Ömrə bərabər gün...
Avqust
ayının istisi Bağdadda artıq əlli beş
dərəcəyə çatmışdı. Bağdadlılar
bu istiyə öyrəşmişdilər. Hətta
zarafatla bir hadisəni yada salıb deyərdilər: "Bir
gün Osmanlı paşası Bağdada gəlir. Bu, yay
aylarına təsadüf etdiyindən paşa şikayətlənir:
"Niyə bu qədər istidir?" Ona cavab
verirlər ki, bu isti xurmanın yetişməsi
üçündür. Paşa isə: "Əgər
bu istiyə səbəb xurmadırsa, onda bütün
xurmaları qırın!"
Lakin bu gün Bağdad başqa bir od-alovun içərisində
idi. Səddam Hüseyn rejiminə son qoymuş Amerika
ordusu artıq bir ildən çoxdur ki, Bağdada daxil
olmuşdu. Ölkəni xaos
bürümüşdü. Yeni
seçilmiş prezident, milliyətcə kürd olan Jəlal
Talabani vəziyyətdən çıxış yolu tapa
bilmirdi. Hər gün şəhərin müxtəlif
yerlərində baş verən və günahsız insanların
ölümünə səbəb olan saysız-hesabsız
partlayışlar, güllə səsləri, evlərə
silahlı basqınlar, adam oğurluğu,
elektrik enerjisinin olmaması, suyun və ərzaq
çatışmazlığı həyatı dözülməz
etmişdi. Hətta xalq arasında bu vəziyyəti təsvir
edən bir şeir də yaranmışdı:
Lə
may, lə dou, lə təmr hindi,
Fouq əl-fıqr
va əl-ğəm, raisinə əl-kurdi!
(Nə su
var, nə işıq, nə hind xurması,
Kasıbçılıq
və qəm bir yana,
Üstəlik, padşahımız da kürddür).
Bir neçə ay əvvəl əmin-amanlıqla
yaşayan Bağdaddan əsər-əlamət
qalmamışdı. Ölkə iki yerə - sünni və
şiə cəbhəsinə bölünmüşdü.
Hətta ölkənin paytaxtı da sünni və
şiə rayonlarına parçalanmışdı. Sünnilər şiələrin, şiələr də
sünnilərin olduğu rayonlara gedə bilmirdilər. Bu isə adamların gündəlik həyatını
daha da çətinləşdirirdi. Məsələn,
əgər sünni olan şəxsin şiələr olan
rayona işi düşürdüsə və ya əksinə,
onda həmin kəs başqa məzhəbdən olan bir adamla
danışır, "sərhəd" xəttində
görüşüb, məsələni həll edirdilər.
Təbii ki, göstərilən xidmətin
öz haqqı var idi. Hətta bəzi yerlərdə həmin
rayonlar arasında üç metr hündürlüyündə
beton bloklar da quraşdırılmışdı...
Sünni
və şiə probleminin kökü tarixin dərin
qatlarına, ən azından dördüncü xəlifə
İmam Əli bin Abu Talibin - Əmir əl-Möminin
dövrünə gedib çıxır. Məni
onun yaranma tarixi və səbəbi maraqlandırırdı.
Bunu öyrənmək üçün müxtəlif
ərəb mənbələrinə müraciət edirdim.
Hər dəfə oxuduğum kitablarda ziddiyyətli
fikirlərə rast gəlirdim. Bir dəfə
bu haqda fikrinə hörmətlə yanaşdığım
Haccı Ğassandan soruşdum. O, bunu mənə belə
izah etdi:
-
Üçüncü xəlifə Osman ibn Affan Məhəmməd
Peyğəmbərin qızı Ruqiyyənin ölümündən sonra
Peyğəmbərin başqa bir qızı - Umm Kulsum ilə
evlənir. O, 656-cı il iyun ayının
17-də özünü müsəlman kimi qələmə
verən Abdulla ibn Saba adlı yəhudi tərəfindən qətlə
yetirilir. Xəlifənin ölümündə
onun tərəfdarlarının, xüsusən də, İmam
Əlinin əli yox idi. Bu qətl müsəlmanlar
arasında nifaq salmaq üçün
düşünülmüş tələ idi. Osman ibn Affan müsəlmanlar arasında böyük
hörmət sahibi olduğundan qureyşlilər arasında
"Qoy Allah səni qureyşlilər Osmanı sevdiyi kimi
sevsin" kimi bir məsəl də dillər əzbəri
olmuşdu.
