Vətən müharibəsində qələbəmizin fəlsəfi-tarixi dərki  

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin.

 

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan  dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın "El gücü, sel gücü", "El bir olsa, dağ oynadar yerindən" deyimləri yeni - əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.

 

Bu Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik.

 

Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni  tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

 

Aydındır ki, müharibədə qələbə olduqca çox amillərin bir-birini tamamlaması, ardıcıl, məqsədyönlü, kəsərli, ölçülüb-biçilmiş kompleks səylərin və mübarizənin nəticəsində əldə edilir, lakin müharibənin ilham verəni, bütün xalqı ətrafında birləşdirib vahid məqsəd üçün səfərbər edəni və hər anına rəhbərlik edib yönəldəni olmasa, hazırkı ağır şərtlər altında bu möhtəşəm qələbəyə nail olmaq mümkün olmazdı. Qələbəmiz Prezident İlham Əliyev düşmənin başı üstündə Damokl qılıncı kimi tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi.

 

Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini Qələbəyə yönəltdi. Qələbə də, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə Vətəni, Dövləti şərəfləndirməyə sövq edir.

 

Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın.

 

Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığı doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi. Genetik kodlarımızda oturduğuna görə bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə və döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. İndi biz də alnıaçıq surətdə qəhrəman xalqların sırasındayıq. Ulu öndər Heydər Əliyev deyirdi: "Milli azadlığa nail olmaq üçün Milli oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır". Heç şübhəsiz, bu, öz-özünə baş verən proses deyildi, yalnız ardıcıl milli siyasət yürüdülməsi, məqsədyönlü dövlət strategiyasının həyata keçirilməsi sayəsində tədricən formalaşan, zamanın tələb etdiyi həyati dönüş anında isə oyanmış vulkan kimi püskürən bir prosesdir. Bu milli ruhun və dirənişin üsyan anıdır, özünütəsdiq nöqtəsidir.

 

Yeri gəlmişkən, bu tarixi qələbəmiz yalnız bizləri deyil, Vətənin azadlığı üçün öz qələmləri və çağırışları ilə qəhrəmanlıq və qələbə ruhunu illər boyu xalqımıza təlqin edən, vətən davasına çağırışlı şeirləri və əsərləri ilə xalqımızın tarixi yaddaşında daimi yerlərini almış Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin və onlar kimi nə qədər torpaqlarımızın azadlığını görmədən bu dünyadan nisgilli köçən fikir və sənət adamlarımızın ruhunu da sevindirdi.

 

Təbiidir ki, qələbələr bir qayda olaraq qəhrəmanlıq dastanları yaradır. Belə dastanlar da yeni nəsilləri hər zaman, hər işdə qələbəyə ruhlandırır. Qəhrəmanlıq dastanlarında milli-fəlsəfi qayə xüsusilə qüvvətli olur. Hüseyn Cavid "Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir" dediyində nə qədər haqlı imiş. Biz indi bu günədək vətənsevərlik sahəsində "külüng" vuran bütün yaradıcı şəxsiyyətlərimizin, müəllimlərimizin, milli qeyrətli dövlət və siyasət xadimlərimizin zəhmətlərinin hədər getmədiyinin şahidi oluruq, bu fəaliyyətlərin bəhrə verdiyini məmnuniyyətlə seyr edirik.

 

Etiraf edək ki, indiyədək yaralı bir bədən kimi yaşasaq da, yeri gəldi-gəlmədi yetərincə çalıb-oynamışıq. Bundan belə isə, mənim fikrimcə, bayağılıqdan, cəmiyyətimizə yad olan dəyərlərdən (əslində dəyərsizliklərdən) uzaq durmalı, əsl milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Vətən müharibəsində qazandığımız qələbəni sadəcə çalıb-oynamaqla qeyd etməli deyilik. Bu qələbəni dərin məntiqi-siyasi-bədii-fəlsəfi dərinliklə təhlil edib düşündürən, onu tarixi yaddaşımıza həkk edən bir hadisəyə çevirməliyik. "Bu illər boyu biz nədən məğlub idik, qələbəyə gətirən yolu necə keçdik, qələbəmizə necə nail olduq" suallarını unutmamalıyıq.

