Böyük bəstəkar haqqında mükəmməl nəşr  

 

Seçilən insan olmaq, sözsüz ki, alın yazısı, tanrı lütfüdür. Hələ insan həyatdakı missiyasını dərk etməyi bacarırsa o zaman bu əqidə daha qabarıq şəkildə önə çıxaraq mükəmməl tərzdə özünü büruzə verir.

 

Yaşadığı müddətdə sənət nümunələri ilə dünyaya səs salmağı bacaran, dərin izlər buraxan insanlar özlərindən sonra da xatırlanan şəxsiyyətlər olur. İnsanı ali varlıq kimi ucaldan bəslədiyi dəyər duyğusudur. Biz, sənət fədailərimizi nəinki özlərindən sonra həmçinin yaşadıqları müddətdə qədrini bilib qiymətləndirməliyik. Özləri sağ ikən bunun şahidi olmalı və biganəlik duymamalıdırlar. Bu onların haqqı bizlərin isə mənəvi borcudur. Sənət ustadını həvəsə gətirən, sönməyə, solmağa, ruhən ölməyə qoymayan yaradıcılığına bəslənən hörmət, qayğı və diqqətdir. Vətənimizin adını yüksəldən mədəniyyət xadimlərimizdən hansısa etirafı əsirgəyib sonraya saxlamaq yanlışdır. Necə deyərlər, hər şey öz vaxtında gözəldir.

 

Ona əbəs yerə dünya şöhrətli bəstəkarın dünya şöhrətli tələbəsi deyilmir. Bu sadəcə sıradan bir deyim deyil, həqiqəti əks etdirir. Yaradıcılığında müəllimi görkəmli bəstəkar Qara Qarayev ənənələrinin davamını hiss edirik. Təşkil etdiyi yüksək səviyyəli tədbirlər, həyata keçirdiyi böyük layihələr, beynəlxalq aləmdə nüfuza malik olmağı Firəngiz Əlizadəni belə adlandırmağımıza əsas verir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Xalq artisti, professor, pianoçu, musiqişünas, dirijor, bənzərsiz bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, “Şöhrət” və “Şərəf” ordenli, YUNESKO-nun “Sülh artisti” Firəngiz xanım Əlizadəyə həsr edilən kitab barədə böyük məmnuniyyətlə söhbət açacağam. Firəngiz xanımın dəvəti ilə Bakı Kitab Mərkəzində “Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimat mərasimində iştirak etmişdim. Tədbirin aparıcısı Mərkəzin direktoru Günel Rzayeva idi. Kitabın müəllifi musiqişünas, sənətşünaslıq doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Həcər Babayevadır. Həcər xanım, kitabın tərtibatının dəqiq faktlara söykəndiyini ifadə etmişdir.

 

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllim bu kitabın nəşr edilməsini çox yüksək dəyərləndirdi. O, Firəngiz xanımın Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında böyük xidmətləri olduğunu diqqətə çatdırdı: "Firəngiz Əlizadə iki dövrün - sovet və müstəqillik dövrünün bəstəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi mədəniyyətinin formalaşmasına, inkişafına böyük təsir edib, bundan sonra da təsir edəcək”.

 

Daha sonra əməkdar incəsənət xadimi Zemfira Səfərova, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova və digər ziyalılar öz nitqində kitabın əhəmiyyətindən, görkəmli bəstəkarımızın sənət fəaliyyətindən, keçdiyi ömür yolundan ürəkdolusu bəhs etdilər.

 

Kitabda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova, eləcə də Bakı Musiqi Akademiyasının professorları Zemfira Qafarova, Kamilə Dadaşzadə, Cəmilə Həsənova və digər elm adamlarının Firəngiz xanımın yaradıcılığından bəhs edən məqalələri, o cümlədən KİV-də yer alan müsahibələri təqdim edilib.

 

Nəşrdə Firəngiz Əlizadənin 2007-ci ildən 2017-ci ilədək olan yaradıcılığının tam 10 ilini əhatə edən fəaliyyətindən danışılıb. Amma ümumilikdə onun yaradıcılıq fəaliyyəti yarım əsrə bərabərdir. Kitabı vərəqlədikcə görürük ki, dünyaca məşhur musiqi xadimlərinin Firəngiz Əlizadə haqqında xoş sözləri, onun iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr barədə geniş məlumat, fotoşəkillər yer alıb. Firəngiz Əlizadənin əsərlərinin xarici ölkələrdə çox böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda adlı-sanlı ifaçılar tərəfindən səsləndirildiyi, onun musiqisinin hər zaman böyük rəğbətlə qarşılandığı, geniş beynəlxalq arenada şöhrət qazanıldığı qeyd edilir. Bu sənət əsərlərinin hər biri təbii ki, tarixin yaddaşına ötürülür. Firəngiz Əlizadə barəsində görkəmli simaların etiraflarını oxumaq Firəngiz xanımın gənc həmkarı və eyni millətin nümayəndəsi kimi məni fərəhləndirir. Həmin fikirləri oxucularla bölüşmək istərdim.

