Mənəm, Yusif
Hekayə
26 sentyabr
Nəfəsimi saxlamışdım.
Baxışlarım yarpağın üzərində
dövrə vuran kəpənəyə zillənmişdi.
Hərəkətsiz dayanıb onu izləyirdim.
Nəhayət, ürkək hərəkətlərlə astaca
yarpağın üzərinə qondu...
Düyməni
basdım... Sonra dərindən “oh” çəkib
ayağa qalxdım. Dizlərimin tozunu
çırpıb başımı qaldırdım. Tərlan
məndən on - on beş addım
aralıda, torpağın üstündə
uzanmışdı. Əllərini
çarpazlaşdırıb başının altına
qoymuşdu. Gözləri yumulu idi.
Gülümsəyirdi...
Yanında əyləşdim. Çəkdiyim şəkli
göstərmək istəyirdim, ancaq xülyadan onu
ayırmadım. Az sonra özü
dilləndi:
‒
Çəkə bildin?
‒ Əlbəttə! – Açıb şəkli bəh-bəhlə
göstərdim.
Payız hələ girməmişdi. Hava təmiz,
sakit və küləksiz idi. Hərdən
bir uzaqdan quşların səsi eşidilirdi. Gözümü səmaya zillədim. Sıx və uzun
ağaclardan quşları görmək olmurdu. Ara-sıra ağacların budaqları arasından
yerini dəyişən günəş şüaları
gözümü yaşardırdı. Əlimi
onlara tərəf uzadıb ovcumla qabağını
alırdım.
‒
Hava qaralır. Qayıdaq...
Həftəsonu Bakının səs küyündən
uzaqlaşmaq üçün kiçik bir dəstə ilə
iki günlük təbiətə üz tutmuşduq. İsmayıllıda,
meşənin kənarında bir evdə qalırdıq. Səhər tezdən yastıqlarımızı
götürüb evin arxasına - meşənin dərinliklərinə
gedir, saatlarla səssizliyə qulaq asırdıq. Deyəsən,
pandemiyadan sıxıldığımız bu çətin və
keşməkeşli aylardan sonra hamımızın istirahətə
ehtiyacı vardı...
‒ Xəstə
sayı da çox azalıb. Deyəsən
çətin günlər geridə qaldı, – gülümsədim.
Kefim kök idi.
‒ Deyəsən.
Aygünün yanına gedərik qışda.
Avropaya tur ataq.
‒
Mütləq. Hətta bəlkə oralara köçərik...
Düşünürəm bu haqda.
‒ Mən
heç hara
köçən deyiləm. Gəzməyə qərib ölkə,
ölməyə vətən...
‒ Bəsdi
sən Allah... – Əlimdəki yastığı ona tərəf
tulladım. Tərlan əyildi. Yastıq onun çiyninə toxunaraq yerə
düşdü.
... Bir yerə toplaşıb axşam yeməyinə
oturduq. Hamı telefonun içinə
girmişdi. Tərlan
yenə stula söykənib, əllərini
çarpazlaşdıraraq başının altına
qoymuşdu. Ulduzlara baxırdı...
‒
Deyirəm, bəlkə telefonları unudaq bir günlük? – deyə dilləndi.
‒
Razıyam. Sosial şəbəkələr
insanların canlı ünsiyyətinə güclü ziyan
vurur. – Musa
telefonunu söndürüb bir kənara qoydu.
Nərmin
kinayə ilə ona baxdı:
‒ Elə
bil bütün günü twitterdə şərh yazan bu
deyil...
‒ Mən
ciddi mövzular barədə fikir bildirirəm, vətənə
xeyir verirəm...
Söhbət uzandı. Başımı
salıb telefonda eşələnməyə davam etdim. Kəpənəyin şəklini açdım.
Ağıllı sözlərlə şəkli
bəzəmək istəyirdim. Ancaq
ağlıma heç nə gəlmirdi.
‒ Təbiətin
səsi... – Tərlan köməyə gəldi.
‒ “Həyat bir gün, o da bu
gun” – Musa qəh-qəhə çəkdi.
Nərminə baxdım. Başını yellədi:
‒
Ürəyindən bir şey keçmirsə, nəsə
yazmağa məcbur deyilsən...
Bir qədər
düşündükdən sonra şəkli paylaşıb
sonuna: “Hüzur” artırdım... Bu gecə çox hüzurlu
idi...
27 sentyabr
Saat on radələri idi. Gec
oyanmışdım. Telefona baxdım, ekran boş idi... Təəccübləndim. Telefonu
əlimə alıb instaqramı açdım. Dayanmadan fırlanırdı. İşləmirdi...
Geyinib otaqdan çıxdım.
Eyvana boylandım. Oğlanlar həyətdə
oturmuşdular. İkisi də telefona baxırdı.
‒
Sizdə də işləmir? – sual verdim.
Tərlan başını qaldırdı.
‒ Nələrsə
baş verir...
‒ Nə
mənada? – təəccübləndim.
‒ Bütün Azərbaycanda interneti kəsiblər.
‒ Niyə?
‒
Müharibə başlayıb, deyirlər.
‒ İyuldakı kimi?
‒ İyulda interneti kəsməmişdilər. Deməli, daha
ciddi bir şey var. – Musa söhbətə qoşuldu.
Susduq...
Anlamırdım... “Nə müharibə? Hardan çıxdı? Niyə xəbərimiz
yoxdu? Nə qədər davam edəcək?...”
Mətanətin bir-iki ay əvvəl söhbət əsnasında:
“Müharibə olacaq”, - deməyi yadıma düşdü. Atası hərbçi idi. O zamanlar
inanmamışdım. Hətta atamdan müharibənin
başlaması haqqında nəsə xəbər
eşidib-eşitmədiyini soruşmuşdum. Media işçisi olduğu üçün evdə
bütün siyasi xəbərləri ondan alırdıq.
Cavabında “Müharibə olsa idi, bu 30 ildə
olardı. Bundan sonra çətin... Getdi o torpaqlar...” –
ümidsiz halda demişdi...