Osman ibn Affanın ölümündən sonra İmam
Əli Əbu Talib xəlifə seçilir. Əvvəl
o, buna razılıq vermir. Sonra müsəlmanlar
arasında sülh, əmin-amanlıq yaradacağını
düşünüb razılaşır. Lakin
bu seçim müsəlmanlar arasında birmənalı
qarşılanmır. Onun tərəfdarları
kimi, əleyhdarları da olur. Əleyhdarları
arasında Məhəmməd Peyğəmbərin dul
qalmış arvadı, Əbu Bəkirin qızı Aişə
və Osman ibn Affanın yaxın qohumu, xilafətin
Suriyadakı canişini Müaviyyə ibn Sufyan da var idi. Ölkədə Əli İbn Talibə qarşı
üsyanlar başlayır. O, Bəsrə
yaxınlığında toplaşmış
üsyançıları tarixdə "Dəvə
döyüşü" adlanan savaşda darmadağın
edir. Döyüş zamanı Aişə ibn
Əbu Bəkiri əsir götürüb, Əli Əbu
Talibin yanına gətirirlər. İmam Əli əsir
alınmış Aişəyə: "Siz, möminlərin
anası (Umm Əl-Muminin) sayılırsınız, bu
müharibədə nə işiniz var!? Qayıdın
evinizə", - deyir və onu öz qardaşı Məhəmməd
Əbu Bəkirin müşayiəti ilə Mədinəyə
yola salır. Aişə ömrünün
sonunadək orada yaşayır və bir daha siyasi
münaqişələrə qarışmır. Bu döyüşdən sonra İmam Əli
Müaviyyə ibn Sufyana qarşı müharibəyə
başlayır. Hər iki tərəfin
qoşunları Suriya ilə İraq sərhədindəki
Siffin deyilən yerdə üz-üzə gəlirlər.
Beşgünlük şiddətli
döyüşdən sonra Müaviyyə ibn Sufyan
döyüşü uduzduğunu görüb, əsgərlərinə
Quran vərəqlərini nizələrə taxıb göyə
qaldırmağı əmr edir. Bu isə
özlüyündə sülhə və mübahisənin
münsiflər məhkəməsi tərəfindən həll
edilməsinə nail olmaq məqsədi güdürdü. İmam Əli Quran vərəqlərinin göyə
qaldırıldığını görüb,
döyüşü dayandırmağı əmr edir.
Sonra sərkərdələri yığıb iclas
keçirir:
-
Müharibəni dayandıraq, yoxsa davam etdirək?
Bu zaman onun tərəfdarları arasında fikir
ayrılığı yaranır. Bəziləri təkid
edir ki, müharibəni davam etdirmək labüddür. Digərləri isə İmam Əlinin verəcəyi
qərarı əsas tutur. Uzun sürən
mübahisədən sonra İmam Əli qardaş qanı
tökməmək üçün müharibəni
dayandırmağı əmr edir. Beləliklə,
müharibəyə son qoyulur və hakimiyyətin kimin xeyrinə
həll olunması münsiflər məhkəməsinin ixtiyarına
buraxılır. Müharibəni davam etdirmək
istəyənlər İmam Əlidən üz çevirirlər.
Beləliklə, tarixdə "xəvariclər"
adlanan dini qruplaşma meydana gəlir. İmam
Əlinin yanında qalanlar isə həmin vaxtdan
Şiat-ul-Əli (Əli tərəfdarları), yəni indi
bizim bildiyimiz "şiə" adlandırılırlar.
