ÜRƏYİMİ
EŞİT, DÜNYA
"Yol uzunu arzular"la uzun bir yola çıxan, "Didib, parçalayacam mənfur yadelliləri" hayqırtısı ilə "Ürəyimi eşit dünya" deyən, "Şəhid ruhlar, məzarlar zəfər cəngilərindən agah olmuş olaydı" duasını heç əskiltməyən unudulmaz şairə, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nurəngiz Gün əbədiyyətə qovuşduğu 20 dekabr 2014-cü il tarixində ürəyində böyük bir nisgil aparmışdı! Vətən həsrəti, itirilmiş torpaqlarımıza qovuşmaq yanğısı, didərgin talelərin iztirabı və ölkəsini bütöv görmək arzusu! Rahat uyuyun, Nurəngiz xanım! Əminik ki, ruhunuz şaddır! Artıq "qayıtdım bu torpağa" deyirik... Artıq "vətənin qapılarını dəmirlərdən düzmüşük"... Artıq "meydanlar başından farehlər işarır"... Artıq "kökünü kəsmişik mənfur yadellilərin". Artıq "o torpaqlarda zəfər cəngiləri çalınır!"
Dünya çiyinlərimdə,
çiynim dünyadan ağır,
endirdim başımı çiynimin üstə,
gördüm qollarım yoxdur.
İki qolum - iki budaq.
İki qolum ikisi də dirəndilər göy üzünə...
Baxdım, bədən torpaq üstə,
iki qolum ikisi də
üzür keçir göy üzündən.
Ürəyimi eşit, dünya!
Qollarım hövl eyləmiş,
Torpaq iki haçadır,
Körpu heyrət içində,
Məftillər qocalıbdır.
Gör haçandır
iki yol arasında
qollar naçar qalıbdır!
Dünya! Mənə həyan ol,
Göyləri səksəndirmə,
qollarım yol gedəsidir,
Onu həsrət uçurub,
qollarıma ana ol,
qollarım yorulubdur,
qollarımı ovundur!
Dünya,
mənə yiyə dur!
O sahilə... baxınca
ürəyim suya dönür,
Bədən qolsuz çırpınır,
yerə-göyə sığınmır,
Dağlar
boy vermir mənə,
barı allah göyündə
qollarıma yol eylə!
Dünya,
özün cavab ver!
Mənim
bədənsiz qollarım
gül-çiçək çələngini
görən necə
tutacaq?
Dönüb bir cüt quş olunca
ağarıb göy üzündə
bədənsiz necə
uçacaq?
Ömrü darda, başı
qalda,
o təklənən torpağımı...
görən, havax, hansı üzlə
hansı təşviş
içində...
necə, nə cür qucacaq?!.
VƏTƏN
Səni
ta
qədimdən tanıyıram,
Vətən!
Səni
qədəmindən tanıyıram.
Daş-torpağın bəlli mənə,
Göylərin təsəlli mənə...
Ömür yolun nə göynəmli!
İtib
getmiş
bir qarışına
da
göynəməli.
Döyüşlərdə
qalxan tutan,
qılınc çəkən,
yadlarına
qan udduran,
toy tutduran
uluların
Bu gün çimirsiz gecələrimdən
boylandılar.
Kişilik! Mərdlik
dəbilqəsindən
mis rənginə
boyandılar.
Vətən!
səni
beşik başındakı
laylalardan üzmüş
idik,
üzəcəyik!
Vətən!
Sənin
Qapılarını
dəmirlərdən düzmüş
idik,
düzəcəyik!
YOL UZUNU ARZULAR
Nolaydı,
kü
çələrin adı
- Lalə, Nərgiz, Bənövşə,
Vətən, Məhəbbət, Sevgilər;
Od və Atəş olaydı...
Bəzisinin də adı - Nazim Hikmət,
Həqiqət, Şah Xətai,
Səttarxan,
Araz, Təbriz, Nisgillər,
Güc və Günəş olaydı...
Küçələrin bağrına, qədim daş yaddaşına,
döngələrə, daşlara
hər ad yapışmayaydı,
hər ad yaraşmayaydı!
Gecələrin qoynu
yaz, yay həmişə belə, ulduzla dolaydı,
cilvələrlə sayrışaydı,
Ulduz Ayın köksündə...
Ay başımız üstündə
beləcə salim olaydı,
şölələrlə qımışaydı,
gözlərimiz elə təki
Ay-ulduz... yollarında
sulana, qamaşaydı!...
Pəncərələr
büllur təkin
parıltılar saçaydı,
üzümüzə, gözümüzə,
torpağa nur qarışaydı,
bir oyanış titrəyə,
qollarımız, qüvvəmiz
haqq yoluna qoşaydı,
bu oyanış, bu duruş
yüz illik mürgüləri
qatıb-qatışdıraydı!..
Qapılar
taybatay açıq, həndəvərdə elə
yalnız
qaranquşlar, ağ quşlar
qanad salmış, yuva qurmuş olaydı,
nə xəbis göz, nə kəc baxış,
nə yiyəsiz qalan ocaq...
nə pis qonşu olaydı,
nə yuvalar didərgini,
nə sinələr yarası, nə qara əl,
nə də qurşun olaydı!
Yurd yeri,
yurd qeyrəti bizdən uca olaydı,
Həm heysiyyət, həm cürət qoşa yaranmış olaydı,
meydan... meydan olaydı...
Yox, yox, Allah!