Nigaranlığımı görən Tərlan
yaxınlaşıb əlini çiynimə qoydu.
‒
Narahat olma. Nədi bilmirəm, amma böyük ehtimal
iki-üç günə ara sakitləşəcək.
Həmişə belə olub...
Bu zaman evin qapısından Nərmin göründü.
‒
Sizin də internetiniz işləmir?...
... Yanından ötüb keçdiyimiz maşınlara
baxırdım. Dan yeri qızarmağa başlamışdı.
Şüşəni azca aralamışdım,
içəri daxil olan külək alnımı kəsirdi.
Maşında hamı susmuşdu. Fikirli
idik... Geri
qayıdırdıq...
Gün ərzində
də internetimiz
işləmədi. Tez-tez yoxlayır, boş
ekrana zillənirdik. Ancaq heç nə yox
idi. Evdəkilərlə
danışmışdıq. “Vəziyyət
qarışıqdı, qayıdın”, - demişdilər. Nə olduğunu anlamadan, ordan-burdan
aldığımız xəbərlərlə geri ‒
Bakıya yola düşmüşdük. Yol
boyu radio kanallarını dəyişirdik,
xışıltıdan başqa heç nə eşidilmirdi. Xəbərsiz
qalmışdıq... Telefonu yenə əlimə
aldım. İnstaqram hələ də
fırlanırdı...
28 sentyabr
Ölkədə
hərbi vəziyyət elan olundu... Axşam 9-dan sonra
küçəyə çıxmaq olmazdı... Arxasınca
isə qismən səfərbərliyin olacağı
bildirildi... Başım fırlandı. Hiss
etdim ki, əllərim əsir. Səfərbərlik
olsun istəmirdim, müharibə də istəmirdim.
Gül kimi oturmuşduq axı...
...
Əslində biz 30 il
idi ki, müharibə şəraitində
yaşayırdıq. Bütün bu illər ərzində
sərhədyanı ərazilərimiz hey atışmalara məruz
qalır, insanlar təhlükə altında
yaşayırdılar. Dünyanın
ayrı-ayrı yerlərində siyasi-diplomatik
danışıqlar gedir, konfliktin dinc yolla həlli
axtarılırdı. Bəlkə də ucu bizə
bilvasitə toxunmurdu deyə bu gərginliyi hiss etmirdik. Bəlkə
paytaxt şəhərdə, Xəzər dənizi sahilində,
işıqlı Bakı gecələrinin qucağında, isti
yataqlarımızda bundan xəbərsiz idik... İndi anidən
bir zəng gəlir və sənin sevdiyin insanları
özü ilə aparır...
Kontaktımda olan bütün oğlanlara mesaj atmağa
başlamışdım. Hardadılar, necədilər
deyə narahat qalmışdım. Bütün
günü müharibəni düşünürdüm. Kimə yazsam “Hər
şey yaxşıdı”, “Çağırsalar gedəcəyik
də, nə var ki burda?” tipli cavablar alırdım. Sanki oğlanların tükü də tərpənmirdi.
Qızlar isə əksinə... Dayanmadan zənglər
gəlir, narahat səslər eşidilirdi. Mətanət
isə dayanmadan: “Gördün? Müharibə
başladı. Hamını aparacaqlar”, -
deyirdi. O
danışdıqca həyəcanım lap artırdı. Hətta pis xəbərlər
eşitməmək üçün onunla bir müddət
danışmamaq qərarı aldım...
29 sentyabr
Hələ
də internetim yox idi... Eşitmişdim ki, VPN
vasitəsilə hamı internetini aktiv edə bilir. Lakin mən etmirdim. Bir həftə
dözə bilərəm düşünürdüm. Bir həftə çəkəcəyini hardan
bilirdim ki? Niyə elə qərara gəlmişdim?
Sanki həftə bitəcəkdi və yenə heç nə
olmamış kimi həftənin birinci günü internetlə
oyanacaqdıq...
Ürəyim sıxıldı. Tərlana zəng elədim.
‒ Bəs
nə oldu? Bir-iki günə bitirdi?...
Tərlan ah çəkdi.
‒ Bitənə
bənzəmir...
‒ Səncə
bir həftəyə bitməz?
‒ Bir
həftəyə hələ təzə başlayacaq...
‒ Sənə
zəng gəlməyib?...
‒ Hələ
yox. Hər tanımadığım nömrə zəng vuranda
elə bilirəm çağırırlar...
Sağollaşdıqdan
sonra VPN
yüklədim. Daxil oldum...
Eynən
filmlərdəki kimi... Qaranlıqda irəliləyirəm.
Qapı görürəm. Aralayıram
və otağa daxil oluram. İşıqlar, insanlar, səs-küy...
Gözümü telefondan bəlkə də bir neçə
saat ayırmadım. Hər kəs müharibədən
yazır, dayanmadan yeni xəbərlər yükləyir, səfərbərlikdə
aparılan qardaşlarının, dostlarının şəklini
paylaşırdı. Sanki ayılmağa
başladım. Neçə gündür
ağlımda fırlanan və cavabını tapmadığım
suallar yavaş-yavaş gün üzünə
çıxırdı. Bütün sosial
şəbəkələr arasında dövrə vururdum.
Birindən çıxıb o birinə girir, o
birindən çıxıb bu birinə daxil olurdum. Oxuduğum bütün xəbərləri evdə bərk
səslə hamıya deyirdim. Anamla atam
başımın üstündə dayanmışdılar.
Hər oxuduğum informasiyaya: “Mənbə nədir?” - deyə atam sual verirdi.
Çatdırmırdım...
1 oktyabr
Facebooka girdim. Bir az xəbərləri oxuduqdan
sonra gözümə Yusifin şəkli sataşdı. Şərhlərdə
hamı: “Sağ-salamat qayıt”, - yazırdı... İlk
tanıdığım adam idi ki, səfərbərlikdə
çağırılmışdı. Dondum.
Son dəfə onunla 19 sentyabrda danışmışdıq...