 

Məşhur violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç ; “Firəngiz Əlizadə böyük istedada malik olan, dünya miqyasında tanınan və ən yüksək reytinqlər qazanan bəstəkardır. Firəngiz əsl azərbaycanlıdır, onun yaradıcılığı xalq musiqisinin qədim avazlarından qidalanır.{...} Onu dünyanın müxtəlif qitələrində böyük hərarətlə qarşılayırlar, əsərləri hər yerdə geniş auditoriya toplayır”.

 

Musiqişünas Qreq Dubinski:  “Yer kürəsinin müxtəlif guşələrində mədəniyyətlərin, sivilizasiyaların bir-birinə zidd gəlməsi şəraitində Firəngiz Əlizadənin əsərləri barış rəmzi kimi çıxış edir. O, Azərbaycan musiqisinə və tarixinə xas olan Şərq və Qərb cinahlarını sintezləşdirərək, nadir musiqi dünyası yarada bilmişdir”.

 

“Kronos Quartet” Devid Harrinqton: “Musiqisinin cazibəsinə tabe olaraq, biz ondan ilham alırıq və gələcəkdə Firəngiz Əlizadə ilə əməkdaşlığımızı davam etmək niyyətindəyik. O, dünyanın ixtiraçılar sülaləsindən olan ən parlaq bəstəkarlarından biridir”.

 

Bəstəkar Sofiya Qubaydulina: “Bir bəstəkar kimi, Firəngiz Əlizadə qeyri- Avropa mədəniyyətlərini təmsil edən hər musiqiçinin ümdə niyyətini - Avropa və qeyri- Avropa musiqi təfəkkürlərinə xas olan konstruktiv qüvvələrin sintezi niyyətini həqiqətə çevirə bilmişdir. Həmin sintez onun musiqisinin əsas məziyyətidir. F.Əlizadənin yaradıcılıq nailiyyətləri öz orijinallığı və sırf akademik standartlardan uzaq olması ilə dinləyiciləri heyrətləndirir”.

 

“Hans Sikorski” Beynəlxalq Nəşriyyatının direktoru Hans Sikorski: “Firəngiz Əlizadənin bizim kataloqlarımızda təmsil olunduğundan böyük şərəf duyuruq, çünki əminik ki, bu bəstəkar hazırda ifa olunan və gələcəkdə əhəmiyyətini itirməyəcək gözəl musiqi yaradır”.

 

Musiqişünas Kayl Qann: “Firəngiz Əlizadə Şərqi Avropada son onilliklər ərzində meydana çıxan ən cəlbedici sənətkarlar sırasındadır”.

 

“Musik und Gesellschaft” jurnalı – “Firəngiz Əlizadənin musiqisi, Çingiz Aytmatovun kitabları kimi, Qərbdə Şərqin dərk edilməsi üçün zəmin yaratmışdır”.

 

Qürurla deyə bilərik ki, 2004-cü ildə Almaniya mediasında çıxan “Musik Texte” özünün yüzüncü yubiley buraxılışını tamamilə Firəngiz Əlizadəyə həsr etmiş, 2006-cı ildə alman rejissoru Voldemar Ştayn “Azərbaycanlı maestro” sənədli filmini çəkmişdir. 2007-ci ildə Almaniyada PFAU yayım evi tərəfindən nəşr olunan “Görkəmli insanların həyatı” seriyasından alman musiqişünası Ulrike Patofun “Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin həyat və yaradıcılığı. Sənədlər” kitabında da onun haqqında geniş məlumat verilmişdir. Firəngiz xanımın musiqisinin bir çox xarici ölkələrdə ifa olunması və bu ölkələrdən, musiqi kollektivlərindən gələn sifarişlərə bəstələnən əsərlər, Firəngiz Əlizadəyə həmin ölkələrin, “composer-in-residence”, yəni ölkənin rəsmi bəstəkarı statusu kimi həmin dövlətdə yaşayıb, çalışmaq hüququnu vermişdir. Firəngiz Əlizadə yeganə Azərbaycan bəstəkarıdır ki, xaricdən ona opera, balet, konsert və s. əsərlər yazmaq üçün sifarişlər gəlir. Bunlardan, dünyanın məşhur “Kronos” kvarteti üçün “Muğam Sayağı”, “Oasis”, “Abşeron” kvinteti, Berlin filarmoniyasının “12 violonçel” ansamblı üçün ‘Şüştər”, Parisdə “Violonçel ifaçıların Mstislav Rostropoviç adına VIII Beynəlxalq müsabiqə” si üçün “Oyan!” əsərlərini göstərə bilərik.

