Əbədiyyətdəki əziz ünvanlarımız

 

 Şəhidlər ölməz, Vətən bölünməz!

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

Şahanə MÜŞFİQ

shahane.mushfiq@gmail.com

 

 

 

Vətən müharibəsi şəhidlərimizdən Cavadov Mahmud Heydər oğlu 13.04.1999-cu ildə Bakıda anadan olub. Yasamal rayonu 31 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Texniki Universitetini bitirdikdən sonra bu ilin iyununda hərbi xidmətə yollanıb. Goranboyda N saylı hərbi hissənin əsgəri olub. Son dəfə sentyabrın 26-da atası və bacısı ilə görüşüb. Sentyabrın 30-da anası ilə son telefon danışığı olub, xeyir-duasını alıb. Döyüşdə minamyotçu olub. Vətən savaşı zamanı ailəsi övladları Mahmudla əlaqə saxlaya bilmir. Müharibə başa çatdıqdan sonra əsgərin adı itkin düşənlərin sırasında yer alır. Xeyli axtarışdan sonra şəhidimiz Ağcakənd tərəfdəki neytral zonadan tapılır; onun cəsədi, əsir düşən erməni əsgəri ilə dəyişdirilir. Sonradan Mahmudun Ağçay uğrunda gedən döyüşlərdə şəhid olduğu məlum olur.

 

O, Qarabağdan didərgin düşən valideynləri və 2 subay bacısı ilə birgə birotaqlı mənzildə yaşayırdı. Evin sonuncu uşağı idi. Axtarışda olarkən atasının yuxusuna gəlir, "bundan sonra sən də, anam da mənimlə fəxr edəcəksiniz" - deyir.

 

Arzusu iş adamı olmaq olan Mahmud maddi cəhətdən ailəsinə dəstək durmaq istəyirdi. Ona görə də tez bir zamanda əsgərliyi başa vurub arzusunu həyata keçirməyə can atırdı. Təbiətcə mülayim idi. Hobbisi film seyr etmək, lirik musiqi dinləmək idi.

 

***

 

 

 

Cabarzadə Cavid Qorxmaz oğlu 10.08.1997-ci ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində anadan olub. 2004-2008-ci illərdə Qubadlı rayon Qaralar kənd orta məktəbində, 2008-2014-cü illərdə isə Bakı şəhəri 316 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəzdində atıcılıq mərkəzində idmanın oxatma növüylə məşğul olub. Bir çox yarışlarda iştirak edib, yüksək nailiyyətlər qazanıb. 2015-ci ilin oktyabrında hərbi xidmətə yollanıb. Atıcılıq üzrə fəallığı nəzərə alınaraq snayper-kəşfiyyatçı kimi qulluq edib. Cavid 2016-cı ildə Aprel döyüşlərində Şükür Həmidovun batalyonunda döyüşüb.

 

Vətən müharibəsində Milli orduya könüllü yazılan Cavid çağırış əsasında sentyabrın 29-da təlimlərə qatılıb. Zəngilan, Cəbrayıl, Füzuli, Laçın uğrunda gedən döyüşlərdə ön cəbhədə olub, bir sıra kəndlərin və yaşayış məntəqələrinin alınmasında iştirak edib. O, peşəkar snayper olduğundan düşmən mövqelərini dəqiq atəşlə hərbi texnika, canlı qüvvə sarıdan böyük itkilərə məruz qoyub. Cavid oktyabrın 24-də Laçın dəhlizi yaxınlığında qızğın döyüşlərdə ayağından ağır yaralanıb, qan itkisindən dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb. Məzarı II Fəxri xiyabandadır.

 

***

 

 

 

Hüseynli Əliheydər Səlahəddin oğlu 14.04.1994-cü ildə Ağstafanın Qırılı kəndində doğulub. 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi üzrə təhsil alıb. 2015-2016-cı illərdə Bakıda Həqiqi hərbi xidmətdə olub. 2017-ci ildə Azərişıq ASC-də Nərimanov rayonu üzrə Nəzarətçi Mühəndis vəzifəsində çalışmağa başlayıb. Bu il 15 sentyabrda vəzifəsi üzrə Ağstafaya ezam olunub.