Bir il idi görüşüb çay
içməli idik. Amma araya daha “vacib” işlər,
pandemiya, karantin və sair girmişdi. Nəticədə
görüşümüz baş tutmamışdı. Nəhayət, şeytannın qıçını
qırıb onunla müharibə başlamazdan bir həftə
qabaq görüşməli idik. Hətta
gün və yer də seçmişdik. Ancaq son anda: “Məndə
alınmır. Başqa zamana qalsın”, - deyib təxirə
salmışdım. Düşünürdüm
mən burda, o burda. Görüşərik hələ...
Ancaq indi o burda deyildi. Bu günün
işini sabaha qoymamaq lazım imiş. Gec ola
bilərdi... Mən isə
görüşümüzü təxirə
saldığıma görə vicdan əzabı çəkirdim.
Kaş ki, getməmişdən əvvəl onunla çay
içsə idik...
Ona mesaj atdım. Çatmadı. Şəklini
açıb yaxınlaşdırdım, baxmağa
başladım. Sıx qara saçları arasında
çoxlu sayda ağ tüklər var
imiş. Əvvəl buna fikir verməmişdim.
Doluxsundum. Ürəyimdəki
sözləri bir-bir ona yazmağa başladım. Ümid
edirdim ki, bir gün qayıdıb oxuyacaq...
3 oktyabr
Axşam saat 10-a yaxınlaşırdı. Küçədə
“ölü” sakitlik idi. Ara bir yolda zəif faraların
işığı görünürdü: boş və səssiz
küçələrdən asta sürətlə
maşın keçirdi. Bəzən uzaqlardan
hansısa uşağın “Qarabağ!” deyə
qışqırığı gəlirdi. Bu
günlərdə, demək olar ki, hər gün bu səsləri
eşidirdik. Evlərin içində də
sakitlik hökm sürürdü. Ürəyim
sıxıldığından tez-tez eyvana çıxır,
qaranlıq küçələrə baxırdım. Nə
zamansa canlı idi bu küçələr...
İçəri keçib qapını
bağlamışdım ki, yenə qışqırıq səsləri
eşitdim. Bu dəfə bir yox bir neçə
uşağın səsi eyni yerdən gəlirdi.
“Qarabağ Azərbaycandır!”... Axı
küçəyə çıxmaq olmazdı, “Hardan gəlir
bu səslər?” - deyə
düşündüm...
Get-gedə səslər artmağa başladı. Hər tərəfdən
bir-iki saniyə aralıqla fərqli insanların fərqli səsləri
gəlirdi. Hamısı eyni cümləni
təkrar edirdi. Tez eyvana çıxdıq: yolun
qırağına yavaş-yavaş adamlar
yığılmağa başlamışdılar. Boş yolda
şütüyən maşınların sayı da sanki
artırdı... Uzaqdan mahnı səsləri eşidilməyə
başladı: “İgid əsgər, möhkəm dayan...” Sonra yenə qışqırıq səsləri...
Hətta göydə ara bir fişənglər
də parıldayırdı.
Üzbəüz
binada, pəncərələrdən birinin arxasında himnimiz
çalınmağa başladı... Bədənimdən
üşütmə keçdi. Bərk səslə
himni oxumağa başladım. Mənə qoşulanlar
oldu, getdikcə çoxaldı... Beləcə, bütün pəncərələrin
işıqları yandı... Səs bütün şəhərə
yayıldı...
Atam
yanımda dayanıb sakitcə izləyirdi... Təəccüb
içində ona baxdım:
‒
Birinci dəfədir belə şey görürəm. Bəs sən?
‒ O qədər
görmüşəm... Bu nədir ki ? Sən
30 il əvvəl görəydin bu
xalqı...
Nələrdən
keçmişik biz...
4 oktyabr
Nazlıgilin evinə qonaq getmişdim. Divanda oturub
diqqətlə xəbərlərə baxırdıq. Gəncəyə raket atmışdılar. Mat-məətəl dağıntıları izləyirdim.
Belə çıxırdı ki, cəbhədə olanlardan əlavə
sivil insanların da həyatı təhlükədə idi... Bundan əvvəl də bir neçə dəfə
Gəncə şəhərini vurmuşdular, ancaq zərər
çəkən olmamışdı. “Havada zərərsizləşdirirlər,
narahatlığa ehtiyac yoxdu”, - deyirdilər. Ancaq bu dəfə
havada zərərsizləşdirə bilməmişdilər...
Özü, yaxud ailəsi Gəncədə
yaşayan tanışlarımı yadıma salıb
hamısına mesaj atdım, vəziyyətin necə
olduğunu soruşdum. Çox istəyirdim ki, “Hər
şey yaxşıdır” desinlər...
Evə qayıdanda dükana girdim. Mağazanın
bir küncünə insanlar toplanmışdı. Satıcı qızın üzü
qızarmış, gözləri dolmuşdu. Telefonla kiməsə
zəng edir, görünür düşə bilmirdi... Bəzi qırıq kəlmələrdən
anladım ki, ailəsi Gəncədədir. Onlara düşə bilmir. Yaxınlaşıb
soruşmağa utandım... Ancaq
üzümü çevirib dükandan çıxa bilmədim.
Beləcə, 5-10 dəqiqə insanların
arxasında dayanandan sonra qız məni - müştərini
görüb ayağa qalxdı. Yaxınlaşıb:
“Üzr istəyirəm, sizlə maraqlana bilmədim”, - dedi. Mən də “İnşallah salamatlıqdı”ya bənzər
cümlə qurub dükanı tərk etdim. Ailədən birinə
zəng vurub düşə bilməməyin necə duyğu
olduğunu fikirləşməyə başladım. Fikirləşə bilmədim. Beynim
bu səhnəni qəbul etmək istəmədi. “İnşallah, yaxşı olar”, -
deyib, ah çəkdim. Son zamanlar hər cümləmin
axırına yaxud əvvəlinə “İnşallah”
qoşurdum...