 

Amerikanın məşhur “Kronos” kvarteti tamamilə Firəngiz Əlizadə musiqisindən ibarət disk-albom çıxarıb. Londonda albomun təqdimatında diskin üzərində yazılan sözlər – “Biz Azərbaycanı Nizaminin “Leyli və Məcnun”u, dahi Rostropoviç ilə tanıyırdıq, indi isə Firəngiz Əlizadənin musiqisi ilə sevdik”.

 

Firəngiz xanımın əsərlərində müasirliklə milliliyin vəhdətini duyuruq. Firəngiz Əlizadə vətənini sevən insan kimi Azərbaycanın mövqeyini daim üstün tutmaqdadır. Əsərlərinin adlarını xüsusilə seçir. “Abşeron” , “Xəzər” , “Yanardağ”, “Azərbaycan rapsodiyası” adları ilə dünya səhnəsində əslində vətənini təbliğ edir. Həmçinin əsərlərində Azərbaycanın xalq çalğı alətlərindən tar, kamança, qoşanağara, balaban, ney kimi milli musiqi alətlərimizi önə çəkərək musiqi mədəniyyətimizi ali səviyyədə təmsil edir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçən “Muğam aləmi” Beynəlxalq Festivalına start veriləndə onun musiqi rəhbərliyi məhz Firəngiz Əlizadəyə həvalə olunmuşdu. Bu tapşırıq dövlətimizin Firəngiz xanıma böyük etimadından xəbər verir.

 

Firəngiz Əlizadə Amerika “Houston Qrand Opera”nın təklifi və sifarişi ilə 2011-ci ildə “Sənin adın Dənizdir” operasını bəstələyir. Libretto müəllifi özüdür. Bəstəkarın müasir səhnə əsərləri içində “İntizar” operasını da qeyd etmək gərəkdir. Libretto müəllifi akademik, professor Nərgiz Paşayevadır.

 

Həyat və yaradıcılığının Türkiyə dövrü 1990-cı ildən başlayır. Türkiyənin Mədəniyyət Nazirliyi Firəngiz Əlizadəyə müraciət edərək ona balet yazmağı sifariş edir. Qədim türk əfsanəsi əsasında Nicat Cüməlinin qələmə aldığı “Boş beşik” poeması əsasında 2 pərdəli baleti çox az müddətdə bitirmək lazım olub. 1993-cü ildə Xalq artisti, azərbaycanlı dirijor Nazim Rzayevin rəhbərliyi ilə əsərin ilk tamaşası uğurlu alınır. Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən ingilis dilində çap olunmuş “Türkiyənin balet tarixi” kitabında Firəngiz Əlizadəyə və onun “Boş beşik” baletinə böyük bir bölüm həsr edilib. Türkiyədə qazandığı nüfuz sayəsində bəstəkarın 50 illik yubileyi şərəfinə Mersin şəhərinin valiliyi tərəfindən “Firəngiz Əlizadə günləri” Musiqi Festivalı təşkil olunub.

 

İvan Monigetti ilə Firəngiz Əlizadə əməkdaşlığı 1979-cu ildən “Habil Sayağı” əsərinin ilk ifası ilə başlayıb, bu günəcən davam edib. Bu əsər dünyanın məşhur ifaçıları: Yo- Yo Ma, Yulius Berger, David Qerinqas, Maya Beyzer, Elizabet Vilson, Raymond Korrup və digər musiqiçilər tərəfindən ifa edilərək 11 dəfə CD-yə yazılıb.

 

Firəngiz xanım “Qadınlar musiqidə” layihəsi ilə ilk dəfə Azərbaycanda XX əsrin müasir musiqi festivallarının təşəbbüskarı olmuşdur. Məlumdur ki, Azərbaycanda “İpək yolu” musiqi festivalının təşəbbüskarı və ilk təşkilatçısı da məhz Firəngiz Əlizadə olub.

 

2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatlı “Şərq və Qərbin zəfər qovuşması” adlı kitabında 2007-ci ilə qədər Firəngiz xanım barədə geniş, ətraflı məlumatlar, məqalələr toplanaraq oxuculara təqdim edilmişdir. 2011- 2012- ci illərdə Paris və Dublində müəllif konsertləri reallaşıb, İrlandiyada əsərlərindən ibarət yeni diski çıxmışdır. Fransada və İtaliyada yubileyinə həsr olunan festivallar təşkil edilib. Ünlü amerikalı skripkaçı Hilary Hahnın ricası ilə “İmplus” əsərini yazıb və “Grammy” mükafatına layiq görülüb.