 

Nişanlı olan və evliliyə hazırlaşan Əliheydər anası ilə Qırılı kəndində yaşayırdı. Vətən müharibəsinə günlər qalmış - 21 sentyabrda ordu sıralarına qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Dəfələrlə yaralı silahdaşlarını ölümün pəncəsindən xilas edib təhlükəsiz əraziyə yerləşdirdikdən sonra yenidən döyüşə atılıb.

 

Əliheydər ən son anasına noyabrın 8-i səhər saat 11 radələrində Xocavənddən zəng edir, zəfərlərini, sürətlə irəlilədiklərini, torpaqları azad etdiklərini sevincək bölüşür. Sonda isə "Allaha əmanət olun, biz irəli gedirik" - deyir. Bu, son sözü, son döyüşü olur. 11 gün heç bir xəbər alınmır. Yalnız 19 noyabrda məlum olur ki, noyabrın 9-da böyük qələbəyə 4 saat qalmış Xocavənd uğrundakı döyüşlərdə bədəninin 3 yerindən aldığı ağır qəlpə yaraları nəticəsində şəhadətə yüksəlib. 21 noyabrda doğma kənddə torpağa tapşırılıb.

 

***

 

 

 

Mayor Azər Əmrah oğlu Mikayılov 01.08.1980-ci ildə Kəlbəcərin Quzeyçikin kəndində doğulub. 1997-ci ildə Naftalan şəhəri 33 saylı tam orta məktəbi bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi məktəbdə təhsil alıb. 2002-2003-cü illərdə Silahlı Qüvvələrin təlim-tədris mərkəzində təhsilini davam etdirib. 2003-cü ildən Naxçıvanda Silahlı Qüvvələrin Quru Qoşunlarında tağım komandiri kimi xidmətə başlayıb. Xidmət dövründə müxtəlif vəzifələrdə çalışan A.Mikayılov son fəaliyyəti zamanı Xüsusi Təyinatlı Hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifələrini icra edib.

 

O, Vətən müharibəsi başlayandan oktyabrın 11-dək hərbi hissə komandiri kimi Cəbrayıl-Hadrut istiqamətindəki döyüşlərə birbaşa rəhbərlik edib. Rəhbərlik etdiyi hərbi qüvvələr onlarla yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə düşmənin öldürülməsində iştirak edib. 11 oktyabrda Cəbrayıl-Hadrud istiqamətində baş verən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olan komandir oğlunun doğum günündə - 12 oktyabrda torpağa tapşırılıb.

 

Ailəli olan şəhidimizin 2 övladı var. Ailəsi hazırda Bakıda kirayədə yaşayır. Son dəfə oktyabrın 7-də atası Əmrah kişilə telefon əlaqəsi saxlayan Azər düşmən qüvvələrini məhv etdiklərini, qısa zamanda Qarabağı işğalçılardan azad edəcəklərini deyib, ona görə narahat olmamağı tapşırıb.

 

Hərbi xidmət zamanı iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara və nümunəvi xidmətinə görə ona müxtəlif dövrlərdə təqdim olunan III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı igid komandirin böyük rəşadətinin bariz nümunəsidir.

 

***

 

 

 

Əsgərov Samid Gülmalı oğlu 12.10.1989-cu ildə Neftçalada anadan olub. Quru qoşunlarında kapitan rütbəsini daşıyırdı. 2015-ci il yanvarın 17-si Nübar xanımla ailə həyatı qurub. Bu nigahdan 2018-ci ildə Kənan adında oğlu dünyaya gəlib. Müharibə başlayandan döyüşlərə qatılıb. Oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

 

Şəhidin atası deyir ki, Samid ona təkcə oğul yox, dost, sirdaş olmuşdu: "Həmişə onunla fəxr etmişəm. Həmin gün balıq tutmağa getmişdi. Gəldi, dediki, ata, zəng gəlib getməliyəm. Kənanı gətirmə, bilməsin getməyimi. Ayın 1-i heç kəsə arzu etmirəm o gecəni - xəbəri gəldi oğlumun. Səhəri gün özüm gedib gətirdim öz əllərimlə".