6 oktyabr
“Bayraktara eşq olsun!” - Hamı dronlardan
danışırdı. Hara baxsam videolar
qabağıma çıxırdı. Atam
da əlində kompüter evi gəzib dron videolarını
bir-bir hamımıza göstərməyə
çalışırdı. Anam: “Baxmaq istəmirəm,
pis oluram”, - deyib qaçırdı. Mən də...
Özümü humanist sayırdım. Tək
insanlara yox, ətrafımda baş verən bütün hadisələrə
qarşı həssas idim. Avstraliyada yanan
koalalara görə belə pis olurdumsa, indi, hələ öz
ölkəmdə insanların tələf olmasına necə
soyuqqanlı yanaşa bilərdim? Düşmənə
qarşı da duyğularım qarışıq idi.
Qabağıma çıxan: “Daha bir ermənini məhv etdik”,
- tipli xəbərlərdə şəkli paylaşılan gənclərə,
düşmən də olsa, acıyırdım. Onlar da kiminsə balası, oğlu idi. Ulu
babalarının, atalarının əməlləri
onların boynunda deyil, olmamalıdır, deyə
düşünürdüm...
Bunu ilk dəfə deyildi ki dilə gətirirdim. Əvvəllər
də evdə bənzər müzakirələr gedəndə
bu mövqedən çıxış edirdim. Hər dəfəsində atam mənə eyni
cavabı verirdi, “Eh, sən canlı erməni görməmisən.
İlanın ağına da lənət,
qarasına da!”
Yenə də
içimdəki humanist duyğular məni qarşı tərəfin
məhv olmasına, kimlərinsə ölümünə
sevinməyə qoymurdu... Ancaq digər tərəfdən də
“Ya biz ölməliyik, ya onlar”... “Hər onlardan
sağ qalan can bizdən birini apara bilər...”
düşüncəsi beynimə hakim kəsilirdi. Bunu dərk etsəm də, yenə də eşitmək,
görmək istəmirdim. Videolardan
qaçırdım...
9 oktyabr
Tərlandan zəng gəldi. Səsi yorğun idi.
‒
Fuad da gedir. Sabah yola salacağıq.
‒
Könüllü?
‒ O
elə iyuldan könüllü yazılmışdı. Bilirsən
də onu...
‒
Bilirəm...
Tərlanın ən yaxın dostlarından biri idi Fuad. Dünyanın
ən vətənpərvərlərinin siyahısını
tutsalar, ora adı düşə bilərdi. Müharibə başlayandan yerində rahat dura
bilmirdi. Ümumiyyətlə, çox adamdan eşidirdim:
“Burda durmaq olmur, hamı orda ikən... Vətən
çağırır...” Fuada uzun-uzun mesaj yazdım. O da: “Pis adama
heç nə olmur. Narahat olma”, - zarafatyana cavab verdi.
Qəribə idi... Gedənlər qalanlara təsəlli verirdilər...
Həyatı təhlükə altında olan onlar idi
axı... Arzuları
yarımçıq qala bilərdi, xəyalları puç ola bilərdi. Həyatları
qırıla bilərdi. Təsəlli
onlara lazım deyildimi? Bizlərsə
nə mənəvi güclü ola bilirdik,
nə də fiziki. Onlar hər
iki yükü üzərlərinə
götürürdülər...
Sabahı
gün Fuadı da yola saldıq... Gözümdə kabusa
çevrilmiş o iri avtobuslara dolan gənclər gülə-gülə
gözü yaşlı valideynlərinə əl edirdilər...
Fuadın getdiyi ilə barışa bilmirdim. İnanmaq üçün nömrəsinə
mesaj atdım. Çatmadı... “Qayıdanda
hamınızdan bir qonaqlıq!” son cümləsi idi...
11 oktyabr
Piaonun dilləri ilə oynayırdım. Son günlərdə təkrar-təkrar
qulaq asdığım tək musiqini çalmağa
çalışırdım... Həzin notlardan
başlayıb get-gedə qalınlaşan səs içimi
sarırdı. Dilləri özümdən
asılı olmadan həmişəkindən bərk
basırdım. Ürəyimdə yığılan dərdləri
bir şəkildə içimdən çıxarmağa
çalışırdım. Köməyimə himnimiz
gəlmişdi... “Səndən ötrü can verməyə
cümlə qadiriz...”
Oxuduğumuz misraları indi sətir-sətir
yaşayırdıq... Həm qürurverici idi, həm də
üzücü...
Özümü tanıyandan pianonun üzərində
duran balaca bayrağa gözüm sataşdı. Onu əlimə
alıb tozunu sildim. Bir xeyli baxdıqdan
sonra atamın yanına getdim.
‒ Niyə
bizim evdə böyük bayraq yoxdur?!
‒
İstəyirsən alaq...
12 oktyabr
Eyvana çıxdım. Anamla yenicə ütülənmiş,
par-par yanan bayrağı altıncı mərtəbədən
aşağı salladıq... Qürurdan qəhərləndim...
14 oktyabr
Bayrağa
tək biz yox, bütün şəhər
bürünmüşdü: Azərbaycan və Türk
bayraqlarına! Maskamı
taxıb neçə zamandan bəri ilk dəfə idi mərkəzə
gedirdim. Yol boyu taksidən ətrafa
boylanırdım. Binaların pəncərələrindən
bayraqlar dalğalınırdı, mağazaların
şüşələri üç rənglə
boyanmışdı. Uşaqlar əllərində
bayraq yellədə-yellədə küçədə gəzirdilər.
Yanımızdan ötən hər
maşından bayraqlar asılmışdı. İçimdə qəribə hisslər
oyanırdı. Gün keçdikcə isə
daha da alovlanan bu hisslərin öhdəsindən gəlmək
olmurdu. Sinəmdə böyük dəlik
yaranmışdı və yanırdı. Vətən sevgisi...?
Bu zamana kimi harda idi bu bayraqlar? Boz və
qayğılı şəhərimizə sanki ikinci nəfəs
vermişdi. Rəng qatmışdı, sevgi
qatmışdı... “Bundan sonra da həmişə
ucalsın bayrağımız!” - deyə
düşündüm.