Biganələr, naxələflər, nakəslər yox,
doğulursa, insanların
comərdləri doğulaydı,
bir başqa yarış olaydı,
cavan, gözəl analar oğullar doğaydı ki,
oğullar... oğul
olaydı,
nər təkin oğulları dərdə
yaramış olaydı!
Torpaq
əcdad payımız!
Ovcumuzda qalaydı -
ikiyə bölünməyib,
iki ayrılmayaydı;
bir nəhəng göy arabası fırlanaydı,
aşırımlar aşaydı,
daşları aşıraydı,
bu yuxulu qorxuları...
o ki var fırladaydı,
bu ətalət mirasını
dağa, daşa çırpmış olaydı,
paramparça parçalamış
olaydı!
Allah, allah,
qəhr olası köksümüzdən
qürbətləri alan olaydı,
könül bihuş
olaydı,
qanad çırpan, çarpışan
ürəyimiz
bir gün bir quş olaydı,
özgə səyyah,
yolçular tək
bizim də ləpirlərimiz
o taya hopmuş olaydı!..
Nolaydı, ah,
yuxular çin çıxaydı,
gömgöy bənövşə
arzular
nə saralıb, nə də solmuş olaydı,
bütün bağçalar,
qapılar
sevgi çələngi,
müjdələr,
gül-çiçəklə dolmuş
olaydı,
bir gün də bir sübh
çağı
şəhid ruhlar...
məzarlar
vüsal cəngilərindən
agah olmuş olaydı!
TORPAQ YUXULARIM
Qayıtdım bu torpağa.
Bu torpağa dönüncə
dizlərim titrəyir...
Bu torpağın önündəyəm.
Eləcə mil durmuşam,
dil tutulub, nəfəs təntiyir.
Bu torpaqda nələr tapdım, nələri itirdim!
Bu torpağın üstündəki
yuxularımda,
Ağappaq örtüyümdə ağappaq gəlin olub,
tutulub-dolub,
bir rüzgarın tilsiminə əsir düşdüm.
Bir çiskini
yağış bilib,
bihudə üşüdüm.
... Bu torpağın üstündən
Araz adlı bir çay
axar -
Qubar dolu suyundan hönkürüb
şərbət içmişəm.
Kənarında dəmir çəpər
var!
Bu çəpərin küncündə
ölmək üçün
üç arşın
yer seçmişəm.
Bu çəpərin küncündə
atamın ləpirləri!
Bu çəpərin küncündə
anamın həsrət
əlləri!
Bu torpaqda nələr
tapdım, nələri
itirdim.
Bu torpağın üstündə
bir qoşa məzar var -
Bürünüb göz yaşına,
sərilib soyuq daşına,
bu candan ruh çıxınca,
tabım, tavanım
çatınca
içim yanar, yaxılar.
Biri atam, biri anam!
Vardı,
vardı! Vallah, vardı!...
Hər ikisin bir uzun, zalım
yuxu apardı.
Əlim əllərindən qəfil
düşdü.
Yerdə
qalan nə idi ki! Uşaq
könlüm!
O da fəğan qoparıb,
haqsızlıqdan büzüşdü...
Bu torpağın içindəki
yuxularımdan
zərif, kövrək,
bir ağappaq ömür sürüşdü...
qara sellər apardı...
Bu torpaqda nələr tapdım, nələri itirdim!
MƏNFUR YADELLİLƏR
Üzüm-gözüm səyirir
hirsim at kimi kişnəyir, köpükləyir,
hirsim məni dağa-daşa sürükləyir;
Şaq-şaq şaqqıldayır ovcumda daşlar,
çaxmaq daşlarıdır,
qorumuşam mən.
Külüng də varımdır,
qalxan, qılınc da,
bir az da güc alacam
ildırımlardan!
Qazıq-qazıq edəcəm yatmış
torpağı -
yüz qərinə öncə ölən
Ərənləri, nərləri, o ərləri
durğuzacam,
Oyadacam qan yaddaşımı -
Durub indicə kəsəcəm
şah damarımı,
ordan sovuracam intiqamımı!
İntiqam alınca yaşamaq
gərək,
bunca yaralar üstünə duz basacam!
Haydı!
- deyə çapacam bədöy atını o ərənin,
Düzlərə hücum edəcəm,
Vurub uçuracam dər-divarları,
Çəkəcəm bir yana yetim
dağları!
Xıncım-xıncım edəcəm bütün sədləri,
Qoy desinlər dəlidir, dəli!
Küləklə çarpışacam, od udacağam,
Gəmirəcəm dəmir-məftil çəpərləri
Razılaşacaq xan Araz,
Rezin oyuncaq kimi, düz göbəyindən tutacam,
Ağlaya-yana, dartıb tullayacam
bir yana!
Görəcəm, görəcəm sizləri,
əzizlərimi,
Görəcəm, görəcəm
Rüzgarı tərsinə əsən
başı duman Təbrizimi!
Onun eşqiylə dinlədim bütün quşları,
Ona ikram edəcəm
cahana onunla baxan iki yaşlı
gözümü!...
Əyilib
öpəcəm qızıl
torpağı...
Öpəcəm, öpəcəm qanlı
izləri -
Bir damla qan keçincə
boğaz yuxarı
Nərəm qan fışqıracaq!
-
Görüncə məzarları,
O məzarlar boyunca, o qışqıran əlləri...
Ətini dişləyəcəm, didəcəm, didişdirəcəm
Mənfur yadelliləri!!!
Nurəngiz GÜN
525-ci qəzet.- 2020.- 19 dekabr.- S.19.