Elçinin "Baş" romanı bədii
üslub və janr özünəməxsusluğu kontekstində
Böyük
Azərbaycan yazıçısı Elçinin yalnız
özünəməxsus dəst-xətt ilə müxtəlif
janrlarda qələmə aldığı sənət
nümunələri sosial məzmunu, ideya-estetik yükü və
bədii dəyəri ilə seçilir. Onun yazmış
olduğu hekayə, povest, roman, dramaturji örnəklər, ədəbi
tənqid və ədəbiyyatşünaslıq nümunələri,
habelə publisistik yazılar Azərbaycan ədəbiyyatı
tarixində xüsusi yer tutur.
Elçinin
roman janrına davamlı müraciəti onun nəsr
yaradıcılığının səciyyəvi cəhətlərindəndir.
Onun qələminə məxsus " Mahmud və Məryəm",
"Ağ dəvə", "Ölüm hökmü"
kimi məşhur romanları bir çox dillərə tərcümə
edilmiş, Azərbaycan ədəbiyyatını
tanıtdırmışdır.
Elçinin
sonuncu "Baş" romanı həm Azərbaycanda, həm də
xarici ölkələrdə, o cümlədən, ərəb
dilində Misirdə də nəşr edilərək
böyük uğur qazanmışdır. Burada sənəd və
faktlarla müəllif təxəyyüllü məharətlə
əlaqələndirilmiş, nəticədə yaxın
tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə
çevrilməmiş mənzərəsinə aydınlıq
gətirilmişdir. Yazıçı gələcəkdə ədəbi-nəzəri
fikirdə yarana biləcək mübahisələri nəzərə
alaraq əsərin əvvəlində romanın janr tipi ilə
bağlı qənaətlərini aşağıdakı kimi
ümumiləşdirmişdir: "Tarixçilər bu
romandakı isimlərin hamısı ilə, buradakı məktublarla,
ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı
arxivlərdə axtarışlar aparmasınlar, çünki
heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə
üst-üstə düşməyən detal və ştrixlərə
də fikir verməsinlər və bu baxımdan müəllifin
təskinliyi ondadır ki, burada tarixlə üst-üstə
düşən və müəllifin fikrincə, tarixilik
baxımından əhəmiyyətli olan məqamlar da,
güman ki, az deyil".
Romanın
janr özünəməxsusluğunu sərrast ifadə edən
bu mülahizələr yalnız əsəri ədəbi tənqidi
prizmadan dəyərləndirən araşdırıcılar
üçün deyil, həmçinin, təsvir olunan hadisə
və əhvalatların məğzini, mahiyyətini anlamaqda
çətinlik çəkən sıravi oxucular
üçün də əhəmiyyətlidir.
Şübhəsiz
ki, yazıçının romanın janr tipi haqqında
mülahizələri müəyyən mənada bədii mətnin
dərkinə kömək edir. Lakın bir məsələyə
diqqət yetirmək lazımdır ki, bəzi hallarda bədii əsərin
ön və ya son sözündə müəllif mövqeyinin
elmi-nəzəri şəkildə ifadə olunduğu məqamlarda
şərtilik prinsipləri unudulmamalıdır. Başqa
sözlə, müəllifin hər hansı mülahizəsi bədii
priyom kimi işlənərək oxucunu yönləndirə bilər.
Həmçinin, bu tipli yanaşma tərzi tarixi romanda
müşahidə oluna biləcək fərqliliklərlə
bağlı psixoloji ovqat missiyası gerçəkləşdirir.
Onu da qeyd
edək ki, "Əsərdə zamanın xətliliyi inkar
olunur, yəni keçmişlə indi arasında ardıcıllıq əlaqəsindən
danışmaq mümkünsüzdür. Sadəcə,
Başın oyanan yaddaşında zamanın sərhədsizləşməsi
nəticəsində tarixin XIX əsrin birinci yarısına
dair dağınıq hadisələrdən
ibarət modeli cızılır" ( Elnarə Akimova).
Obraz və
xarakter yaradılışı
Elçinin
"Baş" romanında yaradılmış obraz və
xarakterlər tarixi və bədii təxəyyülün məhsulu
kimi iki fərqli müstəvidə dəyərləndirilə
bilər.