Məlum olduğu kimi, Münsiflər məhkəməsi
hakimiyyəti Müaviyyə İbn Sufyanın xeyrinə həll
edir. İmam Əli isə bu məğlubiyyətdən
sonra öz ailəsilə birlikdə Kufəyə
qayıdır, orada yaşamağa başlayır. İmam Əli yaşadığı evin
yanındakı məsciddə sübh namazı qılarkən
xəvariclərdən biri tərəfindən
ölümcül yaralanır. Onu
qılıncla vuran İbn Mülcəmidən nə
üçün belə etdiyini soruşurlar. O isə
hamını heyrətləndirən bir cavab verir: "Bu
qılıncı qırx gündür itiləyirdim və
böyük Allahdan diləyirdim ki, onun xəlq etdiyi ən pis
adamı bu qılıncla öldürüm". İmam
Əli cavabında: "Mənə elə gəlir ki, sən
bu qılıncla öldürüləcəksən,
çünki böyük Allahın ən pis məxluqu elə
sənsən" - deyir. O, sonra övladlarına düz tutur:
- Onunla
yaxşı davranın. Əgər sağ
qalsam, özüm onunla hər şeyi həll edərəm.
Əgər ölsəm, onda onu arxamca göndərərsiniz.
Qoy, Böyük Allahın qarşısında cavab versin. Həmin qılıncla ondan başqa heç kimi
öldürməyin.
Əmir əl-Möminin iki gündən sonra
dünyasını dəyişir. Deyilənə görə,
o, ölümündən əvvəl vəsiyyət edir ki,
onu bir dəvənin üstünə qoyub buraxsınlar və
dəvə harda dayansa, onu orada dəfn etsinlər. Onun vəsiyyətini yerinə yetirirlər. Dəvə
Kufədən təxminən iyirmi kilometr bir məsafə
getdikdən sonra dayanır və dizlərini yerə qoyur. İmam Əlini həmin yerdə dəfn edirlər.
Həmin yer indi "Ən-Nəcəf" adlanır. Başqa
bir versiyaya görə, övladları və yaxınları
Əmir əl-Mömini gecə xəlvətcə dəfn edirlər.
Onun dəfn olunduğu yeri gizlədirlər ki, qəbrini
təhqir etməsinlər. Haccı
Ğassan müxtəlif fikirlərin və rəylərin
olduğunu da söylədi. Hər halda
onun şərhində də bir məntiq var idi.
Bir sözlə, Mesopotamiyada həyat indi də od-alov
içində idi. Heç kimin sabaha ümidi yox idi. Bu isə istər-istəməz mənim
Bağdaddakı həyatımı daha da çətinləşdirir
və təhlükə altına alırdı. Ona görə də Bağdadı tərk eləmək
məcburiyyətində idim. Artıq
üçüncü il idi ki,
buradaydım və böyük bir rus şirkətinin nümayəndəliyinə
rəhbərlik edirdim. Moskvadan - baş idarədən
mənə ciddi şəkildə Bağdaddan getməyimi təkid
edirdilər. Ölkədən
çıxmaq üçün mümkün olan yollar, həm
də təhlükəsiz yollar axtarmağa başladıq.
Səfirlik də mənə tez bir zamanda
İraqı tərk etməyi məsləhət bilirdi. Təbii ki, mən də vəziyyətin gərginliyini,
hər dəqiqənin öz hökmü olduğunu başa
düşürdüm. Ona görə də
burdan çıxmaq mənim üçün labüd idi və
artıq qərar vermişdim. Lakin hansı
yolla və necə çıxmaq məsələsi
qalırdı.
İşimin xarakterindən asılı olaraq istədiyim
vaxt ölkəni tərk etmək mənim üçün
çox da asan deyildi. Əvvəla, hər tərəfə -
qonşu ölkələrə gedən yollar bağlı idi.
