"Müəllim"in
son zəngi
"Müəllim"
ləqəbli kəşfiyyatçı İmran Məmmədlinin
döyüş yolu
Noyabrın 26-da qardaşım zəng eləyib "qağamız
şəhid oldu..." deyəndə, onun yaddaşımda yer
eləmiş simasını nə qədər
gözümün qabağında canlandırmağa
çalışsam da, ağlaya bilmədim.
Ümumiyyətlə, acı xəbərin
sarsıntısı nə qədər böyük olsa da, onun
gülər üzündən, əlini əlinə vurub qəhqəhə
çəkərək danışdığı baməzə
söhbətlərindən savayı, heç nə
xatırlaya bilmədim. O, həmişə gülürdü. Tək
mənimlə danışanda yox, anadangəlmə gülərüz
idi. Təbəssüm onun sifətinə
elə yaraşırdı ki, gözlərindən həmişə
işıq süzülürdü.
Onu çox istəyirdik, babamızın adını
daşıdığına görə böyükdən
kiçiyə hamımız onu "qağa"
çağırardıq. Sən bir işə bax, 77 il əvvəl - İkinci Dünya müharibəsində
Mozdok uğrunda döyüşlərdə alman faşistinin
baba İmrana tuşlanan snayperi onun sağ əlinin
üç barmağını aparsa da, canını ala bilməmişdi.
Azərbaycanın 44 günlük Vətən
müharibəsində isə Füzulinin Kürdlər kəndində
pusquda duran erməni faşistinin snayperdən
atdığı... 77 ildir yol gələn o güllə nəvə
İmranın həyatına son qoydu.
Məxfi döyüş
tapşırığını həyatı bahasına yerinə
yetirən "müəllim" ləqəbli kəşfiyyatçı
- döyüş yoldaşları onu belə xatırlayır. Şagirdlərinin
sevimlisi, onlara hərb elminin sirlərini, torpaq uğrunda
döyüşməyi öyrədən, əsl kişilik
nümunəsi göstərən, ürəyi Vətən
sevdalı bir müəllim - dərs dediyi məktəblilər
isə onu bu cür xatırlayır. Övladlarını
özü kimi gülərüz, mərd görmək istəyən,
bunun üçün hər cür zəhmətə
qatlaşıb vicdanla, alın təriylə
yaşamağı həyatının amalı seçən
qayğıkeş ata - dörd övladının
yaddaşında İmran belə qalıb. Heç
kəsi darda buraxmayan, istər şagirdi olsun, istər əsgəri
- hamının köməyinə çatan, el-obanın
xeyrində, şərində həmişə qabaqda gedən
ürəyi təpərli el oğlu - Şahsevən
özünün on dördüncü şəhidini
yaddaşında məhz belə saxlayıb. Yaraşıqlı, ucaboylu, gözlərində həmişə
həyat qaynayan, gülərüz qardaşımız - biz də
qağamızı belə xatırlayırıq.
Əmim oğlunun şəhidlik zirvəsinə yüksəlməsiylə
doğulub boya-başa çatdığım Beyləqan
torpağını bu yaşımda yenidən kəşf elədim. Onun adamlarını,
havasını, suyunu, ağaclarını, kol-kosunu da təzədən
dərk elədim, elə bil bir az da
doğmalaşdım, bir az da isinişdim torpağıma. Hələ
rayonumuzu, kəndimizi demirəm... Gözümü
açdığım İnallı məhəlləsi Azərbaycana
o qədər adlı-sanlı ziyalılar, alimlər bəxş
edib ki, hərəsi haqqında bir kitablıq söhbət eləmək
olar. Bizim balaca məhəllədən
Sosialist Əməyi Qəhrəmanı da çıxıb,
nazir də, akademik də, professor da. Mən hələ
yüksək rütbəli hərbçiləri, fəlsəfə
doktorlarını, yazıçıları, şairləri
demirəm, lap böyüklərimizi xatırlayıram.
İndi şəhidimiz də var! İmran Cahangir
oğlu Məmmədli Vətən yolunda canını fəda
etməklə elimin, obamın yaddaşına öz
adını qızıl hərflərlə yazdı.
Bizim ziyalılarımız fəxrimizdir, şəhidimiz isə
and yerimiz oldu!
Beyləqan erməni faşizminə qarşı müqəddəs
müharibədə Azərbaycanın ən çox şəhid
verən rayonlarından birinə çevrildi. Bu da bizim şərəf
tariximizdir, onu bu torpağın oğulları öz
qanlarıyla yazdılar! İndi bildin Vətən
nədi? Kəndimizin cəngavərlərinin
yanaşı dəfn olunduğu Şəhidlər
Xiyabanına baxanda ilk ağlımdan keçən bu sual oldu.