Maraqlıdır
ki, yazıçı tarixi obraz və xarakterləri bədii təxəyyül
vasitəsi ilə canlandırdığı kimi, bədii təxəyyül
məhsulu olan qəhrəmanlarını da tarixi-etnoqrafik cizgi
və ştrixlərlə süsləməyi
bacarmışdır.
"Baş"
romanının əsas qəhrəmanı olan Sisianov şərti-metaforik
kontekstdə işlənmiş obraz kimi bir çox aspektləri
ilə maraq doğurur. Lakin qəhrəmanın başlıca
funksiyası süjet xəttini təşkil edən hadisə
və epizodlar silsiləsini məharətlə əlaqələndirmək,
biri-birinə bağlayaraq bədii tamlıq yaratmaq, müəllifin
yaradıcılıq kredosunun aşkarlanmasına xidmət etməkdir.
"Başdan-ayağa
Şər və mənfilik mücəssəməsi
olmasına baxmayaraq, Sisianov olduqca qüvvətli xarakterdir və
onun bu tərzdə təsvirini
Elçinin bədii uğuru sayırıq. Qüvvətli
xarakterdir, ona görə ki, qətl
anına qədər də o, öz ideyalarından
dönmür. Bu gürcü mənşəli general öz əslinə,
kökünə qətiyyən bağlı deyil və
Arçil babanın ona aşılamaq istədiyi
"Xmerti" (gürcü dilində "Yaradan") kəlməsinə tamamilə biganədir.
Onu Derjavanın-Rus imperiyasının maraqları
düşündürür və Sisianov o zamankı əsil-nəsəbi
şübhəli rus çarlarından daha artıq rusdur, daha
artıq imperiya təcəssümüdür, daha artıq rus
hərbçisidir" (Vaqif Yusifli) .
Akademik
Nizami Cəfərovun yazdığı kimi, "Romanın
baş qəhrəmanı əsərdə cərəyan edən,
yaxud müəllifin tarix "xaos"undan çıxararaq təqdimini
(və təsvirini) mühüm hesab elədiyi hadisələrdə
sözün həm real, həm də irreal (mistik) mənasında
başı ilə iştirak edən Pavel Sisianovdur. O, Pavel
Sisianov ki, dünyaya bütün Qafqazı Rusiya imperiyası
qarşısında diz çökdürmək missiyası ilə
gəldiyinə öz varlığı qədər
inanır... Yalnız inanmaqla da qalmayıb həmin missiyanı
inamla həyata keçirir".
Tarixi
hadisələrə dərindən bələd olan
yazıçı bu amili diqqətdən qaçırmamış,
təsvir etdiyi qəhrəmanı səciyyələndirərkən
dövrün sosial-siyasi şərtlərini əsas
tutmuşdur. Bu isə müəllifə tarixi olmayan hadisələrin
belə gerçəkliyə uyğun şəkildə
canlandırılmasına imkan vermişdir. Bəlkə bu səbəbdəndir
ki, oxucunu süjet boyu düşündürən yalnız
Sisianov deyil, Sisianov kimilərin taleyidir. Çünki
"...bu gürcü mənşəli Rusiya generalı
Qafqazın təkcə coğrafiyasını yox, ruhunu zəbt
etmək istəyir... Və paradoks da bundan ibarətdir ki, onun
(və ailəsinin) ruhu da bir zamanlar Rusiya tərəfindən
işğal olunmuşdu, "axtalanmışdı" (N. Cəfərov).
Yazıçı,
Sisianovun timsalında onu narahat edən müxtəlif aspektləri
gerçəkləşdirmək (xarakterizə etmək) məramından
çıxış etmiş, qəhrəmanı bədii
vasitə məcrasında canlandırarkən sanki bir obrazda
üç fərqli obraz yaratmışdır:
Romanda
yalnız baş qəhrəmanlar deyil, epizodik surətlər də
dəqiq, yaddaqalan cizgilərlə canlandırılır. Bu mənada Cəfər obrazı ilə
bağlı detallar müəllifin süjet qurumunda, təsvir
olunan hadisə və əhvalatların gedişində epizodik
obrazlara da önəm verdiyini sübut edir.
Romanda
oxuyuruq:
"Cəfər
at oğrusu idi və Şamaxıdan, Ağsudan tutmuş
Salyanacan bütün bu ətraf bölgələrdə onun
xüsusi dəllal müştəriləri var idi, atı ucuz
qiymətə ondan alıb, baha qiymətə satırdılar.