Biz əvvəllər adətən Bağdaddan
İordaniyanın mərkəzi şəhəri Ammana
avtomobillə gedər və ordan da istədiyimiz yerə təyyarə
ilə uçardıq. Təxminən min
kilometr olan Bağdad-Amman yolunun üstündə yerləşən
Ramadi və Fəllucə şəhərlərindən
keçib getmək olduqca təhlükəli idi və demək
olar ki, tamamilə bağlı idi. Əhalinin
böyük əksəriyyəti Səddam Hüseyn tərəfdarları
idi. Onlar heç cür Səddam hakimiyyətinin
devrilməsi və həbs olunması ilə barışa
bilmirdilər. Ona görə də burada
yerli əhali tez-tez Amerika ordusuna qarşı hücumlar edir,
onlara müxtəlif yollarla zərbə endirərək,
ölkədən qovmağa çalışırdılar.
Nəhayət, çox götür-qoydan sonra qərara gəldim
ki, əməkdaşlarımızdan biri Ğassan Əl-Ravinin
məsləhətiylə Bağdaddan şimal-şərqə
gedən yolla Munziriyyə şəhərinə getsin, oradan isə
İrana keçsin. Onu da deyim ki, Ğassan Əl-Raviyə el arasında
"Haccı Ğassan" - deyə müraciət edirdilər.
Biz də ona bu cür müraciət edirdik.
O, İraqda sayılıb-seçilən və mötəbər
seyidlərdən sayılırdı. Ona olan
hörmət və ehtiramı mən gündəlik həyatımda,
demək olar ki, hər gün görürdüm. Özünün dediyinə görə, bu hörmət
ona İmam Əli nəslinə mənsub olmasından irəli
gəlirdi. Haccı Ğassan İmam
Əli şəcərəsinin qırx beşinci nəslinə
aid idi. Mən onun xalq arasında
böyük nüfuza sahib olduğunu dəfələrlə
müşahidə etmişdim.
Bir dəfə onun kefsiz olduğunu görüb, "Niyə
kefin yoxdur?" - deyə soruşdum. O isə
cavabında mənə bir hadisə danışdı və həmin
hadisəni yəqin ki, mən heç vaxt unutmayacağam...
Əsirlikdən arzuolunmaz qayıdış
Haccı Ğassanın yaşadığı rayondan bir nəfər İraq-İran müharibəsi zamanı cəbhəyə göndərilir. O, arxada həyat yoldaşını və üç övladını qoyub gedir. Bir müddətdən sonra hərbi komissarlığa onun itkin düşməsi haqqında məlumat verirlər. Müharibə qurtarandan sonra da ondan bir səs-soraq çıxmır. Müharibənin qurtarmasndan yeddi il keçir. Həyat yoldaşı onu yeddi il gözlədikdən sonra şəriət qayda-qanunlarına uyğun olaraq, ağsaqqalların məsləhəti ilə itkin düşmüş ərinin qardaşı ilə yenidən ailə qurur və ondan da dörd övladı olur. Günlərin bir günü, on yeddi ildən sonra itkin düşmüş həmin əsgər geri qayıdır. Belə məlum olur ki, bütün bu illər ərzində o, İranda əsirlikdə olub və hər gün ailəsinə, övladlarına qovuşacağı günün ümidi ilə yaşayıb. Sonra əsirlikdən azad olunub evinə qayıdanda artıq arvadının öz doğma qardaşı ilə evləndiyini görür. Belə olduqda qohum-əqraba yığışıb vacib bir məsələni, yəni onun qoyub getdiyi keçmiş həyat yoldaşının indi kiminlə qalması məsələsini həll etmək istəyirlər. Lakin yekdil bir qərara gələ bilmədikləri üçün Haccı Ğassana üz tuturlar. Haccı Ğassan da çox götür-qoy etdikdən sonra deyir ki, ikinci əri ilə qalması məsləhətdir.
Əsirlikdən qayıdan əsgər isə gecə özünü evin arxasındakı ağacdan asır. Bu hadisə o zaman məni də sarsıtmışdı...
(Ardı var)
Zahid ŞAHSUVAROV
525-ci qəzet.- 2020.- 22 dekabr.- S.10.