Əmim oğlu Şahsevən elinin on
dördüncü şəhididir. Ondan
sonra daha bir fədakar oğlumuzu da doğma torpağa
tapşırdıq. Birinci Qarabağ
savaşında da Beyləqan qala idi, ikinci savaşda da qala kimi
yerindən tərpənmədi. Çox qəribədi,
Arazın qırağından Mil düzünə qədər
uzanan bu rayonun nə bir dağı var, nə bir təpəliyi,
hər tərəfi düzəngahdı. Amma
işğalçının qabağında alınmaz qalaya
çevrildi, əsgərinin arxasında keşik çəkib
erməniyə gözdağı oldu. İndi
bildin Vətən nədi?
Oktyabrın 26-da İmran böyük qardaşı Rəşada
zəng eləyib ağır döyüşdən
çıxdığını və düşmənin
arxasına keçdiyini demişdi. O, birinci dəfə deyildi
düşmən arxasına keçirdi. Qarabağ
torpağını əlinin içi kimi
tanıdığından həmişə düşmən
arxasında məxfi tapşırıqları yerinə
yetirirmiş. İşindən
danışmağı sevməzdi, söz düşəndə
zarafata salıb üstündən keçərdi. Şəxsən mən elə bilirdim ki İmran orta
məktəbdə olduğu kimi, orduda da əsgərlərin
fiziki hazırlığı ilə məşğul olur.
Əmim oğlu döyüş sənəti
üzrə peşəkar idmançı idi. Özü də, yetişdirdiyi şagirdləri də
dəfələrlə yarışlarda birinciliklər
qazanmışdılar. Yalnız şəhidlik
zirvəsinə yüksələndən sonra döyüş
yoldaşlarının onun qəhrəmanlıqları barədə
söhbətlərini eşitdikcə heyrətdən donub
qalırdım. Mənim müəllim
bildiyim gülərüz əmim oğlu ömrünün on
yeddi ilini Vətəninə xidmət edən, məxfi
tapşırıqları yerinə yetirməkdə xüsusi
bacarığı ilə fərqlənən peşəkar kəşfiyyatçı
imiş.
"Müəllim" - döyüş dostları onu
belə çağırarmış, həm də kəşfiyyatçı
kimi ləqəbi imiş. İmranı
hamıdan gec tanıdığıma görə
özümü qınayıram, təəssüf edirəm
ki, onun gördükləri, yaşadıqları barədə
iki əmioğlu oturub yerli-yataqlı söhbət edə bilməmişik.
Hətta söhbət eləsək belə,
İmran heç vaxt çətinliklərdən,
gördüyü işlərdən danışmazdı.
O, Vətəninə xidmət edirdi, Vətəninə sədaqət
andı içmişdi və bu anda sadiq olduğunu həyatı
bahasına sübut etdi. İkinci Qarabağ
savaşı başlayana qədər Lələtəpənin
azad olunması əməliyyatında iştirak etmişdi və
döyüşlərdə fərqləndiyi üçün
bir neçə dəfə təltif olunmuşdu. İndi onun orden və medalları, tərifnamələri
həmin illərin unudulmaz əziz xatirəsinə
çevrilib.
Danışırlar
ki, Lələtəpə döyüşündən sonra həmişə
deyib-gülən İmran qaraqabaq, az
danışan olmuşdu. Sanki qara bulud kimi
dolmuşdu. Səbəbini soruşanda
çiyinlərini çəkər, heç nə deməzmiş.
Mən elə güman eləmişdim ki, cavan
yaşında döyüşlərdən
çıxdığı, ölüm-itim gördüyü
üçün nəsə özünə qapanıb. Bir dəfə nə qədər illah eləyəndən
sonra bircə kəlmə, "əmi oğlu, heyif, işimiz
yarımçıq qaldı", demişdi. Mən də ürəyinə toxunar deyə, dərinə
getməmişdim. Sentyabrın 27-də erməni
faşistlərinin xain basqınını dəf etmək
üçün ordumuz əks-hücuma keçəndə
İmran artıq ön cəbhədə idi. Yarımçıq qoyduğu işini başa
çatdırmaq, Vətəni bütövləşdirmək
üçün döyüş meydanına
atılmışdı.
O, mənfur düşmənin Füzuli istiqamətində keçilməsi mümkünsüz görünən istehkamlarının, mühəndis-texniki qurğularının dağıdılması üçün fədakarlıqla döyüşürdü. Bu dəfə şagirdlərinin, yetişdirdiyi əsgərlərin gözü qarşısında onlarla çiyin-çiyinə döyüşərək vətənpərvərlik dərsini sinif otağında yox, döyüş meydanında keçirdi. Oktyabrın 25-də Kürdlər kəndi istiqamətində gedən ağır döyüşlərdə aldığı məxfi tapşırığı yerinə yetirmək üçün düşmənin arxasına keçməyi bacarır. Bir gün sonra həmin istiqamətdən qardaşı Rəşada zəng edir, sadəcə, hamıya salam söyləyir, toxtaqlıq verir. Bu, əmim oğlunun sonuncu zəngi olur...