 

Anası Samidin uşaqlıqdan vətənpərvər olduğunu deyir: "Samid hər zaman ailəsinə, vətəninə layiqli övlad olub. Şəhidlik haqqında heç nə deməz, danışmazdı. Həmişə "Vətənə olan borcunu ödəmək hər kəsin vəzifəsidir" - deyərdi. İşi, harda olması haqda bizə məlumat verməmişdi. Elə "buralardayam" - deyərdi. Müharibə başlayanda məzuniyyətdə idi. Amma evdə də zəng edirdi tez-tez ki, "nəsə problem varsa, lazımamsa gəlim". Halbuki bir aylıq təlimdən yenicə gəlmişdi. İki gün sonra Samidi çağırdılar. Həmin gün balasından gizli yola saldım. Məni, atasını öpdü və getdi. Üç gün cəmi əlaqəmiz oldu. Deyirdi: "Heç narahat olmayın. Hər şey yaxşıdır. Mən arxadayam". Həmin gecə yuxuda gördüm, dedi ki, ana, mən yaralanmışam. Ondan sonra xəbər olmadı. İki gün sonra şəhid xəbəri gəldi".

 

***

 

 

 

Nüsrətli Ceyhun Aqil oğlu 1995-ci il aprelin 8-də Bakıda anadan olub. İxtisasca kimya müəllimi olan Ceyhun Bakıda anası və qardaşı ilə birgə yaşayırdı.

 

2019-cu ilin oktyabr çağırışında həqiqi hərbi xidmətə yollanıb, manqa komandiri kimi vəzifəsini icra edib. Müharibə başlananda onun evə dönməsinə cəmi 4 gün qalmışdı. Buna baxmayaraq, o da döyüş yoldaşlarıyla birgə müharibəyə qatılıb, ön xətdə xidmət edib. Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətiylə fərqlənən Ceyhun son dəfə ailəsiylə sentyabrın 28-də danışıb və "narahat olmayın, döyüşdəyik, torpaqlarımızı azad edəcəyik" - deyib. Oktyabrn 1-i hərbi xidməti bitirməli olan əsgər ondan bir gün qabaq sentyabrın 29-u qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

***

 

 

 

Bağırov Ramin Nərman oğlu 19.04.1999-cu ildə Şahbuzun Badamlı qəsəbəsində ailənin 3-cü övladı olaraq dünyaya göz açıb. Ondan böyük bacısı və qardaşı var. 2006-cı ildə həmin qəsəbədəki orta məktəbdə 1-ci sinfə başlayır. 2013-cü ildə 8-ci sinifi bitirib Naxçıvanda Heydər Əliyev adına hərbi məktəbə daxil olur. 2016-2019-cu illərdə Bakıda H.Əliyev adına Ali Hərbi məktəbdə oxusa da, müəyyən səbəblərdən ordan xaric olunur. N saylı hərbi hissədə Lələtəpə postunda plemyotçu kimi 9 ay xidmət keçir. Xidməti bitdikdən sonra Naxçıvana qayıdıb 2 aydan sonra 35 günlük Xüsusi Təyinatlılar kursu keçir və oktyabrın 18-də Qarabağ döyüşlərinə qatılır. Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə plemyotçu olaraq vuruşur. Oktyabrın 27-si Xocavənddə snayperlə başından vurularaq şəhid olur. Oktyabrın 29-u ailəsinə xəbər verilir, növbəti gün Badamlı kəndində dəfn olunur.

