Salam, ruhumuzun
şəhəri Şuşam!
(İxtisarla)
-1-
Tanrının qadirliyi
isindirən nəfəsi,
Dədə kəlamlarının
İşığında döyüşən
ərliyin təntənəsi,
Murovdağın,
Ərgünəşin,
Diridağın, ...
bir boy da dikəlməyə
salavatı, həvəsi
-
Vətən müharibəsi.
Tətik
sıxan barmağın
qüdrətinə bax, yağış!
Qorxub qaçan düşmənin
yollarına yağ,
yağış.
Döyüşən əsgərlərin
dönməz döyüş
ruhuna
qələbə suyu olsun
bir ovuc dümağ yağış;
İşğalın son nəfəsi
-
Vətən müharibəsi!
Döyüşdə döyüşçünün
qəlbini Vətən
bilir,
Döyüş, zəfər ruhunu
qələbəyə tən bilir
Cıdır düzündən gələn
"Qarabağ şikəstəsi",
Vətən müharibəsi!..
-2-
Döyüş gedir, bu döyüş
Dünya
boyda torpağa
məhəbbət döyüşüdü.
Canım
Azərbaycana
sədaqət döyüşüdü.
Gücünü yer üzünə
görk eləyib döyüşdü,
Şəhidlərin ruhunu
börk eləyib döyüşdü
Azərbaycan əsgəri.
Əsgərdi, Vətən adlı
məhəbbətin əsgəri!
İllərin ödəncitək
Vətən adlı dünyaya
sədaqətin əsgəri!
Başlanğıcdan bu günə
nəhayətin əsgəri,
Azərbaycan əsgəri!
Sizin sağ-solunuzda
güllələrdən əlləri
didilən dağ döyüşür,
Qundağından qan daman
neçə yaraq döyüşür,
Yaralı
əsgərlərin
yaralı əllərində
qanlı bayraq döyüşür,
Azərbaycan əsgəri!
Bu gün mənim döyüşüm
sözdən doğulan
döyüş...
Qələbələr deməkdi
yeri-göyü yandıran
oddan doğulan döyüş,
közdən doğulan
döyüş,
Düşmənə son nəfəsdi,
sizdən doğulan
döyüş,
Azərbaycan əsgəri!
Göy üzünün çiynindən
sürüşübdü çuxası...
Qələbə ruhu sizə
döyüş uvertürası,
Azərbaycan əsgəri!..
-3-
Bu, Füzuli!
Bu, Cəbrayıl!
Bu, Zəngilan!
Bu, Qubadlı!
Ruhumuzun
nidası
nə gözəl sığal çəkir
göylərin göy üzünə.
Bir döyüşlük yol qalıb
burdan Cıdır düzünə,
Bayraq - Vətən Bayrağı!..
-4-
Əsgərim, bəşərim,
illərdən bəri
Şuşa, Cıdır düzü,
İsa bulağı
Yollara baxırdı
qulağı səsdə.
Düşmən
Canını qurtardı axır
nəfəsdə...
Döyüşçüm, igidim, haqqın var,
indi
sökülən dan yeri çırağın
oldu,
səhərin yalləri
darağın oldu,
Göylərin şimşəyi yarağın
oldu,
Tanrının duası bayrağın
oldu!
-5-
Sərhədin ən gözəli
incə şüşədi,
əsgər.
Dünyanı heyran edən
yerdi, guşədi, əsgər.
Şəhər biçimli qala,
Qala biçimli şəhər
Ruhum Şuşadı, əsgər!
-6-
O bayraq apardı sizi döyüşə,
Qeyrətin döyüşün kəsəri
oldu.
Ordu məmləkətin əsər
yazanı,
Döyüşlər ordunun əsəri oldu.
Nələr yanıyırdı qoca
dünyanı,
Düşmənin heyrəti saraldı, soldu.
Dünya
da gördü ki, Azərbaycanın
döyüşü nə qədər bəşəri
oldu!
-7-
Vətən əsgər deməkdi,
Əsgər deməkdi Vətən!
Vətən bəşər deməkdi,
Bəşər deməkdi Vətən.
Vətən bayraq deməkdi,
Bayraq deməkdi Vətən!
Vətən torpaq deməkdi,
Torpaq deməkdi Vətən!
Canını qurtardı ermənilikdən,
Bu payız günündə
hər bənd, hər bərə.
Dünya gözlərini silib baxacaq,
Mələklər göylərdən gülüb baxacaq,
Güllər bitirəcək hər dağ, hər dərə.
Ay Vətən,
dünyanın gözü qamaşdı,
Bu payız günündə Şuşaya görə!
Elə istəyirdim həsrət əllərim
Şuşada yaylıqtək sərilə bilsin
Şəhid məzarların baş daşlarına.
Təntimiş göz yaşım qarışa bilsin
Şuşalı ananın göz yaşlarına.
Ömrüm, yaşım Şuşadı,
Can sirdaşım Şuşadı.
Qarabağ - canamazım,
Möhür daşım Şuşadı.
-8-
Sellər
kimi axıb gələn,
Şimşək kimi çaxıb
gələn,
Köynəyindən çıxıb
gələn
Səhər sənin səhərindi,
Azərbaycan əsgəri!
Gecə
üzərlik üstədi,
Qələbə ərlik üstədi...
Barmağın tətik üstədi,
Zəfər sənin zəfərindi,
Azərbaycan əsgəri!..
Eyni açılıbdı ruhumun
bu gün,
Bu soraq dolaşır
aranı-dağı.
Vətən intizardan qurtardı,
indi
Şuşaya güzgüdü zəfər
bayrağı!
Dağlar
dağ səbriylə
dinləyir indi
Qalib əsgərlərin
ayaq səsini.
Cıdır düzü gülür...
İsa bulağı
Oxuyur
"Qarabağ şikəstəsi"ni!..
8-9 noyabr, 2020-ci il
Rəşid FAXRALI
525-ci qəzet.- 2020.- 18 dekabr.- S.13.