Bir igidin hekayəti
Erməni millətçilərinin xalqımıza
qarşı müxtəlif
dövrlərdə həyata
keçirdikləri terror, etnik
təmizləmə və
soyqırım siyasəti
Azərbaycan tarixində
faciələrlə müşayiət
olunan çox ağrılı mərhələləri
təmsil edir. Bu millətçi siyasətin
hədəfi azərbaycanlıları
tarixi torpaqlarından çıxardaraq Azərbaycanın
qədim ərazilərində
ermənilərin uydurduqları
"böyük Ermənistan"
dövləti yaratmaq idi.
1988-1993-cü illərdə Ermənistanın silahlı
qüvvələri Dağlıq
Qarabağ bölgəsi
ilə yanaşı, bölgənin hüdudları
boyunca olan ətraf 7 rayonu da (Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan) işğal etmişdi. İşğal
zamanı 20 min azərbaycanlı
həlak olmuş, 100
min nəfərdən çoxu
yaralanmış, 50 min nəfərə
qədər müxtəlif
dərəcəli xəsarətlər
alaraq əlil olmuşdu. Təqribən 5 min nəfər itkin düşmüşdü.
Bununla yanaşı, etnik təmizləmə siyasəti
həyata keçirilməklə
Ermənistanda yaşayan
250 min nəfər azərbaycanlı
doğma yurdlarından
zorla çıxardılmışdı.
Bütün ərazilər ermənilər
tərəfindən etnik
təmizləməyə məruz
qalmışdı.
Qurani-Kərimin Həcc surəsinin
39-cu ayəsində buyurulur:
“Zülmə məruz
qaldıqlarına görə
vuruşanlara (təcavüzkarlara
qarşı Allah yolunda
döyüşməyə) izin verilib. Çünki onlar zülmə məruz qalıblar. Şübhəsiz ki, Allah onlara
kömək etməyə
qadirdir”.
30 ildə həyata
keçirilən danışıqların
heç biri səmərə vermədi. 2020-ci il sentyabrın 27-də
Azərbaycan öz torpaqlarını işğalçılardan
azad etmək üçün əks-hücum
əməliyyatına başladı.
Bu müharibəyə minlərlə əsgər
və zabitlərimizin
könüllü getməyi
ilə yanaşı, cavanından tutmuş qocasına kimi "Hər şey cəbhə üçün"
şüarı altında
hər kəs qələbə üçün
canını qoydu.
Azərbaycan xalqının çoxsaylı
qəhrəmanları var
- Allahverdi Bağırov,
Rövşən Rzayev,
Mübariz İbrahimov,
Polad Həşimov və digərləri.
Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar
isə tarix. Tarix yazan qəhrəmanlardan biri də Quliyev
Sadıq Rafiq oğludur. Bu yazımda Qələbəni
bizə yaşadan İkinci Qarabağ müharibəsinin igidlərindən
biri olan baş leytenant Sadıq Quliyev haqqında danışmaq istəyirəm.
Bir gün Ağcabədidə qohumum
Rafiq əminin qonağı idim. Evin tək
oğlu olan Sadıq bizimlə görüşmək üçün
otağa daxil olanda anası Təranə xanımın
ona necə qururla, iftixarla baxdığını gördüm.
Onda öz-özümə
dedim ki,
bu baxışlara malik olan Ana dünyanın ən xoşbəxt anasıdır.
Bəli,
o, igid Sadığın
anasıdır.
Sadıq
1990-cı il martın 31-də Ağcabədi
şəhərində dünyaya
göz açıb. Şərq kişilərinə xas xüsusiyyətinə görə
Rafiq əmi qızlarını nə qədər çox sevsə də, ürəyi oğul üçün döyünürdü
və Allah onun bu arzusunu yerinə
yetirdi. İki qız övladının
tək qardaşı ailəyə sevinc gətirdi.
1996-cı
ildə Sadıq Ağcabədi şəhərindəki
M.Əsədov adına 5 saylı orta məktəbin 1-ci sinifinə gedir. 2007-ci ildə orta
məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasına daxil olur.
Sadıq məktəb və universitet illərində daima fəal idmanla məşğul olurdu. Taekvondo üzrə I Dan qara
kəmərə layiq
görülmüşdü. Həmçinin, ölkəmizdə və digər xarici ölkələrdə
taekvondo üzrə keçirilən müxtəlif
yarışların qalibi
olmuşdu.