Birdən
qabaqda yenə “kabus avtobusları” göründü... Dörd bir tərəfində insanlar və polislərlə
əhatə olunmuşdu. Bəziləri artıq dolu, bəziləri
hələ boş idi... Pəncərənin hər
iki tayından əllər bir-birinə uzanmışdı.
Yaşlı gözlər bir-birinə gülümsəyirdi... Pəncərəni
açıb dolu avtobusa diqqətlə baxdım. Bozumtul şüşələrdən orda əyləşən
oğlanların üzlərini bir-bir yaddaşıma həkk
etməyə çalışırdım. Taksi
sürücüsü avtobusların yanından ötəndə
sürəti azaltdı. Yaşlı dayı da mənim
kimi boylanıb onlara baxırdı...
“Allah sizi qorusun. Sağ-salamat qayıdın, uşaqlar” deyib
köksünü ötürdü... Uzaqlaşdıq...
16 oktyabr
Nənəmin ad günü idi. “Qeyd eləmirəm”, -
desə də nəvələr yığışıb ona
kiçik bir tort almışdıq. Ad
günü bəhanəsi ilə də bir araya gəlmişdik.
Qısa bir müddətlik nənənin qanadları altında
dərdlərimizi, problemlərimizi, müharibəni unutduq
sanki... Nənənin də kefi kök idi. Gəlmişdik deyə sevinirdi, darıxmışdı
bizim üçün. Bir-bir
hamımızı sual-cavaba tuturdu. Mənə
yaxınlaşıb eyhamla: “Təzə bir şey varmı?” - soruşdu. “Ay nənə, müharibənin
ortasında heç yeridi?” deyib azca əsəbləşdim. İnternet işləmirdi deyə nənəm youtuba
girə bilmirdi. Təzə öyrənmişdi
ondan istifadə etməyi. Bütün
gün nəyəsə baxır, başını
qatırdı. Hey deyirdi: “Oradan elə gəşəng
reseptlər öyrənmişəm ki...”.
Xalam
qızı ilə köməkləşib qonaq
otağının ortasına özümüz
üçün yorğan döşək sərdik. Komendant saatına görə artıq olduğumuz
yeri tərk edə bilməzdik, qalmalı idik. Gün yaxşı keçmişdi. Bizim
üçün...
Atamdan
mesaj gəldi:
‒ Gəncəyə
yenə bomba atıblar...
Televizoru açdım. Bizdən başqa
hamı yatmışdı.
Oyatmamaq üçün səsi
aşağı saldım. Xalam qızı
ilə yerimizdən qalxıb televizorun düz qabağında oturduq.
Dağıntılara baxırdıq. Ekranda qucağında çəhrayı bələkdə
körpə uşaq tutan bir xilasedici göründü. İnsanları aralayıb balaca cansız bədəni
hadisə yerindən apardı. Qanım dondu...
Həmin gecə yata bilmədim. Hey qulağıma səslər gəlir,
bədənimdən üşütmə keçirdi. Hərdən səsə başımı
qaldırırdım. Xalam qızı ilə
göz-gözə gəlirdik. O da mənim kimi yata
bilmirdi. İlk dəfə idi özümü evimizdə təhlükəsizlikdə
hiss etmirdim. Hər an nəsə ola bilər
deyə narahat idim. Özümdən savayı
ailəmi, yaxınlarımı düşünməyə
başladım. “Görəsən hansı otağa raket
düşsə hamı sağ qala bilər?”.
Məndən asılı olmadan ağlıma
minlərlə fikir gəlirdi. Gördüyüm
cansız körpə gözümün qabağından
getmirdi... Özümə təsəlli
verdim: “Bakı yaxşı qorunur. Ola bilməz...” Ancaq bəs başqa şəhərlər? Başqa insanlar? Bəs Gəncə?
İndi yuxusuz qalan minlərlə ailə?..
17 oktyabr
‒ Gəlin.
Təzə dron videoları var. Gəncənin intiqamı! – atam bizi səslədi.
Hamı əlindəki işi atıb divanda əyləşdi. Filmə baxan kimi
videogörüntüləri bütün ekranla bir izləməyə
başladıq... İlk dəfə idi bu
videoları izləyirdim. Hətta
yaxşı görmək üçün eynəyimi də
taxmışdım. Anam da... Yuxarıdan çəkilən
kadrlarda pilotsuz dronlar onun səsini eşidən kimi səpələnib
qaçmağa başlayan əsgərləri “dənləyirdi”
... Arada qaça bilən hansısa əsgəri əlimizlə
göstərib: “Biri qaçdı”ya bənzər rəylər
bildirirdik. Sanki
,doğrudan da, film izləyirdik. Ancaq bu film
deyildi, real görüntülər idi. Real insanlarla... Videoların birində partlayışdan sonra
başı bədənindən ayrılan əsgər hissəsini
atam geriyə fırladıb bir də qoydu. Bir də baxdıq. Tükümüz
də tərpənmədi. Hətta tam əksi... Ürəyimizə
su kimi səpilirdi... Rahatlıq tapırdıq...
İntiqam
duyğusu yaranmağa və artmağa
başlamışdı... Halbuki bir-iki gün əvvəl
ürəyimizi tutub qaçırdıq bu səhnələrdən.
İndi isə bir insanın başının bədənindən
ayrılmasına sevinən olmuşduq...
Bu biz idikmi? Bəs humanizm nə oldu? Getdi
humanizm... Gorbagor oldu...
20 oktyabr
“Yusiflə telefonda danışa bildim. Hər şey
yaxşıdı”. Dostlarından biri facebookda Yusifi işarələyib
status paylaşmışdı. Çox
sevindim. Ön cəbhədə olduğunu bilirdim, ancaq
başqa heç bir məlumatım yox idi...
Ümumiyyətlə,
onun kimi sakit təbiətli, yumşaq ürəkli bir insan
müharibədə necə iştirak edə bilərdi, ön cəbhədə
kimisə necə öldürə bilərdi, - deyə
düşünürdüm... Axı o
qarışqaya belə ziyan verə bilməyən biri idi.