Cəfər acgöz, pulgir adam deyildi və pula xəsislik edən
dəllal müştərilər, çox zaman veriləcək
məbləğin bir hissəsini də un çuvalı, ya
düyü, ya da qənd kisəsi ilə ödəyirdilər..."
Obrazın
bu şəkildə canlandırılması bir tərəfdən
onun fərdi keyfiyyətlərini üzə
çıxarır, o biri tərəfdən tarixi hadisələrin
bəhs olunduğu dövrdə Azərbaycan insanının
sosial həyatı və güzəranı haqqında məlumat verir. Bu və bu tipli məqamlar
romanda kifayət qədər çoxluq təşkil etməkdədir.
Baş -
metaforik obraz kimi
Elçinin
bir yazıçı kimi yaradıcılığını səciyyələndirən
amillərdən ən mühümü onun əsərlərinin
çoxqatlı metaforik yazı tərzi ilə müşayiət
olunmasıdır. Süjetin bu səpkidə qurulması təsvir
olunan hadisə və əhvalatların ifadə imkanları və
informativ tutumunu artırdığından mətnaltı
funksiya daşıyır. Bu isə dolayısı ilə
çoxşaxəli yozum və təhlillərə meydan
açır.
Başqa
sözlə, "Mətnaltı dərinlik Elçin
prozasını şərtləndirən əsas poetik amildir.
Yazıçı qəhrəmanlarının həyatını
təfərrüatı ilə canlandırırsa, onların
daxili aləmlərini, düşüncə və fikirlərini
oxucuya çatdırırsa da, əsər son anda
daşıdığı məzmun yükü ilə diqqəti
cəlb edir" (Elnarə Akimova).
"Baş"
romanında süjetin alt qatında oxucunu düşüncələrə
çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir.
İstər hadisələrin təqdimində, istər müəllif
təhkiyəsində, istərsə də obraz və xarakterlərin
daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli
çalarlarını duymamaq mümkün deyildir.
Romanda bir
çox tarixi və bədii təxəyyül məhsulu kimi
obrazlar yaradılsa da, təsvir olunan hadisə və əhvalatlar
metaforik surət kimi düşünülmüş
Başın ətrafında cərəyan edir.
Bədii
təhkiyə və fərdi üslub problemi
Həyat
hadisələrinin bədii inikasını verən sənətkarların
yaradıcılıq üslubları nə qədər ortaq məqamlar
olsa da, onların həyata baxışlarında,
dünyagörüşlərində, sənətə estetik
münasibətlərində, təsvir üsullarında bir fərqlilik
nəzərə çarpır ki, bu bədii üslubun fərdiyyətini
şərtləndirən amil kimi gerçəkləşir.
Ədəbi yaradıcılığın əsas
kateqoriyalarından olan bədii üslub sosial mühit, sənətkarın
dünyagörüşü və onun yaradıcılıq
metodu ilə birləşərək fərdiyyət, bənzərsizlik
qazanmış olur.
Elçinin
"Baş" romanında yazıçının üslub
fərdiyyətini şərtləndirən amillərdən bəhs etmədən əsərin
bədii özəlliklərini, janr çalarlarını
bütün yönlərilə səciyyələndirmək
mümkün deyildir. Çünki bütün digər əsərlərində
olduğu kimi, bəhs olunan romanda da müəllif bədii təsvirlərini
orijinal, bənzərsiz üslub tərzi ilə
tamamlamışdır; başqa sözlə, burada üslub mətnin
tamlığını və mükəmməlliyini təmin
edən faktor kimi gerçəkləşmişdir.
Məlum
olduğu kimi, hər bir əsərin bədii siqləti, sənət
dəyəri ideya-problematika ilə yanaşı, üslub və
yazı tərzi ilə müəyyənləşməkdədir.
Bu mənada Elçinin "Baş" romanı da istisna
deyildir. Digər tərəfdən Elçinin, eyni zamanda, ədəbiyyatşünas
olması, sənətin nəzəri-estetik məsələlərinə
dərindən bələdliyi bədii əsərlərinin
yazılışında da müəyyən fərqliliklərin
təzahürünə şərait yaradır. Mətndə
bədii üslubun gərəkliliyini bildiyi
üçündür ki, yazıçı bu məqama
xüsusi diqqət yetirir, süjet boyu hadisə və əhvalatların
təsvirində bu amili yaddan çıxarmır.