Akademiyanı bitirdikdən sonra 2011-ci ildə ölkəmizin ərazi bütövlüyünün
təmin edilməsində
boynuna düşən
borcunu ödəmək
üçün hərbi
xidmətə gedir.
Yüksək vətənpərvərlik, vətənə
və xalqına qarşı olan sədaqət hissi igidimizi hərbi hissədə xidmət etməyə gətirir. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin Silahlı Qüvvələrin Təlim
və Tədris Mərkəzinin "Ehtiyat
zabit hazırlığı
kursu"nun 2-ci bölüyündə
kurs keçir. İntellekt səviyyəsi, düşünmə
qabiliyyəti, fiziki hazırlığı, fərdi-psixoloji
və digər keyfiyyətləri nəticəsində
kursu müvəffəqiyyətlə
başa vurub leytenant hərbi rütbəsi alır və həmin ildən peşəkar hərbçi kimi hərbi xidmətə başlayır. İşlədiyi müddətdə bir neçə fəxri fərman alır, sertifikat və diplomlarla mükafatlandırılır.
S.Quliyev 2019-cu ildə Ağcabədi rayonunda N saylı hərbi hissədə
3-cü tabor, 9-cu bölük 1-ci tağım komandir vəzifəsində xidmət
göstərib. Həmin ilin oktyabr ayında Xocavənd rayon Kuropatkino kəndi istiqamətində ön cəbhədə xidmətini
davam etdirib. Burada xidmət etdiyi dövrdə igidliyi, fədakarlığı,
ünsiyyətcilliyi, mərhəməti
ilə əsgər
və zabitlərin sevgi və rəğbətini
qazanıb.
Sentyabrın 27-dən başlayan, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum
əməliyyatlarına tağım
komandiri kimi qoşulur. Cəsur ürəkli qəhrəmanımız
düşmənin çox
sayda hərbi texnikasını, əsgər
və zabitini məhv etdiyinə, həmçinin, tank, hərbi
avtomobil və silah-sursatları hərbi qənimət kimi ələ keçirdiyinə
görə baş leytenant hərbi rütbəsi alır.
Döyüşə qatıldığı gündən
fiziki hazırlığı
ilə yoldaşlarından
seçilirdi. Sadıq Azərbaycan əsgərinə
xas olan döyüş əzmkarlığı
ilə Şuşa
döyüşlərində düşmənin tərksilah
edilməsində mərdlik
və şücaət
göstərmişdir. Bu qorxmazlığına görə
dostları ona "Qurd ürək" ləqəbini qoyublar.
Vətən müharibəsində qələbə
əsgər və zabitlərimizin şücaəti,
qorxmazlığı, Vətən
sevgisi hesabına əldə olunubdur. İllərdir həsrətində olduğumuz
torpaqlara bayrağımızı
sancmaq hər kəsin arzusu olubdur. Qarabağın döyünən ürəyi olan Şuşaya ilk daxil olanlardan biri də Sadıq Quliyev idi.
Müharibənin qızğın vaxtında
Sadıq bacısına
zəng edir. Telefonu
7 yaşlı bacısı
oğlu Malik açır:
- Dayı, sən müharibədə nə
edirsən? - soruşur.
- Dayının balası, Vətənimizi və səni qoruyuram.
Əhvalını soruşan bacısına
isə deyir:
- Bacı, biz Azərbaycan əsgərləri mərmi
altında yemək yeyən oğullarıq. Heç narahat olma. Allahın köməkliyi ilə qələbə bizim olacaq.
Bəli, Qələbə bizim oldu və bu
Qələbəni Sadıq
kimi qəhramanlara borcluyuq. Mərdlik, igidlik, fədakarlıq
nümayiş etdirən
Sadıiq Quliyev Azərbaycan əsgərinin
qəhrəmanlıq rəmzidir.
Döyüşlərdə şəhid olan Azərbaycanın bütün oğullarına Uca Tanrıdan rəhmət diləyirəm. Allah onların məkanını cənnət eləsin.
Allah Azərbaycanın müdrik Ali Baş Komandanını və rəşadətli
Ordusunu qorusun!
Kəmalə XƏLİLQIZI
525-ci qəzet.- 2020.- 18 dekabr.- S.11.