 

Qələbəyə fəlsəfi düşüncə ilə yanaşsaq, onun böyük dəyişdirici gücünü görərik. Əlbəttə, qələbəni təmin edən, yuxarıda da vurğuladığımız kimi, bütövlükdə Dövlətdir. Dövlətin siyasi iradəsini, strategiya və taktikasını müəyyən edən, həyata keçirilməsinə rəhbərlik edən isə xalqın seçib mandat verdiyi dövlət başçısıdır. Prezident İlham Əliyevə 17 il ərzində xalqımızın mütləq əksəriyyətinin güvən və etibarı, onun şəxsiyyətinə, siyasi iradəsinə, vətənə və dövlətçiliyimizə sədaqətli xidmətinə xalqın inamı da bu tarixi qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə daxil oldu. Həm xalqımız, həm ordumuz, həm də Prezidentimiz üçün 44 günün hər biri şərəf və ləyaqət günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edib birləşdirdi.

 

Vətən müharibəsində qələbələrimiz təlim-tərbiyə işimizin on illərlə yetişdirə biləcəyi müsbət mənəvi keyfiyyətləri 44 gündə elə gücləndirdi, ona elə bir yeni məzmun verdi ki, bunu ancaq dərin fəlsəfi təhlil ilə xırdalamaq olar.

 

Məlumdur ki, müstəmləkəçilikdən azad olan əksər xalqlara xas olan ümumi cəhətlər vardır. Bunlara qısa nəzər salsaq görərik ki, bunların sırasında xalqın bir sıra mənsublarında hələ də özünə münasibətdə aşağılıq sindromu, zəiflik, öz gücünə güvənməmək hissi və bu kimi siyasi-mənəvi asılılıqdan qaynaqlanan xüsusiyyətlər qalmaqdadır. Azadlıq əldə edən xalqların bir çoxu bu sindromdan daha tez yaxa qurtara biliblər. Bizdə isə, müstəqilliyin ilk illərində ardıcıl dövlət siyasətinin olmaması, əslində, dövlətin siyasət qanunları ilə deyil, meydan psixologiyasından doğan subyektiv, spontan qərarlar və üsullarla idarə edilməsi, bir sıra hallarda isə ümumiyyətlə idarəçiliyin mövcud olmaması, bununla yanaşı, torpaqlarımızın təcavüzkar Ermənistan dövləti tərəfindən işğalı və bu işğala böyük güclərin dəstək verməsi bu prosesi daha da uzatmışdı. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşü bu xüsusların əksəriyyətinin aradan qalxmasına, xalqımızın milli birliyinin və dövlətçilik təəssübkeşliyinin kökündən dəyişməsinə şərait yaratdı. Milli dövlətçiliyin etibarlı təməli və onu əbədi yaşatmağın iqtisadi-siyasi zəminləri qoyuldu.

 

Yeni siyasi şəraitdə, 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyevin qarşısında duran vəzifələr sırasında, əlbəttə ki, birinci dərəcəli vəzifə torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan Respublikasının pozulmuş ərazi bütövlüyünü təmin etmək idi. Lakin etiraf edilməlidir ki, siyasi müzakirələrin dalana dirənməsi, Ermənistanın davakar, ekstremist rəhbərlərinin danışıqlar pərdəsi altında həmsədr ölkələr tərəfindən də örtülü şəkildə dəstəklənən işğalı əbədiləşdirmək siyasəti xalqımızın müəyyən təbəqələrində ümidsizlik doğurmuşdu, bir sıra hallarda təəssüf və ağrı ilə əlini yelləyib Qarabağ və ətraflarının əlimizdən birdəfəlik çıxdığını da büruzə verənlər var idi. Bu xoşagəlməz vəziyyət bu və ya digər formada 27 sentyabradək davam edirdi. Bu mənada 27 sentyabr 2020-ci il tarixi həm də müsbət anlamda xalqımızın təfəkküründə, düşüncəsində, əməli fəaliyyətində bir Qırılma nöqtəsi oldu. İllər boyu torpaqlarımızın düşməndən geri alacağımıza xalqımızı ruhlandıran, silahlı qüvvələrimizin ən modern silah və texniki vasitələrlə təchizini təmin edən və hərəkət anını böyük strateji ustalıqla müəyyənləşdirən Ali Baş Komandan xalqımızın həyəcanla gözlədiyi Vətən müharibəsini başlatmaqla məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı.