Bəlkə onun da humanist hissləri mənim kimi məhv
olmuşdu...? Dayanmadan
ölüm xəbərləri gəlirdi... Şəhidlər...
Nə qədər cavan canlar itirdik... Hər
gördüyüm şəhidin şəklinə uzun-uzun
baxırdım. “Heyf səndən”, - deyib
başımı yelləyirdim. Necə
oğlanlarımız var imiş... Necə
dözəcəyik bu itkilərə? Ailələri,
yaxınları necə dözürlər görən... Sonra yenə Yusif gəlirdi gözümün
önünə. Görəsən nə
edir? Haradadır? Harada
yatır? Üşüyürmü? Saçlarında ağ
tüklərin sayı artıbmı? Ancaq suallar yenə
cavabsız idi... Fikirləşirdim ki, heç bir xəbər
yoxdusa, deməli sağdır...
Güzgüdəki
əksimdə saçımın üst hissəsinin
işığın altında parıldadığını
hiss etdim. Güzgüyə yaxınlaşıb
ağarmış ilk tükümü nəzərdən
keçirdim. Mənim tüklərim
ağarmağa başlamışdısa, yuxusuz anaların
ağarmamış teli qalmışdımı görəsən?
28 oktyabr
Mətanətlə parkda gəzirdik. Deyirdi ki,
artıq 94 və 93 təvəllüdlü oğlanları
çağırmağa başlayıblar. Nişanlısı 92 təvəllüd idi. “Az
qalıb” deyirdi... “O da gedəcək” deyirdi... Yadıma
düşdü ki, mənim xalam oğlu da 93 təvəllüdlüdü.
İçimə yenə narahatlıq girdi.
Ümumiyyətlə, mənim bütün
dost-tanışlarım o təvəllüdlərdə idi... Yenə bir-bir hamısını düşünməyə
başladım. Digər tərəfdən özümə əsəbləşirdim.
Ürəyimdə özümlə müharibə
aparırdım. “Aparmasınlar” dediyim
yaxınlarımdan cəbhədə vuruşan əsgərlərin
fərqi nə idi ki? Onların ailələrindən,
analarından, bacılarından nəyimiz seçilirdi?
Bütün canlar dəyərli idi... Hamımızın borcu
idi vətən borcu...
Evə qayıdanda xəbərlərdə Bərdə
şəhərini göstərirdilər. Hələ olanlardan xəbərsiz
idim...
Düşmən Tərtərlə Bərdəni durmadan
atəşə tuturdu. Müharibədən əvvəl də bu
ərazilərdə atəş səsləri əskik olmurdu.
Hər səhər bu cür xəbərlərlə
oyanırdıq. Bir dəfə televizorda yaşlı bir
kişi dedi ki, biz artıq öyrəşmişik raket səslərinə...” “Buna necə öyrəşmək
olar axı?” – inana bilmədim.
Gödəkçəmi çıxarmadan ekran
qarşısında əyləşib xəbərləri izləməyə
başladım. Xəbərlərdə qadağan
olunmuş kasetli bombalarla Bərdəyə endirilən zərbələrdən
danışılırdı. Yanıb külə
dönmüş maşın göstərdilər,
arxasınca isə 21 ölü... Sonra fəryad edən
yaxınların şəkilləri ötüb keçdi
gözümüzün gabağından...Yenə qanım
dondu... Diqqətimi bir şəkil çəkdi: qadın
dayanmışdı, yanında da uşağı. Uşaq ağlayan anasını
qucaqlamışdı. Atası onları
marketdə düşürüb, qabağında gözləyirmiş.
Kül olmuş maşın da onun idi... İçində
o da kül olmuşdu.
İstiləndim. Bu dəfə kövrəlmədim, üzülmədim,
ağlamadım... Əksinə. Hirsləndim...
İçim qəzəblə doldu... Bədənimi
küt ağrı bürüdü. Hər
şeyi qırıb tökmək istəyirdim. Bunu edənlərin cəzasını vermək istəyirdim.
İntiqam hissim artır, bu hadisələrə səssiz
qalmış dünyaya nifrətim oyanırdı...
Axşam yenə intiqam dronlarının videoları
yayıldı.
Dəfələrlə izlədim. Ancaq bu dəfə
içim soyumadı...
1 noyabr
Cəbhədən gələn xəbərlərin
ardı-arası kəsilmirdi. Nəticələr
bizim xeyrimizə idi. Ancaq anlamadığım bir şey
vardı: niyə dünya bizi haqsız görürdü? Səsimizi niyə çatdıra bilmirdik? Yoxsa çatdırırdıq, görməzdən gəlirdilər?
Bəs dünyanın ədaləti,
insanlığı harada gizlənmişdi?
Bəlkə də yox imiş heç o ədalət. Başqa
ölkələri gözümüzdə, zehnimizdə
böyüdüb mükəmməlləşdirmişdik.
Bəlkə də mükəmməl idilər, ancaq özləri
üçün... Balaca bir ölkənin fəryadı
heç kəsə maraqlı deyildi. Bizi
özümüzdən başqa heç kəs
anlamırdı... Tək dəstəyimiz Türkiyə idi... “Bir milət, iki dövlət” deyiminin mənasını
indi daha yaxşı başa düşürdüm. Bəs
digər “mükəmməl”lərdən kim
oldu dar gündə yanımızda? Ədalətli
bir söz deyən ağız, yazan barmaq axtarırdıq.
Qumsallıqda qara qum dənəciklərini
seçib-ayırmağa bənzəyirdi
axtarışlarımız... İlk dəfə
idi dünyamızda qəribliyin, yadlığın nə
olduğunu dolu-dolu yaşayırdıq. İlk
dəfə idi şəhərim mənə ən doğma, ən
əziz yer kimi gəlirdi. İlk dəfə idi dərdimiz
eyni idi, hamımız eyni dili danışırdıq... Yolda tanımadığımız insanların əlindən
tutacaq, qucaqlayacaq, ağlayacaq qədər yaxın olmuşduq.
