
Nəhayət, bütün o "yarım"lar bitdi və düz bir ay beş gündür ki, biz öz qolumuzun və rəhbərimizin uzaqgörən, dayanıqlı
siyasətinin sayəsində
tamıq, bütövük.
44 günlük Vətən
müharibəmizin hər
günü bizə yeni torpaqlarımızı
qaytardı, kəndlərimizin,
rayonlarımızın azadlığını
yaşatdı. Bütün qarabağlıların, torpağı azad olunmuş insanlarımızın
sevincinə ortaq olduq. Amma hər rayon azad
olunduqca yadımıza
birinci o rayondan olan məşhurlar, ziyalılar düşdü.
O ziyalılar ki, Qarabağı görməyən
nəsil olaraq, oraları məhz onların xatirələrindən
dinləmiş, qələmlərindən
oxumuşuq.
Oktyabrın 25-i, Vətən müharibəmizin
28-ci günündə Qubadlı
rayonu erməni işğalçılarından azad olundu. Həmin vaxt
xatırladığımız ziyalılarımızdan biri
də Xalq şairi Ramiz Rövşən idi.
Ramiz Rövşən Bakıda
anadan olmağına baxmayaraq, əslən Qubadlının Teymur Müskanlı kəndindəndir.
O, həmişə Qubadlıdan,
Qarabağdan ağızdolusu,
amma nisgillə, həsrətlə danışar,
orda keçirdiyi uşaqlıq, gənclik günlərindən bəhs
edərdi. Müsahibələrində Qubadlı adı
keçəndə dərindən
köks ötürməyi
vardı. Lakin ay yarım
öncə tarix yazan ordumuzun, Ramiz müəllimin diliyə desək, "arzularımızdan daha sürətli əsgərimizin"
sayəsində o nisgil,
o həsrət, o köks
ötürmələr keçmişdə
qaldı. İndi həm Qarabağın, həm Azərbaycanın, həm də böyük bir xalqın tarixində yeni - şanlı səhifə açılıb.
Bizim doğum
günlərimiz də
daha əlamətdar, daha özəldir artıq. Çünki noyabrın 10-dan etibarən
biz tam, bütöv, qalib
xalqın nümayəndəsi
kimi yeni yaşımızı qarşılayırıq.
Bu gün 74 yaşını
qeyd edən böyük şairimiz Ramiz Rövşən kimi...
İnanıram ki, Ramiz müəllim
74-cü yaşını heç
unutmayacaq. Çünki o, bir azərbaycanlı
olaraq, 74 ildə ilk dəfədir ki, tam mənasıyla müstəqil,
azad və bütöv dövlətin
vətəndaşıdır. Bir qədər də cürətlənib deyə
bilərəm ki, məncə, 10 milyonluq Azərbaycan xalqı kimi o da ötən ay - noyabrın 10-da doğulub.
Niyə
10-da? Bunun cavabını özü
bu yaxınlarda efirdə Qubadlı sevincini bölüşərkən
vermişdi. Demişdi, elə
bir yaş dövründəyəm ki,
Sovet hakimiyyətindən
asılı Azərbaycanda
dünyaya göz açmışam və ömrümün böyük
hissəsi həmin Azərbaycanda keçib.
1991-ci ildə müstəqillik qazandıq,
amma ardınca iyirmi faiz torpaqlarımızı
itirdik. Yenə də tam azad ola bilmədik.
44 gün bütün
ağrılarına baxmayaraq,
ömrümüzün ən
xoşbəxt günləri
idi. Fikrimcə, bizim bütün
mənalarda azad və müstəqil ömrümüz indi başlayır.
Deməli, Ramiz Rövşən bu gün azad
və müstəqil ömrünün ilk ad gününü
qeyd edir. Bu gün
onu düz 27 ildən sonra "azadlığını bu
qədər tezliklə
gözləmədiyi" doğma
Qubadlısı da təbrik
edir və deyir ki, səni
tezliklə görüşümə
gözləyirəm, torpağımın
böyük şair oğlu!
Biz də "525-ci qəzet"
olaraq, sevimli şairimizi 74-cü yaşı,
azad və müstəqil ömrünün
ilk doğuluş günü münasibətiylə
ürəkdən təbrik
edir, ona möhkəm can sağlığı, Qubadlıda,
azadlığıyla göz
yaşlarına qərq
olduğu Şuşada
və bütün Qarabağda, bütöv
Azərbaycanda neçə
gözəl illər arzulayırıq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 15 dekabr.- S..9.