 

Ümumilikdə götürəndə, qələbə insanın təfəkkürünü dəyişir, bu, müsbət istiqamətdə də ola bilər, mənfi də. Bu, ondan asılıdır ki, bu, hansı müharibədə və kim tərəfindən qazanılır. İşğalçı müharibədə istilaçının qələbəsi bütöv bir xalqın adi şüurunu istismar edib hüquq və ədalətin deyil, qaba gücün üstünlüyünü və aliliyini təlqin edərək insanlığa yad olan, sağlam düşüncəyə uyğun gəlməyən "keyfiyyətlər" yaradır. Faşizm, neofaşizm meylləri istilaçı "millətin zehninə hakim olur, onun hərəkətləri üçün cəzasızlıq hissi yaradır, onu yeni aqressiyaya təhrik edir.

 

Vətən müharibəsi aparan, öz ərazisində işğal edilmiş torpaqları azad etmək üçün müharibə aparıb zəfər çalan xalqın və onun ordusunun, sivil vətəndaşının və əsgərinin düşmən üzərində qələbəsi isə tamamilə fərqli meyarlar yaradır, vətəndaşın düşüncə və fəaliyyətinin məzmununu, formasını, tərzini, miqyasını müsbət istiqamətdə dəyişdirir, birbaşa insan mənəviyyatına nüfuz edir. Qeyd etməliyik ki, Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan Ədalətə inamı artırdı, diqqətəlayiq isə budur ki, ədaləti özümüz bərpa və bərqərar etdik. Aydındır ki, uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoyur.

 

Qələbə Vətən üçün ümummilli iftixar hissi yaradır. Məmməd Arazın "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misraları qəlblərə və zehinlərə nüfuz edir. Bu qələbə Heydər Əliyev siyasətini dönmədən həyata keçirən, olkəmizin bütün bütün etnoslarını vahid Azərbaycan milləti kimi Vətən müharibəsinə hazırlayan, "Mən hər bir azərbaycanlının Prezidentiyəm", "Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir" - deyən Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir.

 

Qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin Dəmir Yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm Birliyi ilə, həm də bu birlikdən qaynaqlanan Gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.

 

Qələbəmiz, beləliklə, birliyimizin yenilməz gücünü ortaya qoydu. "El bir olsa, dağ oynadar yerindən" - deyib babalarımız. Belə də oldu. Ölkəmizdə ümumi səfərbərlik elan edilməsə də, hər kəs yaşından və cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər idi. Vətəndaşlarımız ailəliklə vuruşurdu, qəhramanlıqla şəhid olurdu, iki oğlu olan və hər ikisini qurban verən valideynlər, əri və oğlu şəhid düşən ana mərdanə dayanıb Vətən sağ olsun deyirdi. Qəhrəmanlıqla şəhid olan həyat yoldaşının tabutunu çiynində daşımaqla ona son vəfa borcunu verən gənc xanım qəddini dik tutub "Canımız Vətənə fəda" deyirdi.

 

Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Onlar da "canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər" - deyirdilər. Əsgərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbr, təmkin qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq onun etimadını doğruldan Prezidentinə tamamilə inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi.

 

44 gün ərzində ölkəmizdə tamamilə yeni, fərqli bir sosial-psixoloji vəziyyət yaranmışdı. Prezidentin xalqa hər müraciəti, ya xarici kütləvi informasiya vasitələrinə müsahibəsi xoş həyəcanla izlənirdi. Ali Baş Komandanın hər bir qələbə müjdəsi ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən xəbər verməklə, eyni zamanda, bütün xalqı inamlı qələbə ruhuna kökləyirdi. Prezident İlham Əliyevin xüsusilə vurğuladığı kimi, 44 gündə ordumuz ancaq irəli getdi, mövqelərindən heç bir metr də geri çəkilmədi, halbuki müharibədə belə hallar olur. Bu, Azərbaycan əsgərinin hünər və mətanətinin bariz göstəricisi idi.

