Tehran metrosu

 

1982-ci ildə Miyana şəhərində anadan olub. Orta məktəbi Miyana şəhərində oxuyub, sonra Təbriz Azad Universitetində elektrik-elektronik mühəndisliyi bölümünü bitirib. Tehranda yaşayır bir alman şirkətində mühəndis işləyir.

 

Şeir yazmağa 13-14 yaşlarımdan başlayıb, ilk yazılarını təhsil aldığı dildə, yəni farsca yazıb. Sonralar Azərbaycan şeir ədəbiyyatı ilə tanış olaraq ana dilində yazmağa başlayıb.

 

Müxtəlif dərgilərdə saytlarda şeirləri, yazıları yayımlanıb. 2014-cü ildə "Dünya durduğum yerdə qurtarır" adlı birinci şeir kitabı Tehranda "Riva" yayım evi "Yaşmaq" ədəbi qrupu tərəfindən çap olunub.

 

 

Metroda çiçək satıram

getməyə tələsən insanlar kimi yox,

qalmağa inanan əllərimlə

səni düşünürəm...

azadlıq havası var başımda, inqilab

savaş həvəsi,

barış.

Hər şey dünən kimidir

hər şey sabah kimi

bir uşağın yuxusunda

burda

Tehran metrosunda.

Gün doğmadan vaqonlarda

duraq-duraq

Çiçək... çiçək... çiçək satıram.

 

Qəlbimə yaxın əllərimə bax,

qar çiçəyi əllərimdə

günəş çiçəyi, ay çiçəyi.

Hər saat gecədir metroda

günəş izi var, ay işığı,

qara qış günləri,

yay, dəniz havası,

azadlıq, həsrəti

hər şey duraq adıdır, meydan adı

həm azadlıq, həm...

 

Yaşamağa tələsən insanların tər qoxusu,

ac qarınların yetim səsi,

ac gözlərin, ac ürəklərin kiflənmiş köpüyü,

yağış yağsa da, bilirəm

əllərim islanacaq, ürəyim

şəhər qoxusu verən çiçəklərim.

 

Şəhərin ən yorğun yerindən başlanır tren

sən yorğun, mən yorğun, tren yorğun

uzun-uzun sərilir yuxulara

yarır şəhərin bağrın keçir

heç trenin içində yoxsan

heç trendə şeir yox,

sevgi yox,

sən... yox

bir mən varam, bir əllərim

çiçək satan əllərim.

 

Hər duraqda görünürsən

bir az yorğun, bir az arğın

qapınızda düşəcəyəm

"İnqilab"dan bir az sonra,

"Azadlıq"a bir az yaxın*.

 

("İnqilab" "Azadlıq" Tehrandakı məşhur meydanlardır)

 

***

 

Kiçik bir adadır qəlbim

adını sən qoy.

Kiçik bir ölkədir qəlbim,

bayrağını sən daşı,

qoy sənlə çalınsın istiqlal marşım!

 

Gözlərinə davam et

 

Gözlərinə davam et,

alt xiyabanda gözləyən biri var,

gözlərinə dəvam et, sevgilim.

Röyalarımın qapısında dayan bəzən,

sərçələrimi uçurt,

yarpaqlarımı tök,

payız ol, qış ol.

Telefon simləri daha əskisi kimi dəyil,

heç pəncərə gülxanaya açılmır, baxma

sən görünmürsən o tərəfdə,

istər yağışda, istər günəşdə

yollar daha əskisi kimi dəyil.

Röyalarımdan keçərdi gözlərin,

sevgi ilə sevgilim,

rüyalarıma əsid səpmə,

gözlərinə davam et.

 

 

Mustafa ŞEYXPUR

 

525-ci qəzet.- 2020.- 18 dekabr.- S.13.