Yallı və halay rəqsləri
Azərbaycanın, xüsusilə
də Naxçıvan
Muxtar Respublikasının
milli-mədəni sərvətlərinin
şah əsəridir.
Bu unikal rəqs janrları özündə
təkcə Azərbaycanın
deyil, eyni zamanda, böyük Türk dünyasının
etnik-mədəni sisteminin
təzahürü olan
prototürklərin milli
dəyərlərini minillər
ərzində qoruyub saxlamaqla ilk insan həyatının etik və estetik həyat tərzi haqqında informasiyanı müasir dövrümüzə
qədər yaşadan
sənət abidələridir.
Yallı
və halay rəqsləri həmrəylik
simvolu olub kütləvi olaraq xalqı bir araya gətirən milli varlıq təcəssümüdür. Bu rəqs janrları
folklorumuzun bəzəyi
olmaqla yanaşı, həm də onun təcəssümü
olub türk xalqlarının mədəni
birliyinin qarantı kimi xüsusi əhəmiyyətə malikdir.
Yallı və halaylar təkcə rəqs sənəti deyil. Onlar folklorumuzda həm musiqi, həm də şifahi xalq ədəbiyyatı örnəkləri olan bayatı, mani
şeir növlərinin
qədim örnəklərinin
bizə çatmasında
önəmli rol oynayıb. Onların instrumental, həm də vokal-instrumental formaları qədim ənənələrə söykənən
milli nəğmələrin,
musiqi və rəqs sənətlərinin
yaşadılmasında və
məişət mərasimlərinin
bəzəyi kimi böyük əhəmiyyət
kəsb edib.
Bu baxımdan yallıların
toplanması, nota alınması,
tədqiqi olduqca əhəmiyyətli və
vacib məsələlərdəndir.
Demək
vacibdir ki, vaxtilə dahi Üzeyir Hacıbəylinin
və günümüzdə
isə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
cənab Vasif Talıbovun Naxçıvan
yallılarının böyük
əhəmiyyətə malik
olmasını öz çıxışlarında dəfələrlə
qeyd etmələri, ona xüsusi diqqət ayrılmasını
tələb və tövsiyə etmələri
təqdim edilən Naxçıvan yallı və halaylarının araşdırılması məsələsinin
aktuallığını bir
daha ön plana çəkib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 24 dekabr 2018-ci ildə sərəncam imzalayıb.
Həmin sərəncamda Azərbaycan
türklərinin qədim
mədəniyyətinin bir
hissəsi olan Şərur yallılarının
xoreoqrafiya, instrumental və
vokal musiqini özündə birləşdirən
nadir yaradıcılıq nümunəsi,
əcdadlarımızın dünyagörüşünün, bədii estetik təfəkkürünün təzahürü
olması qeyd edilir. Əlavə olunur ki, Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları
da Naxçıvanın incisi,
xalqımızın tarixi
yaddaşının və
milli dəyərlər
sisteminin ayrılmaz tərkib hissəsidir.
Bu amil əsas götürülərək Naxçıvanda
yallı sənətinin
inkişafı sahəsində
kompleks tədbirlər
görülüb, yallılar
nota köçürülüb. Bu gün muxtar respublikada "Şərur"
Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin
nəzdində yallı
qrupları fəaliyyət
göstərir. Bu sahədə
görülən işlərin
davamı olaraq 2018-ci ildə də yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb,
bu nadir irsin YUNESKO səviyyəsində qorunması
üçün "Şərur"
Xalq Yallı Ansamblının fəaliyyəti
və Naxçıvanda
yallı sənəti
ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim olunub, "Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi
qrup rəqsləri"
YUNESKO-nun Təcili Qorunma
Siyahısına daxil edilib. Sərəncama əsasən, "Şərur yallılarının
tədqiqi, təbliği
və qorunması ilə əlaqədar Tədbirlər Planı"
təsdiqlənib.