 

2007-ci il Firəngiz xanımın həm 60 illik yubiley ili həm də ABİ-na sədr seçildiyi il olub. Berlində məşhur “Konzerthaus” salonunda Azərbaycan Mədəniyyət Nazirliyi, Alman- Azərbaycan forumu və “RWE Gas” şirkətinin dəstəyilə Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təşkil olunub. Konsertdə professor Yulius Bergerin rəhbərliyilə Augsburq violonçelçalanlar qrupu, Berlindən “Modern Art” ansamblı, Kölndən “Minguet” kvarteti, bəstəkarın “Oasis”, “Atəş” , “Muğam Sayağı”,  “Metomorfoz” əsərlərini ifa ediblər. Azərbaycan musiqiçilərindən Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) iştirak ediblər.

 

“Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın ilk səhifələrində bəstəkarın “İntizar” operası haqqında çox geniş məlumat verilib. Onun “Üzeyir Dünyası” , “Muğam ensiklopediyası” layihələrinin , “Muğam aləmi”, Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri olmağı da olduqca təqdirəlayiqdir.

 

ABİ-nın 75 illik yubileyinə həsr olunan Beynəlxalq Musiqi Festivalı tamamlandıqdan sonra jurnalist Qalina Mikeladze Firəngiz Əlizadədən müsahibə alıb. Firəngiz xanım müsahibəsində qurumun bu günə qədər icra etdiyi layihələrdən və gələcək planlarından bəhs edib. Müsahibənin sonundakı xüsusi qeydi paylaşmaq istərdim: “1993-cü ildə Nyu-York Linkoln mərkəzdə “Kronos” kvarteti “Muğam Sayağı” əsərini böyük müvəffəqiyyətlə ifa etdikdən sonra, artıq 17 ildir ki, bu kollektiv Firəngiz xanımın bu əsərini və digər musiqisini dünyanın hər yerində səsləndirir. Onların repertuarında Firəngiz Əlizadənin görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin xatirəsinə həsr etdiyi “Abşeron kvinteti” də vardır”.

 

Kitabda 2009- cu ildə Firəngiz xanımın məşhur ərəb əsilli şairə Etel Adnanla işbirliyindən də ətraflı bəhs olunur. Həmçinin burada “İpək yolu” Beynəlxalq Musiqi Festivalı haqqında da geniş yer ayırılıb.

 

Firəngiz Əlizadə 2007-ci ildə “Muğam” jurnalında dərc edilən “Muğam sənəti dünya musiqi kontekstində” adlı məqaləsində bir çox mətləblərə toxunub. Muğam barəsində söylədiyi dəyərli fikirləri olduğu kimi yazmaq istəyirəm: “Muğamın kosmik musiqi olduğuna kürreyi-ərzdəki varlığına inanıram! İnanıram ki, Yer qayğılarından uzaq dura bilən hər kəs mənəvi saflaşma məqamında Muğamı eşidib, onun sehrinə düşə bilər. Ancaq bu an heç də hər kəs onu qiymətləndirə bilməz və demək olar, bir kimsə bu sirri-sehri izah eləyə bilməz. O ki, qaldı muğamın səsləndirilməsinə, onu yalnız və yalnız Yaradanın seçdiyi sevimli kəslər – Müqəddəs Odlar yurdunun sakinləri – azərbaycanlılar daha yaxşı bacararlar. İçərisi Yer kürəsi barədə, buradakı həyatın ən dəyişkən çalarları haqqında şifrələnmiş informasiya ilə yüklü bir qovuq Kainatı dolaşhadolaşdadır. Başqa sivilizasiyalara çatdırılması gərəkli bilinən o informasiyalar sırasında Azərbaycan Muğamının da şifrəsi var.”

 

Xüsusilə qeyd olunan məlumatlardan biri də sədrimizin səyləri nəticəsində təşkilatımızın ölkə rəhbəri İlham Əliyevin sərəncamına əsasən 2009-cu ildə öz doğma məkanına qayıtmağıdır.