 

Ramin son dəfə Füzulidə döyüşən bibisi oğlu, komandir, leytenant Arif Niftəliyevlə görüşür. O görüşdən sonra Arif hər iki ayağından yaralanaraq qazi olur, bir gün sonra isə Ramin şəhidliyə yüksəlir.

 

***

 

 

 

Qazaxın Ürkməzli kəndinin şəhidi Şükürov İlkin Aslan oğlu 27 avqust 1995-ci ildə doğulub. 2001-2012-ci illərdə həmin kəndin Saqif Nəsirov adına tam orta məktəbində təhsil alıb.

 

2013-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılır. 2015-ci ilin aprelində hərbi xidməti bitirdikdən sonra 3 aylıq gizirlik kursu keçir. Sonra Beyləqanda N saylı hərbi hissədə gizir kimi xidmətə başlayır.

 

Bu il aprel ayında nişanlanan İlkin Vətən müharibəsi başlanan ilk gündən ön cəbhədə döyüşürdü. Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşını xilas etməyə çalışarkən snayper gülləsinə tuş gələn qəhrəman gizirimiz şəhidlik zirvəsinə ucalır. İki bacının tək qardaşı olan igid şəhidimiz oktyabrın 15-də Qazaxda torpağa tapşırılıb.

 

***

 

 

 

İsayev Vüsal Firdovsi oğlu 1983-cü il aprelin 5-i Yevlaxda anadan olub. 2014-cü ildə MAXE kimi xidmətə başlayıb. Kiçik çavuş rütbəsi daşıyıb. Ailəli şəhidimizin bir oğlu və bir qızı var. Qızı xəstəlikdən əziyyət çəkir. Müharibənin ilk günündən döyüşlərdə iştirak edirdi. Oktyabrın 5-i Talış kəndi istiqamətində döyüşlərdə ayaqlarından yaralanmağına baxmayaraq, yenidən döyüşə davam edib. Yaralı əsgərlərə kömək edən zaman mərmi düşüb və qəhrəmancasına şəhid olub.

 

Vüsalın ən böyük arzusu Qarabağın azad edilməsi olub. Hər zaman "indi biz döyüşməsək, gələcəkdə bu problem övladlarımıza qalacaq" - deyərmiş. Müharibə zamanı son danışığında "haqqınızı halal edin, getmək var, gəlmək yoxdur. Canımız bahasına alacağız torpaqlarımızı. Övladlarım sizə əmanətdir" -deyib. Və belə də olub. Torpaqlarımızın azadlığı uğrunda Vüsal şəhadətə ucaldı, ordumuz isə zəfər çaldı.

 

***

 

 

 

Qasımov Həmid Oruc oğlu 11.12.1994-cü ildə Şərurun Qışlaqabbas kəndində anadan olub. 9 yaşından atasız böyüyən Həmid 2009-cu ilədək Kəngərli rayon Qabıllı kəndində anası və qardaşıyla birgə yaşayıb. 2016-cı ildə AAHM-dən məzun olub. Həmin ildən Goranboyda N saylı hərbi hissədə leytenant rütbəsilə tağım komandiri vəzifəsində xidmətə başlayıb. 2017-ci ildə Tərtərin N saylı hərbi hissəsinin tabeliyində olan Mübariz İbrahimov postunda xidmətə başlayıb. 2019-cu ildə ordu komandanlığı tərəfindən göstərdiyi xidmətləri nəzərə alaraq Baş Leytenant rütbəsi ilə mükafatlandırılıb, Bölük komandiri vəzifəsinə təyin edilib. Xidməti dövründə komandanlıq tərəfindən 3 dəfə fəxri fərmanla mükafatlandırılıb.