Qeyd edək
ki, yallı və halayların toplanması, sistemləşdirilməsi,
not yazılarının əldə
edilməsi, yallıların
dil, folklor və tarix baxımından
araşdırılması çox
vacib məsələlərdəndir.
Bu məsələləri nəzərə
alaraq Naxçıvan
Muxtar Respublikasının
Mədəniyyət Nazirliyi,
AMEA Naxçıvan Bölməsi,
Naxçıvan Muxtar
Respublikasının Televiziya
və Radio Verilişləri
Komitəsi, o cümlədən,
bir çox əlaqədar təşkilatlar
yallıların milli-mənəvi
dəyər daşıyıcısı
kimi araşdırılmasında
və təbliğində
müxtəlif addımlarla
yola çıxaraq, öz fəaliyyətlərinin
əsas hissəsini bu istiqamətdə təşkil etmişlər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
təşəbbüsü ilə ərsəyə gəlmiş "Yallılar
dünəndən bu günə" adlı nəfis tərtibatlı kitab Azərbaycan mədəniyyəti, elmi üçün dəyərli
töhfələrdəndir.
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbovun yallılarımız haqqında
söylədiyi fikirlərlə
başlayır:
"Naxçıvanın üç
incisi bizim üçün xüsusilə
əzizdir: Əshabi-Kəhf,
Gəmiqaya və Şərur yallıları.
Biz bu inciləri
qoruyub saxlamalıyıq".
Bu dəyərli fikirlərdən
sonra yuxarıda qeyd etdiyimiz Sərəncam təqdim olunur. Növbəti səhifədə
Şərur yallılarının
tədqiqi, təbliği və
qorunması ilə əlaqadar Tədbirlər
Planı öz əksini tapır.
Qeyd edək
ki, kitabın elmi redaktoru və ön sözün müəllifi
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Naxçıvan
Muxtar Respublikası Mədəniyyət naziri Natəvan Qədimovadır. Natəvan Qədimovanın
söylədiyi kimi, kitabda Azərbaycan türklərinə məxsus
94 yallı haqqında
sanballı məlumat öz əksini tapır.
Bu məlumatlar təkcə
yallıların forma və
bədii xüsusiyyətləri,
notları haqqında deyil, həm də tarixi baxımdan da dəyərli
məsələləri əhatə
edir.
Kitabda yer alan
yallıların notları
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
incəsənət xadimi,
Prezident təqaüdçüsü
Əkrəm Məmmədli,
Azərbaycan Respublikasının
Əməkdar artisti
Elman Əliyev və Kənan Məmmədli tərəfindən tədqim
edilmişdir.
Kitabın rəyçisi
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
İncəsənət xadimi
Yaşar Xəlilovdur.
Yallıları toplayıb
əldə edənlər
Leyla Əlimərdanova
və İman Alırzayevdir.
Yallılar haqqında məlumatların
müəllifləri isə
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçiləri, Şərur
Xalq Yallı Ansamblının direktoru Kimya Babayeva və Səttar Əhmədov, Naxçıvan
Muxtar Respublikasının
Əməkdar müəllimi
İsa Əliyev, Əli İsmayılov, Aydın Cabbarov, Tarverdi Hüseynovdur.
Kitab Naxçıvanda
"Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyində nəşr
olunub. 504 səhifədən
ibarət nəfis tərtibatlı bu kitabda yallılar haqqında məlumatlar üç dildə: Azərbaycan, ingilis və rus dillərində
təqdim olunur.
"Yallılar dünəndən bu günə" kitabı Azərbaycan mədəniyyəti,
elmi, ictimaiyyəti üçün böyük
töhfədir. Eyni zamanda, bu kitabın
ərsəyə gəlməsi
milli incilərimiz olan yallılarımızın
qorunması, gələcəyə
ötürülməsi sahəsində
görülən ən
uğurlu işlərdən
biri kimi qiymətli mənbədir.
Aytən CƏFƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
2020.- 525-ci qəzet.- 12 dekabr.- S.13.