Heç bu qədər gözəl olmamışdı Azərbaycan...
Deyəsən,
doğrudan da, “Gəzməyə qərib ölkə, ölməyə
vətən yaxşı” imiş...
3 noyabr
Qabağıma bir şərh çıxdı. “Dəyərmi?”
yazmışdı... “Bir
qarış torpağa görə...” Düşündüm...
Məsələ bu qədər sadə idi ki?
Bir qarış torpaq? “Ev”
dediyimiz bu torpaqlar deyilmi? İnsan evsiz
yaşaya bilərdimi? Vətən dediyimiz
evimiz deyilmi? Bu “ev”ə görə yaxın
keçmişdə 26 min qurban vermişdik biz...
26 min rahatlıq tapmayan can... Birinci Qarabağ şəhidləri...
Öz doğulduğum şəhəri
düşündüm. Bir daha oranı görə bilməsəydim
nə hisslər keçirərdim? Bir də bu
küçələrdə gəzə bilməsəydim, evimə
gedə bilməsydim... Ürəyimin bir tərəfi
həmişə qırıq qalardı. Yaralı
olardı...
1990-cı
illər... Həmin illərə aid hər
şeydən qaçırdım. O dəhşətli məğlubiyyətimizi,
itirdiklərimizi qəbul etmək istəmirdim... Amma görməzdən gəlmək faktları silib
atmırdı təəssüf ki. Telefonu yandırıb
axtarış saytlarına girdim... O illər, uduzduğumuz
müharibə haqqında qabağıma çıxan
bütün videolara, şəkillərə baxmağa,
bütün yazıları oxumağa başladım. Niyəsə içimdə cücərən nifrət
özünə yer tapmırdı. Dayanmadan
keçmişə qayıdır, bilmədiyim, eşitmədiyim
hadisələri araşdırırdım. Niyə? Nə üçün?
Hər şeyi bilmək istəyirdim. Təkrar-təkrar dolmaq və unutmamaq
üçün. Soyumamaq üçün...
Çingiz
Mustafayevin reportajlarından biri çıxdı
qabağıma... Döyüşən
könüllü əsgərlərimiz
danışırdı.
Bir cavan oğlan deyirdi: “Qoy onlar eşitsinlər ki, bunun
axırı yoxdu. Necə bizi torpaqlarımızdan qovublar, elə
də özləri buradan gedəcəklər”... Doğrudan da
elə olurdu... Görən həmin əsgərin
sonu necə olmuşdu? Sağ qalmışdımı,
yoxsa döyüşlərdə həlak olmuşdu. Həlak olmuşdusa harda, necə olmuşdu? Sağdırsa bunları indi görürmü?
Görürsə nə hisslər keçirir?
İstənilən halda qoy rahat olsun, intiqamı
alınır... “Həmin an mən belə əlimə silah
alıb vuruşa bilərdim”, - duyğuları ilə
fırlanırdım...
Təsiri altına düşdüyüm videolardan sonra
evdə anama yaxınlaşdım. Soruşdum:
‒ Bu
qədər şeydən sonra necə heç nə
olmamış kimi yaşaya bilmisiz? Necə
özünüzə gəlmisiz? Deyə, gülə, həyata
davam etmisiz... Axı siz bunları gözünüzlə
görmüşdünüz...
‒ Həə...
Mən də bilmirəm. Elə bilirdik
ürəyimizin ağrıları heç zaman keçməyəcək...
Amma zamanla insan öyrəşir deyəsən...
Biz də
zamanla öyrəşəcəyik deməli... Biz
də bunun öhdəsindən gələcəyik. Ancaq öyrəşmək
istəmirdim. Xəyanət etmiş kimi ürəyimi
narahat edirdi bu öyrəşmək fikri...
8 noyabr
Anam otağa daxil olub məni səslədi.
‒
Qalx. İndi prezidentin çıxışı olacaq...
Neçə gün idi ki, dildən-dilə eyni
mövzü ötürülürdü. “Şuşanı
almışıq. Bir-iki günə xəbəri
çıxar”...
Şuşa
ayrı idi... Məktəbdə oxuduğumuz illərdə
gündəliyin ön səhifəsində işğal
altında olan rayonlarımızın siyahısı vardı, əzbərləyirdik.
Ancaq məhz Şuşanı həmişə
ayrı vurğulayardı müəllimlər. Evdə
valideynlərim də Şuşadan danışanda gözləri
dolurdı... Şuşanın alınmasına ayrı
üzülürdülər sanki... Qarabağın
döyünən ürəyi... Deyirdilər ki,
oranın havası da bir başqadır. O qədər
mükəmməlləşdirilmişdi ki, beynimdə Şuşa mənə əlçatmaz bir zirvə
kimi gəlirdi... Hardasa uzaqlarda, ziyarətinə gedə bilmədiyimiz
bir doğma kimi...
Müharibə ərzində də çox insandan buna bənzər
söhbətlər eşidirdim. Beynimə elə həkk
olunmuşdu ki, Şuşanı alsaq, müharibəni
udmuşuq deməkdir. Sıldırım qayaların
başında, buludların altında yatan bizim Şuşa...
Çayımı
süzüb qonaq otağına keçdim... Televizor
qabağında nəfəsimizi saxlamışdıq...
“Əziz
Şuşa, sən azadsan”... O an yerimdən
qalxıb var səslə qışqırdım. Əllərimi göyə açıb balaca uşaq
kimi tullanmağa başladım. Ancaq haqqında
eşitdiyimiz, dastana dönmüş Şuşanı
gözümüzlə görə biləcəkdik?...
Küçədən
səslər gəlməyə başladı... Eyvana
çıxdım. Şəhər sanki
yaşıl və mavi zolaqların müşayiəti ilə
al qırmızı rəngə boyanmışdı. İnsanlar
küçələrə axmağa başlamışdı.
Şütüyən maşınlardan qışqırıq
səsləri gəlirdi... Pəncərələrdən
boylananlar yumruqlarını sıxıb “Şuşa!” deyə
var səsləri ilə bağırırdılar... O an hamımız Şuşalı idik... Sanki
röya görürdüm...