 

Nişanlı döyüşçümüz ilk gündən öz taboru ilə birgə Vətən müharibəsinə qatılıb və silah yoldaşlarıyla düşmənin ön cəbhəsini məhv ediblər. Əsgərlərinin sözlərinə görə, Həmid həmişə onlara bir neçə metr ondan arxada gəlməyi tapşırarmış. İlk yarasını qarnından alan Həmid əsgərlərinin təkidinə baxmayaraq, yenidən döyüşməyə davam edib. 2-ci dəfə düşmən snayperinin açdığı atəşlə boğazından yaralanıb və əsgərlərinə gülümsəyərək şəhadətə ucalıb. Oktyabrın 3-də şəhid olan Həmid ailəsiylə son danışığında halallıq istəyib və "bu döyüşdən sağ da qayıtsam, şəhid də olsam, öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirəcəyimi bilin" - demişdi. Hətta o, müharibə başlanan gün qardaşına zəng edib, özünün döyüşə getdiyini deyib və onun da könüllü orduya yazılmasını istəyib: "Mən Qarabağdan döyüşərək Naxçıvana yol açacam. Sən də Naxçıvandan döyüşərək Qarabağa doğru gəl və burda görüşək, zəfəri bizə yaraşan şəkildə qeyd edək".

 

Müharibənin ilk günü əsgərlərinə deyib: "Bu yol şərəf yoludur. İllərlə həsrətində olduğumuz torpaqlarımız uğrunda şərəflə döyüşmək bizə qismət oldu. Döyüş meydanında nə olursa olsun, əsla, geriyə baxmayın. Şücaətlə, qorxusuzca düşmənin üstünə gedin. Çünki biz tarix olanlar deyilik, tarix yazanlarıq".

 

***

 

 

 

Umarov Anar Məhəmməd oğlu 12 may 1991-ci ildə Yevlaxda anadan olub. 2012-ci ildə MAXE kimi xidmətə başlayan Anar çavuş rütbəsinə yiyələnib. Ailənin tək oğlu olub, bacısı və valideynləriylə birgə yaşayıb.

 

Vətənə bağlı olan, onu qəlbən sevən Anarın ən böyük arzusu torpaqlarımızın azad edilməsi və bu uğurda şəhid olmaq idi. Elə bu arzuyla da müharibənin ilk günündən döyüşlərə qatılıb və oktyabrın 30-u Murovdağda gedən döyüşlərdə şəhadətə yüksəlib. Əziz şəhidimiz noyabrın 2-də dəfn edilib.

 

Son dəfə anasıyla danışanda hər şeyin yaxşı olduğunu deyib və əlavə edib: "Ana, əhd etmişəm, salamat gəlim, ayaqlarından öpəcəm". Qəhrəman şəhidimizin bu əhdi gerçək olmasa da, anasının, ailəsinin başını uca edib xalqın könlündə əbədi ömür qazandı.

 

***

 

 

 

Məhərli Muraz Baxşalı oğlu 21.12.1993-cü ildə Yevlaxın Salahlı kəndində anadan olub. MAXE kimi xidmət edən hərbçimiz ailədə atası, anası, qardaşı və nənəsi ilə birlikdə yaşayıb. Atası 2018-ci il fevralın 18-də rəhmətə gedib.

 

Müharibənin ilk günündən döyüşlərə qatılan Muraz elə həmin gün Tərtərin çaylı kəndində cəbhə yoldaşlarıyla birgə 2 erməni postu aldıqdan sonra qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Muraz son dəfə sosial şəbəkədə çavuş yoldaşlarıyla birgə yemək masasının şəklini paylaşıb. Sentyabrın 22-də çəkilib paylaşılan şəklə şəhidimiz: "Bəlkə də qardaşlarımla son masamızdır. Bəlkə də bu gün bir də mənə qismət olmayacaq" - yazıb.

 

***

 

 

 

Mədətov Zaur Kamal oğlu 16.11.1999-cu ildə Sumqayıtda anadan olub. Ailəsiylə birgə Xırdalanda yaşayır, "Kristal Abşeron"un Xırdalan filialında sahə rəisi vəzifəsində işləyirdi. Zaur uşaqlığından idmanla məşğul olub, həm bölgələrdə, həm də xarici ölkələrdə keçirilən yarışlarda bayrağımızı indi olduğu kimi ən yüksək zirvəyə qaldırıb.