 

Vətən müharibəsinin daha bir mühüm cəbhəsi mənfur düşmənin dünyanın aparıcı kütləvi informasiya vasitələrində bizə qarşı başlatdığı informasiya savası idi. Türkəfob, islamofob mövqeli bir sıra mətbuat nümayəndələri xalqımızın haqlı davasına kölgə salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Lakin Prezident İlham Əliyev əsla xeyirxah olmayan belə xarici junalistlərə cavablarında dronlarımız kimi dəqiq hədəfə vururdu, həm Azərbaycan həqiqətlərini yeridir, həm də ölkəmizə, ordumuza qarşı böhtan və iftiraları dəlillərlə ifşa edirdi. Ordumuzun qalibiyyətli ölüm-dirim savaşı cəbhədə gedirdi və xalq onun təfərrüatlarını deyil, nəticələrini görürüdü. Prezidentin beynəlxalq güclərin və qurumların ölkəmizə təzyiqlərə qarşı mübarizəsi isə, bütün xalqın gözü qarşısında baş verirdi. Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin, dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edirdi. Vətən naminə döyüşə könüllü yazılanlar o qədər çox idi ki, dövlətin ümumi səfərbərlik elan etməsinə ehtiyac belə qalmamışdı. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.

 

Bu 44 günlük müharibə tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda, yaxın və uzaq gələcəkdə də bu yaddaşı oyaq və sərvaxt tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutmamağı zəruri edir. Çünki düşmən adi, sıradan bir düşmən deyildir, olduqca zalım, qansız, vicdansız, bir sözlə, bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir "vəhşi qəbilədir". Atalar məsəlimizdəki "Qarı düşmən dost olmaz" deyimi tam bu düşmənin boyuna biçilib. Nəzərə almalıyıq ki, "sülh" bağlanması labüddür, olmalıdır, bütün əski müharibələrin sonunda olduğu kimi. Amma tarixin dərslərindən də gördüyümüz kimi, bu düşmən heç vaxt dost ola bilməz, çünki dostluq onun xislətində yoxdur. Xalqlar dostluğu deyilən kəlmə bunlara aid deyildir, çünki onların "xalq" adlanmağa haqları yoxdur. XXI əsrdə belə misli görünməmiş vandalizm (abad evlərə yiyələnib indi çıxmalı olduğunda onu yandıranlara, meşələrə od vuranlara, dilsiz-ağızsız ev heyvanlarını qətlə yetirənlərə xalq demək olarmı?) törədənlərin xalq adlanmağa haqqı çatmır.

 

Yumruğumuz daim başlarının üstündə olmaldır ki, Prezidentimizin dediyi kimi, bizim tərəfə baxmağa belə cəsarət etməsinlər. Əlbəttə, bir tarixçi və diplomat olaraq illər boyu bir-biri ilə müharibələr aparan xalqların, dövlətlərin, sonunda sülh və əməkdaşlıq, hətta müttəfiqlik yolunu seçdiklərini və bunun çoxlu nümunəvi örnəklərinin olduğunu bilirəm və məqsədim heç də düşmənə nifrət hisslərini qızışdırmaq deyildir. Məqsədim ermənilərin tarixin müxtəlif dövrlərindəki xəyanətlərinin, 1905-ci ildə, 1918-1920-ci illərdə, 1988-1994-cü illərdə xalqımıza qarşı etdiyi soyqırımlarının, zorakı köçürmə siyasətlərinin, ata-baba torpaqlarımıza acgözlüklə yiyələnmələrinin acı nəticələrinin dərslərini unutmamağı təlqin etməkdir. Qonşu olduğumuzdan qarşılıqlı kommunikasiya asılılıqlarına görə, xoş niyyətimizə görə təbii ki, ermənilərlə əməkdaşlıq edəcəyik. Lakin 30 illik erməni işğalının və 44 günlük qalibiyyətli Vətən müharibəsinin verdiyi mühüm dərslərdən biri hər zaman ehtiyatlı olmaq, düşməndən qat-qat güclü olmaq, onlara və havadarlarına xas olan yağlı dillərə və feillərə əsla uymamaqdır. Əminəm ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəkdir.

 

 

Eynulla MƏDƏTLİ

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

 

525-ci qəzet.- 2020.- 22 dekabr.- S.12;13.