Şəhidlik ən ülvi
arzusu idi...
CƏSUR
LEYTENANT FƏRMİN ƏLİYEV İŞĞAL ALTINDAKI
DOĞMA TORPAQLARA QOVUŞMAĞIMIZ ÜÇÜN CANINI
ƏSİRGƏMƏDƏN VURUŞDU
Vətən müharibəmizdə qəhrəmanlıqla
vuruşaraq şəhidlik
zirvəsinə yüksələn
fədakar, qəhrəman
Azərbaycan övladlarından
biri də leytenant Fərmin Fərman oğlu Əliyevdir.
1996-cı
il 20 martda
Naxçıvan şəhər
Babək rayon Şıxmahmud
kəndində dünyaya
göz açmışdı.
Zəhmətkeş kəndli ailəsində
böyüyən Fərmin
1-ci sinifə Şıxmahmud
kəndində getmişdi.
Çox
sakit təbiətli uşaq idi. Ədəbiyyatı çox sevirdi.
Hətta
şəhid olduqdan sonra əşyalarının
içərisindən yazıb
saxladığı şeir
vərəqləri çıxdı.
Xüsusilə anasına
yazdığı şeir
hər kəsi daha çox təsirləndirdi:
Saçının o bəyaz telinə
qurban,
Mənə oğul deyən
dilinə qurban,
İncə ipək kimi əlinə qurban!
Allahdan dilərəm ömrün
uzansın,
Arzun çiçək açsın
çırağın yansın,
Qədrini bilməyən nankor utansın.
Mənim
bu dünyada kimim var, ana,
Sənsiz
həyatım da xar olar, ana
Bu şair oğlunun həvəsi sənsən,
Qəlbimin nəfəsi sənsən,
Tarımın, sazımın xoş
sözü sənsən,
Həyatın mənası, həm
sözü ana!
Fərmin ailədə tək oğul, iki bacının bir qardaşı idi. O, atasından
məsləhət almağı
çox sevər, dediklərinə əməl
edərdi.
Fərmin
2011-ci ildə Naxçıvanda
Heydər Əliyev adına hərbi
liseydə təhsilini
davam etdirir. Quru qoşunlarda xidmət etməyi seçir, motoatıcı olan Fərmin "kişi öndə gedər" -
deyirdi. 2014-2018-ci illərdə
Heydər Əliyev adına Ali Hərbi
Məktəbin "Xüsusi
təyinatlı texnika
və sistemlər"
ixtisasına yiyələnir.
Məktəbi bitirdikdən sonra
işə başladığı
N saylı hərbi hissədə vətənpərvərliyi,
çevikliyi ilə hər kəs tərəfindən rəğbət
və hörmət qazanır. İlk işlədiyi dövrdə
əsgər heyətində
təlimlərə başlayır.
Məsuliyyəti, tələbkeşliyi, tapşırıqları yüksək
səviyyədə yerinə
yetirdiyi üçün
zabit heyətində təlimlərə keçirilir.
Onun söhbətlərinin
əksəriyyəti Vətən,
müharibə, qisas, torpaqlarımızın geri
qaytarılması mövzularından
olardı. İş həyatında da
əsgərlərinə, yoldaşlarına
xüsusi qayğısı
ilə seçilərdi.
Əsgərlərinin, yoldaşları onun nə qədər
xoşxasiyyət, mərhəmətli
olduğunu danışırdılar.
Fərmin öz şəxsi
məvacibindən ayıraraq
əsgərlərin çatışmayan
ehtiyaclarına xərcləməyi
əsirgəməzdi. O, hər zaman gecə postda duran əsgərlərin yanında durardı. "Əsgərlərin yaşı
azdı, qorxu hissi keçirib hiss elətdirməzlər", - deyə
narahat olurdu. Fərmin 45 günlük məzuniyyətini
yay aylarına saldırardı ki, evdə atasına təsərrüfat işlərində
komək etsin. Hər dəfə kəndlərinə
gələndə bütün
qohumlarına tək-tək
baş çəkərdi.
Fərminin gözəl qəlbi
onu bütün tanıdıqlarına sevdirmişdi.
Onun necə sevilib-seçildiyinə
şəhid olduqdan sonra bir daha
şahid olduq. Fərmin
2019-cu ilin noyabr ayı 9-u ailə həyatı qurdu. Toyunun Bayraq gününə düşməsi təsadüf
deyil. Bayrağa olan sevgisini
toy həyətini, bəy
stolunu, bəy maşınını 3 rəngli
bayraqlar ilə bəzəməklə göstərdi.
Müharibəyə hazırlaşan bir
vaxtda hər dəfə hər şeyin özü istədiyi kimi olacağını danışırdı.
Şəhidlik kəlməsi
dilindən düşmürdü,
şəhidlik zirvəsi
Fərminin ən ali və
ülvi arzusu idi. Hərbi təlimlərdə xüsusi həvəslə
iştirak edirdi.
Müharibədən əvvəl Həmlə kəşfiyyat taborunun üzvi kimi işğal olunmuş kəndlərimizdə kəşfiyyatda
olmuşdu. General-mayor Polad Həşimovun vurulması Fərmini həddində çox sarsmışdı. "Bu,
bizə ləkə oldu, bu, bizə
ağır yük oldu. Bunu heç cürə
qəbul edə bilmərik" - deyirdi.