Bəzi tədqiqatlarda
Elçinin "Baş" romanı postmodernist əsər
kimi dəyərləndirilsə də, bizcə, istər
mövzu, istərsə də üslub baxımından onun bu
kontekstdə səciyyələndirilməsi doğru deyildir.
Əlbəttə, "Baş" romanında postmodernist xətlərin,
epizodların, gedişlərin olduğunu inkar etmək olmaz.
Ancaq bununla belə, qeyd olunduğu kimi, romanın postmodernist
müstəvidə təhlilə cəlb olunması, bizcə, yanlışdır.
Bədii
təhkiyə və fərdi üslub problemi hər bir sənətkarın
yaradıcılıq istedadını şərtləndirən
mühüm amillərdən biridir. Çünki fərdi
üslubun gerçəkləşməsi bədii təhkiyədən
qaynaqlandığı kimi, bədii təhkiyə də fərdi
üslubun müəyyənləşməsinin başlıca
prinsiplərindən biri kimi diqqəti çəkir. Azərbaycan
ədəbi tənqidi və ədəbiyyatşünaslığında
bədii təhkiyə və fərdi üslub problemi yetərincə
araşdırılmadığından ədəbi əsərlərin
bu müstəvidə təhlili prosesi müəyyən
çətinlik yaradır.
Elçinin
"Baş" romanının bədii təhkiyə və fərdi
üslub müstəvisində dəyərləndirilməsi bəhs
olunan problemlərlə bağlı fərqli mülahizələrə
və qənaətlərə gəlməyə imkan verir.
Əsərdə
daha çox diqqəti cəlb edən bədii təhkiyənin
özünəməxsusluğudur. Bu özünəməxsusluq
bütövlükdə yazıçı sənətkarlığının
təməlində dayanır. Epizodların müxtəlif
baxış bucaqlarından təsviri, keçmiş və bu
günlə bağlı baş verən hadisələr
haqqında məlumatlılıq, qəhrəmanların daxili
dünyasına bələdlik və s. məziyyətlər
Elçin təhkiyəsinin əsas xüsusiyyətlərini təşkil
edir.
Yazıçının
bədii təhkiyəsini səciyyələndirən cəhətlərdən
biri də öz qəhrəmanları
vasitəsi ilə milli elementləri qabartmasıdır. Bu
aspekt bir tərəfdən dövrün tarixi-etnoqrafik mənzərəsini
yaratmağa, digər tərəfdən isə bədii mətnin
koloritini, folklor çalarlarını, dolayısı ilə
özünəməxsusluğunu şərtləndirməyə
xidmət edir.
Elçinin
təhkiyəsində başqa bir cəhət - düşmən
timsalında olan rus komandanı knyaz Sisianovun Azərbaycan
xanı Cavad xanı xarakterizə edərkən məktub
formasından bəhrələnməsidir.
Məsələn:
"Gəncə
xanı Cavad xan bu tipli xanlardan seçilirdi. O, Qacarlar nəslindən
idi, ancaq Gəncə xanlığının müstəqilliyini
saxlamağa çalışırdı. Mən ona dəfələrlə
məktub yazıb, bizim təbəəliyimizə keçməyi,
Gəncə qalasının qapısını açıb təslim
olmasını təklif etdim, titulunu, daxili idarəçiliyini
saxlayacağımıza onu əmin etməyə
çalışdım, ancaq hər dəfə də mənə
təhqiramiz cavablar yazdı. Bax, mənə nə
yazırdı: "Görünür, bədbəxt qədəriniz
sizi Peterburqdan dartıb, bura gətirib və siz burada o əcəlin
zərbəsindən qurtulmayacaqsınız!".
Romanda məktublara
müraciət yalnız forma rolunu oynamır, eyni zamanda, tarixi
fakt və qaynaqların təqdimində bədii üsul və
priyom funksiyası daşıyır.
Əsərdə
yer verilmiş müxtəlif tarixi şəxsiyyətlər tərəfindən
yazılan məktubları tarixi sənəd kimi qəbul etməmək
mümkün deyildir. Həm məktubların dili, üslubu,
gerçək yanaşmalar, həm də göstərilən
dövrdə baş vermiş hadisələrin təhlili əsərdə
yer almış bu məktubları arxiv sənədi kimi qəbul
etməyə əsas verir. Həmin məktublar onu yazan şəxslərin
(əlbəttə, əsərin qəhrəmanlarının)
düşüncə tərzi, obyektiv yanaşması cəhətdən
diridir, təkcə məktubların haradasa hər hansı
saxlanma yeri, qovluğu, səhifələri göstərilərdisə,
onlar eləcə dövlət arxiv sənədləri ilə
bir sırada dayanma haqqını qazanardı" (A.