 

Kitabda yer alan müsahibələrində Firəngiz xanım bu günki güzaran barəsində çox maraqlı cavablar verib. O, müstəqil dövlətdə yaşamağın sərgilədiyi gözəllik və üstünlüklərdən bəhs edib. Uşaqlıq illərinin müharibədən sonrakı dövrə təsadüf etdiyindən danışıb. Ailəsini, valideynlərini gözəl xatırlayıb. Atasının lənkəranlı, anasının şəkili olduğunu vurğulayıb. O, özünün xoşbəxt insan olduğunu etiraf edib. Sənət naminə icra etdiyi önəmli işlərin reallaşmağından məmnunluqla bəhs edib. Təbii ki, müsahibələrin hər birini həcm sarıdan məqaləyə sığdırmaq mümkün deyil. Lakin bu cümləni xüsusilə bəyəndiyim üçün olduğu kimi yazmaq istəyirəm: “Məncə heç bir düşünən insan deyə bilməz ki, onun yoluna “güllər düzülmüş” asan və rahat olmuşdur. Əgər siz hansısa ilklərə imza atıb, bir yenilik etmək istəyirsinizsə, mütləq “bu güllərin tikanları” yolunuza çıxmalıdır. Rahat yol isə onu göstərir ki, artıq bu yoldan keçənlər olmuşdur.”

 

2016-cı ildə Firəngiz Əlizadə Milli Elmlər Akademiyasının “Üzeyir Hacıbəyli” medalına layiq görülüb. 2017-ci ildə dövlət başçımız İlham Əliyev Firəngiz xanımı “Şərəf” ordeni ilə mükafatlandırmışdır. Firəngiz Əlizadənin zəngin yaradıcılığı, musiqi təbliğatçısı, ictimai xadim kimi əvəzsiz xidmətlərindən nə qədər danışılsa yenə də azdır. O, istedadlı bəstəkar kimi musiqinin müxtəlif janrlarında tarixi hadisələri öz əsərlərində canlandırmağı bacarır. Firəngiz xanım uzun illər xarici ölkələrdə çalışıb. Onun fəaliyyətini Azərbaycanla digər ölkələr arasında musiqi mədəniyyəti körpüsü kimi xarakterizə etmək olar. Milli musiqimizin geniş təbliği istiqamətində həyata keçirilən böyük layihələrdə fəal rol oynayıb. Qərbdə müasir klassik musiqi sahəsində böyük uğurlar qazanmışdır. Firəngiz Əlizadə yaradıcılığı mədəniyyətlərin dialoqunu gerçəkləşdirən əsas vasitələrdən biridir, bəstəkarın yaradıcılığının kökü muğam sənətinə bağlıdır.

 

O, dünya musiqi tarixini mükəmməl tərzdə mənimsəyib, öz yaradıcılığı ilə dünya musiqi mədəniyyəti xəzinəsini bəzəməkdədir. Firəngiz xanım demək olar ki, bütün janrlarda özünü sınamışdır. Onun əsərlərində dərin fəlsəfi fikir öz əskini tapmaqdadır. Barəsində nə qədər kitablar yazılsa da təbii ki, onun geniş və çoxşaxəli yaradıcılığının önündə çox cuzidir.

 

Firəngiz Əlizadə yaradıcılığına həsr olunan kitab barəsində rəy yazmağımdan şərəf duyuram. Onun etimadı məni daha da ruhlandırır. Firəngiz xanımın Bakı Musiqi Akademiyasında ( keçmiş Dövlət Konservatoriyası) pedaqoji fəaliyyəti zamanı mühazirələrini dinləmək nəsibim olmasa da ABİ-da ayırdığı geniş zaman müddətində maraqlı söhbətləri mənim üçün əsl ustad dərsləri olur. Əslində bu məqalələr ona qarşı düşüncəmi ifadə etməkdə gözəl fürsət yaradır. Özünə deyə bilmədiklərimi yazı vasitəsilə çatdırmağa nail oluram.

 

Səs-sədası Avropa, Asiya, Amerika qitələrindən gələn, “Qərb və Şərq arasındakı vasitəçi”, “XXI əsrin Şəhrizadəsi”, “Planetin insanı” adları ilə tanınan, ən əsası vətəninə vicdanla xidmət edən Firəngiz Əlizadə nəinki lənkəranlılar və şəkililərin o, bütöv Azərbaycanın qürurudur! Amerikan bəstəkarı və musiqişünası Nikolay Slonimskinin təbiri ilə desək “zamanı 50 il qabaqlayan təbiət möcüzəsi” ni biz də öz adımızdan yaşadığı mənalı ömür münasibətilə təbrik edərək bundan sonra da yubileylərinə həsr edilən kitabların daha da çox olmağını diləyirik. Firəngiz Əlizadə yaradıcılığına dərin ehtiram və alqışımı ifadə edirəm!

 

 

 

Aysel KƏRİM

Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2020.- 19 dekabr.- S.15.