Mən də var səsimlə “Azərbaycan!” deyə
qışqırmağa başladım. “Səni sevirəm!”
“Bizi sevirəm!” cümlələri
axırdı boğazımdan. Qollarımı
açmışdım. Sinəmdən hamını, hər
kəsi bağrıma basmaq keçirdi... “Şuşa şəhəri insan
cildində olsa idi, onu bərk-bərk qucaqlayardım”, - deyə
düşündüm...
Gödəkçəmi çiynimə atıb
qapıdan çıxmağa hazırlaşırdım. “Tez gələcəm”
demək üçün anamı səslədim. Mətbəxdə
oturub fikrə getmişdi... “Şuşa
qayalıqların üzərində yerləşir...
Qalanı almaq üçün nə qədər igidlərimiz
şəhid olub yəqin...”, - dedi...
Susdum...
Maskamı üzümə keçirib qapıdan
çıxdım...
10 noyabr
‒ Deyəsən kapitulasiya
imzalanıb...
‒ Mənbə?
– atam yenə eşitdiyinə şübhə
edərək məndən soruşdu.
‒ Nə
bilim. Bir sayt yazır...
‒ Hər
yazılana inanma.
Yarım saat ərzində bu xəbər bütün
sosial şəbəkələrdə yayılmağa
başladı.
Atam fikrə getmişdi. Hey zənglər gəlirdi,
nəyisə müzakirə edirdilər. Prezidentin
növbəti çıxışı olmalı idi.
Qısa zamanda kapitulasiya xəbəri ölkəni
sarmışdı. İnsanlar çaşqınlıq
içərisində idilər. Duyğularımız
arasında “dilemma” yaşanırdı. Gecədən
keçmiş, İrəvanda baş verən hadisələri
göstərən canlı yayıma qoşulmuşdum. Gah telefonun ekranına, gah da televizora zillənib
gedişatı izləməyə
çalışırdım. Anam arada
otağından çıxıb “Niyə yatmırsız?”
sualını verirdi. Atam da “Nə yatmaq?
Sən də yatma. Tarixi
anı qaçırırsan”, - deyirdi. Beləcə zaman
axırdı...
Nəhayət,
gecə dördə işləmiş bütün ölkə
dondu...
... Sonra
yenə xülya...
“Müharibə bitdi!” - yazıb Yusifə
göndərdim... Oxunulmayan, sıraya düzülmüş
mesajlardan biri də artdı...
... Maşında bərk səslə “Ey vətən”
mahnısını qoymuşduq. Səhər
saat 6-ya yaxınlaşırdı. Heç
kəs yatmırdı. Hamı səs-səsə
verib küçələrə axışmışdı.
Bakının bütün işıqları
yanırdı. Heç bu qədər işıqlı
olmamışdı şəhər... Başımı
maşının yuxarı pəncərəsindən
çıxarmışdım.
Üzümə vuran soyuq külək sanki
bədənimdən çıxan istiyə qarışaraq
buxarlanırdı. Soyuğu hiss etmirdim... Düşündüyüm tək
şey əlimdə bərk sıxıb saxladığım
böyük bayrağın dalğalanması idi... Onu əlimdən buraxa bilməzdim. Yol
qırağında dayanan insanlar maşınlara əl edir,
alqışlayırdılar...
Müharibənin
bitməsinəmi sevinirdik, “intiqam” toxumu səpilən ürəklərimizin
rahatladığınamı sevinirdik, yoxsa məcbur evindən
didərgin düşmüş insanların ata-baba
torpaqlarına qayıdacağınamı sevinirdik... Bəlkə də üçünə birdən.
Böyüklü - kiçikli hamının
sevinmə səbəbi var idi. Yaşlı
veteranlar xəstəliyin tüğyan etdiyi, soyuğun kəsdiyi
gecədə, bir əlində əsa, digər əlində
bayraq küçələri fəth edirdilər. Körpə uşaqlar atalarının belində var
gücləri ilə qışqırırdılar.
Qadınlar göz yaşlarını saxlaya bilməyərək,
hönkürtü ilə ağlayırdılar...
Bu günü dəfələrlə xəyalımdan keçirmişdim. Necə olacaq?
Nələr yaşanacaq? Fərqli
şəkillər gəlirdi gözümün qabağına.
Ancaq indi gördüyüm bütün səhnələr və
hiss etdiyim qarışıq duyğular heç zaman fikrimdən
keçməmişdi. Başqa idi... Yanımda əyləşən
qrup yoldaşım “Hələ də inana bilmirəm. Qubadlını gözümlə görəcəm!”
- deyə təkrar edirdi. Hey telefonu
açıb evlərindən qalan dağıntıların
şəklini göstərirdi... Yurdunu görə biləcəyinə
dair ürəyində ümid yaranmışdı...
Hamımızın
ürəyində yanıb-sönən ümid
işıqları yaranmışdı...
11 noyabr
Yağış yağırdı... Deyəsən gecikən payız artıq evinə gəlirdi... Səhər gözümü açıb xeyli tavana baxdım. Evimizdə uzun zamandan sonra, özümü yenə təhlükəsiz hiss edirdim...
İnstaqrama daxil olub səhifəmə nəzər yetirdim. Sakit tonlardan üç rəngə etdiyim keçidə baxdım. Son 44 gün həyatımız ancaq bu rənglərdən ibarət olmuşdu sanki...
Gözüm kəpənəyə sataşdı... Şəkli açdım. Müharibə əsnasında unutduğum “hüzurlu” gün yadıma düşdü. Sildim...
Yenidən paylaşdım. Bu dəfə ürəyimdən keçən sözlərlə:
“Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında dastana döndüm...”
Paylaşıb yenə tavana zilləndim. Telefonum səs saldı... Tanımadığım nömrədən gələn mesaja baxdım:
“Mənəm, Yusif”..
Aysel
ŞIXLİNSKAYA
525-ci qəzet.- 2020.- 19 dekabr.- S.20-21;23.