Şükürov).
Müəllif
romanda yeri gəldikcə monoloq (həmçinin, daxili monoloq)
və dialoqdan məharətlə istifadə etmişdir.
Romanın üslubuna xas olan bu cəhət obrazların mənəvi
dünyasının aşkarlanmasında mühüm rol
oynayır. Xüsusilə, daxili monoloqa müraciət fərqli
dünyagörüşünə malik olan obraz və xarakterlərin
fərdiləşdirilməsində bədii vasitə
funksiyasını həyata keçirir
Romanın
müxtəlif hadisə və epizodları fonunda Hüseynqulu
xanın daxili monoloq kontekstində təqdim olunan
düşüncələri yalnız sosial məzmunu ilə
deyil, həmçinin, bədii-estetik yükü ilə
üslubun canlılığını, fərdiyyətini
şərtləndirir.
"Hüseynqulu
xan manqaldakı közə baxa-baxa gülümsədi: sən
hansı qurddan danışırsan, hanı o qurd ki, o boyda itin
qabağına çıxa bilsin? Vəhşi heyvan ki, meşədə
öz balalarını necə
qorumağa çalışırdı, onları gizlədirdi,
tez-tez yuvasını dəyişirdi ki, gecə-gündüz
şikar axtaran başqa vəhşi heyvanlar bu balaları
tapıb parçalamasın, Hüseynqulu da xanlığı
eləcə qorumağa çalışırdı, ancaq bu, daha mümkün deyildi və
Bakı xanlığı görəsən, hansı
günahın, hansı bəd əməlin sahibi idi ki, Allah-Təala
ondan beləcə üz döndərmişdi?"
Romanda
monoloqla yanaşı, ustalıqla yaradılmış dialoqlar
təsvir olunan hadisə və əhvalatların
inandırıcı şəkildə təqdimində, bədii
ovqatın və tarixi ab-havanın canlandırılmasında əhəmiyyətli
rol oynayır. Əsərdə bunun çoxlu sayda örnəklərinə
təsadüf olunmaqdadır.
Məsələn:
"Hüseynqulu
öz ölümünə doğru Şuşaya yola
düşdü. O zaman Molla Müzəffər Ağa da
xanı yola salanlar arasında idi və xan onunla vidalaşanda:
-
Xudahafiz, Ağa! - dedi. - Bilirəm ki, daha geri qayıtdı
yoxdu!..
Molla
Müzəffər Ağa:
- Sənə
yaxşı yol, xan! dedi. - Allahın işini bilmək olmaz!
Hüseynqulu
xan:
- Bu dəfə
Allahın işi məlumdur, Ağa! - dedi.
Molla
Müzəffər Ağa:
-
Allahın işinə qarışmaq da olmaz!- dedi".
Tənqidçi
Vaqif Yusiflinin dediyi kimi, "Baş" romanı onun bundan əvvəl
qələmə aldığı fərdi üslubunu bir daha
nümayiş etdirir və bu nümayiş bir qədər də
yeni naxış və cizgilərlə müşayiət
olunur. "Mahmud və Məryəm"dəki, "Ağ dəvə"dəki,
"Ölüm hökmün"ndəki bədii sənətkarlıq,
yüksək dil mədəniyyəti, təsvir etdiyi
obrazların daxili, psixoloji aləmini incəliyinə qədər
əks etdirmək məharəti "Baş"da
bütün parlaqlığı ilə üzə
çıxır. "Baş"da epizodik surətlər
çoxdur, amma onların heç birini epizodik
adlandırıb üstündən keçmək
mümkün deyil.
Nəticə
Təhlillərdən
göründüyü kimi, Elçin roman janrının
inkişafında mühüm xidmətləri olan
yazıçıdır. Onun "Baş" romanı istiqlaliyyət dövrü Azərbaycan
nəsrinin janr tipi və çalarları, üslub fərdiyyəti,
bədii-sənətkarlıq özəlliyi ilə seçilən
örnəkdir.