Fərminin torpağa olan
sevgisi, ailəyə olan sevgisini üstələdi. Onun atası
ilə sonuncu telefon danışığında
şəhidliyin necə
üstün olduğunu,
əgər şəhid
olarsa, narahat olmamasını, başını
dik tutmağı tapşırdı. Hətta ailəsi
ilə danışığında
doğulmamış körpəsini
bütün Azərbaycan
xalqına əminliklə
əmanət etdi.
Zarafatyana şəhid olarsa,
hansı şəkillərini
böyüdəcəyimizi tapşırdı. Biz isə
bu "zarafatcıl"
tapşırığa gözümüzün
yaşıyla əməl
etdik...
Və o gün
gəlib çatdı. Prezidentin
əks-hücum əməliyyat
əmri Fərminin ürəyindən xəbər
verdi. Əks-hücum tapşırığını yerinə yetirmək üçün toplaşan
200 nəfərlik heyətə
komandirinin göstərişi
ilə, Həmlə kəşfiyyat taborunun ilk
könüllü dəstəsinin
yaradılması tapşırığı
verildikdə irəli
ilk addımı atan məhz Fərmin olmuşdu. 50 nəfərlik dəstəyə
Fərminin komandirlik etməsi tapşırıldı.
Döyüş yoldaşı,
qazi Elmir Paşayev dedi bunları.
Sentyabrın 27-si səhər saatlarından
başlayaraq Gülüstan
və bir neçə kəndi işğaldan azad edirlər. Yaylaq postunun qabağından
Ballıqaya və Ağcakənd arasına girən Fərmingilin heyəti düşmən
mühasirəsinə düşür.
Fərminin xüsusi şücaəti
və taktikası ilə bir qrup
günorta saatlarında
mühasirədən çıxmağı
bacarır. Öz
dəstəsini gücləndirərək
geri dönür və qalanları da mərdliklə mühasirədən çıxarmağa
nail olur.
Döyüş yoldaşı Emin
Həsənli danışır:
"Ağdərə istiqamətindəydik.
Talış kənd uğrunda
düşmənin xüsusi
təyinatlısıyla üz-üzə
döyüşlər asan
olmadı. Fərminin dəstəsindən
bir neçə şəhid verildi. Həmin kənddə mühasirədə
qalan 30 nəfərin köməyinə çatdıq.
Kənd tamamilə işğaldan azad olundu. Talış kəndinin qabağı, Ağuçuq deyilən yüksəkliyi almağımıza
baxmayaraq, düşmən
gündə 4-5 dəfə
hücum edirdi. Hər dəfə itki verib geri çəkilirdilər.
Onların xüsusi təyinatlıları
ilə döyüşə
girdik. Ondan bir gün qabaq Fərmin öz dəstəsi ilə bir yerdə
Gülüstana girmiş,
oranın altını
üstünə çevirib
çıxmışdı".
29 sentyabrda cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər gedirdi. Düşmənin bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarışa qan tökmək lazım idi. Ordumuz bu çətinliklərə baxmayaraq, bir neçə yüksəkliyi ələ keçirir. Əsgərlər Ağuçuq zirvəsinə olunan həmlələrin və əlaqə yollarının vurulmaması üçün hərəkətə keçir. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edilir. Yorğun və silah-sursat tükənmək üzrə olan heyət bir neçə saatlıq sakitlikdə istirahət edir. Bir müddət sakitlikdən sonra düşmənin xain və qəfil həmləsi baş verir. Bu hadisədə itkisiz ötüşmək qaçılmaz olur. Fərmin də bu atışmada Vətən eşqi, torpaq sevgisi ilə alışıb yanan ürəyindən vurulur. Düşmən mərmisi onu arzusunda olduğu şəhidlik zirvəsinə yüksəldir. Fərmin ata ocağına son gəlişi 1 oktyabrda uğrunda canını verdiyi üçrəngli Azərbaycan bayrağına sarılı şəkildə olur.
Bütün naxçıvanlılar, hər kəs böyük izdihamla Fərmin və səkkiz şəhidi layiqli şəkildə qarşılayır. Fərmin Əliyev doğulduğu Şıxmahmud kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhid olduğu gündən 23 gün sonra övladı dünyaya gəlir, öz arzusu olduğu üçün övladına atasının adı Fərman adı qoyulur. Fərminin ən yaxın dostu, qardaşı olan Vəli Quliyev Fərminin şəhidlik xəbərini aldıqda düşmənə qəzəbi birə beş qat artır. Cəbrayıl istiqamətində döyüşən Vəli qardaşının qisasını alacağına söz verir. Yoldaşı Fatiməyə zəng edib: "Bacı, narahat olma, Fərminin körpəsinin bu qədər əmisi var, Fərman heç vaxt atasız hiss etməyəcək özünü, onun atasının adı, qəhrəmanlığı ona yetəcək" - deyir. Düşmənə qan udduran şəhid Vəli Quliyev hamımızın qəhrəmanı olur.
Başqa şəhidlər kimi, Fərmin də tək ailəsi üçün yox, bütün eli, obası üçün qürur mənbəyi oldu. Bundan sonra illər keçəcək, ancaq Qarabağ adı ilə birlikdə Şəhidlərin də adı anılacaq.
Qarabağ Azərbaycandır!
Leyla ƏLİYEVA
525-ci qəzet.- 2020.- 19 dekabr.- S.24.