 

Ali Baş Komandanın əmriylə sentyabrın 21-də hərbi vəzifəlilərin təlim toplantısına qatılıb və 27 sentyabrdan döyüşlərdə iştirak edib. Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə böyük rolu olub. Ailəsiylə son danışığında deyib ki, hər şeyə hazırlıqlı olun, hər an hər şey ola bilər.

 

Ən böyük arzusu bayrağımızı işğaldan azad olunmuş torpaqlarda dalğalandırmaq olan Zaur bu uğurda oktyabrın 8-i Füzulidə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

***

 

 

 

Şəhid Əliyev Səmid Xoşbəxt oğlu 5 iyun 1998-ci ildə Sumqayıtda anadan olub. Əslən İsmayıllının Tircan kəndindəndirlər. Valideynlərinin 7 ilik oğul payı həsrətindən sonra dünyaya gəlib. Ona Böyük Vətən müharibəsinin II qrup əlili, Sumqayıt Sənaye İnstitutunun fəlsəfə üzrə baş müəllimi, babası Səmid Əiyevin adını vermişdilər. Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Həqiqi hərbi xidmət borcunu şərəflə başa vurduqdan sonra istehsalatda çalışmağa başlayıb. Ailədə 3 bacının yeganə qardaşı olan Səmid nişanlı idi.

 

Vətən müharibəsi başlamazdan əvvəl, 21 sentyabr tarixində könüllü ön cəbhəyə gedib. Oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

 

***

 

 

 

Vəliyev Məhəmməd Nail oğlu 27.07.1996-cı ildə Masallının İmanlı kəndində doğulub. 2016-cı il Aprel döyüşlərində minaatan batareyanın tərkibində düşmənə qarşı vuruşub. 2020-ci ildə müharibənin başladığını eşidən kimi könüllü cəbhəyə yollanıb. Aprel döyüşlərində öz sahəsində qazandığı təcrübələr sayəsində cəbhənin Füzuli, Cəbrayıl-Qubadlı istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurub.

 

Qəhrəman döyüşçümüz oktyabrın 21-də Füzulidə şəhadətə yüksəlib.

 

Oktyabrın 18-dəki son telefon danışığında təkcə ailəsiylə deyil, sanki vidalaşırmış kimi bütün dostlarıyla da danışıb, halallıq alıb.

 

Özünün sevib-seçdiyi xanımla ailə quran şəhidimizin bizə əmanət bir oğlan, bir qız əkiz övladları qalıb.

 

***

 

 

 

Mustafalı Əlizamin Valeh oğlu 01.09.1997-ci il Beyləqanda anadan olub. Əslən qazaxlı olan Əlizamin 2015-ci ildə Sumqayıt hərbi komissarlığından hərbi xidmətə yola düşüb. 2017-ci ildə DŞK pulemyot atıcısı kimi xidməti uğurla başa vuraraq geri dönüb.

 

2020-ci ildə iyul döyüşləri zamanı general Polad Həşimov şəhid olanda könüllü səfərbərliyə yazılıb. Sentyabrda başlanan Qarabağ döyüşlərində yenidən könüllü müraciət edib. Nəhayət, sentyabrın 29-da Sumqayıtdan müharibəyə qatılıb. Uğurlu xidmətinə görə gizirlik rütbəsinə layiq görülüb. Bir aya yaxın cəbhənin ən qaynar nöqtələrində döyüşən qəhrəmanımız oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. Onu uğrunda can verdiyi torpağa oktyabrın 22-də Sumqayıtda Şəhidlər Xiyabanında tapşırırlar. İgid şəhidimizdən bizə yadigar 2 övladı qaldı.

 

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

525-ci qəzet.- 2020.- 22 dekabr.- S.14-15.