1. Əsərdə
sənəd və faktlarla müəllif təxəyyüllü
məharətlə əlaqələndirilmiş, nəticədə
yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə
çevrilməmiş mənzərəsinə aydınlıq
gətirilmişdir.
2. Romanda
müəllif tarixi faktlar və bədii təxəyyül əsasında
bəhs olunan dövrün sosial-siyasi panoramını
yaratmış, təsvir etdiyi obraz və xarakterlərlə bu
mənzərəyə canlılıq və təravət gətirmişdir.
3.
Bütövlükdə Elçinin "Baş"
romanında yaradılmış obraz və xarakterlər tarixi
və bədii təxəyyülün məhsulu kimi iki fərqli
müstəvidə dəyərləndirilə bilər.
Maraqlıdır ki, yazıçı tarixi obraz və xarakterləri
bədii təxəyyül vasitəsi ilə
canlandırdığı kimi, bədii təxəyyül məhsulu
olan qəhrəmanlarını da tarixi-etnoqrafik cizgi və
ştrixlərlə süsləməyi bacarmışdır.
4.
Elçinin bir yazıçı kimi
yaradıcılığını səciyyələndirən
amillərdən ən mühümü onun əsərlərinin
çoxqatlı metaforik yazı tərzi ilə müşayiət
olunmasıdır. Süjetin bu səpkidə qurulması təsvir
olunan hadisə və əhvalatların ifadə imkanları və
informativ tutumunu artırdığından mətnaltı
funksiya daşıyır. Bu isə dolayısı ilə
çoxşaxəli yozum və təhlillərə meydan
açır. "Baş" romanında süjetin alt
qatında oxucunu düşüncələrə çəkən,
sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir.
İstər hadisələrin təqdimində, istər müəllif
təhkiyəsində, istərsə də obraz və xarakterlərin
daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli
çalarlarını duymamaq mümkün deyildir.
5. Romanda
bir çox tarixi və bədii təxəyyül məhsulu
kimi obrazlar yaradılsa da, təsvir olunan hadisə və əhvalatlar
metaforik surət kimi düşünülmüş
Başın ətrafında cərəyan edir.
6.
"Baş" romanı postmodernist əsər kimi dəyərləndirilsə
də, bizcə, istər mövzu, istərsə də
üslub baxımından onun bu kontekstdə səciyyələndirilməsi
mübahisəlidir. Əlbəttə, "Baş"
romanında da postmodernist xətlərin, epizodların,
gedişlərin olduğunu inkar etmək olmaz. Ancaq bununla belə,
qeyd olunduğu kimi, romanın yalnız postmodernist müstəvidə
təhlilə cəlb olunması, onun bədii keyfiyyətlərini
məhdudlaşdırar.
7. Romanda
məktublara müraciət yalnız forma rolunu oynamır, eyni
zamanda, tarixi fakt və qaynaqların təqdimində bədii
üsul və priyom funksiyası daşıyır.
8. Əsərdə
daha çox diqqəti cəlb edən bədii təhkiyənin
özünəməxsusluğudur. Bu özünəməxsusluq
bütövlükdə yazıçı sənətkarlığının
təməlində dayanır. Epizodların müxtəlif
baxış bucaqlarından təsviri, keçmiş və bu
günlə bağlı baş verən hadisələr
haqqında məlumatlılıq, qəhrəmanların daxili
dünyasına bələdlik və s. məziyyətlər
Elçin təhkiyəsinin əsas xüsusiyyətlərini təşkil
edir.
9. Müəllif
romanda yeri gəldikcə monoloq (həmçinin daxili monoloq) və
dialoqdan məharətlə istifadə etmişdir. Romanın
üslubuna xas olan bu cəhət obrazların mənəvi
dünyasının aşkarlanmasında mühüm rol
oynayır. Xüsusilə, daxili monoloqa müraciət fərqli
dünyagörüşünə malik olan obraz və xarakterlərin
fərdiləşdirilməsində bədii vasitə
funksiyasını həyata keçirir. Romanda monoloqla
yanaşı, ustalıqla yaradılmış dialoqlar təsvir
olunan hadisə və əhvalatların inandırıcı
şəkildə təqdimində, bədii ovqatın və
tarixi ab-havanın canlandırılmasında əhəmiyyətli
rol oynayır.
Əhməd
SAMİ ELAYDİ
2020.- 525-ci qəzet.- 12 dekabr.- S.14,15.