Bir ay gözümüz yolda qalmışdı. İmran döyüşlərə qatılanda anasının, mənim sevimli bibimin vəfatından heç iki ay keçməmişdi. Daha çox əmimdən sarı narahat idim. Mən bu yaşıma qədər əmimi heç vaxt belə möhkəm, belə güclü görməmişdim. Batmanla gələn dərdin qabağında mərdi-mərdanə, kişi kimi dayanmışdı, qapısına gələn adamlara özü təskinlik verirdi, heç səsi də titrəmirdi. Həmin vaxtlar kəndimiz bir-birinin ardınca qarşıladığı şəhid oğullarını qəbiristanlığa qədər çiynində aparırdı. Deyə bilərsiniz ki, burda qəribə olan nədi, belə də olmalıdı. İş orasındadı ki, bizim qəbiristanlığımız kənddən bir neçə kilometr aralıda, Arazın düz qırağındadı. Son mənzilə hamı ölüsünü nəqliyyatla aparır. Şəhidlər gələndəysə, kənd onları maşınlara mindirmədi, o qədər yolu böyükdən-kiçiyə "Şəhidlər ölməz, Vətən bölünməz" sədaları altında çiynində apardı. Üçrəngli bayrağa bürünmüş tabutların arxasınca izdiham addımlayırdı. Onlar heç tabuta da oxşamırdı, yazqabağı məcrasından çıxan dağ çayında üçrəngli yelkənini açıb ümmana, ölümsüzlüyə doğru üzən qıyığa bənzəyirdilər.
Noyabrın 26-da qardaşımdan zəng gəldi - "qağamız şəhid olub"... Açıq döyüşdə İmranla üz-üzə gəlməkdən qorxub pusquda gizlənmiş mənfur düşmən onu snayperlə vurmuşdu. İmranı tapanda görüblər ki, avtomat darağı boşdur. Son gülləsinə qədər vuruşubmuş... Döyüş yoldaşları məxfi tapşırıqları xüsusi səriştəylə yerinə yetirən "müəllim" ləqəbli əfsanəvi kəşfiyyatçı haqqında danışdıqca qarışıq hisslər məni bürüyür. Heç şübhəsiz ki, qürur duyuram. Bir tərəfdən də düşünürəm ki, birinci Qarabağ müharibəsi başlayanda İmranın 6-7 yaşı ancaq olardı. Biz nə tez böyüdük, ilahi? Elə bil dünən idi, qarğıdan at düzəldib məhəlləmizin tozlu-torpaqlı yolunda "dava-dava" oynamağımız. Elə bil dünən idi Qədir kişinin ot arabasının arxasından sallaşıb gülüşməyimiz. İsgəndər əminin göycəsini daşlayıb, kişi xəbər tutana kimi arxın qırağına tökülən alçaları cibimizə yığıb qaçmağımız. Elə bil dünən olmuşdu dəmir yolunun üstüylə yay klubunda hind kinosuna baxmağa getməyimiz... Çox şeylər qalıb yadımızda, çox şeylər...
Bizim kəndin bir nömrəli orta məktəbi Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adını daşıyır. O, həmin Gəray Əsədovdu ki, uzaq Rumıniya torpağında hücuma keçən rotasını qorumaq üçün sinəsini faşist pulemyotunun qabağına verib sovetlər ölkəsində əfsanəyə çevrilən qəhrəmanlıq göstərmişdi. Bu hadisə 1944-cü ilin payızında olmuşdu. Üstündən yetmiş ildən çox vaxt keçəndən sonra 2020-ci ilin payızında onun adını daşıyan məktəbin yetirmələri yenə də faşizmə qarşı Vətən müharibəsinə qalxdı və qəhrəman oldular. Bu, təsadüf deyil. Biz tarixi unutmamışıq, lakin yağı düşmən nəticə çıxarmağa tələsməlidir. Nəticə çıxarmalıdır ki, bu torpağın qəhrəmanları tükənməzdir, Azərbaycanın dörd bir yanında sevgili Vətəninin namusunu hifz etməyə cümlə gənclər həmişə müştaqdır!
Qürur duyuruq ki, vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbçilər arasında əmim oğlunun da adı var - İmran Cahangir oğlu Məmmədli Azərbaycan Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
İmran, Şahsevən elinin şəhidlik məqamına yüksəlmiş oğulları ilə birgə nur içində yat! Sənin də, şəhid qardaşlarının da qanı yerdə qalmadı, qisasınız alındı! Xatirəniz müqəddəsdir! Nə qədər ki, bu xalq, bu dövlət, bu bayraq var Sizlər bizimlə olacaqsınız!
Natiq
MƏMMƏDLİ
525-ci qəzet.- 2020.- 22 dekabr.- S.16.